Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən müəyyən dəyişikliklər edilib.DİM-dən Azərtac-a bildirilib ki, dəyişikliyə əsasən, qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçiriləcək və abituriyentlər hər sessiyada I-IV ixtisas qruplarından biri üzrə imtahanda iştirak edə biləcəklər. Yeni təsdiq olunmuş qaydalarla abituriyentlərin seçim imkanları daha da genişləndirilib. Abituriyentə yaz imtahan sessiyasında II ixtisas qrupu, yay imtahan sessiyasında isə III ixtisas qrupu üzrə imtahanda iştirak etməyə icazə veriləcək. Həmçinin abituriyent əvvəllər olduğu kimi, eyni ixtisas qrupu üzrə hər iki qəbul imtahanında iştirak edə bilər. Abituriyent seçim etməkdə sərbəst olacaq. Qüvvədə olan qaydaya görə abituriyent bir tədris ili ərzində I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilərdi.I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq abituriyentin V ixtisas qrupu üzrə imtahanda iştirak etmək qaydası da qüvvədə qalır.Müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edən abituriyentlər hər iki ixtisas qrupu üzrə müsabiqə şərtini ödədikləri halda öz ixtisas seçimi ərizələrində hər iki ixtisas qrupuna daxil olan ixtisasları seçə biləcəklər. Hər hansı bir ixtisas qrupu üzrə müsabiqə şərtini ödəyən abituriyentlər isə yalnız həmin ixtisas qrupuna daxil olan ixtisasları seçə bilərlər.Bundan əlavə, “Qaydalar”ın 1 nömrəli əlavəsində birinci ixtisas qrupu üzrə 5.1.1. “42 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” hissəsi ləğv olunub. Birinci ixtisas qrupu üzrə siyahıya informasiya texnologiyaları, sistem mühəndisliyi, sənaye mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, şəhərsalma və şərabçılıq, ikinci ixtisas qrupuna davamlı inkişafın idarə edilməsi və idman menecmenti və kommunikasiya, dördüncü ixtisas qrupuna bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, bədən tərbiyəsi və idmanda reabilitasiya, beşinci ixtisas qrupuna məşqçi (idman növü üzrə) və rəqs müəllimliyi ixtisasları əlavə edilib.xeber100.com