Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 26-da 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ikinci və üçüncü ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.DİM-dən Azərtac-a bildirilib ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda ümumilikdə 61 binada aparılacaq. İmtahanların idarə olunmasına 217 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2 min 585 nəzarətçi-müəllim cəlb olunacaq.Bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar, imtahan iştirakçılarının şəxsiyyətinin müəyyən olunması üçün “barkod-skaner”lər quraşdırılıb. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək. Bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.İmtahanda 31 min 904 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 14 min 993 abituriyent ikinci qrup üzrə, 16 min 911 abituriyent üçüncü qrup üzrə imtahan verəcək.Abituriyentlərdən 29 min 370 nəfəri Azərbaycan bölməsinin (ikinci qrup üzrə 13 min 641, üçüncü qrup üzrə 15 min 729 nəfər), 2 min 534 nəfəri isə rus bölməsinin (ikinci qrup üzrə 1352, üçüncü qrup üzrə 1182 nəfər) məzunudur. Onların 13 min 849 nəfəri oğlanlar (ikinci qrup üzrə 9 min 419 nəfər, üçüncü qrup üzrə 4 min 430 nəfər), 18 min 55 nəfəri isə qızlardır (ikinci qrup üzrə 5 min 574 nəfər, üçüncü qrup üzrə 12 min 481 nəfər). Abituriyentlərin 24 min 666-sı cari ilin orta ümumtəhsil məktəblərinin, 5 min 865-i əvvəlki illərin, 98-i ali təhsil müəssisələrinin, 1275-i isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. Onların 163-ü xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənci isə 2003-cü ildəndir.Bakı şəhərində 14 min 262, Naxçıvanda 1615, Gəncədə 3 min 211, Sumqayıtda 1587, Mingəçevirdə 1309, Şəkidə 1788, Bərdədə 1827, Göyçayda 1310, Şirvanda 1853, Lənkəranda 1947, Xaçmazda isə 1195 abituriyentin imtahan verəcəyi gözlənilir.xeber100.com