Beynəlxalq İnformatika Olimpiadasının yarış mərhələsi keçirilir

Avqustun 8-də 31-ci Beynəlxalq İnformatika Olimpiadasının növbəti yarış mərhələsi keçirilir.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, bu mərhələdə olimpiada iştirakçıları onlara təqdim edilən 3 sualı 5 saat ərzində cavablandırmalıdırlar.Yarışın yekun nəticələrinin avqustun 9-da elan edilməsi nəzərdə tutulur.31-ci Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib.Yarış iştirakçılarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə maraqlı mədəni proqram hazırlanıb. Avqustun 7-də onlar üçün Azərbaycan Milli Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi və Nobel qardaşlarının ev-muzeyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyalar təşkil edilib.Qeyd edək ki, “IOI” beş beynəlxalq olimpiadadan və dünyanın ən nüfuzlu kompüter elmləri yarışlarından biridir. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil etmiş Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.31-ci Beynəlxalq İnformatika Olimpiadası avqustun 11-dək davam edəcək. Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən bu olimpiada Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir.Olimpiadanın rəsmi qlobal sponsoru “Acer” şirkətidir. Bundan başqa, ölkənin lider mobil operatoru “Azercell Telekom” tədbirin “İstedadların rəqəmsal sponsoru”, “PAŞA Bank” isə “İstedad sponsoru” kimi dəstək verir. İctimai Televiziya olimpiadanın baş media tərəfdaşıdır.xeber100.com

Avqust 8, 2019 2:28

Magistraturaların boş qalan yerlərinə qəbul elan edilir

2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul fevralın 24-ü və mayın 26-da keçirilmiş ikimərhələli qəbul imtahanında toplanmış ballar əsasında müsabiqə yolu ilə aparılır (müsabiqə şərtləri).Cari ildə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmuş (o cümlədən qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçməyən) bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.Dövlət İmtahan Mərkəzindən Azərtac-a bildirilib ki, bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün iyulun 23-ü saat 10:00-dan iyulun 30-u saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olaraq, seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.xeber100.com  

İyul 23, 2019 11:09