İdmançıların hüquqlarının müdafiəsi üçün anlaşma memorandumu imzalanıb

29 İyul 2019 13:19

Xəbər 533 dəfə oxunub

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və “BM Morrison Partners” (BM) şirkəti idmançıların hüquqlarının müdafiəsini gücləndirmək məqsədilə anlaşma memorandumu imzalayıblar.Azərtac xəbər verir ki, memorandum çərçivəsində AMADA-nın fəaliyyəti ilə bağlı xüsusi yaradılmış İntizam və Apellyasiya komitələrində agentliyin yurisdiksiyasına daxil olan idmançılar barədə başlanılan və ya icraatda olan işlərdə, BM hüquq şirkəti tərəfindən həmin atletlərə hüquqi yardım göstəriləcək. Şirkət idmançılara hüquqi xidmətləri pro bono (ödəniş almadan) əsasında təqdim edəcək. Bütün işlərin təcrübəli vəkillər və hüquqşünaslar tərəfindən aparılması nəzərdə tutulur.AMADA-nın direktoru və Avropa Şurasının “İnsan hüquqları və idmançılar” üzrə xüsusi işçi qrupunun sədr müavini Şəfəq Hüseynli imzalanma mərasimində deyib: “Bu memorandum idmanda dopinqə qarşı mübarizə və antidopinq qaydalarının tətbiqi zamanı insan hüquqlarının qorunmasını gücləndirmək, idmançıların ədalət mühakiməsinə çıxışını asanlaşdırmaq məqsədini daşıyır. Bu fundamental hüquqlar Avropa İnsan Hüquqları Konvensiyası, Avropa Şurasının Antidopinq Konvensiyası və idman sahəsini əhatə edən digər beynəlxalq sənədlərdə əks olunub”.O, antidopinq təşkilatları və hüquq şirkətlərinin bu istiqamətdə əməkdaşlığının idman dünyası üçün yenilik olduğunu vurğulayıb.“BM Morrison Partners” hüquq şirkətinin baş partnyoru Fərhad Mirzəyev çıxışında bildirib: “Belə şəffaf və qanunçuluq proseslərinin bir hissəsi olmaq bizim kimi müstəqil hüquq şirkəti üçün kifayət qədər vacib hadisədir. Ölkənin aparıcı şirkəti olaraq bu sahəyə töhfə verməyimizdən qürur duyuruq. Bütövlüklə Birləşmiş Krallıq kapitalı ilə fəaliyyət göstərən bir yerli hüquq şirkəti kimi, biz ən yaxşı Britaniya təcrübəsini Azərbaycana gətirməyə şad olarıq”.Xatırladaq ki, Avropa Şurasının Antidopinq Konvensiyası 1989-cu ildə qəbul edilib. Azərbaycan bu sənədi 2002-ci ildə imzalayıb.xeber100.com