Azərbaycan dili fənnindən test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 22-də 2018/2019-cu tədris ili üçün ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarına əsasən qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili fənnindən test imtahanı keçirəcək.DİM-dən Azərtac-a bildirilib ki, test imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində, ümumilikdə 17 imtahan mərkəzində aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır.Qeyd edək ki, abituriyentlərə imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.Ali təhsil müəssisələri və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı ilə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı məzmun baxımından bir-birindən fərqlənir.Bu imtahanda “Abituriyentin elektron ərizəsi” formasını aprelin 10-u saat 23:59-dək təsdiqləmiş abituriyentlər iştirak edəcəklər. Aprelin 11-dən 30-dək ərizələrini təsdiq edən rus bölməsinin abituriyentləri yalnız ikinci Azərbaycan dili imtahanında iştirak edə biləcəklər. Aprelin 22-də keçirilən imtahanda “qeyri-məqbul” qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər (mayın 18-dən 29-dək qeydiyyatdan keçməklə) iyunun 10-da keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak edə bilərlər.İmtahanda iştirakı nəzərdə tutulan 6172 abituriyentdən 2846 nəfəri oğlan, 3326 nəfəri qızdır. Onların 5585-i orta ümumtəhsil müəssisələrinin builki məzunu, 587-si isə əvvəlki illərin məzunlarıdır.Ümumilikdə Bakıda 3985, Naxçıvanda 24, Gəncədə 597, Sumqayıtda 411, Şəkidə 273, Bərdədə 138, Göyçayda 107, Şirvanda 136, Lənkəranda 101, Xaçmazda isə 400 abituriyentin imtahan verməsi nəzərdə tutulub.xeber100.com  

Aprel 19, 2018 2:41

Dövlət İmtahan Mərkəzinin məlumatına görə…

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 22-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək.DİM-dən Azərtac-a bildirilib ki, Bakıda keçiriləcək imtahanda iştirak etmək üçün BA qrupu üzrə 364 namizəd, BB qrupu üzrə 1308 namizəd, ümumilikdə isə 1672 namizəd qeydiyyatdan keçib.Namizədlər aprelin 17-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkarlanan namizədlər barədə akt tərtib olunacaq və onlar imtahan binasına buraxılmayacaqlar.xeber100.com

Aprel 18, 2018 1:27

Əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Türkiyənin İnönü Universiteti arasında təhsil və tədqiqat sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb.UNEC-dən Azərtac-a bildirilib ki, sənədə əsasən, tərəflər müəllim, bakalavr, magistr, doktorant və tədqiqatçıların mübadiləsini həyata keçirəcək, o cümlədən ortaq elmi araşdırmalar aparacaq, birgə elmi nəşrlər üzərində çalışacaq, seminar və konfranslar təşkil edəcəklər.Rektor, professor Ədalət Muradov İnönü Universitetinin rektoru, professor Ahmet Kızılayın rəhbərlik etdiyi nümayəndə heyətinə UNEC-in inkişaf strategiyasının istiqamətlərindən söz açıb, dünyanın tanınmış universitetləri ilə həyata keçirilən ikili diplom proqramları barədə məlumat verib.Ahmet Kızılay İnönü Universitetinin UNEC-in zəngin təcrübəsindən yararlanmaq istədiyini bildirib. O, UNEC-in magistratura və doktorantura təhsilini yüksək qiymətləndirərək bu sahədə əməkdaşlığın onlar üçün faydalı olacağını bildirib.Görüşdə elmi-tədqiqat sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, texniki peşələr üzrə kadr hazırlığında birgə əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Həmçinin “Mevlana” mübadilə proqramının genişləndirilməsi və “Erasmus+” mübadilə proqramında əməkdaşlıq imkanları müzakirə edilib.xeber100.com

Aprel 16, 2018 2:57

Dövlət İmtahan Mərkəzinin məlumatı əsasında…

Mayın 6-da yeni təhsil proqramı (kurikulum) əsasında 10-cu sinif şagirdləri üçün 5–10-cu siniflər (10-cu sinif birinci yarımilədək) üzrə məzmun standartlarının reallaşması səviyyəsinin yoxlanılması məqsədilə sınaq imtahanı keçiriləcək.Dövlət İmtahan Mərkəzindən (DİM) Azərtac-a bildiriblər ki, 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq test tapşırıqları hər blokda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim ediləcək: I blok – riyaziyyat, fizika, kimya II blok – riyaziyyat, coğrafiya, tarix III blok – Azərbaycan (rus) dili, tarix, ədəbiyyat IV blok – biologiya, kimya, fizika. Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanıb. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.Situasiya və yaxud mətn üzrə təqdim olunan açıq formalı test tapşırıqları 0,1 və ya 2 balla, digər formalı açıq və qapalı test tapşırıqları isə 0 və ya 1 balla qiymətləndirilir.Qapalı formalı tapşırıqlar üzrə səhv cavabların sayının dörddəbiri ümumi baldan çıxılır. Açıq formalı test tapşırıqları üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.İmtahanın müddəti üç saatdır. Tapşırıqların cavabları cavab vərəqində nəzərdə tutulan müvafiq yerlərdə qeyd olunur. İmtahanın sonunda sual kitabçaları və cavab vərəqləri şagirdlərdən təhvil alınır.Qeyd edək ki, 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları yeni təhsil proqramı (kurikulum) üzrə keçiriləcək.xeber100.com  

Aprel 16, 2018 2:54

“Peşə təhsili haqqında” qanun layihəsi müzakirə olunub

Aprelin 16-da Milli Məclisin elm və təhsil komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, komitə sədri İsa Həbibbəyli gündəlik barədə məlumat verib.Əvvəlcə iclasda “Peşə təhsili haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunub. Komitə sədri İsa Həbibbəyli qanun layihəsini şərh edib. Bildirib ki, qanun layihəsi 5 fəsil, 26 maddədən ibarətdir. Qeyd olunub ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin birinci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Peşə təhsilinin məqsədinə Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli adət və ənənələrinə hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil, yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək, sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq, məsuliyyət və cavabdehlik hissi, öz qüvvəsinə inam və iradə aşılamaq, sərbəst qərar qəbul etmək və müstəqil öyrənmək meyilinin təşəkkülü, sağlamlığın qorunması istiqamətində gigiyenik tələblərə və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək və sairə daxildir. Peşə təhsili müəssisələrində təhsil müvafiq dövlət standartlarına uyğun olaraq Azərbaycan dilinin üstünlüyünü təmin etmək şərti ilə digər dillərdə də aparıla bilər. Peşə təhsili Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən və təhsilalanların bilik, bacarıq və vərdişlərinin mənimsənilməsini, ixisaslarının daim artırılmasını, eyni zamanda, onların zəruri əmək bacarıqlarına yiyələnmələrini təmin edən prioritet fəaliyyət sahəsidir. Peşə təhsili təhsilalanların tərbiyəsinin milli-mənəvi və bəşəri dəyərlər ruhunda, milli dövlətçilik marağı və azərbaycançılıq məfkurəsi əsasında formalaşdırılmasını təmin edir.Qeyd olunub ki, peşə təhsili müəssisəsi əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edir. Peşə təhsili müəssisəsi aşkarlıq, şəffaflıq və demokratik prinsiplər əsas tutulmaqla “Təhsil haqqında” Qanuna, bu qanuna, digər aidiyyəti hüquqi normativ aktlara və öz nizamnaməsinə uyğun olaraq idarə edilir.Deputatlar “Peşə təhsili haqqında” qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər.İclasda cari məsələlər də müzakirə olunub.Müzakirə olunan qanun layihəsi səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə olunub.xeber100.com

Aprel 16, 2018 2:46

Abituriyentlər üçün sınaq imtahanları keçirilib

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən sınaq imtahanları respublikanın 18 şəhər və rayonunda keçirilib.DİM-dən Apa-ya verilən məlumata görə, imtahanda iştirak etmək üçün 23124 abituriyent qeydiyyatdan keçib.İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub.İmtahan iştirakçılarına öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün imtahan mərkəzlərində zəruri şərait yaradılıb.Aprelin 16-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.Xatırladaq ki, aprelin 16-da gün ərzində abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahını, etalon cavabları DİM-in saytından əldə edə biləcəklər.Sınaq imtahanlarında istifadə olunmuş sual kitabçalarını və test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Sual kitabçaları” və ya “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaq.xeber100.com

Aprel 15, 2018 3:41