Mühəndislik və robototexnika üzrə yarış keçiriləcək

Mayın 12-də məktəblilər arasında “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışına start veriləcək.Tədbir Təhsil Nazirliyi, “ADA” Universiteti, “Mars Academy” MMC və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı və PAŞA Bank, Enginet və Təhsildə İnnovativ Texnologiyalar şirkətlərinin dəstəyi ilə reallaşdırılır.Azərtac xəbər verir ki, bu barədə mayın 11-də Təhsil Nazirliyində keçirilən mətbuat konfransında bu qurumun sektor müdiri Ayla Həsənova məlumat verib. Bildirilib ki, Danimarkanın “LEGO” qrupu və ABŞ-ın “FIRST” (For Inspiration and Recognition of Science and Technology) təşkilatının ortaq layihəsi olan FLL 1999-cu ildən bəri hər il təşkil edilən yarışdır. Yarışın keçirilməsinin məqsədi ümumtəhsil məktəb şagirdlərinin elm və texnologiyalara marağını artırmaq, hazırkı qlobal problemlərin elmi-texniki həllinə öz töhfələrini verməyə həvəsləndirməkdir.Dünyanın 80-dən artıq ölkəsində 250 mindən çox məktəblinin cəlb edilməsi ilə keçirilən FLL bu il Azərbaycanda da təşkil olunacaq.Builki yarışın mövzusu “Hidrodinamika: suyun səyahəti”dir. FLL çərçivəsində hər komandada dörd məktəbli olmaqla 12 komanda dörd kateqoriya - əsas dəyərlər, layihə təqdimatı, robot dizaynı və robot yarışı üzrə gücünü sınayacaq.MDB məkanında FLL formatında ilk müsabiqə 2005-ci ildə Azərbaycanda “Robotlar missiyası” layihəsi çərçivəsində keçirilib. 2005-2006-cı illərdə üç Milli Robot Yarışı təşkil olunub və azərbaycanlı məktəblilər iki dəfə britaniyalı komanda yoldaşları ilə birgə Birləşmiş Krallığın FLL finalında iştirak ediblər.xeber100.com  

May 11, 2018 3:08

Yeni təhsil proqramları üzrə sınaq imtahanı keçiriləcək

Mayın 6-da yeni təhsil proqramları (kurikulumlar) əsasında 10-cu sinif şagirdləri üçün 5–10-cu siniflər (10-cu sinif birinci yarımilədək) üzrə məzmun standartlarının reallaşması səviyyəsinin yoxlanılması məqsədilə sınaq imtahanı keçiriləcək.Dövlət İmtahan Mərkəzindən DİM) Azərtac-a bildiriblər ki, imtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində, ümumilikdə 24 binada təşkil olunacaq.İmtahanda iştirak üçün yazılış internet vasitəsilə aparılıb və 11.827 şagird qeydiyyatdan keçib.Sınaq imtahanı bir növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq.Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan üçü yazılı cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.İmtahanların idarə edilməsi üçün 75 imtahan rəhbəri, 728 nəzarətçi-müəllim ayrılıb.DİM şagirdlərin nəzərinə çatdırır ki, imtahan binalarına buraxılış yalnız şagirdlərin şəxsiyyət vəsiqəsinin əsli və “İmtahana buraxılış vərəqəsi” əsasında həyata keçirilir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) da özləri ilə imtahana gətirməlidirlər. Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq aşkarlanan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən şagirdlər imtahana buraxılmırlar.xeber100.com  

May 3, 2018 2:27

Milli Məclisin elm və təhsil komitəsinin iclası keçirilib

Mayın 2-də Milli Məclisin elm və təhsil komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, komitənin sədri İsa Həbibbəyli gündəliyi təqdim edib. Bildirib ki, gündəliyə yeddi məsələ daxildir.Əvvəlcə iclasda Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub. Bildirilib ki, təklif olunan dəyişiklik texniki xarakterlidir. Diqqətə çatdırılıb ki, Əmək Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişiklik “Məktəbəqədər təhsil haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır.Sonra “Təhsil haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxılıb. Təklif olunan dəyişikliyə əsasən təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, “Məktəbəqədər təhsil haqqında” Qanundan, təhsil sahəsinə aid olan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Azərbaycan Respublikasında məktəbəqədər təhsilin hüquqi, iqtisadi və təşkilati əsasları bu Qanun və “Məktəbəqədər təhsil haqqında” Qanun ilə tənzimlənir.Bundan başqa, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Bildirilib ki, “Məktəbəqədər təhsil haqqında” Qanun 2017-ci il 14 aprel tarixdə qəbul edilib. Mövcud Qanundan fərqli olaraq yeni Qanunda bir sıra terminlərdən istifadə olunub, məsələn, “orta peşə ixtisas və texniki peşə təhsili” terminləri yeniləri ilə əvəzlənib. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunda vaxtilə istifadə edilmiş terminlər “Məktəbəqədər təhsil haqqında” Qanunda istifadə olunmuş terminlərə uyğunlaşdırılır.Daha sonra “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupunun yaradılması barədə müzakirələr aparılıb. Deputatlar, həmçinin “Dövlət qulluğu haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunlarda dəyişikliklər edilməsi haqqında qanun layihələrini nəzərdən keçiriblər. Bildirilib ki, təklif olunan dəyişikliklər texniki xarakter daşıyır.Deputatlar gündəlikdəki bütün məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.Müzakirə olunan bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə edilib.xeber100.com

May 2, 2018 2:07