Əməkdaşlıq memorandumu imzalanıb

Noyabrın 8-də Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu barədə Azərtac-a universitetdən məlumat verilib.İmzalanma mərasimində AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova təhsilin inkişafının dövlətin təhsil siyasətinin prioriteti olduğunu vurğulayıb. O, “AzerGold” QSC ilə əməkdaşlığın hər iki tərəfə böyük xeyir verəcəyinə ümidvar olduğunu bildirib, bunun həm universitet, həm də tələbələr üçün böyük əhəmiyyət daşıdığını deyib. Bildirib ki, bu əməkdaşlıq tələbələrin nəzəri biliklərinin praktikada möhkəmlənməsinə, eyni zamanda, onların karyera qurmaq istiqamətində axtarışlarına təkan verəcək.“AzerGold” QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov vurğulayıb ki, ölkəmizin ali təhsil müəssisələri içərisində müasir baxışları və tədrisin keyfiyyəti ilə seçilən AzMİU ilə əməkdaşlıqda maraqlıdırlar. O qeyd edib ki, bu əməkdaşlığın məqsədi gələcək mütəxəssislərin ixtisas biliklərinin artırılması, istiqamətləndirilmiş təhsil, elm, istehsalat və birgə təhsil proqramları sahəsində qarşılıqlı maraq doğuran fəaliyyətin yaradılmasıdır.Qeyd olunub ki, bu əməkdaşlıq ölkəmizdə dağ-mədən hasilatı sahəsinin inkişafına müsbət təsir göstərəcək. Razılaşmaya əsasən, universitet “AzerGold” QSC üçün mədənçıxarma sənayesinin inkişafına və bu sənaye ilə əlaqədar infrastruktur layihələrin icrasına cəlb olunacaq müasir tələblərə cavab verən ixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək göstərəcək. Bunun üçün universitetin təhsil prosesinə QSC mütəxəssislərinin cəlb edilməsi, birgə simpozium və konfransların təşkili, müvafiq ixtisas üzrə təhsil alan 2-ci və 4-cü kurs tələbələrinin “yay məktəbi” proqramı çərçivəsində “AzerGold” QSC-də təlimlər keçməsi və s. nəzərdə tutulub.xeber100.com

Noyabr 8, 2017 2:08

İslam həmrəyliyi mövzusunda tədbirlər təşkil edilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində “İslam Həmrəyliyi İli”nə həsr olunan konfrans, “dəyirmi masa”, mühazirə, seminar, müsabiqə və sərgilər təşkil olunur.BŞTİ-dən Azərtac-a bildiriblər ki, tədbirlərdə müəllim və şagirdlər, müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər.Tədbirlərin keçirilməsinin məqsədi məktəbliləri milli mənəvi və ümümbəşəri dəyərlər ruhunda tərbiyə etmək, onlara ölkəmizin tolerant və İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu aşılamaqdır.“İslam dialoq dinidir”, “İslam həmrəyliyi elm və təhsildə”, “İslam dəyərləri və sivilizasiyalar” və digər mövzularda təşkil edilən tədbirlərdə Azərbaycanın daim İslam aləmi ilə sıx münasibətlər qurduğu, ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun üzvü olduğu vurğulanır. Dördüncü İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinin İslam həmrəyliyinin möhkəmləndirilməsinə xidmət etdiyi qeyd olunur.Tədbirlər çərçivəsində İslam ölkələrinin həmrəyliyinə və milli mənəvi dəyərlərə həsr olunan sənədli filmlər, videoçarxlar nümayiş etdirilir.Məktəblərdə İslam həmrəyliyi mövzusuna dair keçirilən şeir, inşa yazı və rəsm müsabiqələrində qalib gələn şagirdlər diplomla təltif olunurlar.xeber100.com

Noyabr 7, 2017 11:35

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təlimə Dəstək Mərkəzində çalışmaq arzusunda olan metodistlərin (mentorların) işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulu başa çatıb.BŞTİ-dən Azərtac-a bildiriblər ki, qeydiyyatdan keçənlər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcəklər.Qeyd edək ki, BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzi ümumtəhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmini, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsi məqsədlərinə xidmət edir.Təlimə Dəstək Mərkəzi BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinə müasir təhsil proqramlarının tələblərinə əsaslanan metodist (mentor) dəstəyi verir və məktəblərdə keyfiyyətin təmin edilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodik yardım göstərir.Mərkəzdə inzibati idarəetmə, təlimin təşkili və idarəetmə, tədrisin idarəolunması, təhsilalanlarla işin təşkili və idarə olunması, fənn kurikulumlarının tətbiqi bölmələri fəaliyyət göstərir.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.xeber100.com

Oktyabr 30, 2017 12:24