15-ci beynəlxalq elm olimpiadası keçirilib

Botsvanada yeniyetmələrin 15-ci beynəlxalq elm olimpiadası keçirilib. Dünyanın 48 ölkəsindən məktəblilərin iştirak etdiyi olimpiadada Azərbaycanı 6 şagird təmsil edib.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, bu mötəbər elm yarışında öz bilik və bacarıqlarını nümayiş etdirən şagirdlərimiz 5 bürünc medal qazanıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü respublika liseyinin IX sinif şagirdi Sədiyar Qafarov, Fizika, riyaziyyat və infomratika təmayüllü liseyin X sinif şagirdi Məhəmməd Yusifov, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin IX sinif şagirdi Xanım Yaqublu və X sinif şagirdi Əjdər Fərzullazadə, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın IX sinif şagirdi Murad Bəşirov bürünc medallara layiq görülüblər.Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 15-dən çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında təşkil olunub. Fizika, kimya və biologiya fənləri üzrə təşkil edilən olimpiada üç mərhələdə keçirilib. İştirakçıların ilk iki mərhələdə nəzəri bilikləri, 3-cü mərhələdə isə praktiki bacarıqları yoxlanılıb.Şagirdlərin hazırlıq prosesi tədris ilinin əvvəlindən başlanıb. İkimərhələli imtahan əsasında seçilən şagirdlər hazırlıq prosesi zamanı laboratoriya hazırlığına və xüsusi məşğələlərə cəlb olunublar.Xatırladaq ki, 2004-cü ildən bu olimpiadada iştirak edən Azərbaycan məktəbliləri 4 gümüş, 38 bürünc olmaqla 42 medal qazanıblar.xeber100.com

Dekabr 11, 2018 2:11