BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı təşkil ediləcək

İyunun 30-da Dövlət İmtahan Mərkəzi (DİM) inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı təşkil edəcək. Kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq imtahanda iştirak etmək istəyənlər iyunun 20-si saat 18:00-dək qeydiyyat keçməlidirlər.DİM-dən Azərtac-a bildirilib ki, iyunun 13-ü saat 10:30-a olan məlumata əsasən, imtahanda iştirak etmək üçün 405 nəfər qeydiyyatdan keçib. İmtahanda iştirak etmək istəyənlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda ali təhsil müəssisələrinə qəbul olunan namizədlər ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət unvanlamalıdır. Xaricdə təhsil almış və sistemdə ali təhsil haqqında məlumatı olmayan namizədlər DİM-ə müraciət etməlidirlər. Məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.xeber100.com

İyun 13, 2018 1:15

Dövlət İmtahan Mərkəzinin məlumatı

“Mühasibat uçotu haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “peşəkar mühasib sertifikatı” veriləcək.Mərkəzdən Azərtac-a bildirilib ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli Fərmanında dəyişiklik edilməsi haqqında” 2018-ci il 1 iyun tarixli Fərmanına əsasən müvafiq Qanunun bəzi maddələrinin icrasının təmini DİM-ə həvalə edilib.Qanunda nəzərdə tutulan məsələlərin icrası üçün DİM tərəfindən təkliflər paketinin hazırlanmasına, həmçinin digər aidiyyəti orqanlarla əməkdaşlıq üçün birgə müzakirələrə başlanılıb. Burada əsas məqsəd beynəlxalq standartlara uyğun müvafiq sahələrdə kadrların formalaşdırılması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və yerli mütəxəssislərə mühasibatlıq üzrə sertifikatların verilməsidir.“Mühasibat uçotu haqqında”da Qanuna edilmiş dəyişikliklərə əsasən DİM-in keçirdiyi imtahandan müvəffəqiyyət qazananlara “Peşəkar mühasib” səviyyəsinə uyğunluğunu təsdiqləyən sənəd – sertifikat veriləcək. Forması DİM tərəfindən müəyyənləşdiriləcək “peşəkar mühasib sertifikatı” beş il müddətinə qüvvədə olacaq. Həmin müddət bitdikdən sonra peşəkar mühasib kimi fəaliyyətini davam etdirmək istəyənlər yenidən “peşəkar mühasib sertifikatı”nı almaq üçün imtahan verməlidirlər. Eyni standart üzrə iki dəfə sertifikat alan şəxslərə sonuncusu ömürlük verilir. Həmin şəxs sertifikatda qeyd olunan standart üzrə peşəkar mühasib kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana cəlb edilməyəcək.xeber100.com

İyun 7, 2018 11:54

XV Beynəlxalq Ağ və Qara Teatr Festivalı çərçivəsində

Finlandiyanın İmatra şəhərində keçirilən XV Beynəlxalq Ağ və Qara Teatr Festivalı çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir keçirilib.Azərtac xəbər verir ki, tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva 100 il öncə müsəlman Şərqində ilk müstəqil demokratik və parlamentli respublikanın qurulduğunu, habelə bu respublikanın mədəniyyətə, təhsilə və incəsənətə böyük töhfələr verdiyini söyləyib. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının türk dünyası üçün mühüm hadisə olduğunu vurğulayan G.Əfəndiyeva Cümhuriyyətin nailiyyətlərindən danışıb. O, İmatra şəhərinin salınmasının 70-ci ildönümünün də festival çərçivəsində qeyd olunduğunu vurğulayaraq, bu münasibətlə şəhər sakinlərini təbrik edib.İmatranın bələdiyyə başçısı Nina Malm Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna festivala verdiyi dəstəyə görə minnətdarlığını bildirib. N.Malm hər il müxtəlif xalqların təmsil olunduğu bu festivalın mədəniyyətlərarası dialoqun möhkəmlənməsində rolunu vurğulayıb.Festivalın ilk günündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyənin Xarici İşlər Nazirliyi və Beynəlxalq Ağ və Qara Teatr Assosiasiyasının dəstəyi ilə “Türk dünyasının inciləri” adlı konsert olub.Konsertdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılmış, türkdilli ölkələrin, o cümlədən, Antalya Dövlət Opera və Balet Teatrının musiqiçilərindən ibarət “Dədə Qorqud” kamera orkestri çıxış edib. Orkestrin bədii rəhbəri və dirijoru Azərbaycanın Xalq Artisti, professor Yalçın Adıgözəlovdur. Konsertdə solistlər qismində Əməkdar Artist İlham Nəzərli, tarzən Orxan Zeynalov və Finlandiyada yaşayan həmvətənimiz, 15 yaşlı Emil Hartikainen çıxış ediblər.Azərbaycan və Türkiyə bəstəkarlarının əsərlərinin, xalq mahnılarının ifa olunduğu konsert maraqla qarşılanıb.2004-cü ildən bəri hər il keçirilən Beynəlxalq Ağ və Qara Teatr Festivalı Finlandiyada yaşayan azərbaycanlı rejissor Kamran Şahmərdan tərəfindən təşkil edilir. Festival dünya mədəniyyətlərinin birləşməsi və xalqlar arasında dostluq əlaqələrinin güclənməsində böyük əhəmiyyətə malikdir.Beynəlxalq Ağ və Qara Teatr Festivalı iyunun 10-dək davam edəcək.xeber100.com

İyun 6, 2018 1:13

Bakı Dövlət Universitetində “Açıq qapı” günü keçirilib

İyunun 6-da Bakı Dövlət Universiteti (BDU) rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, qeyri-hökumət təşkilatları və KİV-lərin nümayəndələrinin iştirakı ilə 2017-2018-ci tədris ilinin yay semestrinin imtahan sessiyasına dair “Açıq qapı” günü keçirilib.Azərtac xəbər verir ki, müşahidəçilər imtahanların gedişini izləmək üçün auditoriyalarda olublar. Onlar imtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsini, bununla yanaşı, hər auditoriyada müəllim-əlaqələndiricilərin nəzarət etmələrini, imtahan prosesində baş verə biləcək mənfi halların qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini yüksək dəyərləndiriblər.Qeyd edək ki, sessiya başlanmazdan əvvəl rektorun müvafiq əmrinə əsasən imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə qərargah və onun nəzdində universitet üzrə “Qaynar xətt” yaradılıb. Təhsil müəssisəsinin əsas binasında və tədris korpuslarında şikayət, təklif qutuları asılıb. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkarlanmış çatışmazlıqları operativ aradan qaldırmaq məqsədilə qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları təşkil edilib.xeber100.com

İyun 6, 2018 1:10

Əməkdaşlıq haqqında memorandum imzalanıb

Bakı Ali Neft Məktəbində (BANM) Koreyanın “HMC” şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birinci katibi Hong Sung Hun, “HMC” şirkətinin prezidenti Park Hak-Joo, vitse-prezidenti Park Gabju, həmçinin Koreyanın Kyungsung Universitetinin elektronika mühəndisliyi fakültəsinin dekanı Yoon Byung və professor Park Jangsik iştirak ediblər.BANM-dən Azərtac-a bildiriblər ki, rektor Elmar Qasımov bu ali məktəbə maraq göstərdiyinə görə “HMC” şirkətinin rəhbərliyinə təşəkkürünü bildirib. Rektor BANM-in yeni tədris ilindən informasiya təhlükəsizliyi mühəndisliyi ixtisasını, növbəti illər isə elektrik və elektronika mühəndisliyi ixtisasını açmağı planlaşdırdığını qeyd edib, bu istiqamətdə “HMC” şirkəti ilə proqram təminatının, Kyungsung Universiteti ilə müəllim mübadiləsinin, ikili diplom layihələrinin mümkünlüyündən söhbət açıb. Hazırda BANM-də Heriot-Vatt Universitetinin tədris proqramlarının tətbiq edildiyini söyləyən rektor açılması planlaşdırılan ixtisaslar üçün də Kyongsung Universiteti ilə əməkdaşlığın uğurlu olacağına əminliyini bildirib.“HMC” şirkətinin prezidenti Park Hak–Joo Azərbaycana dəvət olunduqları üçün E.Qasımova təşəkkür edib, BANM ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.Daha sonra Kyungsung Universitetinin dekanı Yoon Byung “HMC” şirkəti, Kyungsung Universiteti və onun BANM ilə iki il ərzində nəzərdə tutduğu işlər barədə təqdimatla çıxış edib.Danışıqlardan sonra tərəflər arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Məqsəd BANM-də proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodik və təşkilati tədbirlərin həyata keçirilməsidir.Memorandumun şərtlərinə görə, “HMC” şirkəti BANM-də proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə müasir tədris proqramları və texnologiyaları əsasında mütəxəssis hazırlığına dəstək verməyi, tələbələrin bir qisminin şirkətin Azərbaycanda və xaricdə fəaliyyət göstərən strukturlarında istehsalat təcrübəsi keçməsi üçün şərait yaratmağı, şirkətin mütəxəssislərinin tələbələr üçün mühazirələr (distant və bilavasitə) oxuması və müəllim kimi tədris prosesinə cəlb olunmasının təşkilini üzərinə götürür.Qeyd edək ki, bir müddət əvvəl BANM-in mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov və proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri Manafəddin Namazov “HMC” şirkətinin və Kyungsung Universitetinin dəvəti ilə Koreya Respublikasında işgüzar səfərdə olublar.“HMC" şirkətinin fəaliyyət sahəsinə İT xidmətlər, təhlükəsizlik və müşahidə sistemləri, həmçinin həllərin fiziki şəxslərə və şirkətlərə inteqrasiyası aiddir.xeber100.com  

İyun 4, 2018 1:24