İqtisad Universitetində növbəti TEDxUNEC konfransı keçirilib

Dekabrın 15-də İqtisad Universitetində növbəti TEDxUNEC konfransı keçirilib.Azərtac xəbər verir ki, “Çərçivədən kənar” mövzusuna həsr olunan konfransda ölkəmizin təhsil, tibb və mədəniyyət sahələrinin tanınmış nümayəndələri iştirak ediblər.Konfransda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı “Təhsilin gələcəyi – gələcəyin təhsili” mövzusunda çıxış edib. Kitabla informasiya daşıyıcılarının rəqabətindən danışan H.İsaxanlı informasiya kommunikasiya texnologiyalarından, eləcə də ali təhsil müəssisələrindən bəhs edib. Professor bildirib ki, bəşəriyyətin gələcəyi elmdədir.Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev “Kitablar və açıq düşüncə” mövzusunda fikirlərini bölüşüb. Ç.Abdullayev bütün dövrlərin tələblərinə cavab verməyin yeganə yolunu yalnız kitabda, elmdə və bilikdə gördüyünü deyib.Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayevin “Kardiocərrahın ürəyindən keçənlər” mövzusunda çıxışı maraqla qarşılanıb.Qeyd edək ki, dünyanın tanınmış alim və ictimai xadimlərini, biznes nümayəndələrini və digər peşə sahiblərini 33 ildən artıq müddətdə bir platformada toplayan TED (Technology, Entertainment, Design) intellektual konfransının məqsədi unikal ideyaları paylaşmaqdır. UNEC konfransın təşkili üçün TED təşkilatından rəsmi lisenziya alıb.xeber100.com

Dekabr 15, 2017 1:38

Dövlət İmtahan Mərkəzinin məlumatı

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 14-15-də respublikanın 38 şəhər və rayonunda (Kəngərli, Babək, Ordubad, Şərur, Gəncə, Şəmkir, Göygöl, Qazax, Ağstafa, Tovuz, Mingəçevir, Yevlax, Şəki, Zaqatala, Qəbələ, Qax, Oğuz, Bərdə, Ağcabədi, Ağdam, Göyçay, Kürdəmir, Zərdab, Ağdaş, Ağsu, İmişli, Beyləqan, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Astara, Masallı, Quba, Xaçmaz, Siyəzən) ümumtəhsil müəssisələrinin 6-cı siniflərinin şagirdləri üçün Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirəcək.DİM-dən Azərtac-a bildirilib ki, monitorinq imtahanlarında 230 məktəb əhatə olunacaq. Azərbaycan dili fənni üzrə 8554, rus dili fənni üzrə 339, riyaziyyat fənni üzrə isə 8546 şagirdin imtahanda iştirakı nəzərdə tutulur.Azərbaycan (rus) dili fənni üzrə imtahan dekabrın 14-də keçiriləcək. İmtahan saat 10:00 da başlanacaq və 2 saat davam edəcək. İlk 1 saat 30 dəqiqə açıq tipli test tapşırıqlarının cavablandırılmasına, son 30 dəqiqə inşa (esse) yazılmasına ayrılır.Riyaziyyat fənni üzrə imtahan dekabrın 15-də keçiriləcək. İmtahan saat 10:00-da başlanacaq və 1 saat 30 dəqiqə davam edəcək.Xatırladaq ki, 6-cı siniflər üçün monitorinq imtahanları Bakı və Sumqayıt şəhərlərində dekabrın 20-21-də təşkil ediləcək.Qeyd edək ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Ümumtəhsil müəssisələrində bu imtahanlar dövlət vəsaiti hesabına təşkil olunur.xeber100.com

Dekabr 12, 2017 12:23

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında fənn müsabiqələrinin final mərhələsi keçirilib.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azərtac-a bildiriblər ki, fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin final mərhələsində paytaxt üzrə 815 şagird iştirak edib. Onlardan 196-sı riyaziyyat, 140-ı kimya, 175-i fizika, 159-u biologiya, 145-i isə informatika fənni üzrə müsabiqəyə qatılıb Müsabiqədə VI sinif şagirdləri riyaziyyat fənni, VII sinif şagirdləri digər fənlər üzrə biliklərini nümayiş etdiriblər.Fənn müsabiqələrinin finalı fizika, riyaziyyat və informatika fənləri üzrə fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində, kimya və biologiya fənləri üzrə isə kimya-biologiya təmayüllü respublika liseyində təşkil olunub.Yarışmaların ilkin mərhələsində şagirdlərə fənlər üzrə müsabiqə tarixinədək keçdikləri məktəb proqramına uyğun tapşırıqlarla yanaşı, məntiqi təfəkkürü, analiz qabiliyyətini və qeyri-standart düşünməni tələb edən suallar təqdim edilib. Qırx sualın cavablandırılması üçün şagirdlərə iki saat yarım vaxt verilib.Müsabiqələrin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkara çıxarılması, məktəblilər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır.xeber100.com

Dekabr 11, 2017 1:13

Dövlət İmtahan Mərkəzinin məlumatına görə…

Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat bu gün başa çatır.Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 17-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək. İmtahan kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahan yeri və başlama vaxtı barədə məlumat DİM-in internet portalında yerləşdiriləcək.DİM-dən Azərtac-a bildiriblər ki, sənədlərin qəbulu dekabrın 6-sı saat 18:00-dək davam edəcək.İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış olmaq mümkündür. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün online qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.xeber100.com

Dekabr 6, 2017 12:38

Beynəlxalq təhsil layihəsi çərçivəsində

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü ilə İƏT-ə üzv ölkələrdə 7 ildir həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” beynəlxalq təhsil layihəsi çərçivəsində ADA Universitetində ilk milli “MOİC Club” (“İƏT Modeli Klubu”) yaradılıb.Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional Mərkəzindən Azərtac-a bildiriblər ki, bu həftə yeni yaranmış “ADA İƏT Modeli Klubu”nun ilk təlimləri və simulyasiyası keçirilib.ADA Universitetində təşkil edilən təlim və simulyasiyanın indiyədək Azərbaycanda keçirilən “İƏT Modeli” tədbirlərindən əsas fərqi həmin tədbirlərin ingilis dilində olması idi.“ADA İƏT Model Klubu”nun xarici tələbələrin də iştirak etdikləri ilk təliminin mövzusu “İƏT məkanında humanitar böhranlar kontekstində Rohinca problemi” olub. Mövzu ilə bağlı Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Nəcibə Mustafayeva iştirakçılara problemin tarixi aspektləri, regionda yaranmış hazırkı vəziyyət, münaqişəyə münasibətdə region ölkələrinin mövqeləri və maraqları barədə məlumat verib.Növbəti gün iştirakçılar İƏT-ə üzv ölkələri təmsil edən işçi qruplara bölünərək “İƏT Xarici İşlər Nazirləri Toplantısı”nın simulyasiyasını həyata keçirib, mövzu üzrə müzakirələr aparıb və müvafiq qətnamələr qəbul ediblər. İştirakçılar bildiriblər ki, beynəlxalq münasibətlər və diplomatiya üzrə praktik təcrübə qazanmaq baxımından bu layihə tələbələr üçün çox önəmlidir.Qeyd edək ki, bu ildən “İslam Əməkdaşlıq Təşkilatı Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” layihəsi çərçivəsində Azərbaycanın digər ali məktəblərində də daxili “İƏT Modeli klubları”nın yaradılması nəzərdə tutulur.Layihənin Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə bütün ali məktəbləri əhatə edəcək ümumrespublika mərhələsi yanvar ayından başlayacaq.xeber100.com

Dekabr 6, 2017 12:34