Türk dünyasına məxsus maddi və təbii irsin qorunması ilə bağlı qərarlar qəbul ediləcək

İstanbulda UNESCO Ümumdünya İrs Komitəsinin 40-cı sessiyası işə başlayıb. Sessiyanın açılış mərasimi Türkiyənin Baş naziri Binəli Yıldırımın dünyadakı tarixi-mədəni miras nümunələrinin məhv olma təhlükəsi ilə üzləşdiyi bir zamanda UNESCO-nun üzərinə məsuliyyətli vəzifənin düşməsini vurğuladığı videomesajı ilə başlayıb. Tədbirdə Türkiyənin Baş nazirinin müavini Numan Kurtulmuş, mədəniyyət və turizm naziri Nabi Avcı, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Kadir Topbaş, İstanbul valisi Vasip Şahin, UNESCO-nun baş direktoru İrina Bokova, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 40-cı sessiyasının sədri Lalə Ülkər, UNESCO-ya üzv ölkələrin nümayəndə heyətləri və digərləri iştirak ediblər. Türk Mədəniyyəti və İrsi Fondundan Azərtac-a bildirilib ki, tədbir zamanı türk ney sənətçisi Kutsi Ergünerə UNESCO-nun “Sülh naminə incəsənət xadimi” fəxri adı təqdim olunub. Tədbir çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva müsahibəsində bildirib ki, Türkiyənin terrorla qarşılaşdığı bir vaxtda əksər ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin İstanbulda bir araya gəlmələri terrora qarşı mübarizənin birgə şəkildə dəstəkləndiyini, eləcə də belə bir zamanda beynəlxalq əməkdaşlıq çərçivəsində xalqların mədəniyyətlərinin mühafizəsinin vacibliyini sübut edir. Günay Əfəndiyeva, həmçinin qeyd edib ki, bu iclasda türk dünyasına məxsus maddi və təbii irsin qorunması ilə əlaqədar yaxın günlərdə mühüm qərarların qəbul ediləcəyi nəzərdə tutulub. UNESCO Ümumdünya İrs Komitəsinin 40-cı sessiyası iyulun 20-dək davam edəcək.

İyul 12, 2016 3:40

Ağ-saray YUNESKO-nun Ümumdünya İrsi siyahısında

Özbəkistanın Şəhrisabz şəhərində Əmir Teymurun bu günədək qorunub saxlanan yeganə möhtəşəm iqamətgahı Ağ-saray  YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxildir. Senet.az XIV- XV əsrlərdə tikilən bu memarlıq nümunəsi haqqında məlumat verir. Tarixdən məlumdur ki, Teymurun ilk sarayları- Kuksaray və Buston saray imperiyanın paytaxtı Səmərqənddə inşa edilib. Teymur çox nadir hallarda bu saraylarda qalardı, şəhər ətrafında inşa edilən saraylara üstünlük verərdi. O, doğma şəhəri Keşdə (indiki Şəhrisabz) daha böyük saray tikdirməyi arzu edirdi. İqamətgahın tikintisinə 1380-ci ildən başlanılıb və tikinti işləri 24 il davam edib. Saray memar Məhəmməd Yusif Təbrizi tərəfindən inşa edilib. Bunu, tikilinin mərkəzi hissəsində qalan imza da sübut edir. İqamətgahın bir neçə müxtəlif təyinatlı həyət sahəsində yaşayış evləri və ictimai təyinatlı otaqlar var idi. Otaqlar qızılı rənglə rənglənmiş, fasadları rəngli kirəmitlə örtülmüşdü, həyətlərə isə ağ plitələr döşənmişdi. Sarayın əsas möcüzələrindən biri də damında xüsusi fəvvarəli hovuzun olması idi. Hovuza su dağ keçidi Taxtakaraçadan qurğuşun novlar vasitəsilə gəlirdi. Ağ-sarayın çökən əsas giriş portalı Mərkəzi Asiyada dövrünün ən hündür tikilisi hesab olunurdu. Sarayın hündürlüyü 56 metr, qüllələrin hündürlüyü isə 72 metr təşkil edirdi. Tikilinin rəngarəng stili, tünd və parlaq mavi çalarlı mozaikaları, rəngləri abidəyə xüsusi görünüş verir. Burada Qurandan kalliqrafik yazılar olan dəbdəbəli yarpavari ornamentlər də diqqət çəkir. 1570-ci ildə Buxara əmiri II Abdulla xan əvvəlki hökmdarın sarayını dağıtmaq istəyib. Lakin xoşbəxtlikdən möhtəşəm tikilinin bir hissəsi dövrümüzədək gəlib çatıb.xəbər100

Fevral 13, 2016 2:08

65 İLLİK FASİLƏDƏN SONRA…

Türkiyə mətbuatının verdiyi xəbərə görə, Ankara Qatarda özünün hərbi hava qüvvələri və hərbi donanması üçün çoxfunksiyalı hərbi bazanın tikintisinə hazırlaşır. Beləliklə, Fars körfəzi sahilində yerləşmiş bu kiçik ərəb ölkəsində Amerika Birləşmiş Ştatları ilə yanaşı, Türkiyənin də öz hərbi bazası olacaq. Bu barədə İranın Yaxın Şərq Strateji Araşdırmalar İnstitutunun analitik materialında bildirilir. Hazırda Böyük Britaniyanın və ABŞ-ın Bəhreyndə, Fransanın isə Birləşmiş Ərəb Əmirliklərində anoloji obyektləri var. Bu forpost gələcəkdə Türkiyə silahlı qüvvələrinin Qırmızı dənizdə, Şimali Afrikada və həmçinin Fars körfəzinin özündə mümkün hərbi əməliyyatlar həyata keçirməsinə imkan yaradacaq. Beləliklə, 1950-ci ildən sonra ilk dəfə olaraq, Türkiyə Hərbi Dəniz Donanması okean sularına çıxış əldə edəcək. Əlbəttə ki, Türkiyənin Fars körfəzinin təhlükəsizlik problemlərinin həll edilməsinə qoşulması, yalnız ABŞ və NATO ilə razılaşma nəticəsində mümkün olub. ABŞ və NATO özünün Fars körfəzindəki “Ərəb Dövlətləri Əməkdaşlıq Təşkilatı” ilə münasibətlərini, kollektiv təhlükəsizlik müqaviləsi səviyyəsinə kimi qaldırmağa hazır deyil. Ancaq buna baxmayaraq, həm ABŞ, həm də onun müttəfiqləri həmin təşkilata daxil olan ayrı-ayrı ərəb dövlətləri ilə ikitərəfli müqavilələr bağlayırlar. Əgər tarixə diqqət yetirsək, onda qatarlıların osmanlılara minnətdar olmaları barəsində nəticə çıxara bilərik. Çünki hələ 19-cu əsrdə məhz Osmanlı hakimiyyəti Qatara Səudiyyə Ərəbistanından ayrıca, özəl mənsubiyyət verilməsinə yardım göstərib. Digər tərəfdən isə Qatar və Türkiyə “Müsəlman qardaşları” kimi birliklər məsələsində və terror qruplaşmalarına yanaşma tərzində eyni cür düşünürlər. Başqa yandan Qatar həmişə Səudiyyə Ərəbistanının Fars körfəzinin digər ərəb ölkələrinə qarşı özünəməxsus “böyük qardaş” rolu oynamasından narazı olub. Elə bu səbəbdən də, Doha yorulmadan təhlükəsizlik sisteminin tənzimlənməsində aktiv rol almaq fikrindədir. Qatar ilə Türkiyə arasında hərbi baza tikilməsi barəsində müqavilənin bağlanmasının əsas səbəblərindən biri, təhlükəsizliyin qorunması metodunun diversifikasiya edilməsidir. Bu cür müqavilələr müştərək müdafiə prinsiplərinə əsaslanır və əgər dövlətlərdən biri hücuma məruz qalarsa, onda digər müttəfiq dövlət, təcavüzkar qarşısında onun müdafiəsinə qalxır. Türkiyə artıq bu cür müqavilələri Azərbaycan və Şimali Kipr respublikası ilə imzalayıb. Bu müqavilə regionun müvafiq təhlükəsizliyi üçün Amerikanın öz müttəfiqlərinin rolunu aktivləşdirməyə cəhd göstərdiyini nümayiş etdirir. Asiya tərəfə yönəlmək strategiyası, Vaşinqtonun öz güclərini Fars körfəzindən çəkmək niyyətində olması anlamına gəlmir. İş ondadır ki, ABŞ dünyanın bu hissəsindəki təhlükəsizliyin təmin olunması xərclərini öz müttəfiqləri ilə bölmək istəyir. Birləşmiş Ştatların regiondakı müasir strategiyası soyuq müharibə dövrünün Nikson-Kissincer doktrinasını xatırladır. O zaman Vyetnam müharibəsinin yenicə qurtarması səbəbindən, Amerikanın öz qoşunlarını hər hansı digər regiona göndərmək üçün kifayət qədər vəsaiti yox idi. Buna əsasən də həmin illərdə ABŞ-ın şah İranı və Səudiyyə Ərəbistanı da daxil olmaqla, regional tərəfdaşları təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq, həmin regionda amerikanların maraqlarının təminatçılarıydılar. Bizim dövrümüzdə, hətta ABŞ-ın qeyri-regional müttəfiqləri də, amerikanların maraqlarının və müvafiq olaraq, Fars körfəzindəki təhlükəsizliyin təmin edilməsi ilə məşğuldurlar. Həm də mütləq qeyd etmək lazımdır ki, bəlkə də Tehran bunu ərəb ölkələri koalisiyasına müdafiə kimi dəyərləndirər və ona görə də, Türkiyənin bu addımı İran təfəfindən düşməncəsinə qarşılana da bilər. Ancaq digər tərəfdən isə bəzi analitiklər hesab edirlər ki, bunu düşmən fəaliyyət kimi yozmaq yox, İran ilə Qərb və Fars körfəzinin ərəb dövlətləri arasındakı münasibət kontekstindən dəyərləndirmək olar. Müəyyən qədər bəllidir ki, indiki zamanda Fars körfəzindəki təhlükəsizlik rejimi, bu regiondakı bütün ölkələrin möhkəm şəkildə müdafiə olunduğuna təminat vermir. Türkiyənin Qatarda hərbi baza yaratması kimi fəaliyyətlər isə Fars körfəzində universal sabitlik sistemi yarada bilməz. Bütün bunlarla yanaşı, Türkiyənin həyata keçirmək istədiyi tədbir, bəzi şərtlərdən asılı olaraq, İranın maraqlarına zidd addım kimi yozulmamalıdır.  

Fevral 4, 2016 2:02

Qurtuluş millətçilikdədir

Iraqın Türkmən Cəbhəsinin lideri Ərşad Salihi Türkməneli dövlətinin yaradılmasından danışıb. Salihi bildirib ki, Şimali Iraqda müstəqil Kürdüstan dövlətinin qurulacağı təqdirdə Bağdadla birgə qalmağa üstünlük verəcəklər. Bu da baş tutmasa, Türkməneli Cümhuriyyətinin yaradıldığını elan edəcəklər. Azadliq.info xəbər verir ki, Salihi Suriya türkmənlərinə də səslənərək qurtuluşun millətçilikdə olduğunu bildirib: “Iraq və Suriya türkmənləri birgə addım atmalıdır. Suriya türkmənləri Cenevrə danışıqlarından kənarda saxlanıldı. Amma türkmənlər narahat olmasın. Danışıqlara qatılan tərəflərin o toplantıda anlaşa biləcəklərinə inanmıram. Suriya türkmənləri bölgəni müdafiə edib birliyi qoruya bilsələr, Əsəd iqtidardan gedəndən sonra qazancları böyük olacaq. Cenevrəyə dəvət edilməyən türkmənlər BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Staffan de Misturaya məktub göndərməlidi. Məktubda türkmənlərin danışıqlardan kənarda saxlanılmasının doğru addım olmadığı bildirilməli və bu vəziyyətin təcili düzəldilməsi tələb olunmalıdır”. Salihi deyir ki, Suriyada vəziyyət hansı istiqamətə dəyişirsə-dəyişsin orada yaşayan türkmənlər milli mücadilədən əsla vaz keçməməlidilər: “Qurtuluş millətçilikdədir. Qloballaşma dövründə türkmənlər bir olmalıdır. Suriya və Iraqda yaşayan türkmənlər əlaqəli şəkildə hərəkət etməlidilər. Bir-birimizə sahib çıxmalıyıq. Türkmənlərin birliyini təşviq edən kofrans və seminarlar təşkil etməliyik. Bu təşəbbüslərə Türkiyə Cümhuriyyətindən də dəstək gəlməlidir. Türkmənlərin birliyi bölgədəki bir çox qüvvələrin oyunlarını pozacaq. KDP və KYB terrorun qarşısını almaq bəhanəsiylə Suriya sərhədindən Iran sərhədinə qədər uzanan və faktiki olaraq Iraqı bölən xəndəklər qazır. Türkmənlərin birləşməsi bu oyunun da qarşısını alacaq. Kürdüstan Iraqdan ayrılmaq istəsə, biz Bağdadla birgə qalmağı seçəcəyik. Kərkük xüsusi statuslu bölgə olacaq. Türkmənlərin rahat həyat tərzi üçün Türk dünyasının yardımına ehtiyacımız var. Bizimlə birgə olmalarını istəyirik. Türk milləti əzəldən var olub və Inşallah bu, əbədiyyətə qədər belə olacaq. 17 dövlət quran bizlər 18-ci dövləti də qura bilərik. Tarixdən güc alıb gələcəyə doğru gedərik”.  

Fevral 4, 2016 1:52