II Budapeşt Kuboku başa çatıb

2 May 2016 15:28

Xəbər 857 dəfə oxunub

Macarıstanda idman gimnastikası üzrə gənclər arasında keçirilən II Budapeşt Kuboku başa çatıb. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarış millimiz üçün uğurlu alınıb. Belə ki, Murad Ağarzayev, Timur Bayramov, Ağamurad Qəhrəmanov, Sergiy Onbış, Cavidan Babayev, Səməd Məmmədli və Mənsum Səfərovla turnirə qatılan yığmamız yarışı 8 medalla başa vurub. I yaş qrupunda (1998-1999) çıxış edən Ağarzayev sərbəst hərəkətlər və dayaqlı tullanma üzrə finallarda müvafiq olaraq gümüş və bürünc medal qazanıb. Çoxnövçülükdə 8-ci yerdə qərarlaşan Murad turnik üzərində hərəkətlərin finalında 4-cü, halqalarda isə 5-ci olub. Elə həmin yaş qrupunda beynəlxalq arenada debüt çıxışını nümayiş etdirən digər gimnast Bayramov turnik (5-ci yer), halqalar (6-cı yer) və dayaqlı tullanma (8-ci yer) üzrə finallarda iştirak edib. Onbış, Babayev və Qəhrəmanov II yaş qrupunda (2000-2001) çıxış ediblər. Dayaqlı tullanma üzrə final çıxışı Sergiyə “qızıl” medal gətirib, paralel qollar üzərində çıxışından sonra isə o, fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Bu yaş qrupunda onun komanda yoldaşları – beynəlxalq arenada ilk dəfə çıxış edən Babayev halqalar üzərində finalda 4-cü mövqedə qərarlaşıb, Ağamurad Qəhrəmanov isə sərbəst hərəkətlərdə 4-cü yeri Böyük Britaniyadan olan gimnastla bölüşüb və dayaqlı tullanma üzrə çıxışında 5-ci pillədə qərarlaşıb. Gənclərin ən kiçik, III yaş qrupunda (2002-2003) çıxış edən Səməd Məmmədli bir dəst medalla kifayətlənmədi (sərbəst hərəkətlər – “qızıl”, gimnastika atı – “gümüş”, çoxnövçülük – “bürünc”). Paralel qollar üzərində çıxışı isə ona ikinci gümüş medalı qazandırıb. Bu alət üzərində hərəkətlərdə beynəlxalq yarış meydançasına ilk dəfə qədəm qoyan Səfərov isə Almaniyanı təmsil edən gimnastla 4-cü yeri paylaşıb. Qeyd edək ki, gənc gimnastlarımızı qarşıda Avropa birinciliyi (Bern, İsveçrə – 25-29 may) gözləyir. Burada Azərbaycan ilk dəfə olaraq komanda hesabı yarışlarda çıxış edəcək.xeber100.com

 

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02