Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə…

31 May 2018 15:16

Xəbər 1028 dəfə oxunub

Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1988-ci ildən etibarən mayın 31-i Dünya Tütünsüz Günü kimi qeyd edilir. Həmin günün əsas hədəfi ictimaiyyətin diqqətini bu problemə yönəldərək tütünün orqanizmə vurduğu zərər barəsində ictimaiyyəti maarifləndirməkdən ibarətdir.Azərtac xəbər verir ki, dünya ictimaiyyəti qarşısına XXI əsrdə tütünçəkməyə son qoyulmasına nail olmaq vəzifəsi qoyulmuşdu, lakin təəssüf ki, hələ də bu mümkün olmayıb. Tütünlə mübarizə davam edir. Dünya Tütünsüz Günün başlıca hədəflərindən biri indiki və gələcək nəsilləri nəinki fəlakətli nəticələrdən, həmçinin tütündən istifadə və tütün tüstüsünün təsiri ilə əlaqədar sosial, ekoloji və iqtisadi fəlakətlərdən qorumaqdır. Tütündən istifadə edilməsi ölüm hallarının artmasına və Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın yaşlı sakinləri arasında hər on nəfərdən birinin ölümünə səbəb olur. Yenə də həmin mənbənin məlumatına əsasən, tütün çəkilməsi 25-dən artıq xəstəliyi, o cümlədən ürək-damar, ağciyər və onkoloji xəstəliklərin yaranmasına səbəb olur. Hər il “tütün epidemiyası”ndan altı milyona yaxın, tütün tüstüsündən isə 600 min insan vəfat edir. Hesablamalara görə belə davam etsə, 2030-cu ildə bu pis vərdiş səbəbindən vəfat edənlərin sayı 8 milyona çatacaq.Ölkəmiz 2005-ci ildən tütünlə mübarizə üzrə konvensiyaya qoşulub və ötən ilin axırlarında Milli Məclisdə tütündən istifadə edilməsini məhdudlaşdıran qanun qəbul olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə kişilərin 35,5 faizi siqaret çəkir. Müstəqil araşdırma və sorğu təşkilatlarının apardığı tədqiqatlara görə, 18-49 yaş arasında olanların 50 faizi bu zərərli vərdişin aludəçisidir. Yenə də həmin mənbələrin apardığı araşdırmalara görə, qadın və uşaqların 41 faizi passiv siqaret çəkməyə məruz qalır. 13-15 yaşlı məktəblilər arasında aparılan sorğu göstərib ki, onların 10,8 faizi siqaretin dadından xəbərdardır.Müxtəlif ölkələrin sakinləri arasında aparılan sorğulara əsasən bəlli olub ki, tütündən istifadə edənlərin üçdə ikisi siqaretin zərərli təsirindən xəbərsizdir. Hazırda həmin asılılıqdan xilas olmağın müxtəlif üsullarla müalicəsi var və istənilən yaşda ondan imtina etmək mümkündür.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05