“Dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına rəy verilməsi Qaydaları”…

8 Avqust 2016 11:05

Xəbər 839 dəfə oxunub

Gələcəkdə dərman vasitələrinin saxlanıldığı yerlərdə xüsusi ötürücü qurğuların quraşdırılması nəzərdə tutulur. Həmin qurğular sayəsində dərman vasitələrinin saxlanıldığı yerin temperaturu və dərmanların keyfiyyətinə təsir edən digər amillər barədə məlumatlar Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə ötürüləcək. Beləliklə, dərmanların keyfiyyətinə nəzarət edilməsi daha operativ şəkildə həyata keçiriləcək. Bundan başqa, dərman vasitələrinin ölkəyə idxalı zamanı laborator analiz üçün nümunələrin götürülməsi və Səhiyyə Nazirliyi tərəfindən rəy verilməsi prosedurunu tənzimləyən “Dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına rəy verilməsi Qaydaları”nın layihəsi hazırlanır. Bu barədə Azərtac-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinin yoxlanılması laboratoriyasının əməkdaşları mütəmadi olaraq bilik və bacarıqlarının artırılması, yeni üsulların mənimsənilməsi məqsədilə xarici ölkələrdə keçirilən təlim və seminarlarda iştirak edirlər. Eyni zamanda, laboratoriya daxilində illik plana uyğun olaraq təlimlər keçirilir, nəticəsi imtahanla yoxlanılır. Laboratoriya QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond, həmçinin Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə sıx əməkdaşlıq edərək ölkəmizə idxal olunan antiretrovirus və vərəm əleyhinə preparatların keyfiyyətini yoxlayır. Laboratoriyanın maddi-texniki bazasının daha da yaxşılaşdırılması məqsədilə Səhiyyə Nazirliyinin dəstəyi ilə yeni avadanlıqlar sifariş verilib. Laboratoriya daxilində dövrü olaraq lazımi təmir işləri görülür. Mikrobioloji laboratoriyanın genişləndirilməsi və şəraitinin daha da yaxşılaşdırılması üçün hazırda müvafiq şirkətlərlə danışıqlar aparılır. Bununla yanaşı, laboratoriyanın yaxın gələcək üçün əsas məqsədlərindən biri Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi prekvalifikasiya olunmuş laboratoriyaların sihayısına düşməkdir. Dərman vasitələrinin idxalı zamanı sənədlərdə aşkar olunan çatışmazlıqlar barədə idxalçı müəssisələrin məsul şəxsləri məlumatlandırılır. Dərman vasitələrinin istifadə təlimatında aşkar edilmiş çoxsaylı nöqsanlarla bağlı iyun ayında 60-a yaxın idxalçı müəssisənin nümayəndələri ilə birlikdə geniş tərkibdə görüş keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Həmçinin idxal olunan dərman vasitələrinin saxlanılmasına dair 40-a yaxın topdansatış əczaçılıq subyektinin nümayəndəsi ilə daha bir görüş keçirilib. Dərman vasitələrinin saxlanıldığı yerlərlə bağlı aşkar olunan nöqsanlar diqqətə çatdırılıb və aradan qaldırılmayacağı təqdirdə müvafiq tədbirlərin görüləcəyi barədə müəssisələrə xəbərdarlıq edilib.xeber100.com

 

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05