Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib

17 İyul 2019 11:31

Xəbər 830 dəfə oxunub

Avropa regionunda ağciyər xərçənginin 90 faizinin qarşısını əhalinin siqaretçəkmə vərdişindən qurtulması ilə almaq mümkündür. Azərtac xəbər verir ki, bu xəbərdarlığı Dünya Səhiyyə Təşkilatı (DST) edib. Təşkilatın Avropa bürosunun ekspertləri regionun bütün əhalisini bu zərərli vərdişdən imtina etməyə çağırıblar.DST mütəmadi olaraq bu sahədə tədbirlər həyata keçirir. Mayın 31-də Dünya Tütünsüz Günü qeyd olunur, lakin təşkilat bu mübarizə tədbirlərini ilboyu davam etdirir.Budapeştdə bu məqsədlə “Üç sağlam nəsil” şüarı altında bütün yaşlardan olan insanlar üçün tədbirlər, o cümlədən rəqslər və idman məşğələləri təşkil edilir. Yaxınlıqda qoyulmuş mobil klinikada isə arzu edən hər kəs tibbi müayinədən keçə bilər. Aşqabadda isə DST-nin dəstəyi ilə tütünün zərəri haqqında informasiyaların yayıldığı interaktiv aksiyalar təşkil olunub, Tbilisidə keçirilən mükafatlandırma mərasimində bu sahədə xidmətləri olan həkimlər və səhiyyə sisteminin digər əməkdaşlarına mükafatlar təqdim edilib. Tütünlə mübarizəyə həsr olunmuş ən parlaq tədbirlərdən biri Kiyevdə keçirilib. “Dünyada sərbəst nəfəs al, tütünsüz nəfəs al” şüarı altında təşkil olunan bu tədbir zamanı küçələrdə kütləvi yoqa məşğələləri aparılıb və onlar yerli KİV-də geniş şəkildə işıqlandırılıb.Bu il Dünya Tütünsüz Günü passiv siqaretçəkməyə həsr olunub. DST-nin məlumatına görə, tütün tüstüsündə 4 mindən çox kimyəvi maddə var və onların ən azı 250-si zərərli, 50-si isə kanserogendir. Siqaret çəkənlərin yanından duran insanlar da tüstünün təsirinə və ciddi sağlamlıq riskinə məruz qalırlar. Passiv siqaretçəkmə ürək-damar, nəfəs yolları və ağciyər xərçəngi xəstəliklərinə səbəb ola bilər.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05