Bizim cəmiyyətdə insanların əhəmiyyətli hissəsi yetişdiyi mühitin inanclarının daşıyıcılarıdır. Yəni ataların dinini yaşatmağa daha çox meyllidirlər. Halbuki Qurani-Kərimin çoxsaylı tərcümələri, dini-fəlsəfi məzmunda ədəbiyyatların həm müəllif, həm də tərcümə əsərləri olaraq geniş yayılması imkan yaradır ki, düşünərək, araşdıraraq İslam dininin mahiyyətini həmvətənlərimiz daha doğru dərk etsinlər. Bununla belə, inanclar məsələsində hər kəsin özünü haqlı sayaraq başqalarına hücum etməsi, əslində bir çoxlarını bu mahiyyətdən uzaqlaşdırmış olur. Unutmayaq ki, tarixdə bunun ən maraqlı nümunələri var. Hz. Əlini öldürən şəxs əvvəllər onun tərəfdarı olmuş bir xarici (xəvaric) idi və o, həm Hz. Əlini, həm də Müaviyəni dindən çıxmış hesab edirdi. Maraqlıdır ki, o özü də namaz qılan, oruc tutan bir müsəlman idi və öz ideyasına səmimi inanmışdı. Cizgiləri o qədər aşmışdı ki, Hz. Əli kimi nəhəng İslam fədaisinin müsəlmanlığına şübhə ilə yanaşırdı və onu qətlə yetirəcək qədər bağışlanmaz bir akta imza atdı. Buyurun, bizdə də əslində buna bənzər bir proses baş verir. Hər gün bir qibləyə yönələn, kiçik fərqlərlə bir-birindən yadlaşan minlərlə, milyonlarla insan bir-birinə qarşı amansız bir nifrət duyğusu daşımaqdadır. Təsəvvür edin ki, Hz. Ömərin ədaləti haqqında təsəvvürü olmayan bir kimsədə uşaqlıqdan hansı nifrət duyğusu formalaşa bilərdi? Eləcə də Səfəvilərdən başlayaraq Peyğəmbərin xanımına atılan böhtanlar, sahabələrə qarşı mənasız nifrət içimizdə yer almışdı. Ədalət şəhidi Ömər ibn Əbdüləzizə qədərki Əməvilər dövründə Əli və övladlarının lənətlənməsi də başqa bir nifrət nümunəsi idi. Ona görə də bu gün Azərbaycanda din siyasətində əsas vəzifə yalnız və yalnız dinin siyasətdən ayrı, hər bir insanın daxili inanc məsələsi olaraq təhlükəsiz məsafədə tutulmasıdır. Müdriklərin bir sözünü xatırlatmaq bəlkə də yerində olar: “Həqiqətlə odla davranan kimi davranılmalıdır: yaxınlaşsan yanarsan, uzaqlaşsan donarsan”. İslamın da bir Haqq dini olaraq modern cəmiyyətə tətbiqində bənzər yanaşma tələb olunur. İstər şiə olsun, istər sünni, istər kürd olsun, istər türk, talış, ləzgi, istər iqtidar olsun, istər müxalifət – qiymətləndirməmdə bir meyar var: adamın problemə, prosesə baxışı ədalətlidir, yoxsa yox?
Çevrəmdə çox sayda şiə inancını daşıyan dostlarım var. Ona görə dostlarım deyirəm ki, onlar heç zaman Peyğəmbərimizin qadınına namussuz demirlər, Peyğəmbərimizin, Hz. Əlinin ən yaxın silah dostlarına – Hz. Əbu Bəkirə, Hz. Ömərə, Hz. Osmana lənət oxumurlar, Peyğəmbərimizlə Hz. Əlini bərabərləşdirmirlər, sadəcə Əli və ailəsinə – Əhli-Beytə özəl bir sevgi duyurlar. Yəni İslamı lənət üzərində köklənmiş bir din olaraq görmürlər və tarixi tarixçilərə, mübahisə mövzularını isə Allaha buraxırlar. Bu insanlara hansı şəkildə mənfi duyğular bəsləmək olar? Demək ki, sağlam düşüncə sahibi olan insanların uzlaşmasında heç bir problem yox. Sadəcə, adam bir dövlətin ideologiyasını özü üçün əqidə məsələsinə çevirib ətrafa nifrət və lənət aşılayırsa, o zaman qarşı tərəfin də müqaviməti ilə üz-üzə qalır. Bu dövlətin İran və yaxud Səudiyyə Ərəbistanı olması nə fərq edər ki…
İndi bizi Türkiyəçilikdə suçlayanlar, sadəcə, tarixi və insani minnətdarlıq duyğusu daşımayan adamlardır. Allah bizə Azərbaycan vətəndaşlığı nəsib etmiş və bizlər bu dövlətin adını ucaltmaq üçün mükəlləfik. Ancaq bu dövlətin qurulmasına görə biz milli qəhrəmanımız Nuru Paşanın öndərliyində vətənimizə gəlmiş Türk Əsgərinin rəşadətinə və şəhadətinə borclu olduğumuzu unutmuruq və buna görə ən çətin durumda üzümüzü çevirə biləcəyimiz yerə bir minnətdarlıq duyğusu daşıyırıq.
Digər tərəfdən, nurçuluqda, vəhabilikdə, sələfilikdə ittiham edənlər həqiqətən bilgisiz və cahil adamlardır. Bunları bir-birinə necə qatıb hamıya yarlıq asırlar? Onlar heç bu görüşlərin də mahiyyətini anlamış deyillər. Çünki dində təriqət və məzhəb qəlibi içinə girmək, özünü bu qəbildən olan adlarla tanıtmaq doğru yanaşma deyil, əslində bunu edənlər İslam okeanı içində üzməyə cəsarət edə bilməyib, öz vizyonunu böyüdə bilməyib, təhlükəsiz, dar bir gölə çəkilərək məhdud bir məkanda üzərək özlərini kiçildənlərdir. İslamı, Allahın kitabı ilə Hz. Məhəmmədin (s.ə.s.) həyatını sistemli araşdıraraq, öyrənərək dərk edən səmimi və gerçək müsəlmanlar bu cür davranmazlar. Bütün bunlardan sonra bir daha dönüb İslam tarixinə baxın. O qədər mənasız təfriqələr, müzakirələr, mübahisələr görəcəksiniz ki, bunun içindən axtardığınız İslamı tapa bilməyəcəksiniz. Sözümün tamamında müasir ilahiyyatçı alimlərdən birinin sözünü xatırlatmaq istərdim: çox sayda dürüst insanları dindən uzaqlaşdıran məhz dindarların hərəkətləridir.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…