IV İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib

1 Noyabr 2016 10:18

Xəbər 1262 dəfə oxunub

Avstriyanın Lints şəhərində keçirilən 24-cü dünya çempionatı çərçivəsində Olimpiya idman növləri sırasına yeni daxil edilən karate üzrə yarışların da təşkil olunacağı IV İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib. Azərtac xəbər verir ki, görüşdə Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Karate Federasiyasının (WKF) Texniki Komitəsinin üzvü Yaşar Bəşirov, federasiyanın media və ictimaiyyətlə işlər üzrə katibi Sənan Məhərrəmov, oyunların Təşkilat Komitəsinin nümayəndələri Dmitri Çigenev və Vüsalə Vəliyeva, WKF-nin prezidenti Antonio Espinoz və əməkdaşı Sara Espinoza iştirak ediblər. Söhbət zamanı “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının karate yarışlarına hazırlıq işləri, turnirin formatı barədə müzakirələr aparılıb. A.Espinoz “Bakı-2015” İlk Avropa Oyunlarında karate yarışlarının təşkilindən məmnunluğunu ifadə edərək bu turnirin dünyada karatenin inkişafı və təbliği baxımından mühüm rol oynadığını deyib. Y.Bəşirov hazırda həyata keçirilən genişmiqyaslı hazırlıq işləri sayəsində IV İslam Həmrəyliyi Oyunlarının da Azərbaycanda yüksək səviyyədə təşkil ediləcəyini bildirib.xeber100.com