Futbol üzrə Türkiyə Superliqasının XVI turuna yekun vurulub

18 Dekabr 2018 12:08

Xəbər 721 dəfə oxunub

Dekabrın 17-də futbol üzrə Türkiyə Superliqasının XVI turuna yekun vurulub. Turun sonuncu oyununda hesabında 14 xal olan “Fənərbağça” komandası “Şükrü Saracoğlu” stadionunda eyni xala malik “Ərzurumspor”u qəbul edib.Azərtac xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən matçda qalib müəyyənləşməyib – 2:2. Bununla da “Fənərbağça”nın yeni baş məşqçisi Ersun Yanal ilə çempionatdakı ilk oyunu heç-heçə başa çatıb. Bu matçdan sonra xallarının sayını 15-ə çatdıran meydan sahibləri turnir cədvəlində 17-ci pillədə qərarlaşıblar.Qarşılaşmada hesabı görüşün 18-ci dəqiqəsində Andre Ayevin qolu ilə fənərbağçalılar açıb. Bundan doqquz dəqiqə sonra fransız ulduz Matieu Valbuenanın məhsuldar ötürməsini müdafiəçi Martin Skrtel qola çevirərək hesab arasındakı fərqi ikiyə çatdırıb. Görüşün ilk hissəsi “sarı-lacivərdlilər”in 2:0 hesablı üstünlüyü ilə başa çatıb.Fasilədən sonra qonaq komanda qollardan birinin əvəzini çıxıb. Emrah Başsanın 48-ci dəqiqədə vurduğu zərbə dəqiq olub. Görüşə əlavə edilmiş dəqiqələrdə isə ərzurumsporluların futbolçusu Lennart Ti fərqlənərək hesabı bərabərləşdirib – 2:2.Xatırladaq ki, bu tur “Başakşəhər”-“Qalatasaray” matçında (1:1) və “Beşiktaş”-“Trabzonspor” oyununda (2:2) da qalib müəyyənləşməyib.On altı turdan sonra çempionatda 34 xalla “Başakşəhər” komandası liderlik edir. Turnir cədvəlində ikinci sırada olan “Yeni Malatyaspor”un 28 xalı var. İyirmi altı xala malik olan “Beşiktaş”, “Trabzonspor” və “Qalatasaray” çempionatda üçüncü, dördüncü, beşinci yerləri bölüşürlər.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02