Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə…

26 Aprel 2017 15:10

Xəbər 924 dəfə oxunub

Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən Avropa regionunda immunlaşdırma həftəsi keçirilir. Dünya əhalisini münasib qiymətə zəruri vaksinlərlə təmin etməyə yönəlmiş bu qlobal kampaniyaya 2007-ci ildən Azərbaycan da qoşulub.Azərtac xəbər verir ki, aprelin 26-da Respublika Gigiyena və Epidemiologiya Mərkəzində (RGEM) Azərbaycanda növbəti Avropa İmmunlaşdırma Həftəsinə həsr edilmiş mətbuat konfransı keçirilib.RGEM-in direktor müavini Afaq Əliyeva mətbuat konfransında çıxış edərək bildirib ki, immunlaşdırma səhiyyə sahəsində ən uğurlu və iqtisadi baxımdan səmərəli tədbirlərdən biridir.Qeyd edilib ki, son illərdə ölkəmizdə infeksion xəstəliklərin profilaktikası və onlara qarşı mübarizəsi sahəsində həyata keçirilən genişmiqyaslı və səmərəli tədbirlər sayəsində davamlı epidemioloji sabitlik təmin edilib. İndi Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da 11 infeksion xəstəlik – qızılca, məxmərək, parotit, difteriya, göy öskürək, tetanus və başqa xəstəliklər əleyhinə planlaşdırılmış şəkildə aparılan peyvəndləşdirmə tədbirləri ölkənin bütün uşaqlarını əhatə edir.Avropa İmmunlaşdırma Həftəsinin (AİH) təbliğ etdiyi əsas ideyanın mahiyyəti ondan ibarətdir ki, hər bir uşağın immunlaşdırılması xəstəliklərin profilaktikası və həyatın qorunması üçün çox böyük əhəmiyyət kəsb edir. Həftənin devizi belədir: “Önləmək. Qorumaq. Peyvənd etmək”.AİH-nin məqsədi valideynləri və qəyyumları, səhiyyə işçilərini, səhiyyə siyasətinin formalaşması və müvafiq qərarlar qəbul edilməsi üçün məsul şəxsləri, habelə KİV-ləri immunlaşdırmanın vacibliyi barədə məlumatlandırmaq yolu ilə vaksinləşdirmə tədbirlərinin əhatə dairəsini genişləndirməkdir.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05