Dünya çempionatına seçmə turniri başa çatdıqdan sonra…

12 Oktyabr 2017 12:11

Xəbər 884 dəfə oxunub

2018-ci il Dünya çempionatına seçmə turniri başa çatdıqdan sonra Avropada gələn ilin sentyabrında start götürəcək UEFA-nın Millətlər Liqası divizionlarının tərkibi məlum olub. Qruplar üzrə bölüşdürülmə UEFA-nın yığmalara dair reytinqi əsasında keçirilib.Azərtac xəbər verir ki, Millətlər Liqasında çıxış edəcək 55 Avropa yığması 4 diviziona bölünəcək. A və B divizionlarının hərəsinə 12, C divizionuna 15, D divizionuna isə 16 komanda düşüb.Azərbaycan komandası Makedoniya, Gürcüstan, Belarus, Ermənistan, Farer adaları, Latviya, Lüksemburq, Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta, Kosovo, Andorra, San-Marino və Hibraltar yığmaları ilə turnirin dördüncü divizionuna düşüb. Bu komandalar hər qrupda 3 yığma olmaqla 4 qrupa bölünəcək və birinci diviziona çıxmaq uğrunda mübarizə aparacaqlar. Qruplar üzrə püşkatma yanvarın 24-də İsveçrənin Lozanna şəhərində keçiriləcək.A divizionu (hərəsində 3 komanda olmaqla 4 qrup): Almaniya, Portuqaliya, İspaniya, Belçika, İngiltərə, Fransa, İsveçrə, İtaliya, Polşa, İslandiya, Xorvatiya, Hollandiya.B divizionu (hərəsində 3 komanda olmaqla 4 qrup): Avstriya, Uels, Rusiya, Slovakiya, Ukrayna, İrlandiya, İsveç, Şimali İrlandiya, Danimarka, Bosniya və Herseqovina, Çexiya, Türkiyə.C divizionu (3 komandadan ibarət 1 qrup və hərəsi 4 komandadan ibarət 3 qrup): Rumıniya, Şotlandiya, Sloveniya, Macarıstan, Serbiya, Albaniya, Norveç, Yunanıstan, Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya, Kipr, Estoniya, Litva.Qrup mərhələsində oyunlar 2018-ci ilin sentyabr-noyabr aylarında keçiriləcək. A divizionunda qrupların qalibləri 2019-cu ilin iyununda “dördlərin finalı”nı keçirəcək. A, B, C divizionlarının qruplarında ən zəif komandalar aşağı diviziona düşəcək və onları müvafiq qrupların qalibləri əvəz edəcək.Əlavə edək ki, bütün divizionların qalibləri olan 16 komanda “Avro-2020”nin final turnirinə 4 vəsiqə qazanacaq. Qarşılaşma matçları divizion daxilində keçiriləcək. Bununla da, turnirdə hər diviziondan ən azı 2 komanda iştirak edəcək.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02