Dövlət İmtahan Mərkəzinin məlumatı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 noyabr tarixli qərarı ilə “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə müsahibə elanının Forması” təsdiqlənib.Dövlət İmtahan Mərkəzindən Azərtac-a bildiriblər ki, bu qərarla birinci–beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci–yeddinci təsnifatına uyğun olan vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibə elanının formasına dair vahid standartlar müəyyənləşdirilir.Həmin qərara əsasən, namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiqləyən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə DİM-in internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiqləməli və mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir.Elan olunmuş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyənləşdirilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyənləşdirilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyənləşdirilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim olunmuş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkarlandığı halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab olunur. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul olunur və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal 3 vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.xeber100.com

Dekabr 4, 2017 11:55

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

Dekabrın 1-dən eksternat imtahanlarına qeydiyyat və sənəd qəbuluna başlanılıb. Qeydiyyat və sənəd qəbulu dekabrın 20-dək  Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) aparılacaq.BŞTİ-dən Azərtac-a bildiriblər ki, imtahanda əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən vətəndaşlar iştirak edə bilərlər.BŞTİ-nin müvafiq əmrinə əsasən, eksternat imtahanları dekabrın 26-27-də paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq. Eksternat imtahanlarına 16 yaşı tamam olan şəxslər qatıla bilərlər.Ərizələri BŞTİ tərəfindən qəbul edilən eksternlər dekabrın 21-22-ndə saat 10.00-dan 16.00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.Eksternat imtahanlarında uğur qazanan şəxslər ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak hüququ qazanacaqlar.Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.xeber100.com

Dekabr 1, 2017 12:17