İqtisad Universitetinin təşkilatçılığı ilə “Startap günləri” keçiriləcək

Mayın 25-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Startap Azərbaycan” Təşkilat Komitəsi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə “Startap günləri” keçiriləcək.UNEC-dən Azərtac-a bildirilib ki, tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Yüksək Texnologiyalar Parkı və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə reallaşacaq.“Startap günləri”nin keçirilməsinin məqsədi yeni startapların yaradılmasına və internet biznesin inkişafına təkan verməkdir. Eyni zamanda, milli startap infrastrukturunu inkişaf etdirmək və tələbələrə bu istiqamətdə metodik dəstək göstərmək layihənin prioritetləri sırasındadır.İki gün davam edəcək tədbirlər çərçivəsində startapların təqdim edilməsi, layihələrin ilkin versiyalarının və prototiplərinin hazırlanması mövzusunda təlimlər keçiriləcək. Eyni zamanda, tələbələrə yerli startap sahibləri, tanınmış ekspert və nüfuzlu informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə görüşmək imkanı yaradılacaq.“Startap günləri”ndə gənclərin biznes ideyalarının və yeni internet layihələrinin ilkin variantlarının müsabiqəsi təşkil olunacaq. Tələbələr innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıraraq, mentor və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar. Yekunda öz layihələrini təqdim etməklə yarışmaya qatılan tələbələrin ideyalarını peşəkar münsiflər heyəti qiymətləndirəcək.Qaliblərə qiymətli hədiyyələr, diplom və sertifikatlar təqdim olunacaq.xeber100.com

May 21, 2018 1:05

Sonuncu sınaq imtahanına qeydiyyat başlayır

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədilə iyunun 10-da sonuncu sınaq imtahanı keçiriləcək.Dövlət İmtahan Mərkəzindən (DİM) Azərtac-a bildirilib ki, sınaq imtahanları bir növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.Sınaq imtahanına qeydiyyat mayın 16-sı saat 10:00-dan iyunun 6-sı saat 10:00-dək aparılacaq.Sınaq imtahanının 11 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur. İmtahanın keçiriləcəyi binalar DİM-in rəsmi saytının müvafiq bölməsində hər şəhər və rayonda bir bina olmaqla yerləşdiriləcək. Növbəti imtahan binası sayta əvvəlki bina tam dolduqdan sonra yerləşdiriləcək.Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı “Şəxsi kabinet”in “Hesab” bölməsində “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı” > “Sınaq imtahanının növü” > “Bakalavriat səviyyəsi üzrə sınaq imtahanı” ardıcıllığı vasitəsilə ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər. Sınaq imtahanında iştirak haqqı 20 AZN-dir.Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.xeber100.com

May 16, 2018 12:29

Dövlət İmtahan Mərkəzinin məlumatı

Bu günlərdə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2017-ci ildə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinin əks olunduğu “Abituriyent” jurnalının 12 nömrəli buraxılışı nəşr edilib.DİM-dən Azərtac-a bildiriblər ki, mərkəz daim bu sahədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, qəbul prosesinin şəffaflığının təmin edilməsinə, təhsil ictimaiyyətinin bu prosesinin idarə olunmasında iştirakına, bu sahəyə ictimai nəzarətin təşkilinə böyük önəm verib.İyirmi ildən artıqdır ki, çoxlu sayda mütəxəssislərin gərgin əməyi sayəsində tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili aparılır, təklif və tövsiyələr bildirilir. Təhlil elmi-statistik xarakter daşıdığından burada müzakirə obyekti daha çox aydın müqayisəli nəticələrə əsaslanmalı, kontekstdən çıxarılmış statistikaya söykənməməlidir. Nəticələr, ilk növbədə, mütəxəssislər tərəfindən elmi müstəvidə müzakirə olunmalıdır.Elmi-statistik tərəfdən bu təhlilə diqqətlə baxdıqda istər buraxılış, istərsə də qəbul imtahanlarında son beş ildə davamlı müsbət dinamikanın müşahidə olunduğunu görmək mümkündür. Bunun üçün sadəcə olaraq əvvəlki illərlə müqayisədə təhlilə diqqətlə baxmaq kifayətdir.DİM təəssüflə qeyd edir ki, bir çox hallarda bəzi media qurumları kontekstdən çıxarılmış statistik göstəriciləri təqdim edir, bununla da cəmiyyətdə yanlış təsəvvür, ajiotaj yaratmağa çalışırlar.Mərkəz media qurumlarından bir daha xahiş edir ki, tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə peşəkar media güzgüsündə baxsınlar.xeber100.com

May 15, 2018 1:18