MDU-nun Bakı filialında “Açıq qapı” günü keçirilib

Oktyabrın 21-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında 2018-2019-cu tədris ilində bu ali məktəbə daxil olmaq üçün qəbulun şərtləri və qaydaları ilə tanışlıq məqsədilə “Açıq qapı” günü keçirib.Azərtac xəbər verir ki, tədbiri açan mexanika-riyaziyyat fakültəsinin ümumi topologiya və həndəsə kafedrasının müdiri Yuri Sadovniçi MDU-nun Bakı filialının “Açıq qapı” günündə iştirak edən professor-müəllim heyətini təqdim edib. Bildirib ki, M.V.Lomonosov adına MDU-nun Bakı filialı 2008-ci ildə yaradılıb. Əvvəlcə burada üç fakültə - tətbiqi riyaziyyat, kimya və filologiya fakültələri fəaliyyət göstərib, sonra psixologiya, iqtisad və fizika fakültələri açılıb. Təhsil bakalavr və magistr pillələrində aparılır. “M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayevanın təşəbbüsü ilə 2012-ci ildə çox gözəl kampus inşa edilib və tələbələr üçün burada hər cür şərait yaradılıb. Kampusda çox zəngin kitabxana, müasir laboratoriyalar var, tələbələr geniş auditoriyalarda dərs keçirlər, burada yataqxanalar, idman meydançaları var. Fənləri əsasən MDU-nun professor və müəllimləri tədris edirlər. Tələbələr sonda Moskva məzunlarının aldıqları diplomdan heç nə ilə fərqlənməyən diploma sahib olurlar”, - deyən Y.Sadovniçi filialda oxumağın çətin olduğunu, lakin bu çətinliyin tələbələrin gələcəyinə müsbət təsir göstərdiyini diqqətə çatdırıb. O deyib: “Praktika göstərir ki, məzunlarımızın işə düzəlmək problemi olmur. Onlar sonra bizə təşəkkür də edirlər”.xeber100.com

Oktyabr 22, 2017 2:18

7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb

2017-ci il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunan Qazaxıstanın Türküstan şəhərində 7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb.Azərtac xəbər verir ki, Xoca Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan, İran, Özbəkistan, Türkiyə, Rusiya, Qırğızıstan və digər ölkələrdən türkoloqlar iştirak edirlər.Konqres istifadəsi getdikcə azalan və yox olmaq təhlükəsi ilə üzləşən türk dillərinin və ləhcələrinin qorunması məsələlərinə həsr edilib.Tədbirin açılışında çıxış edən Beynəlxalq Qazax-Türk Universitetinin Himayədarlar Şurasının sədri professor Musa Yıldız artıq ənənəvi olaraq təşkil olunan konqresin türk dünyasının müxtəlif ölkələrindən gələn türkoloqlar və elm adamları üçün mühüm müzakirə platformasına çevrildiyini bildirib. O, sıradan çıxmaq təhlükəsi ilə üzləşən türk dillərinin tədqiqi məqsədilə Beynəlxalq Türk Akademiyası və Əhməd Yəsəvi Universitetinin birgə səyləri nəticəsində 4 cildlik böyük ensiklopedik nəşrin hazırlandığını vurğulayıb.Konqresin ilk günü Beynəlxalq Qazax-Türk Universitetinin Mədəniyyət Mərkəzində Əhməd Yəsəvi Muzeyinin açılışı da olub. Muzeydə Türküstan bölgəsində Xoca Əhməd Yəsəvinin yaşadığı dövrə aid tarixi əsərlər və ortaq türk tarixinin müxtəlif dövrlərini əks etdirən rəsm əsərləri yer alır.Yeddinci Beynəlxalq Türkologiya Konqresi üç gün davam edəcək.xeber100.com

Oktyabr 20, 2017 11:54