Cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirilib

5 Noyabr 2021 18:10

Xəbər 275 dəfə oxunub

Noyabrın 5-də Heydər Əliyev adına İdman Sarayında cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirilib.Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Beynəlxalq Cüdo Federasiyasının prezidenti (IJF) Marius Vizer, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Mərasimdə əvvəlcə Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini, jurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılıb.Sonra Azərbaycanda idman sahəsində, eləcə də cüdo üzrə qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.Çingiz Hüseynzadə açılış mərasimində çıxış edərək Bakının artıq yeddinci dəfə bu nüfuzlu yarışa ev sahibliyi etdiyini bildirib: “Bakıdakı budəfəki yarış fərqli şəraitdə keçirilir. Builki turnir Zəfər Günü ərəfəsində təşkil edildiyi üçün bunun idmançıların çıxışına müsbət təsiri olacaq. Eyni zamanda, bir sıra məhdudiyyətlərin hökm sürdüyü pandemiya şəraitinin də nəticələrə təsiri olacaq. Tokio Olimpiadası sübut etdi ki, tamaşaçısız da maraqlı yarış təşkil etmək olar. Olimpiadanın ən maraqlı yarışlarından biri də cüdo idi”.Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev çıxışında Vətən müharibəsində Qələbənin birinci ildönümü ərəfəsində belə bir nüfuzlu yarışın paytaxt Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edib. Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini bildirən R.Nəbiyev döyüş meydanında qazanılan tarixi Qələbə sayəsində torpaqlarımızın otuz ildən sonra işğaldan azad olunduğunu deyib.Beynəlxalq Cüdo Federasiyası ilə Azərbaycan Cüdo Federasiyası arasında qarşılıqlı etimada söykənən möhkəm əlaqələrin olduğunu vurğulayan R.Nəbiyev bildirib: “Ən nüfuzlu cüdo yarışlarının Azərbaycanda təşkili ölkəmizə göstərilən yüksək etimadın nəticəsidir. Azərbaycanda ən mötəbər turnirlər yüksək səviyyədə keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin ali diqqət və qayğısı nəticəsində ölkəmizdə idman, o cümlədən cüdo sahəsində böyük nailiyyətlər əldə edilib”.IJF-in prezidenti Marius Vizer COVID-19 pandemiyası ilə əlaqədar azarkeşlərin arenaya buraxılmamasının təəssüf doğurduğunu vurğulasa da, cüdonun təbliği baxımından bu yarışın əhəmiyyətini yüksək qiymətləndirib. O, turnirin yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını bildirib.Açılış çıxışlarından sonra Azərbaycan Respublikasının Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib.Sonra “Böyük Dəbilqə” turnirində mübarizə davam etdirilib.Mötəbər turnirdə 29 ölkədən 300-ə yaxın cüdoçu iştirak edir. Azərbaycan turnirdə geniş heyətlə – 33 cüdoçu ilə təmsil olunur.xeber100.com

 

 

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02