İngiltərə Premyer Liqasının 18-ci turunun oyunu keçirilib

30 Yanvar 2020 12:03

Xəbər 524 dəfə oxunub

Yanvarın 30-da futbol üzrə İngiltərə Premyer Liqasının 18-ci turunun təxirə salınmış oyunu keçirilib.Azərtac xəbər verir ki, turnir cədvəlinin hazırkı lideri “Liverpul” səfərdə “Vest Ham Yunayted” klubunun qonağı olub. Görüş “Liverpul”un 2:0 hesablı qələbəsi ilə başa çatıb.Oyunda hesab 35-ci dəqiqədə açılıb. Baş hakim Conatan Mossun ev sahiblərinin qapısına təyin etdiyi 11 metrlik cərimə zərbəsini Məhəmməd Salah dəqiq yerinə yetirib – 1:0. Qarşılaşmanın 52-ci dəqiqəsində “Liverpul” hesab arasındakı fərqi artırıb. Məhəmməd Salahın ötürməsini Aleks Oskleyd-Çemberlen qolla tamamlayıb – 2:0. Oyun bu hesabla da başa çatıb.Bu qələbədən sonra xal ehtiyatını 70-ə çatdıran “Liverpul” ən yaxın izləyicisi “Mançester Siti”dən 19 xal irəlidədir. “Vest Ham Yunayted” isə 23 xalla 17-ci pillədə qərarlaşıb.Premyer Liqanın 25-ci turunun oyunları fevralın 1-2-də keçiriləcək. “Liverpul” öz meydanında “Southampton” klubunu qəbul edəcək. Turun mərkəzi qarşılaşmalarında “Lester Siti” komandası “Çelsi”, “Tottenhem” isə “Mançester Siti” ilə üz-üzə gələcək. Birinci görüş fevralın 1-də Bakı vaxtı ilə saat 16:30-da, ikinci oyun isə saat 20:30-da başlayacaq.xeber100.com