Qərbi Kaspi Universiteti robototexnika təlimləri keçirəcək

Qərbi Kaspi Universiteti Texnoparkı aprel ayından başlayaraq hər həftə ölkənin müxtəlif rayonlarında məktəblilər üçün robototexnika təlimləri keçirəcək.Universitetdən Azərtac-a bildiriblər ki, “Məktəbli mühəndislər” layihəsi çərçivəsində keçiriləcək təlimlərin məqsədi texnologiya mühəndisliyi ixtisaslarının məktəblilər arasında təbliği və robototexnika mühəndisliyinə marağı olan şagirdlərdə baza bilik və bacarıqlarını formalaşdırmaqdır.Layihə çərçivəsində Robototexnika Klubunun üzvləri müəllimləri ilə birgə bölgələrdə yerləşən məktəblərə gedərək orada şagirdlərə təlim keçəcək, eləcə də praktik olaraq LEGO robotları üzərində işləməyə şərait yaradacaqlar.Tədrisin keyfiyyətinin və praktik yönümünün gücləndirilməsinə yönəlmiş tədbirlər, eyni zamanda, infrastruktur layihələri həyata keçirən Qərbi Kaspi Universitetində bu tədris ilindən Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də Yüksək Texnologiyalar Parkı (Texnopark) fəaliyyət göstərir. Texnoparkda biznes-inkubasiya mərkəzi, texnoloji transfer ofisi, mexatronika və robototexnika laboratoriyası, ideya bankı və başqa mərkəzlər var. Texnoparkdan sərbəst istifadə imkanı yaradılıb. Belə ki, ideyası olan tələbələr və şagirdlər texnoparka müraciət edərək dəstək ala bilirlər. Texnopark orta məktəb şagirdlərini də müxtəlif layihələrə, praktik çalışmalara cəlb edir.xeber100.com

Aprel 4, 2018 2:27

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

Birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı prosesində valideynlərə saytda rəsmi müraciət etmək imkanı yaradılıb.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azərtac-a bildiriblər ki, indiyədək mektebeqebul.edu.az saytının “Əlaqə” bölməsində valideynlər yalnız qısa suallara cavab ala bilirdilərsə, artıq bu bölməyə yazılan müraciətlər rəsmi müraciət kimi qəbul edilir və müvafiq müddət ərzində cavablandırılır. Bu yenilik valideynlərin vaxt itkisinin qarşısının alınması, ənənəvi yazılı (məktub) müraciətlərin cavablandırılması zamanı meydana çıxa bilən obyektiv ləngimələrin aradan qaldırılması və müraciətlərin daha operativ cavablandırılması məqsədilə tətbiq olunub.Odur ki, valideynlərə birinci sinfə online qeydiyyat prosesində onları maraqlandıran məsələlərə daha operativ cavab almaq üçün elektron sistemin “Əlaqə” bölməsi vasitəsilə müraciət etmələri tövsiyə olunur.Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinə birinci sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Fevralın 22-dən sentyabrın 15-dək elektron ərizələrin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər.xeber100.com

Aprel 3, 2018 11:51

31 mart soyqırımına həsr olunan elmi konfrans keçirilib

Martın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunda “Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının səbəbləri və nəticələri” mövzusunda elmi-nəzəri konfrans keçirilib.İnstitutdan Azərtac-a bildirilib ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə çıxış edərək bildirib ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində minlərlə azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.Konfransda Fəlsəfə İnstitutunun direktor müavini Eynulla Mədətlinin “Azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımların səbəbləri və hədəfləri”, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Qəşəmoğlunun “Soyqırımı hadisəsinin və ondan xilas yollarının sistemli yanaşma yönündən təhlili”, fəlsəfə üzrə fəlsəfə doktoru Rövşən Hacıyevin “Azərbaycanlıların 31 mart soyqırımı günü: tariximizə daha bir baxış” və fəlsəfə üzrə fəlsəfə doktoru Şöhlət Zeynalovun “1918-ci il mart soyqırımı: tarixi fəlsəfi yanaşma” mövzusunda məruzələri dinlənilib.xeber100.com

Mart 30, 2018 12:50