Dövlət İmtahan Mərkəzi uyğun vəzifələr üzrə test imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 13-də dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirəcək. DİM-dən bildirilib ki, imtahana qeydiyyat iyulun 13-dən avqustun 1-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2500 yer ayrılıb. İmtahan yeri (binası) barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək buraxılış vərəqəsində qeyd olunacaq. İmtahan vermək istəyən namizədin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları ilə DİM-in saytında tanış olmaq mümkündür. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır. Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır. Məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş namizəd ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının “Tələbə-məzun” dövlət elektron məlumat sistemində olub-olmadığını “Elektron hökumət” portalından DİM-in “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidməti vasitəsilə öyrənə bilərlər. Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə test imtahanında iştirak edir. Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikat 5 il qüvvədə olur. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər. Sertifikatı olan şəxs burada nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.xeber100.com

İyul 13, 2023 2:25

Dövlət İmtahan Mərkəzinin məlumatı əsasında…

Bakalavrlar xüsusi qabiliyyət tələb edən ixtisaslaşma üzrə keçirilən imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68 (Musiqi sənəti istiqaməti) saylı proqramına aid ixtisaslaşmasına qabiliyyət imtahanı iyunun 23-də, 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) saylı proqrama aid ixtisaslaşmasına qabiliyyət imtahanı iyunun 24-də, 70 (Təsviri sənət istiqaməti) saylı proqrama aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanı isə iyunun 21-də keçiriləcək. İmtahan saatı və yeri haqqında məlumat bakalavrın “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunub. Bakalavrlar imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - imtahana buraxılış vərəqəsini; - şəxsiyyəti təsdiq edən sənədin əslini: - əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək qadağandır. Musiqi sənəti istiqamətinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün səhifələrinə “İmtahan proqramı” forması da yerləşdirilir. Bakalavr ixtisasına uyğun olan formanı çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.xeber100.com

İyun 18, 2023 11:10

Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 11-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək. DİM-dən bildirilib ki, imtahan respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 71 binada təşkil olunacaq. Hazırda imtahanın idarə olunmasına cəlb olunan əməkdaşların təlimatlandırılması, imtahan binalarının yoxlanılması, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şəraitin yaradılması işləri həyata keçirilir. İmtahan bütün binalarda eyni vaxtda saat 10:00-da başlanır və 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur. Xatırladaq ki, ərizələrin qəbulu internet vasitəsilə mayın 15 dən 25-dək aparılıb. İmtahanda iştirak üçün 17705 bakalavr ərizə təqdim edib. Onlardan 16461 nəfəri Azərbaycan bölməsi, 1244 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək. İmtahanda 13 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil və hərəkət məhdudiyyətli) bakalavr da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab kartının doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli bakalavrların bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb. Qəbul imtahanı Bakıda 51, Sumqayıtda 5, Gəncədə 5, Naxçıvanda 2, Abşeronda 3, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 12934, Naxçıvanda 463, Gəncədə 1323, Sumqayıtda 1317, Abşeron 742, Mingəçevirdə 560, Lənkəranda 366 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 71 ümumi imtahan rəhbəri, 204 imtahan rəhbəri, 1628 nəzarətçi-müəllim, 244 buraxılış rejimi əməkdaşı (mühafizə), 71 bina nümayəndəsi cəlb olunacaq. Ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün iyunun 5-dən etibarən DİM-in internet saytına daxil olub “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə imtahana buraxılış vərəqəsini çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur. Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər: - Şəxsiyyəti təsdiqləyən sənədin əslini; - “İmtahana buraxılış vərəqəsi”ni; Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq. Təhlükəsizliyin təmin edilməsi məqsədilə iyunun 10-da imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.xeber100.com

İyun 8, 2023 3:08