Elxan Cəfərov: “Qarabağ uğrunda ölümə gedən yüzlərlə, minlərlə oğullarımız olub”

27 Yanvar 2017 15:38

Xəbər 2276 dəfə oxunub

Qarabağ hadisələri başladığı gündən mövzu olaraq kinomuzun diqqətində dayandı. Hətta Azərbaycan kinosu ən durğun illərində belə Qarabağ mövzusunda filmlər çəkdi. Zənnimcə “Fəryad”(1993-cü il) filmi buna canlı misal ola bilər. Əslində baş verən hadisələr tam olaraq müəyyənləşmədiyi üçün bu mövzu aktual olaraq qalır, ancaq illər keçəcək, torpaqlarımız işğaldan azad olunacaq və kinomuzda əsl müharibə məhz o zaman başlayacaq. Ancaq hələ ki, yeni-yeni əsərlər yazılır və bu əsərlərin əksəriyyəti kinoda öz həllini tapır.2012-ci “Azərbaycanfilm” kinostudiyası “Dolu” filmini istehsal etdi. Film sözün həqiqi mənasında geniş müzakirə obyektinə çevrildi və hələ də bu müzakirə davam edir. Biz də öz növbəmizdə filmə baxdıq, mətbuata nəzər salaraq iradlara diqqət etdik, tənqidləri oxuduq və nəhayət belə bir qərara gəldik ki, iradlar, tənqidlər əsasında bir yazı hazırlayaq. Beləliklə müsahibimiz filmin rejissoru Elxan Cəfərovdur.

-Bir var hadisələrin gedişatını izləyərək onun əsasında film çəkmək, bir də var ki, hadisələr  öz həllini tapdıqdan sonra film vasitəsilə fikir söyləmək. “Dolu”nun yaranması Qarabağ hadisələrinin davam etdiyi bir məqama təsadüf edir. Belə bir mövzuya müraciət etməyiniz təsadüfdür, yoxsa?

– Bildiyiniz kimi Aqil Abbasın “Dolu” romanının motivləri əsasında çəkilən filmin ssenari müəllifi də elə müəllif özüdür. Aqil Abbası tanıyanlar çox gözəl bilirlər ki, o çox patriot bir adamdır. Vətənini, xalqını sevən, Qarabağ uğrunda hamını daima mübarizəyə səsləyən biridir. Sözümün canı odur ki, cəmiyyət uşaq kimi orqanizmdir, əgər ona tərbiyə verəcəksənsə o zaman tərbiyəli bir istiqamətə yönələcək, əgər tərbiyə görməyəcəksə o zaman məlumdur ki, necə olacaq. Bu baxımdan Aqil Abbasa minnətdaram ki, cəmiyyəti yaxşı mənada ardınca  aparmağı  bacaran belə bir roman yazıb. İnandırım sizi ki, romanı ilk dəfə oxuyunca gözlərim yaşarmışdı. Həmin ərəfədə mən film çəkilişləri üçün mövzu axtarışında idim və “Dolu” nun çəkilişi mənə tapşırılanda həm sevindim, eyni zamanda bir qədər qorxdum. Baxmararq ki, bu filmdən əvvər Qarabağa həsr olunan “Qarabağdır Azərbaycan” qısametrajlı filmini çəkmişdim, ancaq bu romanla Qarabağ hadisələrinə geniş baxmaq imkanları var idi. Bundan başqa əsər poetik şer üzərində qurulduğu üçün bir qədər ehtiyat edirdim. Deyirdim birdən əsərdə elə bir həqiqətlər, yazılış üslubları olar ki, onu tam olaraq aça bilmərəm. Bildiyiniz kimi ssenari müəllifi ilə rejissor arasında daima anlaşımaz məqamlar olur.

– Bu da təbii haldır, çünki yazı başqa, görüntü tam başqadır…

– Yazı və görüntü bir birindən tamamilə fərqlənir. Buna baxmayaraq Aqil Abbasla çəkiliş prosesində bir birimizi anladıq, mübahisəmiz sadəcə bədii mübahisə oldu.  Romanı oxuduqdan sonra, roman əsasında yazılan ssenari ilə tam olaraq tanış olduqdan sonra rejissor kimi başa düşdüm ki, burda sadəcə fikir, sadəcə hansısa ideoloji düşüncə haqqında düşünməklə deyil, eyni zamanda görüntü milli psixoloji kodlar yerləşdirmək də vacibdir. Ancaq bunu etmək mümkün olacaqmı, məni düşündürən əsas sual bu idi.

– Milli psixoloji kodlar dedikdə əslində sözaltı mənalar da nəzərdə tutulur, ancaq siz bunu bir qədər də açsanız…

– Milli kodlar nədir? Qəhrəman oğul-dastanlardan gəlmiş, Koroğlu, Dədə Qorqud və b. dastan qəhrəmanları, onların hər biri artıq keçmişdə qalıb. Günümüzdə onlar yoxdur, bugünün milli qəhrəmanları dedikdə, çox parlaq simaları nəzərdə tuturuq. Müasir dövrdə qəhrəman tapmaq bir qədər çətin olur, o mənada ki, qəhrəmanı mifikləşdirmək çətin olur. Bu artıq artıq kod deməkdir. Əlbəttə ki, real qəhrəmanlarımız çoxdur, Qarabağ uğrunda ölümə gedən, şəhid olan yüzlərlə, minlərlə dəyanətli oğullarımız olub. Ancaq onları ümumiləşdirən qəhrəman obrazı artıq mifik qəhrəmandır. Məsələn, filmdəki Drakon mifik qəhrəmanlardan biridir. Pələng mifik Azərbaycan insansevərliyi, qonaqpərvərliyi, müharibəyə qarşı olan daxili inkarı deməkdir. Filmdəki komandir obrazı isə ümumiyyətlə quruculuq işləriylə bütövləşdirən bir obrazdır. Ümumiyyətlə filmdəki bütün qəhrəmanlar mifikdir. Hətta epizodların birində qadının silaha sarılaraq düşmənə güllə atması belə onun da canında mifiklik olmasından xəbər verir.  Söhbət ondan gedir ki, belə hadisələr olub və olacaq. Ancaq onu vizuallaşdırmaq, onu cəmiyyətə təqdim etmək, bu  artıq milli psixoloji kodlardan biridir və s. və i.  Demək istədiyim odur ki, Qarabağ mövzusu üzərində qurulan filmin çəkilişinə böyük ürəklə yanaşdıq. Mən bir qədər mistikaya inanan adamam və çəkiliş vaxtı o qanlı günlərdə dünyasını dəyişənlərin ruhunu başımın üzərində hiss edirdim, sanki mənə güc verirdilər.

– Film haqında geniş fikirlər yazılıb, filmə irad tutanlar, filmi tənqid edənlər və s. çoxluq təşkil edir. İradları, tənqidləri gördükdən sonra filmə daha diqqətlə baxdım. Əslində sizin pərakəndə halda təqdim etdiyiniz filmdə müraciət olunan dövrün qarışıqlığı açıq-aşkar şəkildə hiss olunur…

– Təsəvvür edin ki, saat yarım ərzində bütün ssenarini filmdə əhatə edərək onu olduğu kimi tamaşaçıya çatdırmalısan. Ancaq romanı saat yarıma oxumaq mümkün deyil. Hər bir bədii əsərin hadisə cərəyanından əlavə mütləq olaraq onun psixoloji, sosioloji qatı olur. Bir haşiyə çıxmaq istərdim. Bir vaxtlar Balzakı çox oxuyurdum. Onun bütün əsərlərində hadisə cərəyan edir və birdən hadisə dayanır və təxminən 4 səhifə baş vermiş hadisə analiz olunur. Bu baxımdan Balzakın əsərləri həmişə məni yorurdu. Ancaq illər keçdikdən sonra anladım ki, baş verən hadisədən daha çox onun psixoloji məqamları, onu doğuran səbəblər böyük önəm daşıyır ki, yazıçı ilə də məhz o anda tanış olursan, onun bədii təxəyyülünə məhz o an bələd olursan. Bu baxımdan düşünürəm ki, kino ümumiyyətlə götürdükdə mürəkkəb sənət növü hesab oluna bilər. Kinoda bütün yazılmış qeyri hadisədən kənar özəllikləri istər-istəməz o hadisənin içində yerləştirməliyik. Aktyorun oyununda, məkanın seçilməsində elə kod informasiyalar var ki, məsələn, uzaq fonda iki əsgərin mübahisəsini tamaşaçı görməyə bilər, ancaq şüuraaltına təsir edəcək, öndəki iki aktyorun isə söhbətini diqqətdə saxlayacaq. Bu nöqteyi nəzərdən kino konkret hadisə deməkdir. Real hadisə çox da mürəkkəb olmamalıdır, kinoda qarışıqlıq olmamalıdır, baş verən hadisənin davamlı surətdə əvvəli, axırı və ortası olmalıdır. Bir sözlə, kino ardıcıllığı sevir. Bu baxımdan qeyd edim ki, filmi çəkərkən ssenariyə bəzi səhnələr əlavə olundu. Ümumiyyətlə isə Aqil Abbas digər romanlarında olan bəzi personajlardan, bəzi məqamlardan “Dolu”nun ssenarisində istifadə etdi. Təbii ki, məqsəd xalqımızın dəyanətini göstərmək idi, bugünkü gəncliyimizə vətən sevgisini aşılamaq idi.

– Filmdə yarımçıq təsiri bağışlayan epizodlar var-məsələn, jurnalistin cəbhə xəttinə gəlişi maraqlıdır, ancaq sonrakı prosesdə artıq görünmür, şəhid anasının görünüşü də filmdə bir qədər zəifdir…Şəxsən mən bu fikirləri irad tutanlara belə cavab verərdim-filmdəki qarışıqlıq əslində geniş bir mövzudur. Məsələn, filmin hər epizodu yeni bir mövzu üçün açılır…Ancaq  sizin fikirləriniz daha maraqlı olardı…

– Film nə realizmdir, nə də neorealizm, “Dolu” plakat janrında çəkilib. Qeyd etdiyim kimi filmddəki bütün personajlar mifikdir. Təbii ki, reallıqda heç bir raykom katibi Qarabağ hadisələrində camaata kömək edə bilmədiyi üçün çarəsizlikdən güllləni başını dirəyərək özünü öldürməyib, bunu biz bilirik.  Ancaq biz bunu belə görmək istəyərdik. Allah göstərməsin, bir daha  vətənimizə, təcavüz olarsa məhz belə oğullar lazımdır. “Dolu” psixoloji film olmadığına görə biz hər bir personajın psixoloji tarixçəsini açmadıq. İstər jurnalistin gəlişi, komandirlə olan söhbət, istər şəhid anasının görüntüsü və səssiz-sədasız filmdən çıxması və s. kimi məqamlar əslində çox fikri ifadə edir. Biz sadəcə plakat göstərdik, qarışıqlığı isə sadəcə məqsədli şəkildə etdik.

– Filmdə sadəcə əsgərlərdən birinin namaz qılması göstərilir və başqa bir səhnədə “Allahu Əkbər” deyən əsgərin özünü tankın altına ataraq partlatması bir qədər tənqid hədəfi olub…

– Hazırda islam dünyasına olan böyük bir təcavüzün şahidiyik. Biz də islam dövlətiyik və bugünkü durumda, islama olan qarayaxmanın içində “Allahu Əkbər” deyib tankın altına atılan və özünü partladan terrorçular da var. Ancaq vətən naminə tankın altına atılanlan da var, islam məhz budur, şəhidlik budur. Filmdəki islam xətti də məhz yaradıcı proseslərdə yarandı.

– Aktyor heyətiniz oduqca maraqqlıdır-Fuad Poladov, Fərhad İsrafilov, Məmməd Səfa, Gülzar Qurbanova, Şamil Süleymanov kimi  güclü aktyorlarla yanaşı, eyni zamanda ilk addımlarını atan aktyorları filmdə gördük…

– Aktyor rejissor münasibəti ilkin növbədədir. Aktyor seçimində onların peşəkar xüsusiyyətlərindən öncə insani keyfiyyətlərinə görə seçirəm və əlbəttə ki, bildiyim, tanıdığım, yaradıcılığına bələd olduğum aktyorların seçiminə böyük önəm verirəm. Bu baxımdam şəhid anası roluna Gülzar Qurbanovanı, raykom katibi roluna Fuad Poladovu, komandir roluna Məmməd Səfanı və b. uyğun rollara seçdiyim zaman yanılmayacağımı bilirdim.

– Filmdə erməni qızının əsir alınması səhnəsində komandirin səsləndirdiyi fikir çox məna ifadə edir. Bəlkə də çoxları erməni əsirin cəzalandırılmasını göstərilən məqama üstünlük verə bilər, ancaq bir kəlmə-“mən arvad davası etmirəm, mən torpaq davası edirəm” fikri məsələni kökündən həll edir.

– Əlbəttə ki, filmin qayəsini tam anlamayanlar fərqli fikirlər söyləyə bilər. Ancaq bu nə ideoloji, nə də tərbiyəvi mövzu deyil.

– Filmdə Drakon, Pələng kimi ümumiləşdirilmiş obrazlar var ki, onları ifa edən aktyorların ifası çox maraqlı alınıb. Xüsusilə Drakon obrazı…

-Belə bir söz var ki, padşahı padşah edən onun əshabələridir. Yəni, hər şey nisbidir. Əgər təmiz, saf niyyətli, sadə fikirli Pələng olmasaydı, o zaman Drakon obrazı o qədər güclü alına bilməzdi.

-Əslində təmkinli görünən Pələnglərin yanında kəmhövsələ, sərt Drakonların olması da filmə bir rəng qatır.

-Pələng saf olduğu qədər də, vuran ələ sahib, düşünən beynə sahib biridir. Hər iki qəhrəman bizimdir. Və hər iki qəhrəman tamaşaçını düşündürür, onu ardınca  aparmağı bacarır. Mən əlbəttə ki, istəməzdim xalqımız hamısı Drakon olsun, çünki bizim Pələng kimi təmkinli qəhrəmanlara ehtiyacımız daha çoxdur.

– Hər rejissorun mövzuya yanaşması fərqli olur…maraqlıdır siz filmi çəkmədən öncə müharibəni əks etdirən filmlərə baxdınızmı?

– Mütləq baxırdım, ancaq baxmaq o demək deyil ki, oxşar səhnələrdən istifadə edim, əksinə rejissorun yanaşması necədir və mən necə etməliyəm ki, tamam fərqli olsun-məqsəd bu idi…Dünya kinosunu izləyirəm, rejissor işinə hər zaman diqqət edirəm, filmlərə bütün xırdalıqlarına qədər diqqət edirəm, sətiraltı mənalar baxıram və s. Bilirsinizmi bu mütləq vacibdir.

– Filmdəki partlayış səhnələri çox canlı alınıb. Hiss olunur ki, dövlət dəstəyi ilə çəkilən “Dolu” filminə hərtərəfli dəstəklər olub…

– İstər filmin çəkilişləri gedən məkanlarda (Ağdamda, İsmayıllıda, Sumqayıtda, Bakıda, Şəmkirdə, Ağcabədidə) istər film üçün lazım olan döyüş sursatlarının yardımı hamısı təmənnasız olaraq bizlərə verildi. Daxili qoşunların 300 əsgəri filmin çəkilişində iştirak etdi. Bir sözlə, müraciət etdiyimiz mövzuya heç kim biganə qalmadı, hamı bizə dəstək verdi…

Son söz əvəzi: Dövlət dəstəyi ilə çəkilən filmə təmənnasız olaraq yardım edənlər çox olub. Hətta filmin musiqisini yazan sevimli bəstəkarımız Polad Bülbüloğlu qonorarını filmə bağışlayıb.“Dolu” romanı yazıldığı gündən ədəbi hadisəyə çevrildi. Roman haqqında hədsiz sayda tənqidlər, təriflər, təhlillər oldu, hətta roman film şəklində çəkildikdən sonra da onun üzərində aparılan fikir mübadiləsi davam edir, hələ davam edəcək də…”Dolu” həm sevinc, həm də təbii fəlakət anlamını daşıyır. Dolu həm dağıdır, eyni zamanda geniş sahələr üçün münbit şərait yaradır. Bu baxımdan müharibə təbii fəlakətdir və bu təbii fəlakətin öhdəsindən gəlmək, mübarizə aparmaq insanın borcudur…

 

Ağaxan Salmanlının 75 illiyinə…

Zənnimcə, SƏNƏTKARLIQ ZİRVƏSİ yaşla, təcrübəylə qazanılan yüksəklik deyil, dünyaya göz açdığın gündən Tanrının qismətinə yazdığı bir hədiyyədir. Bu hədiyyə necə qorunur, onu artıq gələcək göstərir. Təsadüfən söhbəti sənət zirvəsi üzərində qurmuram. Tamaşaçıların sevimlisi Ağaxan Salmanlı teatr sənətində var olduğu gündən daima bir həqiqətə inandı-səhnə səmiyyətinə. əslində səhnə səmimiyyəti elə aktyorun obrazı daxilindən keçirək səmimi oynaması ilə başlayır. Müxtəli rollarda səhnədə olan və tamaşaçını inandırma gücünə sahib olduğunu sübut edən böyük sənətkarın 75 yaşı tamam olur. Aktyor özünü bu yaşda necə hiss edir və ssənətdə daha nələri görmək istər onu sadəcə bu müsahibəni oxuduğunuz zaman şahid olacaqsınız. Beləliklə xəbər100.com saytının bu dəfəki qonağı, xalq artisti Ağaxan Salmanlıdır. -Ömrün 75-ci ilinə qədəm qoymaq, bahar fəslinin bu gül-çiçəkli dövrünü yaşamaq necə bir hissdir? -Baharın gəlişi hər birimizdə yüksək əhval-ruhiyyə yaradır. Bəlkə də ona görə ki, təbiət bütün gözəlliklərini məhz baharda tam olaraq göstərir. Bu sadəcə gülün-çiçəyin gözəlliyi deyil, bu gözəlliklərdən ətrafa saçan qoxunun da gözəlliyi sanki üzərimizə hopur. BU gözəl fəsildə həyətimdə əkin-biçin işlərim olur, yaz güllərim çiçəklənib. Şox şükür səhhətim normaldır və mən bu gözəlliyi hiss edirəm. -Əslində hər yaş bir hesabat xarakteri daşıyır və yaş artdıqğa müdriklik çağı insanoğunu düşünməyə vadar edər. Sizi ən çox düşündürən nədir? =Sual geniş olduğu üçün, ətraflı da cavab istəyir. Məlumdur ki, məişət, ailə, ev-eşik fikirləri, nəvələrinmin rifahı barədəki fikirlər daima diqqətdə dayanır. Ən önəmlisi isə Vətənimizin müharibə vəziyyətinə aid hər bir xırda xəbərə reaksiya, ümidverici kiçicik bir şad, müjdəli xəbər gözləntisi hər an beynimizi, ürəyimizi məşğul edir. Eyni zamanda teatrdakı quruluşlar haqqında olan düşüncələr, fikirlər çoxdur. Bir sözlə beyni məşğul edən fikirlər çoxdur və hər gün də eynilə təkrar olunur. Bilirsinizmi, dünya yaranandan ağla-qaranın mübarizəsi gedib və gedir. İllər, əsrlər keçir eyni mübarizə davam edir, yaşadığımız dövrdə belə bu mübarizə bitmir. Bir tərəfdə ölüm, bir tərəfdə göz yaşları, digər bir tərəfdə sanki heç nə olmamış kimi həyata davam etmək...Bütün bunları necə xarakterizə etmək olar və ya ümumiyyətlə xarakterizə etmək mümkündürmü, bu belə növbəti bir sual ortaya çıxarır. -Necə bilirsiniz, dünyanln böhran içində olması sənətə nə dərəcədə təsir göstərə bilər və ya yaradıcı proseslər sanki arxa planda qaldığı üçün önəmli səhnə əsərləri yaranmır? -Əlbəttə ki, dünya əzəldən münaqişəli olub, indi daha da kəskin görünür, ola bilsin ki, bu proses sabah da davam edəcək. Dünyaya nəzər salanda görürsən ki, münaqişələr necə də xərçəng xəstəliyi kimi yer kürəsini tora bürüyüb. Dünyanln böhran içində olmasının sənətə nə dərəcədə təsir etməsinə gəlincə, zənnimcə dünya iqtisadi böhranını araşdıran iqtisadçılar bunu məndən daha dəqiq bilər. Ümumiyyətlə isə böhran dediyin göz önündədir və bunun hər kəs təsirini görür, sıxıntısın keçirir. Ancaq nə olur olsun, teatra münasibət əsasdır. İqtisadi böhran, teatrı mənəvi ehtiyac kimi anlayanları ondan uzaq sala bilməz. Bir iki misal çəkim: Bir gün Rusiyada idim , evdə qalırdım, evin sahibəsi xahiş etdi ki, vaxtı olmur, domna sobasında kömür atma işinə baxır, falan gün, flan saatda vaxtım olacaq o vaxta da kinoteatrda fransız filminə bilet al, bir yerdə gedib baxaq, filimin adı bu, iştirakçılar bunlar, rejissoru və yazarı flankəslər. Gedib afişaya baxdım tam dəqiqliyi ilə demişdi. Bir dəfə də Odessaya getmişdim, özü balaca şəhər olsa da, orada dünya şöhrətli, memarlıq cəhətdən gözəl bir teatr olduğunu eşitmişdim. Maraq üçün özümü saldım həmin teatra. Loja benuar deyilən səhnəyə yaxın bir yerə bilet almışdım. Belə bir hadisənin şahidi oldum. Yanımda oturan bir xanımdan xahiş etdilər ki, yerini zəhmət olmasa iki oturacaq yan tərəfə dəyişsin. Xanımı od götürdü, "mən, süpürgəçi işləyirəm, səhər altıda durub küçə süpürürəm, manat-manat yığıb loja benuara bilet almışam, bu yerimi heç kəsə güzəşt etmərəm”. Bu misalları çəkməklə  mənəvi ehtiyacın necə olduğunu göztərmək istədim. Bir misal daha çəkim. Oğlum universitetdə oxuduğu illərdə ona dərs deyən elmlər namizədləri, fəlsəfə doktorlarına qarşılıqlı hörmətə görə dəfələrlə dəvətnamə göndərirdim və həmin vaxt teatrın giriş qapısında onları qarşılamaq üçün müntəzir olurdum.... təəssüflər olsun ki, heç biri gəlmirdi!? Sadəcə olaraq bir dəfə dövlət imtahan komissiyasının sədri Əmirxan müəllim gəlmişdi. -Mənəviyyat, mənəvi aclıq hissi deyilən bir şey var... -Ümumiyyətlə incəsənətin yaratdıqı maddi nemət deyil, mənəvi nemətdir. Maddi nemətə ehtiyac ilkindir, onsuz insanın həyatı bitər- yeməlidir, içməlidir, geyinməlidir. Bu vacibdir. Əgər bunlardan cibdə bir şey qalarsa onda insan mənəvi nemət axtarır. O da baxır insanın düşüncə tərzinə, mədəniyyətə meylinə, marağına, mənəvi aclığına. Bu sahəyə sevgisi yoxdursa yenə qaçacaq restorana, kababxanaya, bu növlü əyləncələrə qatılacaq...Bu səbəblərdən böhranın təsiri ilk olaraq elə incəsənətə, o cümlədən də teatra dəymədən ötmür. Bəlkə də dünyanın müxtəlif bölgələrində müxtəlif dərəcədə, az və ya çox olur, lakin mütləq olur. - Yeri gəlmişkən, bütün dünyada böhran var, ancaq sənətə olan maraq bir an da olsun ölmür. Bizdə isə, siz dediyiniz kimi, hələ tamaşaya dəvət edirsən gələn olmur. Halbuki bir vaxtlar Azərbaycanda teatr, kino üçün bilet satışında növbə yaranırmış... - Bir vaxtlar Azərbaycanda teatr inkişaf və intibah dövrünü yaşayanda tamaşalara bilet tapmaq çətin olub, hətta qayda-qanun yaratmaq üçün mühafizəçilər dəvət olunurdu. Möhtəşəm tamaşalar yaranıb, hardasa bir anonsdan sonra tamaşaçılar böyük maraq və intizarla tamaşaların təqdimatını gözləyiblər. Bu maraqın və diqqətin nəticəsində də teatrın cəmiyyətdə məsuliyyəti  artıb, aktyorluq sənətinə  olunan hörmət, onun möcüzəli olması, riskli, aktual fikirlər ortaya qoyması teatrı mənəvi bir ehtiyaca çevirə bilib. Aktyorluq sənəti barədə korifey sənətkarımız Mərziyə xanım Davudova deyirdi ki,  "Aktyorluq  ağır zəhmətkeş həyatıdır". Belə vəziyyət aktyorun işinə son dərəcə məsul yanaşmasını tələb edirdi. XX əsrin  20-ci illərindən sonra teatra məbəd deməyə başlandı. Məbəd adlanan yerə təbii ki, xalqın axını başladı, bu bir dövlət proqramı idi, başqa cür də ola bilməzdi. - Necə bilirsiniz, bəlkə tamaşaçıları düşündürən, onların marağına səbəb olan əsərlər yazılmalıdır. Necə deyərlər, bəlkə tamaşaçı zövqünün dalınca getmək lazımdır? - Cəmiyyətin inkişafı, texniki proqress  bu günümüzə nə qədər yeniliklər gətirib. Yəqin ki, hamı ölkəmizdə keçirilən ilk Avropa Olimpiya oyunlarının açılış və başlanışını xatırlayır. Müasir texniki inkişafı teatra tətbiq edərkən necə ağlagəlməz möcüzələrin əldə olduğunun şahidi oluruq. İndi görək bu texnikanın hansı faizi, lap cüzi faizi teatrlarda varmı? Bir yandan da iqtisadi böhran, teatr üçün heç də arzuolunan vaxtda gəlməyib. Teatr canlı sənətdir, cəmiyyətin, zamanın nəfəsi ilə, ritmi ilə uyğunluq təşkil edir, tərəqqisi və tənəzzülü var. Bunu canlı varlıq kimi qəbul etmək lazımdır - sağlam, çevik, enerjili vaxtı olur, soyuqdəyməsi, halsızlıqı, tam gücündən istifadə edə bilməməsi vaxtları olur. Bu təbiidir.Mən bu canlı orqanizmə nikbin yanaşıram və tam ümidliyəm teatrımızın sabahına...O ki, qaldı tamaşaçının ardınca getmək məsələsinə, teatr həmişə tamaşaçı ilə təmasda olub. Bir halda ki, tamaşaçını narahat edən problemləri teatr ortaya çıxarır, deməli tamaşaçı əsas komponetdir. İndi görək teatr tamaşaçının marağında olan suallara cavab verə bilirmi, yol göstərə bilirmi? Məncə teatrın bu gün bir zəifliyi də var - tamaşaçını düşündürən suallar və onun həlli yollarını söyləmək acizliyi. Klassiklərə baxın, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı cəsarəti, riski! Hazırda da belə bir risqə, cəsarətə ehtiyac var. -  Bir qədər də hazırda sənətə yeni gələn nəslin fəaliyyəti haqqında danışardıq. Yeni nəsil tamaşaçını düşündürmək nədir, heç diqqətini də cəlb edə bilmir. Hanı o cəlbedicilik, hanı o maraq dairəsi? - Teatr özündə bütün həyatı əks etdirir siyasətdən tutmuş, mənəviyyata qədər, vətən sevgisindən tutmuş şəxsi, ailə sevgisinə qədər. Fəlsəfədir teatr, həyat fəlsəfəsi. Bu baxımdan düşünürəm ki, indiki nəsil nəyi görür, necə görür elə də hərəkət edir. Mən onların elədikləri ilə  bir qədər, razılaşmasam da, onları tam inkar etməkdən də vaz keçirəm. Çalışıram onları anlayam, haqq qazandıram. Çünki bu gənclərin əksəriyyətinin maddi çətinlikləri var. Doğrudur ki,  birmənaalı olaraq "ucuz ətin şorbası olmaz".Bu hər tərəfli yaranacaq sənət əsərinin keyfiyyətsiz olacaqına , uğursuzluquna aparan səbəbdir. Çəkilən filmlərin , yaxud hazırlanan tamaşaların göstəriləcək məkanlar yoxdur. Teatr qastrollara gedə bilmir, çəkilən filmlərin göstərilməsi, satışı üçün kino-teatrlar yox səviyyədədir.“Naxox" filmindən misal gətirə bilərəm- Film uğurlu alındı, birincilər arasında reytinq qazandı -Bakida, Gəncədə, Masallıda nümayiş olundu vəssalam…Respublikanın başqa bölgələrində film nümayişi üçün səviyyəli məkanlar yoxdur. İstedadlı gənclər, sənət eşqilə çırpinan arzulu insanlar çoxdur. Gələcək mütləq olacaq. Onu geriyə çəkmək mümkün deyil. Çalışıb gənclərə dəstək olmaq, kömək əli uzatmaq lazımdır. Maliyyə zəifliyi sənətkarları kənarda qoyub, pulsuz, ya az pula çəkilənlərə yol açıb, çəkənlər də məcbur olub, istəmədən bu işə qol qoyurlar.Ümumiyyətlə, düşünürəm ki, nikbiliyimizi gəlin itirməyək. İnanaq ki, zaman hər şeyi yerbəyer edəcək. Sevgi və istək olan yerdə yaratmaq əbədidir !            

May 25, 2017 16:16

“Yeni nəsil kitabdan, mütaliədən, kinodan çox uzaqdırlar”…

1965-1990-cı illər Azərbaycan kinosunun ən qaynar bir dövrünə təsadüf edir. Hazırda da sevərək baxdığımız filmlərin hamısı demək olar ki, həmin illərdə lentə alınıb. Və həmin illərdə ardıcıl şəkildə filmə çəkilən aktyorlar içində tamaşaçıların sevimli aktyoru, əməkdar artist  Ənvər Həsənov da olub. Aktyrorla ömrünü həsr etdiyi kinostudiayada görüşüb, söhbət etdik... -Hər yaşın öz hesabatı var...Ömrün 67-ci ilinə qədəm qoymaq necə bir hissdir? -Hesabatım ondan ibarətdir ki, bu il kinostudiyaya qədəm qoymağımın, fəaliyyətə başlamağımın da 52 ili tamam olur. Və 52 il ərzində 70 film işləmişəm. Nəzərə alsaq ki, 52 il ildir fəaliyyət göstərirəm, o zaman ürəklə deyə bilərəm ki, səmərəli fəaliyyət yolu keçdim. Bəxtim onda gətirdi ki, bu illər ərzində ustadlarla tanış oldum, onlarla bərabər çalışdım, xüsusilə Adil İsgəndərovun adını çəkmək istərdim, onun tələbəsi olmuşam və ölənə qədər də onun tələbəsi olaraq qalacağam. Çünki sənətə olan həvəsimin, sevgimin yaranmasında, hətta tükənməz olmasında məhz Adil İsgəndərovun rolu böyük olub. -Kino yaradılcılığınızda sizə dəstək olan sənətkarlar çox olub, hətta elə rejissor yoxdur ki, onunla çalışmayasınız. Zənnimcə rejissor Arif Babayevin adını da xüsusilə çəkmək lazımdır. -1965-ci ildə kinostudiyada fəaliyyətə başladım, 1966-cı ildə Arif Babayevin quruluş verdiyi “İnsan məskən salır” filmində II rejissor olaraq çalışdım və beləliklə də Arif müəllimlə yaradıcı əməkdaşlığımız başladı. Bildiyiniz kimi onun quruluşunda çəkilən “Uşaqlığın son gecəsi” filmində oynadığım Murad rolu ən müasir qəhrəman rollarından biri oldu və yəqin ki, olaraq da qalacaq. Bilirsinizmi o dövrdə yaradıcı proseslərin qaynarlığı bir başqa idi, təsəsvvür edin ki, kinostudiyada o qədər qaynar fəaliyyət var idi və hamı da böyük həvəslə çalışırdı və bu səmimiyyət birbaşa çəkilən filmlərər də öz təsirini göstərirdi. Kimlər yox idi, Məmmədaraz Şeyxzamanov, Həsənağa Turabov, Həsən Məmmədov, Leyla Bədirbəyli, Hökümə Qurbanova, Nəsibə Zeynalova və daha kimlər... -Dəyişən nə oldu, sadəcə dövr, əvvəlki sənətkarların əksəriyyətini  dünyasını dəyişməsi, yoxsa sadəcə müharibə şəraitində yaşayan bir ölkəninn problemlərinin çoxluğu? -1991-ci ildən demək olar ki, 2000-ci ilə qədər kinomuz çox ağır bir böhran yaşadı. Bu təbii hal idi, müstəqillik qazanmaq çox çətin bir mərhələdir və bu işin hələ başlanğıcıdır. İllərlə asılı yaşayan bir respublika müstəqillik əldə edən kimi bürtün sahələrdə olan uğurlarına davam edə bilməzdi. Bunun üçün illər lazım  və tədricən hər sahədə inkişaf başladı. Doğrudur kino daha ağır inkişaf etməyə başladı, çox az filmlər çəkildi. Məsələn, mən 1991-ci ildə  Rasim İsmayılovla Qarabağ problemlərindən bəhs edən  “Tələ” filmini çəkdik. 1995-ci ildə Zeynalabdin Tağıyev haqqında olan “Sönməyəyn çıraq” filmini çəkməyə başladıq, təxminən bir il filmin üzərində işlədik, daha sonra “Sonuncu döyüş” filmini çəkməyə başladıq və s. Yəni, çox zəif şəkildə inkişaf başladı və yaxşı ki, biz nəsil eyni həvəslə iş başında olduq. Əsas inkişaf 2001-ci ildən başladı, bir qədər sakit illər başladı, yenə də kinostudiyada yaradıcılarla bir araya gəldik. Doğrudur kinoistudiyadan ayrılmamışdıq, çünki burdan ayrı yaşamaq mümkün deyildi. Az qala uşaqlıq illərindən böyüyüb boya başa çatdığımız bir müqəddəs ocaqdan söhbət gedir. Təsəvvür edin ki, nə qədər zəif inkişaf olsa belə o ağır günlərdə köhnə işçilər bura gəlirdik, problemlərimizi müzakirə edirdik, köhnə günləri yad edirdik, bir sözlə, deyib-gülüb vaxtımızı keçirir, sonra da evin yolunu alırdıq. Sanki bu bizə güc verirdi. Elə olurdu ki, 2-3 gün keçməmiş yenə gəlirdik. Hətta elə günlərimiz olurdu ki, evdə xaşı bişirdirib gəlib kinostudiyada yeyirdik. Əslində qış aylarında bunu başqa bir yerdə edə bilərdik, ancaq kinostudiyada hamımız birgə duz-çörək kəsməyimiz bir başqa hiss idi ki, bunu sözlə ifadə etmək belə mümkün deyil. Çox çətin günlərimiz olub. 2001-ci ildə “Ovsunçu” filmi ilə artıq çəkilişlərər start verildi və tədricən  az-az çəkilən filmlərin sayı artmağa başladı. -Demək olar ki, çox şey bərpa olundu, bəs dəyişən nə idi? -Dəyişən o idi ki, bu illər ərzində dəyərli insanlarımızın-sənətkarlarımzın əksəriyyəti dünyasını dəyişdi ki, bu da istər-istəməz sənətə öz təsirini göstərdi. Sevərək filmlərinə baxdığımız aktyorlar, rejissorlar, operatorlar, bir sözlə, kinoda əməyi olan yaradıcı heyətin əksəriyyəti artıq aramızda yox idi, onların boşluğunu doldurmaq o qədər də asan məsələ deyil və ya əksinə o boşluğu dolduran insanlar yetişəcəkdimi?! Yəqin ki, illər lazım olacaq, bəlkə 20 il keçməlidir ki, yeni gələn nəsil həmin sənətkarların yerini tuta bilsin. HAŞİYƏ:  1970-ci il... 20-ci illərin komsomolçuları haqqında romantik hekayə əsasında rejissor Tofiq Tağızadə “Yeddi oğul istərəm” filminin çəkilişlərinə hazırlaşır. Sınaq çəkilişləri zamanı Cəlal obrazınaonlarla aktyor dəvət olunub. Ancaq onlar arasından sadəcə biri Cəlala daha çox uyğun gəlir-Ənvər Həsənov: “Filmin çəkilişləri Qobustan, Fatmai, Mərdəkan, Şağan, Buzovna kəndlərində və kinostudiyanın həyətində qurulmuş pavilyonda aparılırdı. Bir tərəfdən yayın qızmar havası, digər tərəfdən isə aktyorların geyimləri çəkilişlərdə çətinliklər yaradırdı. İşıq qurulub, kamera dayanıb, aktyor da lazım olan vəziyyəti alıb. Bir də gördün aktyor addımını çox atdı işıqdan çıxdı, az atdısa, işığa düşmədi. Ona görə də istənilən nəticəni almaq üçün bir kadr bir neçə dəfə çəkilirdi. Mənim üçün ən çətin səhnə Cəlalın ölüm səhnəsi olub. Səhnə həm fiziki, həm də mənəvi cəhətdən ağır idi. Cəlal dağa, dərəyə çıxır, qayalıqları keçir, neçə yerdən qaçır, atılıb-düşür və həmin vəziyyətdə dayanır, Gəray bəyin qarşısında. Başlayır monoloqunu deməyə. Bu kadr Qobustanda çəkilirdi. Cəlala dörd güllə dəyir və hər güllə dəyən səhnə ayrıca lentə alınırdı. Həmin kadr isə 3-4 dubl çəkilirdi. Axırıncı gülləni Gəray bəy vurur. Həmin gülləylə də Cəlal yerə yıxılaraq ölür. Mən yerə yıxılan vaxt çəkiliş qrupundan qəribə səs eşidildi. “Stop” deyildikdən sonra hamı mənim başıma yığışdı və asta-asta başımı qaldırdı. Demə, yıxıldığım yerdən azca kənarda sivri ağızlı daş varmış. Əgər bir az da kənara yıxılsaydım, daş gicgahıma bata bilərdi. Cəlalın ölüm səhnəsi az qala mənim ölümümə səbəb olacaqdı. Çəkilişdən əvvəl səhnə təmizlənmişdi. Ancaq o kiçik daş nəzərdən qaçmışdı. O çəkilişdən sonra bir həftə işə çıxmadım. Bu səhnələr heç vaxt yaddan çıxmaz”. Əvvəlki illərin filmləri məhz aktyorun danışdığı çətinliklər hesabına başa gəlib. -Nə olur olsun, əvvvəlki dövrə istər-istəməz istinad etmək məcbiriyyətindəyik... -Çünki bünövrə məhz əvvəlki dövrdən başlayıb. Hazılrda az qala bütün TV kanalları əvvəlki illərdə çəkilən filmləri verir, tələbat çox güclüdür. Bildiyiniz kimi mənim dost-tanış, tamaşaçı baxımından əhatə dairəm çox genişdir. Kiminlə görüşürəmsə, kiminlə ünsiyyətdə oluramsa hamısı bir ağızdan “yaxşı ki, əvvəlki illərdə çəkilən filmlərimiz var” deyirlər. -Yaxşı şəraitdə yaxşı filmlər çəkilə bilər. Bildiyim qədəriylə əvvəlki illərin filmlərinin çəkilişlərinin harda aparılmasından asılı olmayaraq geniş şərait yaradılırmış... -Təsəvvür edin ki, rayonlarda olan çəkilişlərdə raykom katibindən, prokurorundan, rəsindən tutmuş, bir sözlə, bütün vəzifə adamları bir araya gəlirdi, səfərbər olunurdular ki, çəkiliş üçün bütün şərait yaradılsın və yaradılırdı da. -Söhbət Azərbaycan kinosunun yaranması idi... -Doğrudur, söhbət Azərbaycan kinosu idi və başqa cür də ola bilməzdi, bu bizimdir, milli ruha köklənməliyik və köklənirdik. 70 filmin çəkilişi əsasən ölkəmizdə olub, qarış-qarış ana vətəni gəzib dolaşdıq, qonaqpərvərlik, səmimiyyət, dəstək gördük. Məhz bunun nəticədir ki, həmin filmlərimizdə səmimiyyət güclüdür.  Çəkiliş vaxtı hər dəfə biri bütün yaradıcı heyətə qonaqlıq verirdi, bu da bir dəstək idi, qəbul etməsək də, bizi razı salıb qonaqlığa aparırdılar və deyirdilər: “Siz bizim üçün belə gözəl filmlər çəkirsiniz, sizə nə qədər dəstək versək, yenə də azdır”. Yəni, belə günləri yaşadıq. -Hazırda sadəcə Azərbaycan kinosu deyil, ümumiyyətlə götürdükdə dünya kinosunda sanki əvvəlki səmimiyyət yoxdur. Sizcə bunun əsas səbəbi nədir? -Qeyd etdiyim kimi illər keçir, artıq dünyasını dəyişmiş sənətkarlar var, yeni nəsil kinoda öz sözünü deməyə başlayıb və onların hadisələrə, baş verənlərə olan yanaşma tərzi fərqlidir. Bildiyiniz kimi filmin təməli ssenaridən başlayır. Ola bilsin ki, hazırkı ssenarilər bir qədər zəifdir.  Artıq ssenaristlər də dəyişib, onların da dünya görüşü, həyata olan münasibəti dəyişib. Dünya kinosunu hər zaman izləyirəm, xüsusilə Rusiyanın istehsalı olan filmləri. Məsələn, Rusiyada hər şey aşıq-aşkardır, gizlədilən hər hansı bir problem yoxdur. Deputatından, prokurorundan, həkimindən tutmuş hər sahənin mütəxəssisinə qədər rüşvəti, rüşvətxorluğu  açıq şəkildə göstərirlər. Problemləri o qədər gözəl açıb göstərirlər ki, yəni, bu xalqda qorxu deyilən bir şey yoxdur. Onların həyat prinsipi: Bu həyatdır və həyatda da belə bir amillər baş verə bilər, belə olan halda niyə gizlədək ki?! Bu baxımdan onların filmləri yenə də baxımlıdır. Hətta əvvəllər daha çox sevilən filmlər vardı ki, artıq onların əksəriyyətinin ardını da çəkirlər, çünki tamaşaçı bunu istəyir, tamaşaçı tələbatı böyükdür. -Bu yaxınlarda “İşdə məhəbbət macərası”(Slujebnıy roman) filminin yeni quruluşda izlədim, doğrusu üstünlüyü əvvəlki quruluşa verdim. Sanki film səmimiyyətdən çox uzaq idi və ya əksinə, bəlkə əvvəlki dövrdəki səmimiyyət bu dövr üçün o qədər də maraq doğurmur... -Əvvlki əhval-ruhiyyə başqa bir şeydir. Hazirda çox şey qəbul olunmur, çünki yeni nəsil, elə öz nəvələrimi də deyirəm, kitabdan, mütalidən, kinodan çox uzaqdırlar. Gecəli-gündüzlü kompyüter qarşısındadırlar, kompyüter yeni nəsli əməlli-başlı bədbəxt edib. Əvvəllər kinoteatrlar fəaliyyət göztərirdi, Araz, Vətən, Dostluq, Oktyabr, Pioner və s. Hazırda “Nizami” kinoteatrı var vəssalam. Bizim ömrümüz-günümüz kinoteatrda keçirdi. Dərsdən qaçıb kinoteatra gedirdik. Hətta arada belə bir qadağa qoydular ki, dərslər bitməyincə, uşaqlara kinoteatra getməyə icazə verilməsin, hətta kinoteatrlar dərs saatları bitdikdən sonra fəaliyyət göstərməyə başlamışdı. V.İ.Lenin belə kinonu ən gözəl təbliğat vasitəsi hesab etmişdi: “Bütün incəsənət növlərinin ən vacibi kinodur” deyib. Yəni, biz kino vasitəsilə öz adət-ənənəmizi, ekran vasitəsilə öz istəyimizi, arzumuzu, geyimlərimizi, yeməklərimizi, bir sözlə, bütün həyat tərzimizi göstərə bilərik, təbliğ edə bilərik. Bu həm ucuzdur, həm də tez bir vaxtda həyata keçirilə bilər. Doğrudan da belə oldu. Təsəvvür edin ki, “Yeddi oğul istərəm” filmi dünyanın 98 ölkəsinə yayıldı, dünya tamaşaçısının diqqətində dayandı, mükafatlar qazandı, eləcə də digər filmlərimiz. Bu baxımdan kino güclü təbliğat vasitəsi olaraq qalır və kino üçün geniş imkanlar yaratmaq lazımdır.  

Fevral 10, 2017 15:32

Azərbaycan muğamı yüksək səviyyədə təbliğ olunur

Azərbaycan musiqisinin ən çətin janrı olan xalq mahnıları və muğamlar yarandığı gündən ustad ufaçıların sənətkarlıq gücüylə daha da inkişaf etdirirək bu günlərə gəlib çıxıb. Doğrudur, zamanla muğama, xalq mahnılarına yenilik gətirənlər olub, ancaq nə olur olsun, hər yenilik belə kökə söykənib. Müsahibim xalq artisti Gülyaz Məmmədova Opera və Balet teatrının səhnəsində əksər muğam operalarında aparıcı partiyaları – "Leyli və Məcnun"da Leyli, "Gəlin qayası"da Gülbahar, "Aşıq Qərib"də Şahsənəm, “Arşın mal alan” da Telli, “Koroğlu”da xanəndə qız, “Vaqif”də xanəndə və s. ifa edib. Azərbaycan muğam sənətini dünyanın bir çox ölkələrində daima yüksək səviyyədə təmsil edən xanəndə eyni zamanda pedaqoji fəaliyyətlə də məşğuldur. TANITIM: Gülyaz Məmmədova 1977-1987-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə oxuyub. 1988-1992-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Musiqi Kollecində (keçmiş A.Zeynallı adına Musiqi texnikumu) təhsil alıb. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində «solo oxuma» xanəndəlik fakültəsində təhsil alıb. 1991-ci ildən R.Behbudov adına Mahnı teatrının solistidir.1993-cü il Avstriya Dünya festivalında Vyan-Trats şəhərlərində,2000-ci ildə Almaniyanın Honnover şəhərində EKSPO – 2000 sərgisində, 2000-ci ildə Türkiyədə «Boğaziçi» festivalında İstanbul və Ankara şəhərlərində, 2001-2002-ci illərdə «Bakı – Tiflis – Ceyhan» neft kəmərinin təbliğ qrupunun konsert proqramında, 2002-ci ildə Fransanın Strassburq şəhərində Azərbaycanın Avropa Şurasına daxil olmasının 1 illiyi münasibətilə təşkil olunmuş konsert proqramında, 2002-ci ildə Avstriyanın Vyana şəhərində, Moskvada, Ukraynanın Kiyev şəhərində, 2002-2003-cü illərdə Moskvada «Azərbaycan Mədəniyyəti günləri»ndə, 2002-ci ildə Ukraynada, 2002-ci ildə MDB dövlətlərarası festivalda, 2003-cü ildə Moskva və Minsk şəhərlərində, 2003-cü ildə Almaniyanın Mayns şəhərində «Azərbaycan Mədəniyyəti günləri»ndə, 2004-cü ildə Yekaterinburqda Novruz Bayramı ilə əlaqədar keçirilən tədbirlərdə, 2005-ci ildə Moldovanın Kişinyov şəhərində, 2005-ci ildə Avstriyanın Vyana şəhərində «Azərbaycan Mədəniyyəti günləri»ndə, 2006 – Naxçıvanda «Dövlət müstəqilliyi günü» ilə əlaqədar qastrol səfərlərində olub. 1998-ci ildə Əməkdar artist, 2014-də Xalq artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildən Prezident Mükafatçısıdır. -1991-ci ildən Mahnı Teatrında, 1992-ci ildən Opera və balet teatrında çalışırsınız. Demək olar ki, 25 illik fəaliyyətiniz var. Hər iki teatrda olan fəlaiyyətinizi necə xarakterizə edərdiniz? -Bir birindən fərqlənən, fərqli janrlarda olan teatrlardır. Bildiyinizi kimi Opera səhnəsində demək olar ki, bütün rollarda oynamışam. Mahnı teatrında isə dünya ölkələrinə, bölgələrə səfərlər etmiş, Azərbaycan musiqisinin təbliğatıyla məşğul olmuşuq. İnandırım ki, elə gözəl, maraqlı, rəngarəng həyat tərzimiz olub ki, zamanın, vaxtın necə keçdiyini belə hiss etməmişik. Doğrudur, mən Mahnı teatrına gələndə, teatrın yaradıcısı Rəşid Behbudov dünyasını dəyişmişdir, ancaq onun yaratdığı bütün qayda-qanunlar davam edirdi. Və mən də bu teatrda geniş meydan qazandım ki, buna görə də ustadım Kamil Vəzirova minnətdarlığımı bildirirəm. Qeyd edim ki, hər iki teatrda olan fəaliyyətim, eyni zamanda pedaqoji fəaliyyətim bir-birinə mane olmayıb, əksinə müəyyən mənada kömək olub. Məsələn, həftə ərzində artıq işlərimi elə qururdum ki, hər gün bir işə köklənirdim. Tutaq ki, bu gün Opera səhnəsində bir qəhrəmanın həyatını oynamalı, onun daxili dünyasındakı tələtümü səs diapozonu vasitəsilə tamaşaçıya çatdırmalıyam. Səhəri gün onlarla tələbə qarşısısnda müəllim kimi bildiklərimi anlatmalı, onların suallarını cavablandırmalıyam.Yeri gəlmişkən 1996-cı ildən Asəf Zeynallı adına musiqi kollecində dərs deyirəm. 2006-cı ildən isə Bakı Humanitar Kollecində dərs deyirəm. Eyni vaxtda televiziya proqramlarında iştirak etmək, qastrollara getmək və s. hamısı gərgin iş sistemi deməkdir. Ancaq insan məsləyini sevirsə, özünü işində tapırsa o zaman heç bir çətinlikdən qorxmur. -Siz nəslin sənətə gəlişi ölkəmizdəki siyasi durumun ən qarışıq məqamına təsadüf edir. Ancaq çətinliklərə baxmayaraq sizlər yaşlı nəsildən estafeti təhvil almağı bacardınız. Artıq sizlər estafeti yeni gələn nəslə vermək üçün gərgin fəaliyyət nümayiş etdirirsiniz... -Doğrudan da sənətə gəldiyim günlərə nəzər salarkən necə çətin bir dövr olduğunu xatırlamamaq mümkün deyil. Ancaq yaxşı ki, siz dediyiniz kimi ustadların əksəriyyətini görə bildik, onlardan estafeti təhvil ala bildik. Şəxsən mən ümumiyyətlə incəsənət aləmində olanlardan Tofiq Quliyevi, Vasif Agıgözəlovu, Şəfiqə Axundovanı, Emin Sabitoğlunu, Ramiz Mustafayevi, Sara Qədimovanı, Tükəzban İsmayılovanı, Şövkət Ələkbərovanı, Nəsibə Zeynalovanı, Mirzə Babayevi, Eldəniz Zeynalovu, Yaşar Nuriyevi və b. gördüm. Onların sənətini izləyə-izlıəyə öyrəndim. Onların biz nəslə münasibəti o qədər yüksək səviyyədə idi ki, bunu sözlə ifadə etməkdə çətinlik çəkirəm. -Yeri gəlmişkən, tamaşaçı sizin ifaçılığınızı yüksək qiymətləndirir. Ancaq zirvə fəth etmək nə qədər çətindirsə, fəth etdiyin zirvədə qalmaq ondan da çətindir... -Bilirsinizmi ifaçılıqda istedadla yanaşı, zəhmət mütləq olmalıdır ki, nəticədə də istədiyin zirvəyə ucala biləsən. Əgər sadaladığım keyfiyyətlərdən biri olmazsa o zaman zirvədən söhbət gedə bilməz. Ümumiyyətlə çətinlik olmadan heç bir uğur qazanmaq olmaz, doğrudur bu sənətin çətinlikləri çoxdur, ancaq bizim hər birimiz o yolları keçərək bu günə gəlib çıxmışıq. Nə qədər çətinliyimiz olsa belə bütün fikrimiz sadəcə sənəti dərindən öyrənməyə yönəlib. Sənətin səviyyəsi bizim üçün hər şeydən üstün olub. -Azərbaycan muğamı dünyanın hər yerində yüksək səviyyədə təbliğ olunur. Şəxsən siz nəsil muğam ifaçılığının təbliğində böyük rol oynayırsınız... -Muğamı təqdim etmək o qədər böyük məsuliyyətdir ki, eyni zamanda qürur hissidir ki, bunu sadəcə sözlə ifadə etmək çox çətindir. Muğamı elə muğam ifasıyla izah etmək olar ki, necə bir möcüzədir. Muğamın sirlərini Nəriman Əliyevdən öyrənmişəm. Onu da qeyd edim ki, Nəriman Əliyev də muğamın sirlərini Seyid Şuşinskidən öyrənib və onun xeyir-duası ilə də pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb. Hazırda fəaliyyət göstərən muğam ifaçılarının əksəriyyəti Nəriman Əliyevin tələbələri olub. Nəriman Əliyev Seyid Şuşinskidən öyrəndiklərini, onun biliyini, onun qurduğu proqramı biz tələbələrinə necə öyrədibsə, bizlər də öyrəndiklərimizi olduğu kimi öz tələbələrimizə öyrədirik. -Dünya ölkələrində keçirilən onlarla musiqi festivallarında iştirak etmisiniz. Bu festivallarda diqqətinizi ən çox çəkən məqam hansılar olub? -Öncəliklə qeyd etmək istərdim ki, dünya ölkəsindəki hər bir səfərimizdə səhnəyə milli geyimlərdə çıxmışıq ki, bu çox önəmli bir məqamdır. Çünki milli geyimdə mənsub olduğumuz xalqın adət-ənənəsini nümayiş etdirirdik. Konsert proqramlarını Azərbaycan deyə başlayaraq Azərbaycan deyə bitirirdik. Bayrağımıız isə hər an göz önündə saxlayırdıq. Istənilən əcnəbi vətəndaş üçün yaratdığımız mənzərə-mənsub olduğumuz xalqın geyimi, muğamı, səsi və bayrağı- onlara hər şeyi anladırdı. Şəxsən bizlər də başqa xalqları ilk növbədə bayrağı, geyimi, musiqisi ilə tanıyırıq. Və ilk tanışlıq çox gözəl təəssürat yaradırdı. Son illərdə diaspor təşkilatların fəaliyyəti nəticəsində Azərbaycan musiqisinin təbliği üçün daha geniş meydan yaradılıb ki, bütün bunlar da bir daha sübut edir ki, ölkəmiz artıq tanınır, musiqimiz sevilir. Bu çox qürurverici bir  hissdir, duyğudur. Bildiyiniz kimi hələ SSRİ dövründə Rəşid Behbudov, Zeynəb Xanlarova bütün dünyada Azərbaycan musiqisinin təbliği yolunda böyük işlər görüblər. SSRİ qapalı bir cəmiyyət olsa da adlarını çəkdiyim ustadların sayəsində Azərbaycan musiqisi dünya ölkələrində geniş yayıldı. Hazırda isə artıq müstəqil ölkəyik və istənilən ölkəyə qorxaraq deyil, müstəqil ölkənin vətəndaşı olaraq gedirik ki, bu da bizə təbliğat üçün geniş meydan verir. -Muğam janrının yaranışı qədim olduğu qədər də, eyni zamanda musiqi janrı kimi dərin köklərə malikdir. Necə bilirsiniz xanəndə bu dərinliklərdə “itib-batmamaq” üçün nə etməlidir və ya muğamı necə qorumalıdır? -Muğamın yaranma tarixi hər zaman mübahisəlidir. Ancaq tarixi öyrəndikcə o zaman şahid oluruq ki, muğam elə millətin yaranışı ilə eyni vaxta təsadüf edir. Yəni insanlıq var olandan musiqi də var, muğam da var. Nizaminin əsərlərində dəstgahdan bəhs olunur. Bütün bunlardan da belə nəticəyə gəlmək olar ki, muğamın tarixi çox qədimdir. Hətta əvvəllər muğam çox dərin, uzun oxunub ki, az qala bütün şöbəsi oxunurmuş. Hazırda muğam qısa oxunur. Ümumiyyətlə isə xanəndəlik sənətinin inkişafı muğam musiqisi ilə sıx əlaqədardır. Bildiyiniz kimi muğam Azərbaycan xalq musiqisinin əsasını təşkil edir və Azərbaycan musiqisinin yeddi əsas muğamı var: “Rast”, “Şur”, “Segah”, “Şüştər”, “Çahargah”, “Bayatı- Şiraz”, “Hümayun”. Hətta muğamlar musiqi xarakterinə görə bir-birindən fərqlənir. Dahi Üzeyir Hacıbəyov “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi-nəzəri kitabında muğamları belə səciyyələndirir: “Rast”- dinləyicidə mərdlik və gümrahlıq hissi, “Şur” - şən, lirik əhval-ruhiyyə, “Segah”- məhəbbət hissi, “Şüştər”- dərin kədər, “Çahargah”- həyəcan və ehtiras hissi, “Bayatı-Şiraz”- qəmginlik, “Hümayun”- dərin kədər hissi oyadır. Və sizn də suaalınızda qeyd etdiyiniz kimi muğamın dərinlikləri məhz onun xarakteri ilə üst-üstə düşür. Bis nəsil muğamlarımızın qorunmasında, onun layiqli təbliğində rol oynadığımız kimi, onu gələcək nəslə olduğu kimi çatdırmaqda da böyük məsuliyyət hissi daşıyırıq. İnanıram ki, bu məsuliyyətin öhdəsindən gələcəyik.

Fevral 9, 2017 15:10

“Çox təəssüf ki, filmlərimizdə qadın obrazları hər zaman ikinci planda olur”…

“...Rəhmətlik atam çox zəhmli kişi idi. O, mənim aktrisa olmağımı istəmirdi.  Ailədə məni daha çox həkim kimi görmək istəyirdilər. Lakin içimdə olan istedadı gizlətmək mümkün deyildi. Atamı birtəhər yola gətirdik. Sənədlərimi Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verdim. Oranı bitirəndən sonra S.Rəhman adına Şəki Dövlət Teatrında 10 ilə yaxın aparıcı aktrisa kimi fəaliyyət göstərdim”... Bu fikirlər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissor və aktyor sənəti" kafedrasının professoru, tamaşaçılar tərəfindən yüksək mədəniyyəti, şəxsiyyəti ilə seçilən Gülşad Baxşıyevaya aiddir. Onunla çalışdığı sənət ocağında görüşdüm, nostalji hisslərlə keçmişə boylandıq və nəhayət bu müsahibəni ərsəyə gətirdik. -Sənətin sirrini Mehdi Məmmədov kimi bir ustaddan almaq özü böyük məsuliyyətdir. Bəlkə də bu məsuliyyət yükünün nəticəsidir ki, sənətdə olduğunuz bu illər ərzində sənətkar kimi daima özünüzə qarşı tələbkar olmusunuz... -Bizim dövrdə sənətkarlara  əlçatmaz bir qüvvə kimi baxılırdı...Mehdi Məmmədov, Adil İsgəndərov, Tofiq Kazımov, Rza Təhmasib və b. ustadlar hər mənada sənətin zirvəsi hesab  olunurdu, onlardan sənəti öyrənmək həqiqətən böyük məsuliyyət idi. Onlar möhtəşəm sənətkarlar  idi, çox əlçatmaz idilər. Hətta o qədər ülvi insanlardı ki, onlarla söhbət edərkən belə çəkinirdik, həddimizi bilirdik. Təsəvvür edin ki, Həsənağa Salayev, Barat Şəkinskaya, Hökümə Qurbanova, Leyla Bədirbəyli, Hamlet Xanızadə, Hamlet Qurbanov. Səməndər Rzayev və digərlərini görəndə, onlarla danışanda bizim nitqimiz quruyurdu. -Ustadlardan öyrəndiklərinizi sənətdə həyata keçirmək üçün hər zaman öz üzərinizdə çalışdınız. Sənətə gəldiyiniz ilk illərdə Şəki Teatrının yaranmasında göstərdiyiniz 10 illik fəaliyyət buna canlı misaldır...O illəri necə xatırlayırsınız? -O illərdə yeni teatrlar yaranırdı. Yaxşı yadımdadır ki, bizdən əvvəlki aktyor kursunu yenicə yaranmaqda olan Lənkəran Teatrına göndərmişdilər. Bizim kursumuz isə təyinatla Şəki teatrına göndərildik. Şəki Teatrında Hüseynağa Atakişiyev, İbrahim Əlizadə, Mirzə Ağayev və b. bərabər çalışdıq,  sonralar Cahangir Novruzov, Şukufə Yusifova da gəlmişdi, bizr sözlə, Şəki Teatrının bir teatr olaraq formalaşamasında rolumuz oldu. 10 il ərzində Şəki Teatrının səhnəsində bir-birindən fərqlənən 28 qadın obrazı oynadım. Doğrudur, asan tərəfdən baxdıqda bəlkə 10 il az görünə bilər, ancaq nəzərə alsaq ki, bu illər ərzində Şəki Teatrının özünəlayiq yer tutması üçün necə var qüvvəmizlə, enerjimizlə çalışdıq, sanki 20 illik zəhmət sərf etdik. Bunu mən demirəm, bu bizim fəaliyyətimizi izləyən insanların fikridir. Gecəmizi-gündüzə qatdıq, rahat yuxu nədir bilmədik, hətta övladlarımız məhz belə bir rejimdə dünyaya gəlirdi, onları teatrda böyüdüb boya-başa çatdırdıq və nəticədə Şəki Teatrı kimi bir teatrı ərsəyə gətirdik. Biz  doğrudan da fədailər idik, sənətə baxışız fərqli idi, təmənnasız idi. Yeganə istəyimiz sənətdə, səhnədə olmaq idi. Ancaq hazırda hər şey dəyişib... -SSRİ dövründə dünya ölkələrinin keçirdiyi festivallara qatılmaq o qədər də asan məsələ deyildi, ancaq siz bu şansı qazana bilmisiniz. O zaman SSRİ–də keçirilən ADR, Macar, Bolqar dram sənəti festivalların, ümumiyyətlə götürdükdə isə bütün festivalların iştirakçısı olmuşam. 1981-ci ildə Macar festivalında oynanılan Ş. Petefenin "Pələng və kaftar" tamaşasında Predslava roluna görə "Qadın rolunun ən yaxşı ifaçısı" diplomuna layiq görüldüm. 26 yaşımda belə bir rolda oynamağım Macarıstandan gələn nazirlik nümayəndələrini təəccübləndirmişdi. Əvvəlcə elə bilmişdilər ki, Predslava rolunu oynayan qadln yaşlı sənətkarlardandır, hətta “Nə yaxşı sizin belə möhtəşəm, qocaman sənətkarlarınız var” deyə ovrazı təriflədilər. Ancaq biləndə ki, mənim sadəcə 26 yaşım var və qrimlə yaşlı görünüşə salınmışam o zaman diqqətlə gözlərimə baxdı və qrim arxasından baxanga gənc  üzü sezdi. Demək istədiyim odur ki, fədai kimi çalışmağımızın nəticəsi olaraq daima diqqətdə dayanırdıq. -Şəki Teatrında sizləri SSRİ məkanında tanıdan tamaşaları hazırlayan Hüseynağa Atakişiyev kimi rejissorun varlığı da siz aktyorların şansı idi... -Bu danılmaz bir faktdır. Hüseynağa Atakişiyevin üslubu, rejissor yozumu daima Azərbaycan teatrında xüsusuilə diqqətdə dayandı. Aktyor oyununu qurmaqda, səhnə əsərinə fərqli üslubda yanaşmaqda tayı bərabəri yox idi, o bir fenomen idi, sənət aşiqi idi, onu sənətdən başqa heç bir şey maraqlandırmırdı. Bunun nəticəsidir ki, o, istər Şəki Teatrında, istərsə də sonradan yaratdığı Gənclər Teatrında hazırladığı səhnə əsərləri ilə Azərbaycan teatrının tarixinə yazıldı. -Fərqli qadın obrazlarında fərlqi ifa nümayiş etdirmisiniz. Teatr səhnəsində sizin oynadığınız C. Cabrarlının “Sevil” pyesində oynadığınız Sevil obrazı qadın azadlığını tərənnüm edirdisə, Vaqif Səmədoğlunun  “Bəxt üzüyü” əsəri əsasında Ramiz Əzizbəylinin  quruluş verdiyi eyniadlı filmdə Sara obrazı itirilən bəxtlərin axtarış carçısıdır və ya “Yalan” filmində şəhit anası obrazı hissiyyatı ilə analığın bütün müqəddəsəliyini ortaya qoyur... -Əslində bu obrazların hər biri bizim qadınlardı, bizim qadınların problemləridir. Çox təəssüf ki, Azərbaycan filmlərində qadın obrazları hər zaman ikinci planda olur. Təsəvvür edin ki, qadın obrazları üzərində çəkilən filmlərimiz yox dərəcəsindədir. Mənə həvalə olunan qadın obrazlarını oynadığım zaman çalışıram ki, obrazın yaşadığı problemləri qabarda bilim. Doğrudur hər bir qadının problemi var, xüsusilə Azərbaycan qadınının problemləri çoxdur. Fərqi yoxdur, imkanlı və ya imkiansız, sanki qadınlarımızın həyatında nəsə düz deyil. Nəyə görə bizdə qadına yuxarıdan aşağı baxılır.  Qadın onu etməlidir, qadın bunu etməlidir...Doğrudur qadının öz missiyası, kişinin də öz missiyası var. Ancaq yenə də sanki münasibət düz qurulmadığı üçün nəsə çatışmır. Çox az ailə var ki, hörmət, anlayış qarşılıqlıdır, ancaq əksər ailələrdə həyata baxış dəyişir. Bir həqiqət var ki, qonşu ölkələrdən, İran və Türkiyə qadınlarından fərqli olaraq Azərbaycan qadınları tamamilə seçilıir. Bizdə qadın anadır, fədakardır, müqəddəs bir varlıqdır, ancaq ona münasibət düz deyil. İstər ailədə, istər işdə, istərsə də cəmiyyətdə. Sara problemlər içində itib-batan bir qadındır. Ramiz Əzizbəyli film üzərində danışdığı zaman dedi ki, mən komediya çəkmirəm. Bu söz kifayət idi ki, biz aktyorlar filmin düşündürücü alınması üçün var qüvvəmizlə çalışaq.  Eləcə də rejissorun quruluş verdiyi digər filmdə-“Yalan”da oynadığım Nisə obrazı oğlunu cəbhəyə göndərmiş və hissiyyatı ilə onun müharibədə həlak olacağını düşünsə də hec cür qəbul etməyərək böyük bir acıyla yaşayan qadın taleyidir. -Nisə obrazında psixoloji məqamlar çoxdur... -Mən də anayam və ana olmanın necə çətin olduğunu bilirəm.  Əgər övladımın bir problemi varsa, mən gün ərzində öz işlərimlə məşğul olsam belə, ancaq ruhum özümdə olmur, bütün ağlım, beynim, ruhum sadəcə övladımın probleminin həlli yollarını axtarır ki, bir an öncə həll olunsun və mən də bir az rahat nəfəs alım.  Söhbət sadəcə uşaq dünyaya gətirən qadınlardan getmir, bu hələ işin başlanğıcıdır, söhbət anadan gedir, övladını dünyaya gətirdikdən sonra belə onun həyatını yaşayan, onu bir insan kimi, vətəndaş kimi yetişdirməyi bacaran qadından gedir. Şəxsən mən tələbələrimə də bi fikri hər zaman aşılayıram-Sənət öz yerində, ilk növbədə Azərbaycan  vətəndaşı, əsl insan yetişdirmək lazımdır-Əgər mənim insanlığım olmasa, o zaman hansı aktyor sənətindən danışa bilərəm ki?! İlk növbədə insan olmaq gərək. Oynadığım rollarda belə obrazın kimliyinə xüsusi diqqət yetirirəm. Ümumiyyətlə obrazla tanış olunca öncə onun kim olmasını bilmək vacibdir. -Obrazlarınız içində Eldar Quliyevin quruluş verdiyi Girov” filmində oynadığınız falçı obrazı da həcm etibarilə az olsa da maraqlıdır, yaddaqalandır... -Ümumiyyətlə götürdükdə mən obrazdan öncə ssenari ilə yaxından tanış oluram. Son zamanlar isə dəvət olduğum filmlərdə rejissorun kim olduğu ilə maraqlanıram. Fərlqi yozumu ilə tanınan rejissorların mənə həvalə etdiyi epizodik rolu də böyük həvəslə oynayıram, çünki ortada fərqli yozum var. Yeri gəlmişkən, bizdə aktyora qonorar az verilir. Digər ölkələrin aktyorları ilə müqayisədə bizim aktyorların aldığı qonorar heç nədir. Təsəvvür edin ki, qonşu ölkənin bir aktyoru dəvət olunur, ona yüksək qonorar verilir, bəs bu qiymət bizə niyə yoxdur. Hətta çox vaxt elə aktyorlar dəvət olunur ki, onlar bizizm aktyorların yanında sənətkar kimi çox cılız görünürlər. Biz öz qiymətimizi bilmirik, yoxsa özümüzə qiymət verə bilmirik, onu anlamaq mümkün deyil. -Bu münasibət sadəcə sənət aləmində deyil, hər sahədə var. Hiss olunur ki, təqdimat yanlışdır... -Doğrudur təqdimat yanlışdır və təqdim edən millətimizi sevməyənlərdir. Sonra da milləti qınayırlar...Bu milləti mənfi keyfiyyətlərə sürükləyən elə belələridir. Falçı obrazına gəlincə, Eldar Quliyev kimi bir rejissorlar işləmək  çox maraqlıdır. Eyni zamanda Vaqif Mustafayev də fərqli quruluşları ilə fərqlənir. Qeyd edim ki, falçılar da müxtəlifdir-görücü, baxıcı və kartla baxan. Mənim oynadığm falçı hər şeyi suda baxıb görür. Bu falçının bütün ailəsi avtomobil qəzasında həlak olub. O özünü bağışlaya bilmir ki, necə olub bu faciəni görə bilməyib. Belə bir obrazdır. Daima digər ölkələrin də filmlərinə baxıram və heyran oluram. O mənada ki, bizdə aktyoru sanki çərçivədə sıxıb saxlayırlar, azadlıq vermirlər. Bilmirəm bu apparaturadan irəli gəlir, bimirəm bəlkə sadəcə belə istəyirlər, axı aktyor azad olmalıdır. Elə bil dar bir məngənədə saxlayaraq –belə dur, belə et, belə oyna- deyə sıxışdırırlar. -Oynadığınız obrazlarda sizdən və sizdən obrazlarınızda nəsə var? -Mən obrazları özəlləşdirə bilmərəm. Buna heç aktrisa kimi ixtiyarım yoxdur. Mən sadəcə başqalaşmalıyam, əgər bu məndə alınılrsa deməli mən peşəkaram. Oynadığım rollar mənə təcrübə verir. Çox vaxt deyirlər ki, “Bəxt üzüyü”ndə Saranı elə oynamısan ki, sanki öz həyatını yaşamısan. Bu fikirlə qətiyyən razı deyiləm, çünki mən Sara deyiləm, sadəcə onun həyatını oynayıram. Sara mütidir, Sara o qədər acizdir ki, hətta qarğış belə edə bilmir, sadəcə deyir ki, “Seda səni görüm”... və bununla da söz tıxanıb boğazında qalır, çünki bacarmır. Saradan fərqli olaraq Gülşad Baxşıyeva azadlığı sevən, sözünü deməyi bacaran, haqqını müdafiə edən biridir. Bu baxımdan deyirəm ki, bir aktrisa kimi oynadığım obrazlardan sadəcə təcrübə qazana bilərəm. -Uzun illərdir pedaqoji fəaliyyətlə məşğul olursunuz, tələbələriniz fəxri adlarla belə təltif olunub...Həm aktyorluqla məşğul olmaq, eyni zamanda poedaqoji fəaliyyətlə məşğul olmaq...öhdəsindən necə gəlirsiniz? ADMİU-də 1985-ci ildən "Səhnə danışığı" kafedrasında, 1994-cü ildən isə "Rejissor və aktyor sənəti" kafedrasında çalışıram. Çətin tərbiyə olunan tələbələri yetişdirməklə tanınıram, onlara bu sənəti öyrətməklə yanaşı, sevdirməyə çalışıram. Tələbə psixologiyasını  yaxşı bilirəm. Ümumiyyətlə hər şeyə sevgiylə, vicdanla yanaşmaq lazımdır, belə olanda o zaman hər şeyin öhdəsindən gələcəksən. Hazırda teatrlarda, tv-lərdə, filmlərdə gördüyünüz aktyorların əksəriyyəti mənim tələbəm olub, fəxri adlar alıblar. Onların bu yerə gəlməsində əgər azacıq da olsa əməyim varsa deməli mən bu sənətdə istədiyimə nail olmuşam...

Fevral 6, 2017 14:51

Elxan Cəfərov: “Qarabağ uğrunda ölümə gedən yüzlərlə, minlərlə oğullarımız olub”

Qarabağ hadisələri başladığı gündən mövzu olaraq kinomuzun diqqətində dayandı. Hətta Azərbaycan kinosu ən durğun illərində belə Qarabağ mövzusunda filmlər çəkdi. Zənnimcə “Fəryad”(1993-cü il) filmi buna canlı misal ola bilər. Əslində baş verən hadisələr tam olaraq müəyyənləşmədiyi üçün bu mövzu aktual olaraq qalır, ancaq illər keçəcək, torpaqlarımız işğaldan azad olunacaq və kinomuzda əsl müharibə məhz o zaman başlayacaq. Ancaq hələ ki, yeni-yeni əsərlər yazılır və bu əsərlərin əksəriyyəti kinoda öz həllini tapır.2012-ci “Azərbaycanfilm” kinostudiyası “Dolu” filmini istehsal etdi. Film sözün həqiqi mənasında geniş müzakirə obyektinə çevrildi və hələ də bu müzakirə davam edir. Biz də öz növbəmizdə filmə baxdıq, mətbuata nəzər salaraq iradlara diqqət etdik, tənqidləri oxuduq və nəhayət belə bir qərara gəldik ki, iradlar, tənqidlər əsasında bir yazı hazırlayaq. Beləliklə müsahibimiz filmin rejissoru Elxan Cəfərovdur. -Bir var hadisələrin gedişatını izləyərək onun əsasında film çəkmək, bir də var ki, hadisələr  öz həllini tapdıqdan sonra film vasitəsilə fikir söyləmək. “Dolu”nun yaranması Qarabağ hadisələrinin davam etdiyi bir məqama təsadüf edir. Belə bir mövzuya müraciət etməyiniz təsadüfdür, yoxsa? - Bildiyiniz kimi Aqil Abbasın “Dolu” romanının motivləri əsasında çəkilən filmin ssenari müəllifi də elə müəllif özüdür. Aqil Abbası tanıyanlar çox gözəl bilirlər ki, o çox patriot bir adamdır. Vətənini, xalqını sevən, Qarabağ uğrunda hamını daima mübarizəyə səsləyən biridir. Sözümün canı odur ki, cəmiyyət uşaq kimi orqanizmdir, əgər ona tərbiyə verəcəksənsə o zaman tərbiyəli bir istiqamətə yönələcək, əgər tərbiyə görməyəcəksə o zaman məlumdur ki, necə olacaq. Bu baxımdan Aqil Abbasa minnətdaram ki, cəmiyyəti yaxşı mənada ardınca  aparmağı  bacaran belə bir roman yazıb. İnandırım sizi ki, romanı ilk dəfə oxuyunca gözlərim yaşarmışdı. Həmin ərəfədə mən film çəkilişləri üçün mövzu axtarışında idim və “Dolu” nun çəkilişi mənə tapşırılanda həm sevindim, eyni zamanda bir qədər qorxdum. Baxmararq ki, bu filmdən əvvər Qarabağa həsr olunan “Qarabağdır Azərbaycan” qısametrajlı filmini çəkmişdim, ancaq bu romanla Qarabağ hadisələrinə geniş baxmaq imkanları var idi. Bundan başqa əsər poetik şer üzərində qurulduğu üçün bir qədər ehtiyat edirdim. Deyirdim birdən əsərdə elə bir həqiqətlər, yazılış üslubları olar ki, onu tam olaraq aça bilmərəm. Bildiyiniz kimi ssenari müəllifi ilə rejissor arasında daima anlaşımaz məqamlar olur. - Bu da təbii haldır, çünki yazı başqa, görüntü tam başqadır... - Yazı və görüntü bir birindən tamamilə fərqlənir. Buna baxmayaraq Aqil Abbasla çəkiliş prosesində bir birimizi anladıq, mübahisəmiz sadəcə bədii mübahisə oldu.  Romanı oxuduqdan sonra, roman əsasında yazılan ssenari ilə tam olaraq tanış olduqdan sonra rejissor kimi başa düşdüm ki, burda sadəcə fikir, sadəcə hansısa ideoloji düşüncə haqqında düşünməklə deyil, eyni zamanda görüntü milli psixoloji kodlar yerləşdirmək də vacibdir. Ancaq bunu etmək mümkün olacaqmı, məni düşündürən əsas sual bu idi. - Milli psixoloji kodlar dedikdə əslində sözaltı mənalar da nəzərdə tutulur, ancaq siz bunu bir qədər də açsanız... - Milli kodlar nədir? Qəhrəman oğul-dastanlardan gəlmiş, Koroğlu, Dədə Qorqud və b. dastan qəhrəmanları, onların hər biri artıq keçmişdə qalıb. Günümüzdə onlar yoxdur, bugünün milli qəhrəmanları dedikdə, çox parlaq simaları nəzərdə tuturuq. Müasir dövrdə qəhrəman tapmaq bir qədər çətin olur, o mənada ki, qəhrəmanı mifikləşdirmək çətin olur. Bu artıq artıq kod deməkdir. Əlbəttə ki, real qəhrəmanlarımız çoxdur, Qarabağ uğrunda ölümə gedən, şəhid olan yüzlərlə, minlərlə dəyanətli oğullarımız olub. Ancaq onları ümumiləşdirən qəhrəman obrazı artıq mifik qəhrəmandır. Məsələn, filmdəki Drakon mifik qəhrəmanlardan biridir. Pələng mifik Azərbaycan insansevərliyi, qonaqpərvərliyi, müharibəyə qarşı olan daxili inkarı deməkdir. Filmdəki komandir obrazı isə ümumiyyətlə quruculuq işləriylə bütövləşdirən bir obrazdır. Ümumiyyətlə filmdəki bütün qəhrəmanlar mifikdir. Hətta epizodların birində qadının silaha sarılaraq düşmənə güllə atması belə onun da canında mifiklik olmasından xəbər verir.  Söhbət ondan gedir ki, belə hadisələr olub və olacaq. Ancaq onu vizuallaşdırmaq, onu cəmiyyətə təqdim etmək, bu  artıq milli psixoloji kodlardan biridir və s. və i.  Demək istədiyim odur ki, Qarabağ mövzusu üzərində qurulan filmin çəkilişinə böyük ürəklə yanaşdıq. Mən bir qədər mistikaya inanan adamam və çəkiliş vaxtı o qanlı günlərdə dünyasını dəyişənlərin ruhunu başımın üzərində hiss edirdim, sanki mənə güc verirdilər. - Film haqında geniş fikirlər yazılıb, filmə irad tutanlar, filmi tənqid edənlər və s. çoxluq təşkil edir. İradları, tənqidləri gördükdən sonra filmə daha diqqətlə baxdım. Əslində sizin pərakəndə halda təqdim etdiyiniz filmdə müraciət olunan dövrün qarışıqlığı açıq-aşkar şəkildə hiss olunur... - Təsəvvür edin ki, saat yarım ərzində bütün ssenarini filmdə əhatə edərək onu olduğu kimi tamaşaçıya çatdırmalısan. Ancaq romanı saat yarıma oxumaq mümkün deyil. Hər bir bədii əsərin hadisə cərəyanından əlavə mütləq olaraq onun psixoloji, sosioloji qatı olur. Bir haşiyə çıxmaq istərdim. Bir vaxtlar Balzakı çox oxuyurdum. Onun bütün əsərlərində hadisə cərəyan edir və birdən hadisə dayanır və təxminən 4 səhifə baş vermiş hadisə analiz olunur. Bu baxımdan Balzakın əsərləri həmişə məni yorurdu. Ancaq illər keçdikdən sonra anladım ki, baş verən hadisədən daha çox onun psixoloji məqamları, onu doğuran səbəblər böyük önəm daşıyır ki, yazıçı ilə də məhz o anda tanış olursan, onun bədii təxəyyülünə məhz o an bələd olursan. Bu baxımdan düşünürəm ki, kino ümumiyyətlə götürdükdə mürəkkəb sənət növü hesab oluna bilər. Kinoda bütün yazılmış qeyri hadisədən kənar özəllikləri istər-istəməz o hadisənin içində yerləştirməliyik. Aktyorun oyununda, məkanın seçilməsində elə kod informasiyalar var ki, məsələn, uzaq fonda iki əsgərin mübahisəsini tamaşaçı görməyə bilər, ancaq şüuraaltına təsir edəcək, öndəki iki aktyorun isə söhbətini diqqətdə saxlayacaq. Bu nöqteyi nəzərdən kino konkret hadisə deməkdir. Real hadisə çox da mürəkkəb olmamalıdır, kinoda qarışıqlıq olmamalıdır, baş verən hadisənin davamlı surətdə əvvəli, axırı və ortası olmalıdır. Bir sözlə, kino ardıcıllığı sevir. Bu baxımdan qeyd edim ki, filmi çəkərkən ssenariyə bəzi səhnələr əlavə olundu. Ümumiyyətlə isə Aqil Abbas digər romanlarında olan bəzi personajlardan, bəzi məqamlardan “Dolu”nun ssenarisində istifadə etdi. Təbii ki, məqsəd xalqımızın dəyanətini göstərmək idi, bugünkü gəncliyimizə vətən sevgisini aşılamaq idi. - Filmdə yarımçıq təsiri bağışlayan epizodlar var-məsələn, jurnalistin cəbhə xəttinə gəlişi maraqlıdır, ancaq sonrakı prosesdə artıq görünmür, şəhid anasının görünüşü də filmdə bir qədər zəifdir...Şəxsən mən bu fikirləri irad tutanlara belə cavab verərdim-filmdəki qarışıqlıq əslində geniş bir mövzudur. Məsələn, filmin hər epizodu yeni bir mövzu üçün açılır...Ancaq  sizin fikirləriniz daha maraqlı olardı... - Film nə realizmdir, nə də neorealizm, “Dolu” plakat janrında çəkilib. Qeyd etdiyim kimi filmddəki bütün personajlar mifikdir. Təbii ki, reallıqda heç bir raykom katibi Qarabağ hadisələrində camaata kömək edə bilmədiyi üçün çarəsizlikdən güllləni başını dirəyərək özünü öldürməyib, bunu biz bilirik.  Ancaq biz bunu belə görmək istəyərdik. Allah göstərməsin, bir daha  vətənimizə, təcavüz olarsa məhz belə oğullar lazımdır. “Dolu” psixoloji film olmadığına görə biz hər bir personajın psixoloji tarixçəsini açmadıq. İstər jurnalistin gəlişi, komandirlə olan söhbət, istər şəhid anasının görüntüsü və səssiz-sədasız filmdən çıxması və s. kimi məqamlar əslində çox fikri ifadə edir. Biz sadəcə plakat göstərdik, qarışıqlığı isə sadəcə məqsədli şəkildə etdik. - Filmdə sadəcə əsgərlərdən birinin namaz qılması göstərilir və başqa bir səhnədə “Allahu Əkbər” deyən əsgərin özünü tankın altına ataraq partlatması bir qədər tənqid hədəfi olub... - Hazırda islam dünyasına olan böyük bir təcavüzün şahidiyik. Biz də islam dövlətiyik və bugünkü durumda, islama olan qarayaxmanın içində “Allahu Əkbər” deyib tankın altına atılan və özünü partladan terrorçular da var. Ancaq vətən naminə tankın altına atılanlan da var, islam məhz budur, şəhidlik budur. Filmdəki islam xətti də məhz yaradıcı proseslərdə yarandı. - Aktyor heyətiniz oduqca maraqqlıdır-Fuad Poladov, Fərhad İsrafilov, Məmməd Səfa, Gülzar Qurbanova, Şamil Süleymanov kimi  güclü aktyorlarla yanaşı, eyni zamanda ilk addımlarını atan aktyorları filmdə gördük... - Aktyor rejissor münasibəti ilkin növbədədir. Aktyor seçimində onların peşəkar xüsusiyyətlərindən öncə insani keyfiyyətlərinə görə seçirəm və əlbəttə ki, bildiyim, tanıdığım, yaradıcılığına bələd olduğum aktyorların seçiminə böyük önəm verirəm. Bu baxımdam şəhid anası roluna Gülzar Qurbanovanı, raykom katibi roluna Fuad Poladovu, komandir roluna Məmməd Səfanı və b. uyğun rollara seçdiyim zaman yanılmayacağımı bilirdim. - Filmdə erməni qızının əsir alınması səhnəsində komandirin səsləndirdiyi fikir çox məna ifadə edir. Bəlkə də çoxları erməni əsirin cəzalandırılmasını göstərilən məqama üstünlük verə bilər, ancaq bir kəlmə-“mən arvad davası etmirəm, mən torpaq davası edirəm” fikri məsələni kökündən həll edir. - Əlbəttə ki, filmin qayəsini tam anlamayanlar fərqli fikirlər söyləyə bilər. Ancaq bu nə ideoloji, nə də tərbiyəvi mövzu deyil. - Filmdə Drakon, Pələng kimi ümumiləşdirilmiş obrazlar var ki, onları ifa edən aktyorların ifası çox maraqlı alınıb. Xüsusilə Drakon obrazı... -Belə bir söz var ki, padşahı padşah edən onun əshabələridir. Yəni, hər şey nisbidir. Əgər təmiz, saf niyyətli, sadə fikirli Pələng olmasaydı, o zaman Drakon obrazı o qədər güclü alına bilməzdi. -Əslində təmkinli görünən Pələnglərin yanında kəmhövsələ, sərt Drakonların olması da filmə bir rəng qatır. -Pələng saf olduğu qədər də, vuran ələ sahib, düşünən beynə sahib biridir. Hər iki qəhrəman bizimdir. Və hər iki qəhrəman tamaşaçını düşündürür, onu ardınca  aparmağı bacarır. Mən əlbəttə ki, istəməzdim xalqımız hamısı Drakon olsun, çünki bizim Pələng kimi təmkinli qəhrəmanlara ehtiyacımız daha çoxdur. - Hər rejissorun mövzuya yanaşması fərqli olur...maraqlıdır siz filmi çəkmədən öncə müharibəni əks etdirən filmlərə baxdınızmı? - Mütləq baxırdım, ancaq baxmaq o demək deyil ki, oxşar səhnələrdən istifadə edim, əksinə rejissorun yanaşması necədir və mən necə etməliyəm ki, tamam fərqli olsun-məqsəd bu idi...Dünya kinosunu izləyirəm, rejissor işinə hər zaman diqqət edirəm, filmlərə bütün xırdalıqlarına qədər diqqət edirəm, sətiraltı mənalar baxıram və s. Bilirsinizmi bu mütləq vacibdir. - Filmdəki partlayış səhnələri çox canlı alınıb. Hiss olunur ki, dövlət dəstəyi ilə çəkilən “Dolu” filminə hərtərəfli dəstəklər olub... - İstər filmin çəkilişləri gedən məkanlarda (Ağdamda, İsmayıllıda, Sumqayıtda, Bakıda, Şəmkirdə, Ağcabədidə) istər film üçün lazım olan döyüş sursatlarının yardımı hamısı təmənnasız olaraq bizlərə verildi. Daxili qoşunların 300 əsgəri filmin çəkilişində iştirak etdi. Bir sözlə, müraciət etdiyimiz mövzuya heç kim biganə qalmadı, hamı bizə dəstək verdi... Son söz əvəzi: Dövlət dəstəyi ilə çəkilən filmə təmənnasız olaraq yardım edənlər çox olub. Hətta filmin musiqisini yazan sevimli bəstəkarımız Polad Bülbüloğlu qonorarını filmə bağışlayıb.“Dolu” romanı yazıldığı gündən ədəbi hadisəyə çevrildi. Roman haqqında hədsiz sayda tənqidlər, təriflər, təhlillər oldu, hətta roman film şəklində çəkildikdən sonra da onun üzərində aparılan fikir mübadiləsi davam edir, hələ davam edəcək də...”Dolu” həm sevinc, həm də təbii fəlakət anlamını daşıyır. Dolu həm dağıdır, eyni zamanda geniş sahələr üçün münbit şərait yaradır. Bu baxımdan müharibə təbii fəlakətdir və bu təbii fəlakətin öhdəsindən gəlmək, mübarizə aparmaq insanın borcudur...  

Yanvar 27, 2017 15:38

Almaz Ələsgərova: “Sənət təbiiliyi sevir”

Hələ tələbəlik illərində Musiqli Komediya Teatrında iki il çalışan  “Nəğməli Könül” (Könül) “Bildirçinin bəyliyi” (Balaxanım) və b. tamaşalarda müxtəlif səpgili rollar oynayan, sonralar müğənnilik fəaliyyəti ilə könülləri fəth edən, illər keçməsinə baxmayaraq gənclik həvəsilə səhnə fəaliyyətini davam etdirən Almaz Ələsgərovanı doğma teatrda-Musiqili Teatrda görmək təəccüblü olduğu qədər də maraqlı idi.xeber100.com əməkdaşı müğənni-aktrisa ilə məşq prosesində görüşüb, söhbət edib. -Xanımın yaşını soruşmazlar...Yarım əsrlik ömrü başa vurdunuz, bu illər sizə nə qazandırdı? -Yaşı gizlətmənin mənası yoxdur. Çünki insan xarici görünüşü ilə, ürəyilə, gördüyü işlərlə yaşını biruzə verir. Bilirsinizmi, gənclik illəri təravət, parlaqlıq nə qədər göz qamaşdırsa da, təcrübəsizlik, səriştəsizlik o dəqiqə özünü biruzə verir. Ancaq zaman keçdikcə, təcrübə qazanılır, məsuliyyət hissi artır, gördüyün, sevdiyin işin daha da dərinliklərinə meyl edirsən ki, bu da yaşın bir qədər irəlilədiyini üzə çıxarır. Yarım əsrlik ömrüm mənə yaşadığım həyatda ayaqlarım üstündə durmağı öyrətdi, sənətin sirlərinə hakim oldum, iki qız böyütdüm, geniş tamaşaçı kütləsinin sevgisini qazandım və s. Qazandıqlarımı saymaqla bitməz, ancaq nə olur olsun önəmli olan odur ki, 30 ildən artıqdır ki, bu sənətdəyəm və illər keçdikcə də sənət eşqim daha da güclənir. -Yəqin bu səbəbdən “bünövrə önəmlidir” deyənlər heç də yanılmırlar?! -Doğrudan da bünövrənin qoyulması və düzgün qoyulması əsas şərtdir. Bəlkə də sənətdə belə uğurlu olmağımın səbəbi elə ustadların mənim üçün qoyduğu, məni alışdırdığı və nə qədər çətinliklər olsa da, bir an olsun durmadan addımladığım bu yoldur. Mənə elə gəlir ki, hər sənət adamının öz dəct-xətti olduğu kimi öz ifa üslubu da olmalıdır. Sənət təbiiliyi sevir. Bir anlıq diqqət yetirək əvvəlki dövrün sənətkarlarına, onların ifa tərzinə, o zaman baxın görün gözlərimiz qarşısında necə bir mənzərə yaranır. Bir çiçək baxçası və müxtəılif ətirli güllər. Mən ustad sənətkarları məhz belə ətirli güllərlə müqayisə edərdim. Sənəti, sənətkarlığı, ifaçılığı onlardan öyrəndik. -“Musiqili komediya aktyoru” fakültəsində təhsil alsanız da özünüzü uzun illər musiqiyə həsr etdiniz. Belə bir seçimin səbəbi nə idi? -Əslində elə də ciddi bir səbəb olmayıb. Bir qədər əvvələ qayıdaq, yaxın keçmişə...Hələ orta məktəbdə təhsil aldığım illərdə musiqiyə marağım yaranmışdı. Bu səbəbdə orta məktəb illərindən səs imkanlarım üzə çıxdı, dərnəklərdə iştirak edirdim, musiqili əyləncəli proqramlara qatılırdım.1985-1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili komediya aktyoru” fakültəsində təhsil aldım. Tələbəliyin ilk illərində şansım özünü biruzə verdi. Belə ki, dövrün tanınmış simaları gülüş ustası  Hacıbaba Bağırovun, yazıçı xanımlarımızdan olan güclü qələm sahibi Xalidə Hasilovanın və bəstələri ilə Azərbaycan musiqi sənətində böyük iz qoyan Emin Sabitoğlunun instituta gəlişi və “Nəğməli Könül” tamaşasında Könül roluna uyğun gələn tələbəni seçmələri bəlkə də təsadüf ola bilməzdi. Zənnimcə, bu bir tale yazısı idi və yüzlərlə tələbə arasından məhz məınim seçilməyim artıq həyatın mənə bəxş etdiyi uğur idi. Beləliklə də hələ tələbəlik illərindən Musiqili Komediya Teatrında çalışmağa başladım, iki aylıq hazırlıqdan sonra üzərində işlədiyimiz “Nəğməli Könül” tamaşasını təhvil verdik. Bu gedişlə də bir neçə il teatrda çalışdım, bir çox tamaşalarda oynadım. Doğrudur, Musiqili Komediya Teatrı ixtisasıma uyğun idi və mən orda daha çox uğur qazana bilərdim, həm aktrisalıq, həm də ifaçılıq edərək yenə də sənətdə addımlaya bilərdim. Qəribədir ki, müğənnilik həvəsi daha çox diqqətimi çəkir, marağıma səbəb olurdu. Yaxşı yadımdadır, o vaxtlar İncəsənət İnstitutunda Vaqif Gərayzadənin ansamblı fəaliyyət göstərirdi və mən də həmin ansamblın solisti oldum. Solist olaraq müxtəlif janrlı, hətta müxtəlif xalqların mahnılarını oxuyaraq sanki özümü hərtərəfli təsdiq etməyə cəhd edirdim. Vaqif Gərayzadənin bəstələdiyi, Akif İslamzadənin repertuarında olan mahnıları ifa edirdim, eyni zamanda vətənpərvərlik mövzusunda olan mahnılar hazırlayıb oxuyurdum. -Dünya şöhrətli Rəşid Behbudovla tanışlığınız da deyəsən həmin ərəfəyə təsadüf edir? -Zənnimcə, biz xalq, millət olaraq xoşbəxtik ki, məhz Rəşid Behbudov kimi sənətkarlarımız olub. Onun dəstək verdiyi müğənnilər hazırda Azərbaycan səhnəsində ustad dərsləri verir. Bu çox böyük göstəricidir. Musiqili Komediya Teatrında çalışdığım zaman günlərin birində Mahnı Teatrına getməyim də məncə təsadüf deyildi. Rəşid Behbudovun səsimi dinləməsi, məni teatra birbaşa solist kimi götürməsi, ən sevimli tələbələri sırasında görməsi, sadəcə özü deyil, eyni zamanda ailəsinin də məni dəstəkləməsi, artıq mənim üçün neçə-neçə qapıların açılması demək idi. Mənim üçün açılan bu şans qapısının fərqində olsam da, inanın səmimiyyətimə heç bir vaxt belə imkanlardan sui istifadə etmədim. Sadəcə mənə tapşırılan işlərin öhdəsindən gəlməyə çalışdım və bunu bacardım. Doğrudur, artıq mənə dəstək verən insanların əksəriyyəti yoxdur, ancaq onların öyrətdiklərini heç unutmadım. Ümumiyyətlə sənətə olan bağlılıq, sənət sevgisi, məsuliyyət hissi, tamaşaçıya olan sevgi, tamaşaçı səmimiyyətini dəyərləndirmək və s. hər biri sanki miras olaraq nəsildən-nəsilə keçib və keçəcək. -Pedaqoji fəaliyyətiniz sizə sadaladığınız keyfiyyətləri üzə çıxarmaq üçün daha geniş imkanlar açsa da nədənsə ömrü qısa oldu. Bunun səbəbi nə idi? -Bir müddət vokal dərsləri verdim, ümidverici tələbələrim çox idi, əslində çox gözəl tələbə-müəllim münasibətləri qurmuşduq. Bilirsinizmi, müəllimlik sənəti məsuliyyətli olduğu qədər də müqəddəsdir. Bu fikir hər zaman deyilib, deyiləcək də. Müəllim tələbəni öyrədərək öz bildiklərini də yenidən tıəkrarlayır və bu proses davam etdikcə inkişaf başlayır. Az müddət olsa da çalışdım, müəllimlik peşəsinin sirlərinə də hakim oldum, ancaq daha artıq davam etmədim. Hiss etdim ki, illər öncə səhnəsində həyəcan yaşadığım teatr məni yenidən özünə çəkir. Hazırda Musiqili Teatr olaraq fəlaiyyət göstərən teatrın kollektivi, rəhbərliyi mənə qapını açdı, bu teatra lazım olduğumu hiss etdim. Teatrda hazırlanan"Amerikalı kürəkən" , "Baladadaşın toy hamamı" , "Molla Nəsrəddinin beş arvadı", "Arşın mal alan" , "Bankir adaxlı",  "Talehlər qovuşanda" adlı tamaşalarda oynaddım, tamaşaçı sevgisisni hiss etdim, sanki teatrın tamaşaçıları məni illərdir gözləyiblər. Tamaşaçı sevgisini hiss etmək məni daha da həyəcanlandırdı, elə bil ki, heç bu teatrdan ayrılmamışdım. -Bəlkə də arada olan uzun məsafə-tələbəlik illəri teatrda çalışmağınız və illər sonra geri dönməyiniz-sizi teatra peşəkar olaraq gəlməyə hazırlayıb. Bir sözlə, bu məsafə sadəcə hazırlıq rolunu oynayıb? -Bəlkə də...Siz bu məqamı çox gözəl tutmusunuz, hiss olunur ki, teatrı yaxşı bilirsiniz. Hətta mənim düşüncələrimdə olan məqamları belə siz üzə çıxarırsınız. Haqlısınız, teatra yenidən dönməyim uzun hazırlıq prosesindən sonra baş tutdu. Bu da həyatımın bir imtahanı idi. Bildiyiniz kimi Musili Teatrda aktrisalıq məharəti ilə yanaşı, canlı ifa mütləqdir. Onu da yaxşı bilirsiniz ki, tamaşaçı güzəşt etməyi sevmir. -Deməli tamaşaçı fikrini əsas götürüsünüz. Elə isə tamaşaçı fikrinin ardından gedə bilərsiniz? -Tamaşaçı fikri önəmlidir. Ancaq ifaçı tamaşaçı fikrini əsas götürməklə yanaşı, eyni zamnda tamaşaçıda öz ifaçılığının ardından aparmağı bacarmalıdır. Bu da o deməkdri ki, bütün hisslər, duyğular qarşılıq sevdiyi kimi, tamaşaçı-ifaçı münasibətlərində də ortaq bir seçim olmalıdır. Teatrda oynadığlm və ya oynamadığım tamaşalarda hər zaman tamaşaçı salonuna diqqət edirəm, nəyi daha çox sevirlər, nəyi xoşlamırlar, onları nə qane edri və ya əksinə nə qane etmir. Onsuzda tamaşaçının səhnədə olanlara reaksiyası an məsələsidir. Buna görə də hərtərəfli diqqət etmək və o səmimiyyəti qopumaq əsasdır. Bildiyiniz kimi xalq artistləri- İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artist Novruz Qartalla və d. tərəfmüqabili olmuşam və adlarını çəkdiyim aktyorların da hər birinin öz tamaşçı auditoriyası var. Artıq həmin aktyorların tamaşaçıları sırasına Almaz Ələsgərova üçün teatra gələn tamaşaçılar var və bu mənim üçün çox qürurverici bir duyğudur. Mən gördüyüm işdən, nəfəs aldığım bu həyatdan həmişə zövq almışam. Bu yaşımda belə sənət sevgisi bir an olsun məni tərk etmirsə, deməli mən Yaradanın sevimli bəndəsiyəm. Bu günə görə, bizə bəxş etdiyi bu həyata görə Tanrıya şükürlər olsun...                      

Dekabr 27, 2016 14:15

Teatrlarda olan islahat sənətin xeyrinədir

Müsahibimiz tələbə vaxtı fransız ədibi Jan-Batist Molyerin "Jorj Danden" satirik komediyasının tamaşasında baş qəhrəman rolunu uğurla oynaması nəticəsində müəllimlərinin diqqətini çəkən aktyor, xalq artisti İlham Namiq Kamaldır. -Sənət təcrübə üzərində qurulur, inkişaf edir və təcrübə üçün yaş hesabatı önəmlidir. Hər yaşın hesabatı sizə nə deyir? -Mən o fikirdəyəm ki, yaşlanmaq Allahın bir qismətidir və bu qismət hər adama nəsib olmur. O qədər dəyərli sənətkarlarımızı itirmişik ki, əksəriyyəti də çox gənc yaşlarında dünyasını dəyişib. Əlbəttə könül istərdi ki, onlar həyatda olsun, ancaq dediyim kimi bu Allahın bir qismətidir, heç kim deyə bilməz ki, sabah nə olacaq. -Bütün fəxri titullara layiq görülmüş sənətkarlardan birisiniz, hər zaman dövlətin, hökumətin diqqətində dayanırsınız. Bu xoşbəxtrlik də hər adama qismət olmur... -İnandırım sizi ki, bu fəxri titullara layiq görüldüyümdən də xəbərim olmayıb. O qədər qaynar iş sistemində çalışmışam ki, başım o qədər qarışıq olub ki, nəticədə də bütün fəxri titullara layiq görüldüyümdən də sanki xəbərim olmayıb. Mən hər zaman o fikirdə olmuşam ki, istənilən şəxs öz işi ilə məşğul olarsa o zaman mütləq işi ilə, bacarığı ilə diqqəti çəkəcək. Yəni, özünü gözə göstəmənin heç bir mənası yoxdur, bacarığın varsa mütləq diqqəti çəkəcəksən, çünki istedadı, bacarığı gizlətmək mümkün deyil. Çox şükürlər olsun ki, Allah mənə o gücü, o sağlığı, o enerjini verir ki, nəticədə də mən siz qeyd etdiyiniz kimi, bu məsuliyyət yükünün öhdəsindən gələ bilirəm. Aktyor sənəti  çətin olduğu qədər də, müqəddəsdir, aktyor sənəti gözəlliyi sevir, gözəllik isə sağlamlıqdır. Əgər səhhətin yerindədirsə, sağlamsansa, gümrahsansa o zaman bu sənətdə hələ görəcəyin işlər çoxdur. Hər bir xarakter aktyorun bir parçası olur. Tarzənin köməyinə tar gəlir, kamançaçalanın köməyinə kamança gəlir. Aktyorun da görkəmi və səhnə plastikası, nitq mədəniyyəti onun köməyinə gəlir. Gərək görkəmini kökləyə biləsən, onu formada saxlaya biləsən. Bir sözlə tamaşaçı səhnədə  sağlam və normal insanları görməlidir. Əgər bütün bunlar mənə verilibsə, deməli mən şanslı aktyoram. -Bütün bu işlərlə yanaşı, eyni vaxtda pedaqoji fəaliyyətlə də məşğul olmaq, aktyor yetişdirmək də hər sənətkara qismət olmur... -Mənim sənət müəllimlərim Adil İsgəndərov, Rza Təhmasib, Tofiq Kazımov həm rejissorluq ediblər, həm pedaqoji fəaliyyətlə məşğul olublar. Mənim  sənətə gəlməyimdə bu üç sənətkarın rolu əvəzsizdir. Onlardan çox şey öyrənmişəm. Və bu gün də çalışıram ki, tələbələrimə onlardan öyrəndiklərimi öyrədəm. Doğrudur hər sənətkar eyni vaxtda pedaqoji fəaliyyətlə məşğul ola bilməz, ancaq adlarını çəkdiyim ustadlar eyni vaxtda hər iki işin öhdəsindən necə gəlirdilərsə, tələbələrinə də eynisini öyrətdilər. Bu ustadlar sadəcə sənətin sirlərini deyil, həyatda necə davranmağı da biz tələbələrinə öyrətdilər. -Necə bilirsiniz, o dövrdə sənətə münasibət daha fərqli idi, yoxsa hər şey eynidi, sadəcə dəyişən zamandı? -Dövrləri müqayisə etmək istəməzdim, çünki hər dövrün öz qanunları olduğu kimi, eyni zamanda öz ustadları olur. O dövrdə də ustad sənətkarlarımız var idi, hazırkı dövrdə də var. Sənətə yeni gəldiyimdə elə zirvə saydığımız aktyorların əhatəsində oldum ki, bu mənim üçün ən böyük şans idi. Müəllimlərimdən başqa Hökumə Qurbanova, Barat Şəkinskaya, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, İsmayıl Osmanlı. Məmmədrza Şeyxzamanov və b. ustadları görmək özü böyük məktəb idi. Onların hər biri sözün həqiqi mənasında fədailər idi. Onlardan sonra gələn nəsil də ustadlar idi- Şəfiqə Məmmədova, Səməndər Rzayev, Hamlet Qurbanov və b. Demək istədiyim odur ki, Azərbaycanda istedadlar həmişə olub və olacaq. -Artıq yeni nəsil yetişir, tələbələrinizdə sənət yanğısını görə bilirsiniz? -Yeni nəsl yetişir və əsas olan odur ki, yeni nəslə kömək etmək lazımdır. Tutaq ki, o dövrdə bizə kömək edən ustadlar çox idi, ancaq hazırda kömək edənlər azalıb, hətta çox azalıb. İstedadlı gənclərimiz çoxdur. Bu cür istedadlı gənclərə meydan vermək lazımdır. Bizim vaxtımızda bir televiziyamız var idi. Tamaşaları da televiziyanın özü çəkirdi. Aktyorun qüruru gərək heç zaman ölməsin. Aktyor ehtiyac içində olmamalıdır. Əgər aktyor ehtiyac içində çırpınırsa, o, necə gəlib səhnədə “padşah” rolunda çıxış edə bilər? Var-dövlətdən söhbət getmir. Amma müəyyən insani ehtiyacı tamamlanmalıdır, məişət ehtiyacları tam olmalıdır ki, o, rolunu daha ürəkdən oynasın. İstedad heç vaxt itib batmır. Mənimlə birgə teatrın səhnəsində sıxış edən tələbələrim var. Necə ki, mən bir zamanlar ustad sənətkarlar olan Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Hökümə Qurbanova, Nəcibə Məlikova ilə bir səhnəni paylaşmışam. Daha sonra Fuad Poladov, Yaşar Nuri, Hamlet Qurbanov, Rafiq Əzimov, Ramiz Məlikov, Vəfa Fətullayeva, Əliabbas Qədirovun adlarını çəkə bilərəm. Adlarını çəkdiklərimiz sırasında itirdiklərimiz də var. Ümid edirəm ki, gənc aktyor nəsli bu yolu lazımı şəkildə davam etdirəcək. -Teatrdakı islahatlarla bağlı nə deyərdiniz? -Bilirsinizmi hazırda şərait tamam başqadır. Etiraf edək ki, beş-altı il əvvəl Azərbaycan teatrının vəziyyəti indiki kimi deyildi. İndi teatrlarımızın vəziyyəti daha çox yaxşıdır. Təmirdən sonra teatr ocaqlarımızın durumu daha ürəkaçandır. Bu gün dövlət səviyyəsində teatrlara qayğı var. Vaxt vari idi teatrlarda üç-dörd işıq var idi, bu gün isə maddi texniki baza daha da yaxşılaşıb. Bu baxımdaan düşünürəm ki, Azərbaycan teatrında olan islahat sənətin xeyrinədir. Ancaq bir məqama xüsusi diqqət yetirmək lazımdır. İslahat o demək deyil ki, sağlam bünövrəni dağıdıb yenidən qurasan. Əksinə islahatı keçmişdə olan sağlam bünövrənin üstündə qurmaq lazımdır. Əgər sağlam bünövrəni dağıdaraq qeyri-adi bir şey yaratmaq istəyirsənsə bu artıq iflasa uğramaq deməkdir. İstər səhiyyə sahəsi olsun, istər təhsil olsun, istərsə də incəsənət  olsun. Yalnız və yalnız sağlam bünövrəni qorumaqla islahat apararaq həmin sahəni inkişaf etdirmək mümkündür. -Növbəti sualı hazırkı tamaşalar üzərində qurmaq istərdim. Hazırda səhnəyə qoyulan tamaşalar bir sənətkar olaraq sizi nə dərəcədə qane edir? -Bildiyiniz kimi hal-hazırda Musqili Teatrda çalışıram və həmin teatrda əksər tamaşaların quruluşu mən vermişəm, eyni zamanda əksər tamaşalarda rollarım var. Maraqlı səhnə əsərləri hazırda repertuarda var, əgər belədirsə o zaman  necə deyə bilərəm ki, məni qane etmir. Üzeyir Hacıbəyovun “Ər və arvad” səhnə əsərinə, Ramiz Mirişli, Marat Haqverdiyevin “Amerikalı kürəkən” səhnə əsərinə mən quruluş vermişəm və kifayət qədər də tamaşaçısı var.  Bilirsinizmi, elə teatrlar var ki, onun həmişə tamaşaçısı var, yəni, tamaşaçı problemi yaşamır. Bildiyiniz kimi əvvəlki adı ilə desək, Musiqili Komediya Teatrının həmişə tamaşaçısı olub. Deməli bu teatrın müraciət etdiyi səhnə əsərləri tamaşaçıların marağına səbəb olur. Önəmli olan repertuar seçimi və repertuarda klassika ilə bərabər müasir əsərlər də olmalıdır. 30-40 faiz klassik əsərlərə müraciət olunursa, 60-70 faiz də müasir əsərlər olmalıdır. Bugünkü gündə mənim müasirimi düşündürən məsələlər səhnədə cərəyan etməlidir, gəncliyi maraqlandıran fikirlərə geniş yer verilməlidir. Artıq gənclik tamam fərqlidir, çünki dövr dəyişib. Sürət əsrində yaşayırıq, seçim çox böyükdür. Bu baxımdan teatrlar seçimini yüksək səviyyədə etməlidir ki, tamaşaçını qane edə bilsin. Tamaşaçını heyrətləndirmək lazımdır, tamaşaçını heyrətləndirməyi bacaran teatr mütləq uğur qazanacaq. -Səhnədə çox gözəl tərəfmüqabilləriniz olub, çox təəssüf ki, əksəriyyəti artıq dünyasını dəyişib. Onlarsız səhnə necə görünür? Hacıbaba Bağırov, Yaşar Nuri, Əliabbas Qədirov, Səməndər Rzayev, Vəfa Fətullayeva, Hamlet Qurbanov, Hamlet Xanızadə, Telman Adıgözəlov və b. adlarını çəkə bilərəm ki, onlar aktyor kimi heç bir vaxt unudulmadılar. Sanki daima səhnədə bizimlədilər. Bizim itirdiklərimiz çoxdur, əlbəttə ki, bu çox üzücü bir durumdur, ancaq həyat davam edir, elə etməliyik ki, yeni nəsil həmin boşluğu doldursun. Doğrudur heç kimi əvəz etmək mümkün deyil, ancaq ən azından yeni nəsil yetişərsə həmin boşluq mütləq dolar. Bir gün gələn, bir gün gedəcək, bu təbiətin qanunudur, önəmli olan odur ki, hər kəs üzərinə düşən işin öhdəsindən gəlsin. -Daima səhnədə ustadlarla tərəfmüqabili olmusunuz və əlbəttə ki, ustadın ustadla bir səhnəni paylaşması da böyük məsuliyyətdir... -Məhz bu baxımdan müəllimim Tofiq Kazımova, onun ruhuna daima minnətdar olacağam. Çünki o bilavasitə aktyorun yetişməsində böyük rol oynayan rejissorlardan biri idi.  Təsəvvür edin ki, bu illər ərzində elə bir rejissor olmayıb ki, onunla çalışmayım. Rejissorlar hansı xarakteri məndən tələb ediblərsə onu oynamağa çalışmışam. Görün oynadığım rollarda nə qədər fərqli xarakterlər var, bunların hər biri bir insanın həyatıdır. Bu sənətin qəddar tərəfləri də var. Gərək  heç vaxt deməyəsən ki, mən öz sözümü demişəm. Biz bu yolu gedirik və bu yol davam edir...    

Dekabr 20, 2016 15:02

Yevgeni Matveyevin sevimli tələbəsi – Fərhad İsrafilov

İlk dəfə “Şərikli çörək” filmində epizodik rola çəkilən, uşaq dünyasında böyük sevinclə mübaribə dövrünün acınacaqlı günlərini yaşayan balaca Fərhad sanki elə həmin rol ilə də gələcək həyat tərzini müəyyənləşdirib...Müsahibim 40 ildən artıqdır ki, kinoda, teatrda maraqlı rollar oynayır, sənət eşqi çox güclü olan aktyoru tamaşaçı sevir, fəaliyyətini izləyir. xeber100.com-un əməkdaşı aktyorla teatrda görüşüb və sənət üzərində geniş söhbət aparıb. Bu söhbətin sadəcə bir qismini sizlərə təqdim edirik. -60 yaşın zirvəsi, 40 illik fəaliyyət...Məhz bu yaşda sizi daha çox nə düşündürür? -Əgər nəzərə alsaq ki, 45 ildir ki, bu sənətdəyəm, o zaman necə böyük bir zamanın içində olduğumuzu anlayarıq. 70-ci ildə “Yeddi oğul istərəm” filmi mənim ilk addımlarımın atılmasına təkan verdi. Ötən illər acılı-şirinli keçdi, artıq arxada qaldı, önəmli olan odur ki, boş keçən günlərim olmayıb, daima çəkiliş meydançasında, teatr səhnəsində, bir sözlə, sənətlə bağlı işlərlərlə məşğul olmuşam. Aktyor olduğuma görə heç bir vaxt peşmançılıq hissləri keçirməmişəm, görünür bu mənim qismətim idi. -Bildiyim qədəriylə ilk addımlarınız “Şərikli çörək” filmindən başlayıb? -O filmdə sadəcə bir qrup uşaqla birgə epizod səhnələrdə çəkilmişik. Eşidəndə ki, belə bir fim çəkilir mən də uşaq ağlı ilə çəkilişə qatılmışdım. Bu bir başlanğıc idi, ancaq Tofiq Tağızadənin quruluşunda çəkilən “Yeddi oğul istərəm” filmi artıq mənim üçün önəmli bir addım idi. 1973-cü ildə Ənvər Əbluçun diplom filmi olan “Dənizə çıxmaq qorxuludur” filminə çəkildim, 1975-də isə Moskvada Kinematoqrafiya İnstitutuna qəbul olundum. -SSRİ dövründə Moskvada təhsil almaq, xüsusilə kino təhsili almaq, hətta Matveyevin (1975-79-cu illərdə ÜDKİ-də təhsil alan azərbaycanlılardan ibarət kursun rəhbəri, SSRİ xalq artisti,  teatr və kino aktyoru, ssenari müəllifi və rejissor Yevgeni Semyonoviç Matveyev nəzərdə tutulur) kursunda təhsil almaq sadəcə bir şans məsələsi idi... -Bu həm şans məsələsi idi, eyni zamanda yəqin ki, o vaxta qədər çəkildiyim filmlərdə göstərdiyim qabiliyyət diqqəti çəkirdi, ancaq nə olur olsun, mənim sadəcə bir məqsədim var idi-öyrənmək, sənətin dərinliklərinə bələd olmaq. Matveyevin kursuna qəbul olunmağım onun iki filmində rol almağım heç də təsadüfi deyildi. Əksinə bu mənim zəhmətimin bəhrəsi idi. O dövrdə Azərbaycandan mənimlə bərabər 14 tələbə təhsil alırdı. Onların içindən məni filmləri üçün seçdi. Çünki Moskvadakı təhsil illərimdə mən sıradan bir tələbəlik həyatı keçirmirdim, sənətlə bağlı hər şeylə maraqlanır və zamanı sadəcə ona həsr edirdim. Teatrlara gedirdim, muzeylərə gedirdim, istərsə də digər sənət ocaqlarına gedərək Moskva təhsil həyatından bəhrələnirdim. -Deyilənlərə görə, Matveyevin “Ən mühüm tapşırıq” filmində azərbaycanlı təyyarəçi Rüstəm rolu məxsusi sizin üçün  yazılıb və o dövrdə Moskvada azərbaycanlı obrazı yaratmaq və bunu kinoda göstərmək o qədər də asan məsələ  deyildi... -Rüstəm obrazı doğrudan da qalmaqal yaratmışdı. Hətta  Matveyevi Mərkəzi Komitəyə çağıraraq etiraz ediblər ki, azərbaycanlı obrazı hardan çıxdı. Matveyev də müdafiə mövqeyində dayanaraq “müharibəni sadəcə ruslar deyil, azərbaycanlılar da qazanıb”. Yəni onlara xatırladıb ki, əgər 15 qardaş respublikadırsa və hər bir problemli məqamda eyni yolda addımlayıblarsa, o zaman filmlərin birində azərbaycanlı obrazının olmasına mane olmağın mənası yoxdur. Sonra film çəkildi, hətta tamaşaçı Rüstəm obrazını gürcü olaraq bilirdi. Bunun da səbəbi o dii ki, ruslar azərbaycanlı obrazlarının yaranmasına imkan vermirdilər, ancaq Matveyev bu tilsimi  sındırdı. -Deyəsən, Matveyevin Azərbaycan sevgisi güclü olub... -Doğrudan da belə idi və ən əsası ədalətli düşüncə tərzi olan bir sənətkar idi.  Azərbaycanlı tələbələri çox sevirdi, xüsusilə mənimlə daha yaxın idi, hətta mən daima evinə gedib gəlirdim. Uşaqlar zarafatla mənə “Fərhad Yevgeneyeviç” deyirdilər. Bəlkə də bu mənim səmimiliyimdən irəli gəlirdi, riyakarlıqdan çox uzaq olduğum üçün belə bir böyük sənətkarın sevgisini qazanmışdım. -Yəqin bu səmimiyyətin nəticəsi idi ki, istər təhsildən öncə, istərsə də sonra kino və teatrın qapıları üzünüzə tamamilə açıldı. -Eyni zamanda təhsil aldığım illərdə də filmlərə çəkildim. İstər Matveyevin bir neçə filmi, istər Tofiq Tağızadənin “Evdə kişi” filmi, hətta başqa studiyaların  filmlərinə də çəkildim. Tələbəlik həyatını bitirdiyim zaman ilk çəkildiyim filmlərdən biri də “Papaq” filmi oldu. -Bütün rollarınıza eyni sevgi ilə yanaşmanız rollarınızın eyni dərəcədə təbii alınmasından məlumdur. Deyəsən heç bir vaxt  rollarınızı bir-birindən ayırmamısınız? -Heç bir roluma ikinci dərəcəli baxmamışam, çalışmışam ki, mənə həvalə olunan rolların öhdəsindən gələ bilim. -İstər kinoda, istər tetarda, istərsə də çəkildiyiniz tamaşalarda oynadığınız rolların hər birin öz çəkisi var. “Nekroloq” tamaşasında əsas qəhrəman da bir başqa diqqətdə dayanır...necə oldu ki, həmin rola çəkildiniz? -O obrazın qəribə bir taleyi oldu. Ramiz Həsənoğlu həmin film-tamaşanın ssenarisini mənə verərək oxumağımı istədi. Doğrusu oxudum və rejissorun məni görmək istədiyi obrazda özüm görmədim, rejissorada elə belə dedim: “bu mənim  rolum deyil”. Həsənoğlu hirslənərək  “mən səni 30 ildir tanıyıram, bilirəm ki, bu rol sənə uyğundur, öhdəsindən gələcəksən” dedi və mənə fikirləşmək üçün vaxt verdi.  Mən 10 gün vaxt istədim, o bir həftə dedi. Başladım fikirləşməyə, necə edim axı, özümü bu rolda görə bilmirəm axı, mütləq bir xarakter tapmalıydım. -Əslində sizi rolda daha çox nə narahat edirdi? -Təbii ki, xarakter, xarakterimə zidd olan bir obrazdı, tapıntıya ehtiyacı var idi. Onu da qeyd edim ki, bu tamaşa öncə radioda hazırlanmışdı, Fuad Poladov oynamışdı. Çox fikirləşdikdən sonra qərara gəldim ki, obrazın yerişini axtarım, Aqşin Babayevin yerişini obraza uyğunlaşdırdım, sonra danışıq formasını axtardım, Qabilin danışığını obraza əlavə etdim, bir  sözlə, obrazı tamamilə parçalarla birləşdirərək canlandırdım. Sonra rejissorla görüşdüm, hazırladığım xarakteri təqdim etdiyim zaman “kifayətdir” dedi və məşqqlərə başladıq, eynilə davam etdik. Yəqin ki, bu tapıntılar obrazın maraqlı alınmasında rol oynadı, ümumiyyətləı götürdükdə isə film-tamaşada bir araya gələnlərin hər biri maraqlı xarakter ortaya qoydu. Ramiz Həsənoğlu ilə bir neçə işlərimiz oldu, hətta onun quruluşunda olan “Fatehlərin divanı”nda da çəkildim. -Ramiz Həsənoğlu çox tələbkar rejissordu, onunla işləyən aktyorların hər biri etiraf edir ki, çəkiliş vaxtı, məşq proseslərində çox çətinliklər yaşayırlar. Ancaq rejissorun  quruluşunda çəkilən sənət əsərləri hamısı bir tarixdir... -Doğrudan da Həsənoğlu çox tələbkar rejissordu, aktyordan istədiyini almağı bacarır, çünki aktyoru inandırmağı bacarır, onu axtarışa-tapıntıya məcbur edir. Əslində sənət elə axtarışlardan başlayır. Bu baxımdan da rejissor kimi quruluş verdiyi səhnə əsərləri dəyərli nümunələr sırasındadır. Onunla quruluşunda olan bir neçə tamaşada rollarım olub. -Oynadığınız qəhrəmanları mənfi və ya müsbətə ayırırsınız? -Mənfi rollarım olmayıb. Ümumiyyətlə götürdükdə isə rolların mənfi və ya müsbətə ayrılmasını qəbul etmirəm. Bunların hər biri xarakterdir, insan taleyidir. Lazım olduğu zaman komediyada oynamışıq, faciə də oynamışıq. Aktyor hər janrda olan, hər xarakterdə olan rollara daima hazır olmalıdır. Bu məqamda ustadımız Vaqif İbrahimoğlunu yada salmamaq mümkün deyil. Onun quruluşunda olan tamaşalarda elə xırdalıqlara diqqət yetirilirdi ki, bu da aktyorun püxtələşməsində böyük rol oynayırdı. -Yeri gəlmişkən, “Yuğ” teatrı yaradıclığınızda fərqli bir yer tutur... “Yuğ” Teatrı yaranandan rəsmi olaraq burda fəlaiyyətim var, ancaq yaranmamışdan əvvəl böyük bir yol keçdi ki, orda mənim də əməyim var. Bu teatrda çalışan aktyorların yaradıcı baxımdan olan mənəvi qazancı kinoda, teatrda, TV tamaşalarında istifadə olunur. -Yəni, əsas güc mənbəyiniz “Yuğ” teatrıdır... -“Yuğ” teatrından enerji alırıq. Vaqif İbrahimoğlu bizə böyük bir miras qoyub gedib. Çalışırıq gördüyümüz bütün işlər onun adına layiq olsun. Yoxluğu mənəvi cəhətdən bizlərə çox təsir etsə də gördüyümüz işlərlə çalışırıq ki, bu mənfi təsirin gücünü azaldaq. Daima bizimlədir, ruhu qarşısında borcumuz var və çalışırıq ki, adını daima yüksək tutaq. -Eyni vaxtlarda kinoda da, teatrda da çalışmısınız, bunları bir-birindən nə dərəcədə ayırırsınız? -Bir aktyor olaraq teatra üstünlük verirəm, çünki canlı sənətdir. Kinoda gəldin, çəkildin və bununla da hər şey bitdi. Ancaq teatrda iş prosesi var və iş prosesi aktyorun inkişafında, onun obraz üzərində olan hazırlığında və ən önəmlisi aktyorun formada qalmasında böyük rol oynayır. Aktyor özünü teatrda tapır, orda püxtələşir, orda yetişir. Azərbaycan kinosunun ən qaynar vaxtında çəkilən filmlərində görüdüyümüz, sevdiyimiz aktyorlar var ki,  onların hər birinin yolu teatrdan başlayıb, teatrdan keçib. -Son çəkildiyiniz filmlərdən olan “Dolu” filmi müharibə mövzusunda çəkilən ən yaxşı nümunələrdən biri olsa da heç də birmənalı qarşılanmadı. Eşitdiyimə görə, filmdə sizin  ifanızda təqdim olunan rəis obrazının həyatda prototipi var? -Mən də bu barədə Aqil Abbasdan eşitmişdim. Filmin Ağcabədidə olan çəkilişlərində Aqil Abbas obrazda məni görüncə təəccübünü gizlətmədi “filan rəisə necə oxşayırsan” dedi. Doğrusu mən həmin şəxsi görməmişdim, tanımırdım, ancaq qismət elə gətirmişdi ki, obrazı oynayarkən həmin şəxsi olduğu kimi canlandırmışdım. Düşünürəm ki, “Dolu”  zamanında çəkilmiş bir filmdir. Filmin rejissoru Elxan Cəfərov bildiyiniz kimi uşaqlıqdan filmlərə çəkilir, bu da o deməkdir ki, kinonu yaxşı bilir. Filmin birmənalı qarşılanmamasına gəlincə, çəkilən hər bir filmin qəbul olunması üşün illər lazımdır. Bizim teatrın 3 aktyoru-Məmməd Səfa, Gülzar Qurbanova və mən bu filmə çəkildik. Hər biri maraqlı obrazlardı, ümumiyyətlə isə bu filmdə bütün yaradıcı heyət vicdanla çalışıb. Sənət belədir, lazımdır ki, ürəklə çalışasan, oynadığın obrazlarda səmimi olasan, hətta ölüm səhnəsini belə səmimi yaratmalısan...    

Dekabr 20, 2016 14:09

“Sənət elə bir zirvədir ki, öyrənə-öyrənə, axtara-axtara gəlib özünü tapırsan”…

Ömrünə iki dövrü yaşamaq düşən, məlum hadisələrdə gəncliyini belə doya-doya yaşaya bilməyən, buna baxmayaraq israrla peşə seçimində muğam ifaçılığına üz tutan, Opera və balet Teatrının solisti,  Milli Konservatoriyanın dosenti Gülüstan Əliyevanın adını xüsusilə qeyd etmək istərdik. Qarabağ hadisəsində ailəsindən iki şəhid verən və bu ağrını ifaçılığı ilə çoxsaylı tamaşaçısına çatdırmağı bacaran xanəndə xeber100.com saytının əməkdaşı ilə söhbətində bir qədər uzaqlara səyahət etdi, yaxın keçmişdə yaşananları xatırladı və daha nələr, nələr yada düşdü, onu ancaq müsahibəni oxuduğunuz zaman görəcəksiniz... -Gənclik illəriniz çətin bir dövrə təsadüf etsə də, ustad muğam ifaçıları ilə məhz həmin dövrdə tanış oldunuz, onların sənətini yaxından izlədiniz, sənət sirlərinə hakim oldunuz... -Bilirsinizmi, Sovetlər dövrü stabil bir həyat tərzimiz var idi və qarşıda bizləri nələr gözlədiyinidən xəbərsiz yaşayırdıq. Bizim nəslin gəncliyi məhz həmin xəbərsiz bir dövrdə yetişirdi, böyüyürdü. Bəlkə də məlum hadisələrdən sonra zamansız böyüdük, sanki bir göz qırpımında estafeti ustadlardan aldıq və yaxşı ki, bunu bacardıq. Doğrudur, arzularımız qanad açmadan qırıldı, ancaq qarşımızda açılan bu çətin yol bizi daha böyük arzulara doğru apardı. Yaşadığım bütün ağırlıqlara, çətinliklərə, itkilərə baxmayaraq daima özümü xoşbəxt sənət adamı hesab etmişəm. Çünki sənət yolumda elə insanlarla qarşılaşdım ki, onlar mənim yoluma işıq tutdular. 1981-ci ildə səs inkamlarıma görə məni doğulduğum rayondan-Yevlax rayonundan seçərək paytaxtda təhsil almağım üçün şərait yaradan o ustadların (Niyazi, Arif Babayev, Şövkət Ələkbərova, Sara Qədimova, Canəli Əkbərov, İslam Rzayev və b.) hər birinə minnətdaram ki, mənim hazırda Gülüstan Əliyeva kimi tamaşaçılar tərəfindən sevilməyimdə, sənətimi müstəqil olaraq yetişdirməyimdə, hətta mən deyərdim ki, biz nəslin tanınmasında böyük rol oynadılar. -Əslində siz nəslin ən üstün cəhəti ondan ibarət olub ki, dərs aldığınız müəllimlərdən başqa digər ustadların da dərslərinə maraq göstərmisiniz. -Təsəvvür edin ki, bütün müəllimlərin dərslərində iştirak etmək üçün vaxta qənaət etməklə yanaşı, vaxtdan səmərəli istifadə edirdik. Ümumiyyətlə sənət elə bir zirvədir ki, öyrənə-öyrənə, axtara-axtara gəlib özünü tapırsan. Bu baxımdan da yuxarıda adlarını çəkdiyim sənətkarların dərslərində iştirak etmək, onlardan bir şeylər öyrənmək vacib idi. -Uzun illərdir ki,  Opera və balet teatrında çalışırsınız. Akademik səviyyəsi ilə dünya operaları ilə müqayisə oluna biləcək teatrdakı fəaliyyətiniz necə dəyərləndirərdiniz? -Opera və balet teatrı, mən deyərdim ki, Azərbaycan mədəniyyətinin atributlarından biridir. Artıq 20 ildir ki, bu sənət ocağında çalışıram və bir neçə gün öncə hesabat xarakteri daşıyan rəngarəng solo konsert proqramı ilə tamaşaçıların qarşısında, teatr kollektivimin qarşısında çıxış etdim. Hesabar konserti məni bir qədər keçmişə, yəni, yaxın keçmişə - 20 il öncəyə apardı. İlk gəlişimi, sənətkarlarla səhnəni paylaşdığım o günləri, o həyəcanı sanki yenidən yaşadım. Onu da hiss etdim ki, sənətə gəldiyim ilk gündən məni təqib edən o məsuliyyət, o həyəcan hissi elə olduğu kimi durur. Tamaşaçı sevgisi, tamaşçı alqışı da eynidir, artıb ki, azalmayıb. Oynadığım qadın qəhrəmanların sayını unutmuşam, saysız-hesabsızdır, elə heç olmazsa 100-dən artıq Leyli olaraq, bi o qədər “Aşıq Qərib”lə səhnəyə çıxmışam. Sonralar “Arşın mla alan”, “O olmasın, bu olsun” kimi əsərlərdə rol aldım və s. Bütün bunları, yəni, keçdiyim bu sənət yolunu sənət tənqidçiləri də, sənətsevərlər də, tamaşaçılar da yüksək dəyərləndirib və önəmli olan onların dəyərləndirməsidir. Bu fürsəti yaradan sənətkarlara, teatrın rəhbərliyinə, kollektivinə minnətdaram ki, belə bir fürsəti mənə yaradıblar. Xüsusilə rejissor işləri idarəsinin rəhbəri Tamara Eyvazovaya, eyni zamanda teatrın rejissoru Hafiz Quliyevə minnətdaram. Çünki səhnə görüntüsü rejissora aiddir. Rejissor  bizləri oynadığımız rollar üçün hazırlayır, daxili aləmimizdə gizli qalan duyğuları rollar vasitəsilə ortaya çıxarmağa müvəffəq olurlar. Yeri gəlmişkən, mən daima dramatik obrazlar ifaçısı idim, hətta faciəvi rollar oynayırdım. İlk dəfə Arşın mal alan”da Cahan xala, “O olmasın, bu olsun”da Sənəm kimi bir qədər komik obrazlarda səhnəyə çıxdım və hələ də həmin rolları oynayıram. Təbii ki, bütün bunlar rejissorun tapıntısıdır. Nə qədər ki, teatrdayam, rejissorun məni görmək istədiyi rolları, eləcə də sadaladığım rolları oynayacağam. -Hiss olunur sizdə özünə qarşı, ümumiyyətlə isə yaş kompleksi yoxdur. Deyəsən yaşlanmaq qorxunuz yoxdur? Düşünürəm ki, səhnədə yaş yoxdur, səhnədə kompleks olmamalıdır və səhnədə yaşlanmaq gözəldir. Yaşlana-yaşlana səni sevən tamaşaçıları görmək, elə onların da yaşlandığının şahidi olmaq, məncə bu çox gözəl hissdir. -Sizin qədər yaşlılıqdan böyük əhval-ruhiyyə ilə bəhs edən digər bir sənət adamı görmədim... -Yaşlanmaq böyük səadətdir və hər adama da qismət olmur. Görün gənc yaşda dünyasını dəyişən nə qədər insanlar var. Belələrini gördüyün halda durub yaşlılıqdan danışaraq sızlanmaq nə dərəcədə doğrüdur?! Konservatoriyanı bitirənə qədər olan dövr həyatımın ən qayğısız, bəlkə də ən xoşbəxt illəri idi. Ondan sonrakı 11 ay 317 günlük ailə xoşbəxtliyim və bununla da sanki qadın kimi xoşbəxtliyim bitdi, sonrakı illər mən sənətkar kimi püxtələşməyim və sənətkar kimi öz yolumu taparaq xoşbəxtliyim başladı. Təbii ki, həyat davam etdi və dediyim kimi artıq fərqli şəkildə davam etdi. Tanrıya şükürlər olsun ki, mənə oğul ovladı bəxş etmişdi, o ağır günlərdə ona sarılaraq güc aldım, həyat gücü, səhnə gücü aldım. Artıq oğlum evlidir, nəvəm var, ailəm getdikcə böyüyür. -Atalar yaxşı deyib: Dövlətdə dəvə, övladda nəvə. Nənə olmaq necə bir hissdir? -Hər zaman deyirdim ki, qızsız ana, duzsuz anadır. Nəvəm qızdır və onu qızım kimi istəyirəm. Nənə hissindən daha çox sanki ana hissi keçirirəm. Deyəsən, nəvənin övladdan şirin olması səbəbini tapmışam. Gənc yaşlarda övladımıza lazım olan sevgini sanki verə bilmirik, övlad sahibi olmanın necə bir duyğu olduğunu tam anlamırıq. Sanki nəvə sevgisi bu duyğuları üzə çıxarır, yaşamadıqlarımızı da nəvə ilə birgə yaşayırıq. Mən belə düşünürəm, yəni, düşüncələr fərqli ola bilər. -İllər keçir, artıq sənətkarlıq zirvəsindəsiniz. Buna baxmayaraq arzular tükənməzdir. Arzusunda olub, ancaq hələ də çatmadığınız arzular var, yoxsa? -Siz özünüz də qeyd etdiniz ki, arzular tükənməzdir, hətta arzudan arzu doğur. Bilirsinizmi, insanoğlu yaşadıqca nə arzular bitər, nə də tükənər. Opera səhnəsində hazırlanan bütün operalarda əsas qəhrəmanları oynamışam. Hətta bəzən mənə elə gəlir ki, arzular gələcək fəaliyyət üçün həyatdan aldığımız bir kreditdir, bir stimuldur. İstərdik ki, atdığımız hər addım Azərbaycan musiqi sənətində önəmli bir iz olaraq qalsın. Dövlətimizin, ölkə rəhbərliyinin qayğısı, diqqəti sayəsində Azərbaycan muğamı, ümumiyyətlə isə Azərbaycan incəsənəti böyük inkişaf yoluna qədəm qoyub. Üzərimizdə böyük məsuliyyət yükü var və biz nəsil müəllimlərimizdən aldığımız estafeti gələcək nəslə çatdırmaq üçün çox çalışmalıyıq. Bildiyiniz kimi uzun illərdir pedaqoq kimi çalışıram, onlarla tələbələrim var. Milli Konservatoriyanın dosentiyəm, elmi iş üzərində işləyirəm-Azərbaycan qadın xanəndələrinin Operada rolu- mövzusunda. Bu mövzu eyni zamanda kitab şəklində çıxacaq, dərs vəsaiti kimi istifadə olunacaq. İnanıram ki, bütün bunlar gələcək nəslin xanəndə qadınlarımızı tanımasında, onların fəaliyyəti ilə yaxından tanış olmasında böyük rol oynayacaq. Ümumiyyətlə hər xanəndənin, hər sənətkarın bu həyatda görə biləcəyə ən önəmli iş ondan ibarətdir ki, o gələcək nəsil xanəndələr üçün bir şeylər qoyub getsin.xeber100.com

Dekabr 6, 2016 11:58

Şahlar Quliyev – 70

Noyabrın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında M.Maqomayevin “Şah İsmayıl” operası səhnəyə qoyulub. Səhnə əsərinin nümayişi Xalq Artisti Şahlar Quliyevin 70 illik yubileyi çərçivəsində gerçəkləşdi. Belə ki, yubilyar bu tamaşada əsas partiyalardan birini - Aslan şah rolunu ifa edib. Uzun illər Opera və Balet Teatrının aparıcı solisti olan Şahlar Quliyev teatrın səhnəsində həm milli, həm də klassik tamaşalarda unudulmaz rollar yaradıb. “Koroğlu”da Həsən xan, Eldar, “Leyli və Məcnun”da Nofəl, “Arşın mal alan”da Süleyman, “O olmasın, bu olsun”da Qoçu Əsgər, “Natəvan”da Qasım bəy Zakir, “Aida”da Amonasro, “Karmen”də Eskamilio kimi obrazları ilə böyük tamaşaçı kütləsinin rəğbətini qazanıb.xeber100.com yubilyarın doğum günü münasibətilə geniş müsahibə hazırlayaraq siz oxucularımıza təqdim edir. -Yubiley yaş çox söz ifadə edər, çox söz deyər. Bəlkə də bu illər bir göz qırpımında gəlib keçdi, bəlkə hər yaşadığınız yaş öz çətinliyi ilə yadda qalıb və s. kimi məqamların hər kiçik detalı siz daha yaxşı bilirsiniz. Oxucular üçün görünməyən tərəflərdən bəhs etsək, əslində Şahlar Quliyevin keçdiyi bu həyat yolu necə olub? -Mən düşünmürəm ki, çox böyük işlər görmüşəm. Sevdiyim sənətlə məşğul olmuşam, dövlət qayğısını hiss etmişəm, bəlkə bəzi anlarda mən də incimişəm və ya əksinə daha çox sevinmişəm, bir sözlə, böyük bir ömrün sənətkar duyğularını, hisslərini yaşamışam. Oynadığım rollarla bütün daxili dünyamı açmağa çalışmışam. -Əslində Operada çalışmaq elə özü böyük işdir. Elə bir obraz olub ki, xarakterinizlə üst-üstə düşsün? -Sakit təbiətli obrazlardan daha çox emosional rollara üstünlük verirəm. Əlbəttə ki, yerli-yersiz emosionallıq da nümayiş etdirmək olmaz, ancaq obrazın üzərində onun daxili dünyasından çıxış etmək tamaşaçı üçün də önəmlidir. Bildiyiniz kimi tamaşaçını süni ifayla aldatmaq olmaz, tamaşçı auditoriyası təbiiliyi sevir. -Kifayət qədər sənət təcrübəniz var. Adətən sənət təcrübəsi geniş olanlar rejissorla həmfikir olmaya bilər. Siz bu barədə necə düşünürsünüz? -Operada çalışmaq asan göründüyü qədər də çətindir. Obraz oynadığın əsərə bələd olmadan, librettonu bilmədən, zənnimcə səhnədə heç bir şey etmək olmaz. Obraz üzərində düşünmək, onun daxili dünyasını öyrənmək və əlbəttə ki, obrazı özününküləşdirməyi bacarmaq əsas şərtdir. Xüsusilə yeni nəsil bu kimi məqamlara diqqət etməlidir. Biz nəslin keçdiyi məktəb bütün bunları hələ təhsil illərində bizlərə aşılayıb, təcrübə artdıqca da daha da püxtələşmişik. Məsələn, “Aşıq Qərib”də Şahvələd rolunu oynamışam. Şahvələd öz dünyası olan, özünəxas qanunlarla yaşayan bir obrazdır. Təsəsvvür edin ki, ona qarşı sevgi hissi olmayan bir qıza özünü məcbur sevdirmək üçün mübarizə aparır. Ancaq “Şah İsmayıl”dakı Aslan şah təzadlı obrazdır. Bunun səbəbini belə izah edərdim. Əsərdə olan musiqi o qədər lirikdir ki, bu lirika insana təsir etməyə bilməz. Şəxsən məni hər bir əsərdə musiqi idarə edir, musiqi istiqamətləndirir. Ümumiyyətlə əsərdəki hadisələrlə musiqinin üst-üstə düşməsi önəmli məqamlardan biridir. Hələ tamaşa hazırlandığı zaman bəstəkar hadisələrdən çıxış edərək ona uyğun ovqatlı musiqi yazır. Obraz üzərində çalışarkən bütün bunları hiss etmədən heş bir şey etmək olmaz. Doğrudur ifaçının ifaçılığı ilə yanaşı aktyorluq qabiliyyətindən çox şey asılıdır, ancaq unutmamalıyıq ki, ümumi görüntü də rejissora aid bir işdir. Rejissor hərətəfli görünən, hərtərəfli düşünən aparıcı rolunu oynayır. -Operanın səhnəsində elə ustadlar olub ki, onlarla bərabər eyni səhnəni paylaşmaq necə bir hiss idi? -40 ildə kimləri görmədim ki?! Ancaq etiraf edim ki, mən sadəcə olaraq ustadların ifasını izləməmişəm, ustadlarla yanaşı eyni zamanda kiçik rolların ifaçılarını da izlımişəm, onlardan da bir şeylər öyrənməyə çalışmışam. -Bunu hər ifaçı etiraf etməz... -Sənət sadəcə böyük həcmli rollardan ibarət deyil, bəzən görürsən kiçik həcmli bir rolda elə bir ifaçılıq nümayiş etdirilir ki, məhz o an çox şey öyrənirsən. Firəngiz Əhmədova, Lütfiyar İmanov, Firudun Mehdiyev, Adil Məlikov, Əli Haqverdiyev və daha kimləri görmədim. Sonrakı nəsil Zeynəb Xanlarova, Arif Babayev, Canəli Əkbərov, Baba Mahmudoğlu və b. bir səhnəni paylaşdıq. Onu da qeyd edim ki, adlarını çəkdiyim sənətkarların hər birinin özünəməxsus ifa tərzi olduğu kimi, eyni zamanda çox məsuliyyətli idilər və bu məsuliyyət hissi onları sənətkarlıq zirvəsinə yüksəldirdi. Kiçik bir haşiyə çıxmaq istərdim. Sənətkarın sənətə olan münasibəti onun tamaşaçı auditoriyasına olan münasibətilə müəyyənləşir. Məsələn, tamaşaçı salonunda gənc nəsil, uşaqlar da ola bilər. Yaşlı nəslə qoyulan hörmətlə gənc nəslə qoyulan hörmət eyni olmalıdır. Necə yəni bu gün salonda uşaqlardı, onların qarşısında necə gəldi ifa edim, bu mümkün olan iş deyil. Hətta qrimə qədər hər şey yerli yerində olmalıdır. Hətta ucqar bir rayonda, qəsəbədə tamaşa nümayiş etdirərkən eyni məsuliyyətlə hazırlaşıb səhnəyə çıxmışam. -Ümumiyyətlə əvvəlki sənətkarlarda olan məsuliyyət hissini son yaşadan nəsil sanki sizsiniz. Bundan sonrası necə olacaq, bu, bir qədər mübahisəli məsələ olaraq qalır... -Mən deməzdim ki, bizdən sonra hər şey pis istiqamətdə cərəyan edə bilər, əksinə sənət etibarlı əllərdədir və bu sənətin bünövrəsi elə məsuliyyət üzərində qoyulduğu üçün burda biganəliyə yer yoxdur. -Tənqidə münasibətiniz necədir? -Əgər sağlam tənqiddirsə, əlbəttə ki, müsbət qarşılamaq lazımdır. Axı tənqid olmadan inkişaf olmaz. Çatışmayan cəhətləri mütləq demək lazımdır, əslində tənqiddən nəticə də çıxarılır, tənqid bir növ öyrədir və ya yenidən öyrənməyə, təkrar etməyə şərait yaradır, özünə olan məsuliyyət hissini daha da artırır. Belə olduğu halda zənnimcə, tənqiddən inciməyə dəyməz. -Fəaliyyətiniz müddətində nələr sizi qane etdi və ya əksinə nələr qane etmədi? -Əgər vokal ifaçılığı sənətində ən yüksək göstəricələrlə özümə yanaşsam, o zaman demək olar ki, vokal texnikası çatışmamazlığına görə, səsimin imkanlarından tam olaraq istifadə edə bilmədim. Yəni, vokal texnikası çatışmamazılığına görə çox şeyləri edə bilmədim, halbuki bu çatışmamazlıq olmasaydı daha çox iş görə bilərdim. -Bütün fəxri titullara layiq görülmüsünüz, az qala bütün sənətkarlarla eyni səhnəni paylaşmısınız və s. ancaq yenə də tam qane olmamısınız. Bəlkə bu qədər təvazökar olmasaydınız, özünüzü arxa planda saxlamasaydınız, hər şey başqa cür ola bilərdi? -Yəqin ki, xarakter məsələsidir. Mənə bu iradı tutanlar çox olur, Yəni, səhnədə necə odlu-alovlu çıxılar edirsən, sonra sakit təbiətinlə geriyə çəkilirsən, varlığını hiss etdirmirsən kimi. Yenə də təkrar edirəm bu mənim təbiətimlə əlaqədardır. Bütün sözümü sənətimlə, səhnədə, tamaşaçı auditoriyası qarşısında demişəm, deyirəm və nə qədər ömrüm var deyəcəyəm. Əslində sənətkar sözünü elə sənətlə deməlidir. -Dünya operasından kimləri izlədiniz, dünya operasına münasibətiniz necədir. Böyük ölkələrdən birinin Opera teatrında çalışmaq kimi arzunuz oldu? -İllər öncə, Konservatoriyada təhsil aldığım illərdə belə bir imkan olmuşdur. Əslində bu arzu deyildi, sadəcə belə bir imkan yaranmışdı. Söhbət 1973-cü ildən gedir. Konservatoriyanın rektoru, rəhmətlik Soltan Hacıbəyov mənə böyük qayğı göstərirdi, onun dəstəyiylə təqaüd alırdım. Təhsilimi artırmaq məqsədilə məni İtaliyaya göndərəcəyinə söz vermişdi, təəssüf ki, bir neçə ay sonra rəhmətə getdi. Bəlkə də belə bir şanssızlıqla qarşılaşmasaydım o zaman hər şey başqa cür ola bilərdi... -Yəqin ki, qismət belə imiş... -Ümumiyyətlə həyat yolum hamar olmayıb. Təhsil aldığım zamanlardan çalışmışam, zəhmətlə yaşamışam və gəlib 70 yaşa çatmışam... -Ömrün müdrik çağıdır desək, axı müdrik yaş dövründə həyat bir qədər asanlaşır... -Bəlkə də ona görə ki, həyatı öyrənirsən, yaşamağı öyrənirsən və ən önəmlisi həyatın çətinliklərini öyrənirsən... -Öyrənmək əsas şərtdir, peyğəmbərimiz də Allahdan gələn bu sözü insanlığa çatdırıb. -Belə olan halda öyrənməyə, yaşamağa davam...

Dekabr 2, 2016 11:54

“Qarabağ işğal olunsa da, yenə də Qarabağlı muğam ifaçıları yetişir”…

Muğam ifaçılığında söz, musiqi qədər, ifaçının səs imkanlarının geniş və ürəyəyatan olması da çox önəmlidir. Bəlkə də ona görə ki, hələ muğam yaranandan SƏS, ifaçılığı tamaşaçıya çatdırmaq üçün ən başlıca şərt sayılıb. xeber100.com muğam ifaçılığlnda öz sözünü  demiş, Xalq artisti Nəzakət Teymurova ilə geniş müsahibə hazırlayaraq siz oxucuların diqqətinə təqdim edir. Bir qədər həzin, qəmli notlar üzərində köklənən söhbətimizin əsas mövzusu elə muğam idi... -Uzun illər Opera və Balet teatrının səhnəsində müxtəlif səpgili obrazlar oynadınız, obrazların həyatını canlı səhnədə yaşadınız və eşidəndə ki, artıq teatda deyilsiniz bir qədər təəccübləndik...Bəlkə də ona görə ki, siz Opera səhnəsinə hər mənada yaraşan sənətkarlardansınız... -Ümumiyyətlə Opera və Balet teatrı muğam ifaçılarının həyatında akademik səviyyədə rol oynayan musiqi ocağıdır. Əgər Musiqi tarixinə nəzər salsaq o zaman görərik ki, bu teatrda necə ustadlar fəaliyyət göstərib. Bəlkə onların əksəriyyətini görmək biz nəslə  qismət olmasa da, çoxlarıyla eyni səhnəni paylaşmışıq. Ötən il Opera səhnəsindəki fəaliyyətimin 20 ili tamam oldu. Və 20 ildə gördüyüm işlərə baxdım, qazandığım uğurları gözdən keçirdim və qərar verdim ki, artıq getməliyəm. Öncə teatrın rəhbərliyi etiraz etdi və bu etirazı nəzərə alaraq bir az daha qaldım, 4-5 tamaşa oynadım və sonra qərarımı qətiləşdirdim. Əlbəttə ki, qərarıma hörmətlə yanaşıldı və o da qeyd olundu ki, istənilən vaxt geriyə qayıda bilərəm. Bu ani gedişimin səbəbi çox sadədir, özümə qarşı müəyyən qadağalarım var. Məsələn, mən ola bilər ki, xanəndəlikdən də uzaqlaşa bilərəm. Çünki dediyim kimi özüm üçün elə bir çərçivə yaratmışam ki, zamanla nəyin olub-olmayacağına asanlıqla qərar verir və bu qərarı həyata keçirirəm. -Bunun yaşla hər hansı bir əlaqəsi var, yoxsa? -Yaşla əlaqəsi olmasa da “hər şey zamanında gözəldir” prinsipi məni daima düşündürən məsələlərdən biri olaraq qalır, bəlkə də ona görə hər zaman bu prinsipə əməl edirəm. -Hər yaşın öz hesabatı var. Xanəndə 20 yaşda bir başqa, 30 yaşda tamam başqa, 40 yaşda çox fərqli və s. ifaçılıq nümayiş etdirə bilər. O da təsadüfi deyil ki, yaş artdıqca səsin inkişafı da artır, təcrübə artıq öz sözünü deməyə başlayır... -Bütün bunlar doğrudur. Ancaq müəyyən zaman keçdikdən sonra da səs əvvəlki gücünü itirə bilər ki, bu da təbii haldır. Bir sözlə, mən səs gücümü itirmədən, səsin təravətini qoruduğum bir yaşımda səhnədən getməyə üstünlük verənlərdənəm. -Muğam ifaçılığında söz və musiqi anlayışı sizin üçün nəyi ifadə edir? Siz də çox gözəl bilirsiniz ki, söz olmadan musiqi, musiqi olmadan sözün olması mümkün deyil, hər ikisi vəhdət təşkil edir. Sözü daxildən hissiyatın gücü ilə çıxarmaq bir başqa duyğudur. Bu baxımdan Füzulini, Nəsimini, Əliağa Vahidi və digərlərini oxuduğum zaman o sözə adi yanaşmaq mümkün deyil, o sözdə olan dövrü, yaşantını, gücü hiss edərək duymaq tələb olunur. Belə olmazsa hansı xanəndəlikdən söhbət gedə bilər ki?!Hər bir insanın öz daxili aləmi, öz yaşantısı var, xüsusilə xanəndə yaşantısı, daxili dünyası bir başqadır. Hər sözə həssaslıqla yanaşmaq xanəndəliyə xas keyfiyyət olduğu üçün, xanəndə hansı sözə, necə yanaşmağı da gözəl bacarmalıdır. Kor-koranəlik olan yerdə sənətdən, sənətin sehrindən söhbət gedə bilməz. Daxili aləm məhz bu məqamda özünü biruzə verir. -Belə bir söz var: Laqeyd insan elə hər şeyə laqeyd yanaşır. Bu hər sahənin adamı üçün işlədilən bir kəlimədir. O qədər eşitmişik ki, deyirlər filankəs muğamı necə hissiyyatsız oxuyur, sanki sözü əzbərləyib birnəfəsə deyir və s. -Bilirsinizmi, xarakter özünü mütləq göstərir, xüsusilə çalışdığın sahədə. Ümumiyyətlə xanəndə işi göz qabağında olduğu üçün tamaşaçı diqqətindən heç bir şey qaçmır. Həqiqətən laqeyd insan elə öz işində də laqeyddir. Bizim sənətdə ürək önəmli, daxili dünyanın zənginliyi önəmlidir, həm də çox önəmlidir. -Siz xanəndə kimi özünə xas rahatlıqla muğamları ifa edirsiniz. Xüsusilə solo konsertlərinizdə sizin arxayın şəkildə muğam ifa etməniz tamaşçaını sözün həqiqi mənasında valeh edir. Ancaq bir qədər peşəkar insan bu  arxayınçılığın arxasında necə həyəcan, məsuliyyət hissi olduğunu hiss edir... -Bu da təbii haldır. Allah səs verib, səsin necə işlənmə qaydası üçün ustadlardan dərs almağıma yardım edib, bir sözlə, bütün qapıları açıb. Belə bir vaxtda hər şeydən doğru, düzgün istifadə etməyi bacarmaq özü ustalıq tələb edir. Siz haqlısınız, doğrudan da görünən rahatlığın arxasında çox böyük məsuliyyət hissi var, həyəcan var. Yeri gəlmişkən, konsert proqramlarının birində hazırlıq proseslərinin gedişatı ilə bağlı elə əsəbləşmişdim ki, belə bir əsəblə səhnəyə çıxmaq, muğam oxumaq, tamaşaçıda əhval-ruhiyyə yaratmaq...o anı düşününcə məəttəl qalıram ki, çətin də olsa necə də ustalıqla konsert proqramı bitənə qədər özümə olan, səsimə olan nəzarəti itirmədim. Bütün bunlar üçün hər zaman Allahıma şükür edirəm. -Siz nəslin muğam ifaçlığına gəlişiniz ölkəmizin ən ağır günlərinə təsadüf edir. Hətta 90-cı il hadisələrindən sonra hər sahədə yaranan durğunluq, muğama da öz təsirini göstərdi... -Ancaq nə qədər çətin olsa da muğam sənəti itib-batmadı. Hətta artıq muğama dövlət səviyyəsində diqqət ayrılıb. Muğamı yaradanlar, yaşadanlar zaman keçdikcə estafeti yeni nəslə tapşırdı və biz nəsil də bunun üçün çalışdıq. Çalışdıqca da hiss etdik ki, dövlətimiz ən ağır günlərdə belə muğamdan diqqətini çəkmədi. Bildiyiniz kimi milli musiqimiz xalqın gücüylə bu günlərə gəlib çatıb və dövlət də xalqın qoruduğu milli sərvətə sahib çıxınca o zaman inkişaf prosesi daha da güclənir. Muğamlara söykənərək onlara yenilik gətirmək buna canlı misaldır. Hələ tələbə vaxtı ustadlardan öyrəndiyimiz elə muğamlar olub ki, onların hər birini yaddaşıma həkk etmişəm, hətta muğamların əksəriyyəti ifa edilməsə belə mən hər zaman öyrənərək yaddaşıma yazdığım o gücdən istifadə edirəm. -Qismətinə çətin dövrü yaşamaq düşən bir xanəndə kimi o günləri necə xatırlayırsınız? -Qarabağda-Ağdamda evimiz var idi, gözümü dünyaya açdığım, böyüdüyüm, çörəyini yeyib, suyunu içdiyim Ağdam işğal olunduğu zaman mənim üçün çox çətin oldu. Bunu hələ də həzm edə bilmirəm. Necə ola bilər ki, hər qarışına bələd olduğun torpağa həsrət qalasan, o torpaqlara gedib çıxa bilməyəsən, sadəcə kənardan boylanıb görəsən?! Gözlərimin qarşısında o qədər faciə baş vermişdi ki, evi dağılan kim, evin içində ailə qarışıq yanan kim, bir sözlə saysız-hesabsız itkilər...Bir müəllimim var idi, nə zaman onun dərsində olurdum zarafatqarışıq atmaca atırdı-Qarabağı da qoyub qaçdınız- Bu söz mənə elə ağır təsir edirdi ki, qardaşları müharibədə olan, ailəsini hələ od-alovun içində qoyduğu halda dərslərdən geri qalmamağa çalışan bir gənc üçün belə bir sözü eşitmək, həm də müəllimdən...nə bilim çox ağır idi... HAŞİYƏ: Q günlərdən illər keçməsinə baxmayaraq hər anı xatıylayaraq göz yaşı içində anladan Nəzakət xanımı ovundurmağa söz tapmaqda çətinlik tapırdım. Bir var mənsub olduğun ölkənin torpaqları işğaldadır, bir də var ki, doğulub, böyüdüyün, uşaqlıq illərini qoyub gəldiyin ana yurdun işğalda ola və illərdir sən həsrət qalasan. Zənnimcə hər ikisi arasında çox böyük fərq var... -Bütün bunlara baxmayaraq siz o ağır günlərə dayandınız və zaman keçdikcə özünüz müəllimlik zirvəsinə yüksəldiniz. Uzun illərdir pedaqoji fəaliyyətlə məşğul olursunuz, onlarla, bəlkə yüzlərlə tələbələriniz var. Bundan böyük xoşbəxtlik olar? -Haqlısınız, ancaq bu həyatda torpaq itkisi qədər ağrılı bir itki olmayıb, yəqin ki, olmayacaq da. Yəqin ki, torpaqlarımız nə qədər ki, azad olmayıb, bu ağrı hər zaman mənim ürəyimdə yaşayacaq, sızladacaq məni. Tələbələriomə də muğamla yanaşı, muğamın vətəni olan Qarabağ torpaqlarını anladıram. Görürsünüzmü Qarabağ işğalda olsa da, yenə də Qarabağlı muğam ifaçıları yetişir və onlarınn səs imkanları sanki eyni qəbildən çıxıb. Bizlər dünya ölkələrini, xalqlarını muğamla təəccübləndiririk. Muğamla dünyaya qastrol edən sənətkarların sayı-hesabı olmayıb, Azərbaycan musiqisi-muğamı deyildikdə digər xalqlar sanki ovsunlanır. Bütün bunlar hamısı muğamın gücündədir. İnandırım sizi ki, dəfələrlə şahid olmuşam ifaçlığımız əcnəbilər tərəfindən necə alqışlanır, bayrağımız qarşısında baş əyilir. Bütün bunlar bir daha sübut edir ki, muğam Azərbaycanın milli sərvətidir. Bildiyiniz kimi 2002-ci ildən pedaqoji fəaliyyətlə məşğul oluram. Hələ gənc yaşlarımdan mənə etimad göstərdilər, müəllimlərimlə çiyin-çiyinə çalışıram, bildiklərimi tələbələrimə öyrədirəm, hətta onlarla bərabər özüm təkrar edərəm sanki yenidən öyrənirəm ki, bu da məsuliyyətimi daha da artırır. Yeni muğam ifaçıları yetişir, yeni gələn nəslin muğam ifaçılığında böyük uğurlar qazanağına inanıram...

Noyabr 23, 2016 11:37

Klassikaya münasibət çox yüksək səviyyədədir…

“Teatr yeniliyi sevir və aktyor teatrda baş verən yeniliklərə özünü daima hazır hiss etməlidir”. Bu fikirlər Musiqili Teatrın aparıcı vokal ifaçısı Nərgiz Kərimova aiddir. Aktrisa ilə çalışdığı teatrda görüşdük, söhbəti sənət üzərində köklədik, bir sözlə, xeber100.com üçün lazım olan bütün sənət sirləri məhz bu müsahibədə olacaq. Müsahibəni oxumağı tovsiyə edirəm. -Dünya ölkələrində Azərbaycan klassik musiqisini layiqli şəkildə təmsil edəcək geniş səs imkanlarına maliksiniz. Vokal səs. yəqin ki, bir möcüzədir... -İstedad, qabiliyyət, bacarıq, səs və s. bütün bunlar hamısı Allah vergisidir, ancaq bunun önəmli tərəfi bütün bu sadaladığım qabiliyyət üzərində çalşmaqdır. Yəni, yüksək dəyərləri özündə birləşdirən sənət adamları daima öz üzərlərində çalışmalıdır. Təsəvvür edin ki, idmançı mütəmadi olaraq öz üzərində çalışmazsa onda idmandan əsər-əlamət belə qala bilməz. Yoxsa-bu güc mənə verilib, çalışdım, çalışmadım fərqi yoxdur, hər zaman formada olacağam- prinsipi ilə yaşasan o zaman həqiqətən bir şey edə bilməzsən. Şəxsən mən daima öyrənirəm, peşəkarlardan, ustadlardan öyrənirəm, daima öz qüzərimdə çalışıram, bütün bunlar təbii ki, inkişafa xidmət edir. Özünə tənqidi yanaşma, hər dəfə imza atdığım proyektin daha yaxşısını həyata keçirmək mənim iş prinsiplərimə aiddir. -Klassik əsərlərə fərqli rejissor yozumlarının olması və tutaq ki, indiyə qədər fərqli baxışdan baxıb gördüyünüz bir obrazın tamam dəyişik şəkildə təqdim olması kimi məqamlara necə baxırsınız? -Siz çox doğru buyurdunuz ki, rejissor yozumları çox fərqli olur ki, bu da təbii haldır. Bəlkə “Romeo mənim qonşumdur” filmini eynilə teatr səhnəsində görmək daha maraqlıdır və ya bu əksinə də ola bilər. Ola bilsin ki, illər sonra bu əsərin fərqli  səhnə quruluşu da düşünülsün. -Dünya ölkələrinə səfər edən bir sənət adamı olaraq əcnəbilərin  ümumiyyətlə  Azərbaycan incəsənətinə olan münasibətini necə dəyərləndirirsiniz? Ümumiyyətlə əcnəbilərin sənətə, xüsusilə klassikaya münasibəti çox yüksək səviyyədədir və mən dəfələrlə şahid olmuşam ki, bizim tamaşalar, bizim musiqi, ümumiyyətlə ölkəmiz  yaxşı mənada, necə dünya ölkələrinin maraq səviyyəsindədir.  Yeri gəlmişkən, Amerikaya qastrol  səfərlərinin birində əsas rolda Afaq Bəşirqızının iştirakı ilə hazırlanan səhnəciklərlə qatılmışdıq. Mən də həm həmin səhnəciklərin əksəriyyətində iştirak edirdim, eyni zamanda da oxuyurdum. Təsəvvür edin ki, 24 saatlıq yoldan sonra səhnədə ifaçılıq nümayiş etdirmək və səsimdə yorqunluğun hiss olunmaması, ümumiyyətlə isə səhnəyə çıxarkən özümü yorğun hiss etməməyim hamını təəccübləndirmişti. -Sözünüzə qüvvət, elə özünüzə qarşı tələbkar olmağınızın nəticəsidir ki, ən yorucu günlərdə belə səhnədə hər şeyi unudursunuz... -Səhnə sadəcə gözəlliyi, peşəkarlığı, istedadı, bacarığı deyil, eyni zamanda məsuliyyəti də sevir. Dünya ölkələrinə tamaşalarla yanaşı, orkestrlə, kvartetlə getdiyim məqamlar da olur. Təsəvvür edin ki, səhnəyə çıxacağımız günə hələ var, hamı şəhərin görməli yerlərinə gedir ancaq mən özümə qapanıram, bildiklərimi yenidən təkrar edirəm və xüsusilə səsimə qulluq edirəm. Yəni özümə qarşı olan tələbkarlığım hər yerdə özünü biruzə verir. -Özünüzə qarşı tələbkarlığınız mərhum atanız-rejissor Faiq Zöhrabova da xas keyfiyyət idi. Dəfələrlə onun məşqlərində iştirak etmişdim və tamaşaya qarşı, aktyora qarşı necə tələbkar olduğunun şahidi olmuşdum. -Haqlısınız...İnanın ki, tamaşa hazırlandıqdan sonra da bəlkə 1 il, 2 il belə tamaşada olan hər xırda detala qarışırdı, bəzən dəyişiklik edirdi. Qrim otağına gəlirdi, niyə başqa paltar geyindin, niyə başqa bir kəlimə dediniz və s. o qədər çox irad tuturdu ki, nəticədə bu iradların hər biri sənətə xidmət edirdi. -Necə tamaşada birgə çalışdınız... -Təxminən 6-7 tamaşada çalışdıq onlardan da birincisi elə “Talelər qovuşanda” tamaşası idi və bu tamaşa məni Musiqili Komediya Teatrına sıx tellərlə bağladı.  Onu da qeyd edim ki, atamın dəvətilə bu tamaşada əsas rola dəvət olundum və bu teatrın səhnəsində ilk dəfə oynadığım bu rol mənim sənət həyatımda böyük rol oynadı. -Bəstəkar Rauf Hacıyevin eyniadlı operettasının motivləri əsasında çəkilən “Romeo mənim qonşumdur” filmində əsas rollarda gürcü və rus aktyorları çəkilib. Öz müasirliyini hələ qoruyub saxlayan film böyük maraqla qəbul olundu ki, nəticədə onun səhnə variantını düşünmək böyük məsuliyyət tələb edirdi... -Tamaşaya müraciət olunduğu zaman böyük həyəcan var idi. Onu da xüsusilə qeyd etmək istərdim ki, Rauf Hacıyevin qızı da öncə tamaşanın belə yüksək səviyyədə alınacağına inanmırdı, yəni tərəddüdlər çox idi. Ancaq tamaşa hazırlandıqdan sonra o böyük həyəcanla atama təşəkkür etdi və onu da qeyd etdi ki, mən belə gözəl tamaşa alınacağına inanmırdım. Bilirsinizmi tamaşada iştirak edən aktyorların hamısı  gənclər idi, mövzü da elə sevgi üzərində qurulduğu üçün gəncliyn enerjisi aşıb daşırdı. O qədər hərəkətli idi ki, tamaşaçı hər kiçik səhnədə belə həyəcanlanırdı, gülürdü, əylənirdi. Rejissor ilk andan yaradıcı heyətə dedi ki, mən tamaşada şit heç bir şey istəmirəm, səviyyəli tamaşa hazırlamalıyıq. Doğrudan da səviyyəli tamaşa alındı və etiraf edək ki, bziizm belə tamaşalar çox ehtiyacımız var. -İllər keçir, dünən gənc qız obrazlarınız yaradan aktrisalar zaman keçdikcə ana obrazları ilə səhnəyə çıxır. Bu həyatın həm gözəl, həm də amansız qanunudur...Siz də anasınız, ancaq deyəsən hələ ana obrazları oynamaq fikrindən çox-çox uzaqsınız... -Allah eləsin ki, elə həmişə də gənc qız obrazları yaradım...Əslində gənc qalmağı arzulamaq təbii haldır və uzun müddət də gənc görünüşü saxlamaq mümkündür. Nə qədər ki, aktrisanın, aktyorun görünüşü imkan verirsə, bir o qədər də gənc obrazlarda səhnəyə çıxa bilər. Hələ ki, mənim də görünüşüm səhnəyə əsas gənc qəhrəmanları oynamağa imkan verir. -Solo konsertlər və akrisa kimi çalışdığınız tamaşalar...bir birindən fərqlənən və eyni zamanda sənəti birləşdirən ifaçılıq məqamlari...Bir birinə mane olurmu, yoxsa? -Əksinə bir birinə kömək edir və siz də qeyd etdiyiniz kimi hər ikisi özündə sənəti birləşdirir. -Elə bir zaman olubmu ki, seçim qarşısında qalaraq bunlardan sadəcə birini seçəsiniz? -Seçim qarşısında qalmamışam, sənətin sehri məni hər ikisinə birləşdirib. Solo ifaçılığa gəlincə daima dünya ölkələrində solo konsertlərim olur və konsert proqramlarım yüksək səviyyədə qarşılanır. -Adətən vokal ifaçılarını Opera səhnəsində görməyə alışmışıq və sizin də səs imkanlarınız o fikri aşılayır ki, siz Opera səhnəsində böyük uğurlara imza atmağa layiqsiniz... -Opera və Balet Teatrının fəaliyyəti, bu teatrın səhnəsində hazırlanan operalar, baletlər daima Azərbaycan sənətsevərlərinin diqqətində dayanır və eləcə də mən bu teatrı çox sevirəm. Bəhs etdiyimiz teatrda yüksək səsə malik ifaçılar var və onların hər biri ilə eyni səhnəni paylaşdığım məqamlar olur. Ancaq tale elə gətirdi ki, mən Musiqili Teatrda çalışdım və illərdir bu teatrın səhnəsində oynadğım rolların  hər biri mənim sənət uğurlarımdır, bu teatra çox bağlanmışam.        

Noyabr 21, 2016 15:00

Kənan Məmmədovun 70 illiyinə…

Önəmli sənət nümunələrinə quruluşçu operator olaraq imza atan, onlarla rejissorlarla, yüzlərlə aktyorlarla yaradıcı əməkdaşlıq edən, bir sözlə, ömrün 7-ci onilliyinə qədəm qoyan Kənan Məmmədov xeber100.com saytının qonağıdır. Yubilyarla 70 illik ömrün bəzi məqamlarına nəzər salaraq sırf sənət söhbəti etdik. Nələri müzakirə etdik, bəlkə bəzi məqamları tənqid etdik və s. məqamları xırdalıqlarına qədər bilmək istəyirsinizsə o zaman mütləq müsahibəni oxuyun. - 70 yaş, 40 illik yaradıcı fəaliyyət, bir sözlə,yaradıcı günlərlə dolu bir ömür yolu keçmisiniz və hər yaşın öz hesabatı var. Geriyə boylanınca nələrin üzərində daha çox düşünməli olursunuz? Kinoda kimləri gördünüz, kimlərlə əməkdaşlıq etdiniz? -Kimləri görmədim ki?! Öncəliklə boş keçən illərim olmayıb, hər il yeni film çəkmişəm. Hətta ən çətin illərdə belə mən filmsiz qalmadım. 90-cı illərdə kino demək olar ki, dayanmışdı, ancaq mən işləyirdim. Belə bir fikir var ki, ən dəyərli sənət nümunələri ən çətin günlərdə yaranır. Təsəvvür edin ki, 90-cı illərdə belə bir sınaqla üz-üzə qaldıq. Doğrudur, qeyd etdiyim kimi bizdən asılı olmayan səbəblərə görə bəzi filmlər dayandı, ancaq onların çəkilişlərində böyük güc sərf etdik. 1998-ci ildə isə artıq Rasim Ocaqovla “Otel otağı” filminə başladıq və ondan sonrakı illər də yenə də hər ilin öz filmləri oldu. Sonra Oqtay Mirqasımovla “Ovsunçu” filmini çəkdik, daha sonra Nicat Feyzullayevlə “Küçələrə su səpmişəm” filmini, sonra “Məhkumlar, “Qala”, “İstanbul reysi” və s. filmləri çəkdik. Xoşbəxtəm ki, bu dövrü yaşamışam və 70 yaşa çatdığım bir vaxta geriyə boylanıb baxınca görürəm ki, boş keçən günlərim, illərim olmayıb. -70 yaş nə azdır, nə də çoxdur və 7 rəqəqminin də islam dünyasında necə müqəddəs rəqəm olduğu hamıya məlumdur. Ola bilsin ki, ömrün 7-ci onilliyində daha önəmli layihələrər imza atasınız... - Həyat sürprizlərlə doludur. Necə deyərlər yaşayarıq, görərik. Ancaq etiraf edim ki, bu illər ərzində elə qaynar iş sistemində çalışdım ki, sanki 70 il bir an olaraq gəlib keçdi. Ömrüm kinoya bağlı olduğu üçün, həyatım sanki filmdən filmə keçdi. Bir film bitmədən növbəti filmin çəkilişinə başlayırdım və hər film də 7-8m aya başa gəlirdi, hətta bir ilə çəkilən filmlər də olub. Və beləliklə də xəbərim olmadan illər keçirdi. Yaxşı yadımdadır 10 il əvvəl, 60 illiyimdə qohum- əqrəbadan, həmkarlarımdan  ibarət 70-80 nəfər restoranların birində təntənəli surətdə ad günümü qeyd etdik. İnandırım sizi ki, son 10 il necə sürətlə keçdisə, yəni, bir göz qırpımında, bir də gördüm ki, 70-ə çatmışam. Ancaq özümü 30-40 yaşda hiss edirəm. Bu, özünü işdə də biruzə verir. Yəni, yaş gedir, ancaq daxili, fiziki imkanların gücü özünü 30-40 yaşda qoruyub saxlayır. Bu baxımdan düşünürəm ki, sağlam həyat tərzi çox önəmlidir. - Elə bir yaş zirvəsindəsiniz ki, hətta yaradıcı kimi elə bir zirvəyə yüksəlmisiniz ki, hazırda bütün qapılar üzünüzə açılamlıdır. Dövlət qayğısı hiss edirsiniz? - 1983-cü ildən Kinematoqrafçılar İttifaqının üzvüyəm və çox böyük sənətkarlar həmin ittifaqda bir araya gəliblər. Bildiyiniz kimi müəyyən səbəblərdən parçalanma oldu, yeni birlik fəaliyyətə başladı. Və onu da yaxşı bilirsiniz ki, mənim siyasi oyunlarla işim olmadığı üçün baş verən proseslərdə iştirak etmədim. Bu illər ərzində başımı aşağı salıb sadəcə film çəkməklə məşğul olmuşam. Azərbaycan kinooperatorları arasında ən çox film çəkən operatoram. 26 bədii film, ümumilikdə isə 55-dən çox filmlər çəkmişəm ki, onların içində sənədli filmlər də,  televiziya filmləridə olub. Etiraf edim ki, yeni yaranan birliyin  –"Azərbaycan kinosunun inkişafının konseptual məsələlərinin müzakirəsi"- adı ilə Nizami kino mərkəzində keçirilmiş ilk toplantısına məni dəvət etməmişdilər. Sən demə həmin toplantıda yeni birlik təsis olunub. Atalar yaxşı deyib: “Çağrılan yerə ar eləmə, çağrılmayan yeri dar eləmə”. Əgər kino ilə bağlı belə bir ciddi məsələdə köhnə ittifaqın katiblərindən biri yada salınmırsa, o zaman nə deyə bilərəm ki?! - Əslində ömrünün 70 ilini kinoya həsr etmiş, bir-birindən önəmli sənət nümunələrinə imza atmış bir kinematoqrafçının iştirakı olmadan hansı kino müzakirəsindən söhbət gedə bilər ki? - Bu məqam məni də çox düşündürdü...Mən əqidəli insanam. Ola bilsin ki, bəzi işlərdə mən də yanlış düşünüm, ancaq yanlış düşüncə də mənimdir. Bu baxımdam da mənəvi istiqamətimi, yaşayış tərzimi dəyişmirəm, necə başlamışamsa, elə də davam edirəm. Belə münasibət məndə inciklik yaratdı və bundan sonra da heç bir birliyə üzv olmaq istəmirəm. Yəqin ki, bu səbəblərdən hər hansı bir tədbir, təbrik olmadı. Etiraf edim ki, mənim heç bir şeyə ehtiyacım da yoxdu. Əməkdar incəsənət xadimiyəm, Respublika Dövlət mükafatı laureatı, “Humay” mükafatı, “Qızıl Çıraq” mükafatı və s. hər birinə layiq görülmüşəm. Hətta yeganə azərbaycanlıyam ki, Avropa Kino Akademiyasının üzvüyəm. Onların keçirdiyi hər tədbirə dəvət olunuram, iştirak edirəm, dünya kinosu üzərində dünya kinematoqrafçıları ilə fikir mübadiləsi aparırıq və s. Bütün bunlar bir daha sübut edir ki, mən Azərbaycan kinosu üçün çox iş görmüşəm və çox iş də görürəm. Amma... - Deyəsən, ammasız olmur? - Bilirsiniz ki, mənim gözəl ailəm var, həyat yoldaşım, övladlarım, nəvələrim, qohum-əqraba var və onların hamısı kinodakı fəaliyyətimi izləyirlər. 70 yaş ərəfəsində sanki hamısı dövlət tərəfindən kiçik olsada bir yubilley tədbiri gözləyirdi....Bu nöqteyi-nəzərdən AzTV haqqımda film çəkdi, Azərbaycan radiosu böyük həcmli veriliş hazırladı. İctimai TV məni “Səhər” proqramına dəvət etdi, canlı yayımda haqqımda 25 dəqiqəlik süjet təqdim olundu. Yaxşı ki, bütün bunlar oldu.... Kinostudiyanın direktoru zəng edərək məni təbrik etdi, hətta kinostudiya səviyyəsində kiçik bir məclis qurmağı da təklif etdi, ancaq mən qəbul etmədim. Sosial şəbəkələrdən olan, dünya ölkələrindən gələn təbrik zənglərinin sayı-hesabı olmadı. Bəlkə bəzi gözlədiyim məqamlar baş tutmadı, ancaq bu qədər sevənlərin diqqətində olmaq varkən, olmayan şeylərə görə də üzülməyə dəyməz. - Ustad Rasim Ocaqovun dediyi kimi, narahat olmayın hər əsrin 75 ili çətin olur, sonra hər şey asanlaşır. - Rəhmətlik bu sözü hər zaman söyləyirdi...Mən xoşbəxt həyat sürmüşəm. Çünki ömrümü sevdiyim işə həsr etmişəm. Düzgün məslək seçimi, seçdiyin peşəyə düzgün münasibət bəsləmək böyük nailiyyətdir. Kamera arxasında olmaq, film çəkmək, yeni sənət nümunəsiylə tarixə düşmək, bu, böyük şans, böyük uğurdur. - Bildiyiniz kimi konooperatorların əksəriyyəti zaman keçdikcə rejissor sənətinə meyl etdilər. Belə bir hiss sizdə də yarandı? - Təqribən 15-20 il öncə belə bir hiss mənim qəlbimə hakim kəsildi, öz-özümə dedim ki, bəsdir də operatorluq etdin, bir qədər dəyişiklik et, rejissorluğa başla və s. Ancaq sonra düşündüm ki,  mən özümü tamaşaçıya təsvir vasitəsilə təqdim edirəm, həyata olan münasibətimi təsvirlə göstərirəmsə bu kifayət edər. Önəmli olan seçdiyin peşəyə sadiq qalmaq. Nə qədər ki, fiziki, mənəvi baxımdan imkan var, bu işlə məşğul oluram. Xoşbəxtliyimin bir sirri budur-peşə sevgisi. İkinci sirri ondadır ki, yaxşı dostlarım var və hər zaman yaxşı insanlarla ünsiyyətdə olmuşam. Dünyanı gəzmişəm və hər səfərimdə kino vasitəsilə yeni-yeni dostlar qazanmışam. Xoşbəxtliyimin üçüncü əsas sirrinin səbəbinin isə ziyalı ailəsində dünyaya göz açmışam, Atam şərqşünas alim, anam ədəbiyyatçı olublar, yaxşı uşaqlıq illəri keçirmişəm, sonralar bu xoşbəztliyi öz qurduğum ailə daha da tamamladı. Əlbəttə ki, çətin günlərim də olub, yəni həyatın hər üzünü görmüşəm. Necə deyərlər, çətinliyi görməsən, həyatın mənasını anlamazsan. Görə-görə gəlmişik, həyat çox qiymətlidir, dəyərlidir və həyatın qiymətini bilmək lazımdır. Biz belə gördük, belə öyrəndik, belə də davam edirik...                  

Noyabr 5, 2016 16:09

“Bir şərtlə proqramında iştirak edəcəyəm, teatra-ata ocağına dönəcəksən”…

Kim nə deyir desin, səhnə istedadla yanaşı, gözəl görüntünü, yaraşığı da sevir. Bəlkə də ona görə ki, gözəl görüntü ilk baxışdan tamaşaçının diqqətini çəkir. Müsahibimiz Çingiz Əhmədov öz dövrünün ən çox diqqəti çəkən teatr aktyorlarından biri olub və illər keçsə də ona olan tamaşaçı sevgisi azalmır ki, əksinə artır. Uzun illərdir Musiqli Teatrda çalışan aktyorun öz tamaşaçı auditoriyası var və onun iştirakı ilə təqdim olunan tamaşalarda aktyorun səhnəyə gəlişinin və tamaşaçılar tərəfindən necə qarşılnamasının sadəcə şahidi olmaq lazımdır. xeber100.com əməkdar artist Çingiz Əhmədovla geniş bir müsahibə hazırlayaraq siz oxucularımıza təqdim edir... -Aktyor olmaq başqa, aktyor doğulmaq bir başqadır. Birincidə aktyor olmağa cəhd var, ikincidə isə anadangəlmə vergi. Çingiz Əhmədov məhz aktyor doğulanlardandır... -Hələ uşaq baxçasına getdiyim illərdə özünəxas tərzdə kiçik səhnələrdə oynayır, hətta özümə tərəfmüqabil axtarırdım ki, qarşılıqlı oynayaq. Orta məktəb illərində sənətə olan həvəsim tədricən artdı, hətta 10 yaşımdan etibarən respublikanın ana kanalı olan Azərbaycan Televiziyasında xırda rollarla çıxış etməyə başladım. Hüseynağa Sadıqovun “Piri babanın nağılları” proqramı var idi və hər dəfə uşaqları başına toplayaraq nağıl söyləyirdi. Həmin uşaqların arasında mən də olurdum. Bundan başqa “Yomoristik novellalar”, “Kitab köşkü”, “Komediyalar aləminə səyahət”, “Teatr təbəssümləri”, “Səhər görüşləri”ndə iştirak edirdim, hətta qonorar da alırdım. Beləliklə də uşaqlıq illərindən artıq tanınmağa başladım, tanındıqca da kiçik rollara dəvət aldım. Az vaxtda populyarlıq qazanmağa başladım. Təsəvvür edin ki, ay ərzində 4 dəfə efirdə olurdum, yuxarıda sadaladığım proqramlara dəvət alırdım, yəni getdikcə tamaşaçıların maraq-diqqətini çəkməyə başladım. -Deyəsən hamının sevimlisi Çina elə həmin dövrdə meydana çıxdı? -Hətta ərköyün Çina idi meydanda...Həmin illərdə "Telefilm"in direktoru Nazim Abbasov məni “Ömrün bahar anları” filminə dəvət etdi. Çox təəssüf ki, 20 Yanvar hadisələrində mənim çəkildiyim bir çox lentlərlə yanaşı, həmin filmin lenti də yanmışdı. Nəsibə Zeynalova, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, Hüseynağa Sadıqovla, Bahadur Əliyevlə olan lentlərim yanmışdı. Ümumiyyətlə 90-cı il hadisələrində hər sahədə olduğu kimi teatr aləmində də durğunluq başladı. Çox çətin illər idi, Allah o günləri bir daha göstərməsin. Etiraf edək ki, inamımızın öldüyü bir vaxtda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi hər sahədə, xüsusilə teatr aləmində bir canlanma yaratdı. Teatrsevər insan idi, taşaçalara baxmaq, aktyorlara diqqət ayırmaq, onların sənətini qiymətləndirmək və s. hər biri ulu öndərin diqqəti sayəsində oldu. Bildiyiniz kimi mükafatlar, prezident təqaüdləri, fəxri titullar hamısı məhz onu tapşırığı ilə reallaşdı. -Musqili Komediya teatrı(indiki Musqili Teatr) sizin aktyor kimi formalaşmağınızda böyük rol oynayıb... -1984-cü ildən Musiqili Komediya Teatrında çalışmağa başladım və teatrın səhnəsində bir-birindən maraqlı rollar oynadım. Bə beləliklə də getdikcə gəlib bu zirvəyə çatdım. Ancaq müəyyən bir məqam oldu ki, teatrdan ayrıldım. Bu, 1991-ci ilə təsadüf edirdi. O vaxtlar teatrın baş rejissoru və bədii rəhbəri Cahangir Novruzov idi. O da teatrdan ayrıldı, sonra teatrın rəhbəri Qəzənfər Topçuyev oldu. Həmin ərəfədə Atabala Səfərov, Mənsumə Rzayeva, Kübra Əliyeva, Ofeliya Məmmədzadə, Ofeliya Aslan, Nəsibə Zeynalova və bir çoxu teatrdan ayrıldı. Ancaq mən çox da uzağa getmədim, Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Dövlət Gənclər teatrında fəaliyyətə başladım və 2004-cü ilə qədər həmin teatrın səhnəsində müxtəlif səpgili rollar oynadım. -Səhv etmirəmsə, məhz həmin illərdə ANS tv-də təqdim olunan “Yeriniz məlum” proqramıyla efirdə görünməyə başladınız. Əslində hər zaman efirdəydiniz, ancaq bu proqram sizi bir aktyor-aparıcı kimi fərqli olaraq tamaşçılara sevdirdi... -Bəlkə də ona görə ki, “Yeriniz məlum” proqramı tamaşaçılar üçün bir dəyişiklik, bir yenilik və yenilik qarışıq əyləncə təqdim edirdi. Təsəsvvür edin ki, saat 17.00-18.00 arası təqdim olunan proqram böyükdən-kiçiyə hamının marağına səbəb olmuşdu. Xalq artistindən tutmuş sıravi insanlarımıza qədər hamını proqrama dəvət edirdim, bir sözlə, proqramın rəngarəng alınması üçün maraqlı bir aura yaratmışdıq. Təsəsvvür edin ki, az qala hamını dəvət etmişəm, bircə Hacıbaba Bağırov proqramda iştirak etməyib. Günlərin birində ona zəng edərək proqrama dəvət etdim. Məni diqqətlə dinlədi və dedi: “Çingiz bir şərtlə proqramında iştirak edəcəyəm, sən teatra-ata ocağına dönəcəksən”. Doğrusu etiraz edərək dedim ki, vaxt məhdudiyyəti var, işləri çatdıra bilmərəm və s. Dedi ki: “Sənin üçün bütün şərtləri qəbul edirəm və bütün rollarımı sənə verəcəyəm”. Doğrudan da rəhmətlik hələ sağlığında Rəşad Nuri Güntəkinin “Bir günlük siğə”, Anarın “Adamın adamı” əsərlərindəki oynadığı rolları mənə həvalə etdi. Həmin tamaşalarda dəfələrlə səhnəyə çıxdım və tamaşaçı tərəfindən böyük maraqla qarşılandım. Sən demə, Hacıbaba müəllim xəbərim olmadan hər zaman ifamı izləyirmiş və günlərində birində məni ürəkdən təbrik edərək dedi ki, rollarım sənə halaldır, artıq mən bir kənara çəkilirəm və rollarımı sən oynayacaqsan. Rəhmətlik özündən sonra məni görürdü səhnədə, hazırda onun bütün rollarında oynayaraq özümü doğrultmağa çalışıram. -Hacıbaba Bağırovun oynadığı maraqlı tamaşalardan biri də “Bankir adaxlı” idi. Şəxsən mən şahid olmuşam ki, “Bankir adaxlı”, mövzu baxımından sadəcə günün nəbzini tutduğuna görə deyil, eyni zamanda Hacıbaba Bağırov və Afaq Bəşirqızı cütlüyünün güclü tərəfmüqabil işi sayəsində böyük uğur qazandı. -Hər iki aktyorun oyunu çox yüksək səviyyədə idi və digər aktyorların da zəhmətini inkar etmək olmaz. Onların hər biri oynadığı rolla tamaşaya yeni bir rəng qatmışdı. -Hacıbaba Bağırovdan sonra bu tamaşanı bərpa etmək və yenidən uğur qazandırmaq, bir sözlə, bu barədə yəqin ki, düşünmək belə mümkün olmazdı. Ancaq Çingiz Əhmədovun adını eşidincə bəlkə hamı bir ağızdan-ALINACAQ- dedi... -Deməli məni öz yerində görməsi bir təsadüf deyildi. “Bankir adaxlı” yenidən səhnədə nümayiş olununca yenidən tamaşaçıların marağına səbəb oldu. Doğrudur, aktyor heyətində məlum səbəblərdən bir qədər dəyişiklik oldu, ancaq hər birimiz ürəkdən çalışaraq tamaşanın ruhunu qoruduq, sanki bu tamaşada bütün yaradıcı heyət səfərbərliyə alındı, biz sadəcə səhnəni gördük, hiss etdik və bir vaxt hiss etdik ki, tamaşçı alqışına qərq olmuşuq. Etiraf edim ki, teatrda artıq yeni nəsil var və onlar istedadlıdır, gənclərlə görülən və görüləcək işlər çoxdur. Bu bir daha sübut edir ki, teatr hər zaman istedadlıların sayəsində inkişaf edəcək. -Sizin yeni gələn nəsil aktyorlarla tərəfmüqabil işiniz çox gözəl alınır. Hiss olunur ki, Çingiz Əhmədov ustadlardan gördüyü sənət tərbiyəsini özündən sonrakılara da öyrədir. Onları öz səviyyənizə yüksəldirsiniz və bu çox önəmli bir məqamdır. -Haqlısınız və o anı hiss etdiyiniz üçün minnətdaram. Hər gələn nəsil davamçı rolunu oynayır ki, bizlər də buni diqqətimizdə saxlamalıyıq. -Sizin səhnəyə sadəcə kiçik bir rolda gəlməniz kifayətdir ki, tamaşa salonu canlansın. “Şirbalanın məhəbbəti” tamaşasında Şirbalanın toy səhnəsidə sadəcə bir dəfə görünürsünüz-əl çalaraq bəylə-gəlinin sevincinə şərik olduğunuzu nümayiş etdirisiniz. -Demək həmin səhnəni xatırlayanlar var... -Xatırlamaq da nədir, siz həmi səhnədə olan görünüşünüzlə sanki tamaşanı canlandırısınız. Yəni, epizod rolu baş rol səviyyəsində oynamağı bacaran aktyorlardansınız... -Rəhmətlik Fazil Salayev əksər filmlərdə oynadığı kiçik rollarla yaddaşımıza həkk olunub, bir dəfə görünməklə tamaşaçının beynində, ürəyində yer tuturdu. Doğrudan da ustad idi... -Eləcə də Məmmədsadıq Nuriyev az sözlə çox fikri ifadə edən akyorlarımızdan olub. Təsəsvvür edin ki, oğul Yaşar Nuriyev bir başqa istedad, ata Məmmədsadıq Nuriyev bir başqa. Hətta Nəsibə Zeynalova ilə Cahangir Novruzov haqqında da eyni fikri söyləmək olar. Hər ikisi zirvəyə yüksəldi və fərqli yollarda addımladılar. -Haqlısınız, hətta mən deyərdim ki, əgər Cahangir Novruzov ölkədən getməsəydi yenə də böyük işlər görə bilərdi. Bildiyiniz kimi uzun illərdir qardaş Türkiyədə pedaqoq olaraq çalışır və hazırda onun tələbələrinin səsi dünya ölkələrindən gəlir. -Qeyd etdiyimiz kimi ustadların əhatəsində olmusunuz, eyni səhnəni paylaşmısınız. Onlardan ən çox öyrəndiyiniz nə idi? -Bilirsinizmi onların hər biri böyük məktəb idi. Xüsusilə Əliağa Ağayevin adını çəkmək istərdim, çünki onun məktəbini görmüşəm. Böyüklə böyük, kiçiklə kiçiklik edən, istedadlılara dəstək verən, tanımadıqlarına kömək edən sənətkarlarımızdan idi. O dövrdə iş məsuliyyəti çox güclü idi və sənətkarlarımız da çox böyük məsuliyyət nümayiş etdirirdilər. Onların hər birindən öyrəndiklərimi olduğu kimi davam etdirirəm. Çünki yaradıcı iş yüksək həssaslıqla yanaşı, məsuliyyəti sevir. Məsuliyyət olan yerdə də görülən iş mütləq uğur qazanacaq. Aktyorluq müqəddəs peşədir, kimləri görmədik bu sənətdə, zirvə dediyimiz o yüksəklikdə...Bu sənət bitib tükənməz, əksinə daima inkişaf edəcək, daima yetişdirəcək.xeber100.com

Oktyabr 28, 2016 15:26