Həndbol üzrə Azərbaycan kuboku yarışlarına yekun vurulub

12 May 2023 15:50

Xəbər 42 dəfə oxunub

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həndbol üzrə Azərbaycan kuboku yarışlarına yekun vurulub.

“AHF Arena”da təşkil olunan final mərhələsində meydançaya əvvəlcə qadın həndbolçular çıxıblar. Gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalan “Azəryol” – “Qarabağ” görüşündə fasiləyə 7 xallıq üstünlüklə yollanan “Qarabağ” ikinci hissədə 30:25 hesabı ilə qalib gələrək turnirin əsas mükafatına layiq görülüb.

Kişilərin həlledici oyununda isə “İdman Akademiyası” “Təhsil” ilə qarşılaşıb. Ölkə çempionatına inamla liderlik edən “İdman Akademiyası” komandası kubok yarışında da etimadı doğruldub. Rəqibi 34:22 hesabı ilə məğlub edən “İdman Akademiyası” Azərbaycan kubokuna sahib çıxıb.

Final oyunlarından sonra mükafatlandırma mərasimi olub. Qalibləri təbrik edən Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov XXIX Azərbaycan kuboku yarışlarının uğurla başa çatdığını vurğulayıb. İ.Əsgərov finalda uduzan komandaların üzvlərinə ruhdan düşməməyi tövsiyə edib. Olimpiya çempionu Lüdmila Şubinanın da qatıldığı mükafatlandırma mərasimində idmançılara diplom, kubok və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Həndbol Federasiyası və Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “AHF Arena”da keçirilən yarışda 7-si kişilərdən, 5-i qadınlardan ibarət olmaqla 12 komanda mübarizə aparıb.xeber100.com

Taekvondo üzrə 26-cı dünya çempionatına yekun vurulub

Bakıda təşkil olunan taekvondo üzrə 26-cı dünya çempionatına iyunun 4-də yekun vurulub. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov dünya çempionatının keçici bayrağını Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çuya təqdim edib. Dünya Taekvondo Federasiyasının rəsmisi isə bayrağı 2025-cü ildə dünya çempionatına ev sahibliyi edəcək Çin Taekvondo Federasiyasının nümayəndəsinə verib. Çunqvon Çu taekvondo üzrə 26-cı dünya çempionatının yüksək təşkilatçılığına görə minnətdarlığını bildirib və yarışı bağlı elan edib. Çinin 2025-ci ildə dünya çempionatına ev sahibliyi etməsi barədə qərar Dünya Taekvondo Federasiyası Şurasının Bakıda keçirilən görüşündə qəbul olunub. Çinin Usi şəhəri dünya çempionatına ev sahibliyi uğrunda səsvermədə Sofiya (Bolqarıstan), Zaqreb (Xorvatiya) və Şarlott (ABŞ) şəhərlərini qabaqlayıb. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. Dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizə aparıb. Dünya çempionu olan idmançı aktivinə 140 reytinq xalı əlavə edib. Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edib. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilib. Xatırladaq ki, Bakının yarışa ev sahibliyi etməsi barədə qərar ötən il qəbul olunub. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini irəli sürsə, Bolqarıstan son anda müraciətini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə Avropa çempionatına, Qran-Pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatının keçirilməsini də Azərbaycana həvalə edib. Beləliklə, taekvondo üzrə dünya çempionatı MDB məkanında Rusiyadan sonra Azərbaycanda təşkil olunub. Eyni zamanda, Azərbaycan Avropada Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra dünya çempionatına ev sahibliyi edən yeddinci ölkədir.xeber100.com

İyun 4, 2023 15:08