Güləş üzrə 31-ci dünya çempionatı başlayır

19 Sentyabr 2016 10:54

Xəbər 1751 dəfə oxunub

Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun 21 idmançıdan ibarət nümayəndə heyəti güləş üzrə hərbçilərin 31-ci dünya çempionatında iştirak etmək üçün sentyabrın 18-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Makedoniyaya yola salınıb. Azərtac xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin əməkdaşları, hərbçilərin yaxınları, idmansevərlər iştirak ediblər. Beynəlxalq Hərbi İdman Şurasının himayəsi altında sentyabrın 19-dan 25-dək keçiriləcək yarışlar yunan-Roma və sərbəst güləş növləri üzrə təşkil olunacaq. Azərbaycan nümayəndə heyəti çempionata Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi, polkovnik-leytenant Rəşad Quliyevin rəhbərliyi ilə yollanır. Qeyd edək ki, Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu 1995-ci ildən Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) fəal üzvüdür. Mərkəzi Ordu İdman Klubunda idmanın 15 növü üzrə bölmələr fəaliyyət göstərir və bu bölmələrdə bütün yaş qrupları üzrə məşqlər keçirilir. Azərbaycan milli komandasının əksər üzvləri Mərkəzi Ordu İdman Klubunun təmsilçiləridir. Olimpiya, dünya, Avropa və digər beynəlxalq yarışlarda medalların qazanılmasında Mərkəzi Ordu İdman Klubu idmançılarının da əməyi danılmazdır.xeber100.com