Avropa çempionatının 12-ci günündə mübarizəyə yekun vurulub

22 İyun 2016 11:08

Xəbər 1289 dəfə oxunub

İyunun 21-də futbol üzrə XV Avropa çempionatının 12-ci günündə “D” qrupunda da mübarizəyə yekun vurulub. Azərtac xəbər verir ki, Bordo şəhər stadionunda qrup lideri İspaniya yığması Xorvatiya millisi ilə üz-üzə gəlib. Lens şəhərindəki “Bollar Delelis” stadionunda paralel oynanılan digər qarşılaşmada isə Çexiya və Türkiyə milliləri qrup üçüncüsü olmaq uğrunda mübarizə aparıb. Hər iki oyunda erkən qol qeydə alınıb. İspaniya yığmasının matçın 7-ci dəqiqəsində sağ cinahdan başladığı hücumu Morata dəqiq tamamlayaraq, hesabı açmaqla yanaşı, “Avro-2016”da özünün üçüncü qoluna imza atıb. Xorvatiyalılar yalnız ilk hissənin sonunda – 45-ci dəqiqədə Kaliniçin qolu ilə hesabı bərabərləşdirə biliblər – 1:1. Matçın 72-ci dəqiqəsində İspaniya yığmasının kapitanı Serxio Ramosun yerinə yetirdiyi 11 metrlik cərimə zərbəsini xorvatiyalı qapıçı Subaşiç dəf edib. Əvəzində xorvatiyalılar 87-ci dəqiqədə Perişçin qolu ilə oyunda qalib gələ biliblər. Beləliklə, matç Xorvatiya yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Digər oyunda isə Türkiyə millisi 10-cu dəqiqədə Burak Yılmazın qolu ilə hesabı açıb – 1:0. Matçın ilk hissəsi qardaş ölkə təmsilçilərinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Fasilədən sonra da hücumları davam etdirən Türkiyə yığması hesab arasındakı fərqi artırıb. Oyunun 65-ci dəqiqəsində Selçukun yetirdiyi standart vəziyyətdən sonra çexiyalıların cərimə meydançasında yaranan qarışıqlıqdan istifadə edən Mehmet Topal topu Ozan Tufana ötürüb. Sonuncu isə dəqiq və güclü zərbə ilə hesabı 2:0-a çatdırıb. Qalan dəqiqələrdə hər iki komanda bir neçə dəfə qol vəziyyəti yaratsa da, hesab dəyişməyib və Türkiyə millisi matçdan 2:0 hesablı qələbə ilə ayrılıb. Beləliklə, Xorvatiya yığması 7 xalla “D” qrupunu ilk sırada tamamlayıb. Aktivində 6 xal olan İspaniya isə ikinci pillədə yer alıb. Türkiyə yığması 3 xalla üçüncü, hesabında 1 xal olan Çexiya millisi isə sonuncu sırada qərarlaşıb. Bununla da bu qrupdan Xorvatiya və İspaniya səkkizdəbir finala birbaşa yüksəlib. Türkiyə millisinin isə səkkizdəbir finala yüksəlməsi digər qruplarda keçiriləcək oyunların nəticəsindən sonra məlum olacaq. Çexiya millisi isə çempionatda mübarizəni dayandırıb.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02