Formula-1 Avropa Qran-prisinin möhtəşəm açılış mərasimi keçirilib

19 İyun 2016 17:59

Xəbər 1309 dəfə oxunub

İyunun 19-da Bakıda Formula-1 Avropa Qran-prisinin möhtəşəm açılış mərasimi keçirilib. Azərtac xəbər verir ki, əvvəlcə Formula-1 pilotlarının öz bolidləri ilə keçidi olub. Açılış mərasimində xalqımızın mübariz ruhu və zəngin irsi bütün dünyaya nümayiş olunub. Mərasimdə bədii bacarığına görə seçilmiş könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət rol alıb. Qədim və zəngin Azərbaycan mədəniyyətinin Formula-1 dəyərləri ilə vəhdət təşkil etdiyi açılış mərasimi 5 rəmz və model – alov, su, külək, irəli və birlik vasitəsilə müəyyən süjet xətti üzərində birləşən elementlərdən ibarətdir. Formula-1 pilotu olmağı milyonlarla insan xəyal edir. Lakin xəyalları reallığa çevirmək, Formula-1-in sürət həyəcanını yaşamaq, çempion olmaq üçün müstəsna xüsusiyyətlərə, peşəkarlığa malik olmaq lazımdır. Bunun üçün alov kimi qaynar ürəkli, su tək enerjili və qıvraq, külək kimi sürətli, daim irəliyə doğru can atmaqla əzmkarlığa və ayrı-ayrı fərdləri zəfər uğrunda birlikdə çalışmağa həvəsləndirən komanda ruhuna ehtiyac var. Bu keyfiyyətləri sahib olmaq üçün hər bir kəs mənəvi dünyasına nəzər yetirməlidir. Bütün bu keyfiyyətlər məhz Formula-1 idmanında qələbədə əsas açar rol oynayır. Ehtirası təcəssüm etdirən alov möhtəşəm Formula-1 çempionunun ruhunu ifadə edir. Bu ehtirasdır Azərbaycan irsinin alovunu canlı saxlayır və onu gələcəyə aparır. Əllərində alov dalğalarını təcəssüm etdirən bayraqlar tutan oğlanlar və qızlar Azərbaycanın milli musiqisinin sədaları altında meydandan keçdilər. Alov dilimləri ətrafa yayılaraq Azərbaycanın qədim mədəniyyətini, həmçinin Formula-1 həyəcanını açılış mərasiminin iştirakçılarına və bütün dünyaya çatdırır. Alovdan sonra açılış mərasimin ikinci hissəsi olan qıvraqlıq rəmzi su meydanı “ağuşuna alıb”. Rəqs qrupunun üzvləri meydanda müxtəlif mənzərələr yaradırlar. Bütün bunlar yarış iştirakçılarını, tamaşıları xəyallar aləminə aparır, göz önündə mavi Xəzərin suları canlanır. Güclü sürücü olmaq istəyirsənsə, hər zaman dinamikliyi qorumalı və sərt döngələrdə istiqaməti dəyişməyə hazır olmalısan. “Xəzər dənizinə nəzər sal və onun enerjisindən və qıvraqlığından ilham al”, – açılış mərasiminin ikinci hissəsinin ruhu məhz belədir. Mərasimin üçüncü hissəsi sürət rəmzi olan küləkdir. Külək sürəti daha da artırmağa sövq edir. Bu amil özündə həm Formula-1 həyəcanını təmsil edir, həm də Bakı üçün ilham mənbəyinə çevrilir. Milli rəqs qruplarının ifaçıları “Sarı gəlin”in sədaları altında “uçan xalça”larda meydana daxil olurlar. Onlar müxtəlif külək effektləri, orijinal fantastik mənzərələr yaradaraq tamaşaçıları xəyallar aləminə aparırlar. Yarış iştirakçıları və şəhərimizin qonaqları özləri də etiraf edirlər ki, bəli, Bakı həqiqətən də küləklər şəhəridir. Bu amil da məhz açılış mərasimində öz əksini tapır. Rəqs qrupları daha sonra açılış mərasiminin dördüncü hissəsini qələbə rəmzi olan irəliyə hərəkəti – qəlbə əzmini təqdim ediblər. İştirakçılar irəliyə hərəkəti əks etdirən fiqur formasında irəliləyərək Bakıda Formula-1 yarışının həyəcanını bir daha ifadə ediblər. Bakı daim irəli doğru gedən şəhərdir. Gəlin, onun yüksəlməkdə olan ritmini dinləyin. Bu ritm sanki Formula-1 mühərrikinin gurultusunu xatırladır. Formula-1 pilotları bir az sonra məhz belə bir ritmlə mübarizəyə başlayaraq irəliyə doğru hərəkət edərək gərgin mübarizə aparacaqlar. Mərasim iştirakçıları meydanda dünyanın ən sürətli idman avtomobillərindən olan Formula-1 bolidini nümayiş etdiriblər. Bakı trekinin 2,2 kilometrlik düz hissəsi Formula-1 yarışında ən yüksək sürətin qeydə alınmasına imkan yaradır. Nəhayət, ifaçılar mərasimin sonuncu – beşinci hissəsi olan birliyi, ölkələrin ittifaqı hissəsini təqdim ediblər. Formula-1 çempionu heç vaxt yalnız deyil. O, qələbə uğrunda birlikdə çalışan komandanın bir hissəsidir. Formula-1 Avropa Qran-pri yarışı Azərbaycanı, habelə Avropa, Asiya, Amerika, Avstraliya, bir sözlə, bütün dünyanı birləşdirən bir arzudur. Bu tamaşa ilə iştirakçılar bir daha bəyan edirlər ki, uşaqlıqdan hamının xəyallarında təsəvvür etdikləri arzular, əfsanələr burada həqiqətə çevrilir. Açılış mərasiminin sonunda Azərbaycanın üçrəngli nəhəng bayrağı alqış sədaları altında meydana gətirilib.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02