Əməkdaşlığa dair memorandum imzalanıb

Azərbaycan Turizm və Menecment Universiteti ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, memorandumun imzalanması dövlətimizin başçısının Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin və “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin tədbirlər planlarının icrasını təmin etmək məqsədi daşıyır.Memorandum çərçivəsində ilk peşə-ixtisas təhsili səviyyəsində turizm-xidmət istiqaməti üzrə ixtisaslı kadrların hazırlanmasının, habelə müvafiq sahələrdə onların bilik və bacarıqlarının artırılmasının, tədris proqramlarının və təlimin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi, eləcə də əmək bazarının dəyişən tələblərinə cavab verən yeni ixtisasların açılması məqsədilə Turizm və Menecment Universitetinin pedaqoji heyətinin turizm-rekreasiya zonalarında yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrinə cəlb olunması nəzərdə tutulur.Əməkdaşlığa əsasən, turizm sahəsi üzrə ilk peşə-ixtisas təhsili səviyyəsində tədris planlarının özəl sektorla əlaqələndirilməsi, tədrisin maddi-texniki, o cümlədən metodiki bazasının gücləndirilməsi, təhsilverənlərin bilik və bacarıqlarının artırılması, təhsilalanların işəgötürənlərə məxsus müəssisələrdə istehsalat təcrübəsinə cəlb edilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə birgə tədbirlər planı işlənib hazırlanacaq.xeber100.com

Dekabr 21, 2017 2:04

Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə…

“İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi əsərlərlə bağlı müsabiqə keçiriləcək.Azərtac xəbər verir ki, dekabrın 20-də AMEA Rəyasət Heyətinin növbəti iclasında “Azərbaycan Cümhuriyyəti–100” adlı elmi müsabiqənin keçirilməsi barədə qərar qəbul edilib.İclasda AMEA-nın prezidenti Akif Əlizadə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında neft sənayesi işçilərinin təltif edilməsi haqqında” və “Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” sərəncamlardan danışıb.Daha sonra iclasda elmi-təşkilati məsələlərə baxılıb. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibəyli dövlətimizin başçısının “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında məlumat verib. Akademik vurğulayıb ki, görkəmli dövlət xadimi Heydər Əliyev 1978-ci ildə Konstitusiyamızda Azərbaycan dilinin dövlət dili statusunda yer almasına nail olub. Müstəqillik illərində Azərbaycan dilini daha da inkişaf etdirmək və zənginləşdirmək, qloballaşma şəraitində ana dilindən istifadənin imkanlarını genişləndirmək istiqamətlərində dövlət səviyyəsində mühüm addımlar atıldığını söyləyən akademik Prezident İlham Əliyevin sərəncamlarının ana dilimizin saflığının qorunmasına, dilimizin daxili imkanları hesabına inkişaf etdirilməsinə şərait yaratdığını diqqətə çatdırıb.Akademik İsa Həbibbəyli bildirib ki, müsabiqənin keçirilməsində məqsəd Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamından irəli gələn layihələrin icrasının təmin olunması və gəncləri yeni elmi araşdırmalara cəlb edilməsidir.xeber100.com

Dekabr 20, 2017 2:17

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində “Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi keçirilir.BŞTİ-dən Azərtac-a bildiriblər ki, məktəb mərhələsində Azərbaycan və dünya ədəbiyyatı ilə maraqlanan, müxtəlif əsərləri mütaliə edən şagirdlər tərtib olunmuş sorğu vərəqlərindəki müvafiq sualları (oxuduqları əsərlər, onların müəllifləri, hər bir əsərin mövzusu, ideyası, tərbiyəvi əhəmiyyəti və s.) yazılı cavablandırır, təəssüratlarını qeyd edirlər. Məktəb mərhələsinin nəticələrinə əsasən, hər məktəbdən ən çoxu 3 şagird seçilərək müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanacaq.Müsabiqənin rayon (şəhər) mərhələsinin yanvar-fevral, ölkə mərhələsinin isə mart-aprel aylarında keçirilməsi nəzərdə tutulur.Müsabiqənin rayon (şəhər) mərhələsində tapşırıqların icrasına 3 saat vaxt ayrılacaq. Cavablar müvafiq meyarlar əsasında qiymətləndiriləcək.Müsabiqənin yekun turu Bakıda təşkil olunacaq. Finalda müsabiqə iştirakçıları 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazmalı və sorğu vərəqində onlara təqdim olunan 10 sualı yazılı cavablandırmalıdırlar. Sonda on sualın hər biri maksimum on balla qiymətləndiriləcək. Hər bir iştirakçının yekun balı həmin iki tapşırığa verilən balların cəmi hesab olunacaq.xeber100.com

Dekabr 19, 2017 2:56

İqtisad Universitetində növbəti TEDxUNEC konfransı keçirilib

Dekabrın 15-də İqtisad Universitetində növbəti TEDxUNEC konfransı keçirilib.Azərtac xəbər verir ki, “Çərçivədən kənar” mövzusuna həsr olunan konfransda ölkəmizin təhsil, tibb və mədəniyyət sahələrinin tanınmış nümayəndələri iştirak ediblər.Konfransda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı “Təhsilin gələcəyi – gələcəyin təhsili” mövzusunda çıxış edib. Kitabla informasiya daşıyıcılarının rəqabətindən danışan H.İsaxanlı informasiya kommunikasiya texnologiyalarından, eləcə də ali təhsil müəssisələrindən bəhs edib. Professor bildirib ki, bəşəriyyətin gələcəyi elmdədir.Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev “Kitablar və açıq düşüncə” mövzusunda fikirlərini bölüşüb. Ç.Abdullayev bütün dövrlərin tələblərinə cavab verməyin yeganə yolunu yalnız kitabda, elmdə və bilikdə gördüyünü deyib.Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayevin “Kardiocərrahın ürəyindən keçənlər” mövzusunda çıxışı maraqla qarşılanıb.Qeyd edək ki, dünyanın tanınmış alim və ictimai xadimlərini, biznes nümayəndələrini və digər peşə sahiblərini 33 ildən artıq müddətdə bir platformada toplayan TED (Technology, Entertainment, Design) intellektual konfransının məqsədi unikal ideyaları paylaşmaqdır. UNEC konfransın təşkili üçün TED təşkilatından rəsmi lisenziya alıb.xeber100.com

Dekabr 15, 2017 1:38