Önəmli sənət nümunələrinə quruluşçu operator olaraq imza atan, onlarla rejissorlarla, yüzlərlə aktyorlarla yaradıcı əməkdaşlıq edən, bir sözlə, ömrün 7-ci onilliyinə qədəm qoyan Kənan Məmmədov xeber100.com saytının qonağıdır. Yubilyarla 70 illik ömrün bəzi məqamlarına nəzər salaraq sırf sənət söhbəti etdik. Nələri müzakirə etdik, bəlkə bəzi məqamları tənqid etdik və s. məqamları xırdalıqlarına qədər bilmək istəyirsinizsə o zaman mütləq müsahibəni oxuyun.
– 70 yaş, 40 illik yaradıcı fəaliyyət, bir sözlə,yaradıcı günlərlə dolu bir ömür yolu keçmisiniz və hər yaşın öz hesabatı var. Geriyə boylanınca nələrin üzərində daha çox düşünməli olursunuz? Kinoda kimləri gördünüz, kimlərlə əməkdaşlıq etdiniz?
-Kimləri görmədim ki?! Öncəliklə boş keçən illərim olmayıb, hər il yeni film çəkmişəm. Hətta ən çətin illərdə belə mən filmsiz qalmadım. 90-cı illərdə kino demək olar ki, dayanmışdı, ancaq mən işləyirdim. Belə bir fikir var ki, ən dəyərli sənət nümunələri ən çətin günlərdə yaranır. Təsəvvür edin ki, 90-cı illərdə belə bir sınaqla üz-üzə qaldıq. Doğrudur, qeyd etdiyim kimi bizdən asılı olmayan səbəblərə görə bəzi filmlər dayandı, ancaq onların çəkilişlərində böyük güc sərf etdik. 1998-ci ildə isə artıq Rasim Ocaqovla “Otel otağı” filminə başladıq və ondan sonrakı illər də yenə də hər ilin öz filmləri oldu. Sonra Oqtay Mirqasımovla “Ovsunçu” filmini çəkdik, daha sonra Nicat Feyzullayevlə “Küçələrə su səpmişəm” filmini, sonra “Məhkumlar, “Qala”, “İstanbul reysi” və s. filmləri çəkdik. Xoşbəxtəm ki, bu dövrü yaşamışam və 70 yaşa çatdığım bir vaxta geriyə boylanıb baxınca görürəm ki, boş keçən günlərim, illərim olmayıb.
-70 yaş nə azdır, nə də çoxdur və 7 rəqəqminin də islam dünyasında necə müqəddəs rəqəm olduğu hamıya məlumdur. Ola bilsin ki, ömrün 7-ci onilliyində daha önəmli layihələrər imza atasınız…
– Həyat sürprizlərlə doludur. Necə deyərlər yaşayarıq, görərik. Ancaq etiraf edim ki, bu illər ərzində elə qaynar iş sistemində çalışdım ki, sanki 70 il bir an olaraq gəlib keçdi. Ömrüm kinoya bağlı olduğu üçün, həyatım sanki filmdən filmə keçdi. Bir film bitmədən növbəti filmin çəkilişinə başlayırdım və hər film də 7-8m aya başa gəlirdi, hətta bir ilə çəkilən filmlər də olub. Və beləliklə də xəbərim olmadan illər keçirdi. Yaxşı yadımdadır 10 il əvvəl, 60 illiyimdə qohum- əqrəbadan, həmkarlarımdan ibarət 70-80 nəfər restoranların birində təntənəli surətdə ad günümü qeyd etdik. İnandırım sizi ki, son 10 il necə sürətlə keçdisə, yəni, bir göz qırpımında, bir də gördüm ki, 70-ə çatmışam. Ancaq özümü 30-40 yaşda hiss edirəm. Bu, özünü işdə də biruzə verir. Yəni, yaş gedir, ancaq daxili, fiziki imkanların gücü özünü 30-40 yaşda qoruyub saxlayır. Bu baxımdan düşünürəm ki, sağlam həyat tərzi çox önəmlidir.
– Elə bir yaş zirvəsindəsiniz ki, hətta yaradıcı kimi elə bir zirvəyə yüksəlmisiniz ki, hazırda bütün qapılar üzünüzə açılamlıdır. Dövlət qayğısı hiss edirsiniz?
– 1983-cü ildən Kinematoqrafçılar İttifaqının üzvüyəm və çox böyük sənətkarlar həmin ittifaqda bir araya gəliblər. Bildiyiniz kimi müəyyən səbəblərdən parçalanma oldu, yeni birlik fəaliyyətə başladı. Və onu da yaxşı bilirsiniz ki, mənim siyasi oyunlarla işim olmadığı üçün baş verən proseslərdə iştirak etmədim. Bu illər ərzində başımı aşağı salıb sadəcə film çəkməklə məşğul olmuşam. Azərbaycan kinooperatorları arasında ən çox film çəkən operatoram. 26 bədii film, ümumilikdə isə 55-dən çox filmlər çəkmişəm ki, onların içində sənədli filmlər də, televiziya filmləridə olub. Etiraf edim ki, yeni yaranan birliyin –”Azərbaycan kinosunun inkişafının konseptual məsələlərinin müzakirəsi”- adı ilə Nizami kino mərkəzində keçirilmiş ilk toplantısına məni dəvət etməmişdilər. Sən demə həmin toplantıda yeni birlik təsis olunub. Atalar yaxşı deyib: “Çağrılan yerə ar eləmə, çağrılmayan yeri dar eləmə”. Əgər kino ilə bağlı belə bir ciddi məsələdə köhnə ittifaqın katiblərindən biri yada salınmırsa, o zaman nə deyə bilərəm ki?!
– Əslində ömrünün 70 ilini kinoya həsr etmiş, bir-birindən önəmli sənət nümunələrinə imza atmış bir kinematoqrafçının iştirakı olmadan hansı kino müzakirəsindən söhbət gedə bilər ki?
– Bu məqam məni də çox düşündürdü…Mən əqidəli insanam. Ola bilsin ki, bəzi işlərdə mən də yanlış düşünüm, ancaq yanlış düşüncə də mənimdir. Bu baxımdam da mənəvi istiqamətimi, yaşayış tərzimi dəyişmirəm, necə başlamışamsa, elə də davam edirəm. Belə münasibət məndə inciklik yaratdı və bundan sonra da heç bir birliyə üzv olmaq istəmirəm. Yəqin ki, bu səbəblərdən hər hansı bir tədbir, təbrik olmadı. Etiraf edim ki, mənim heç bir şeyə ehtiyacım da yoxdu. Əməkdar incəsənət xadimiyəm, Respublika Dövlət mükafatı laureatı, “Humay” mükafatı, “Qızıl Çıraq” mükafatı və s. hər birinə layiq görülmüşəm. Hətta yeganə azərbaycanlıyam ki, Avropa Kino Akademiyasının üzvüyəm. Onların keçirdiyi hər tədbirə dəvət olunuram, iştirak edirəm, dünya kinosu üzərində dünya kinematoqrafçıları ilə fikir mübadiləsi aparırıq və s. Bütün bunlar bir daha sübut edir ki, mən Azərbaycan kinosu üçün çox iş görmüşəm və çox iş də görürəm. Amma…
– Deyəsən, ammasız olmur?
– Bilirsiniz ki, mənim gözəl ailəm var, həyat yoldaşım, övladlarım, nəvələrim, qohum-əqraba var və onların hamısı kinodakı fəaliyyətimi izləyirlər. 70 yaş ərəfəsində sanki hamısı dövlət tərəfindən kiçik olsada bir yubilley tədbiri gözləyirdi….Bu nöqteyi-nəzərdən AzTV haqqımda film çəkdi, Azərbaycan radiosu böyük həcmli veriliş hazırladı. İctimai TV məni “Səhər” proqramına dəvət etdi, canlı yayımda haqqımda 25 dəqiqəlik süjet təqdim olundu. Yaxşı ki, bütün bunlar oldu…. Kinostudiyanın direktoru zəng edərək məni təbrik etdi, hətta kinostudiya səviyyəsində kiçik bir məclis qurmağı da təklif etdi, ancaq mən qəbul etmədim. Sosial şəbəkələrdən olan, dünya ölkələrindən gələn təbrik zənglərinin sayı-hesabı olmadı. Bəlkə bəzi gözlədiyim məqamlar baş tutmadı, ancaq bu qədər sevənlərin diqqətində olmaq varkən, olmayan şeylərə görə də üzülməyə dəyməz.
– Ustad Rasim Ocaqovun dediyi kimi, narahat olmayın hər əsrin 75 ili çətin olur, sonra hər şey asanlaşır.
– Rəhmətlik bu sözü hər zaman söyləyirdi…Mən xoşbəxt həyat sürmüşəm. Çünki ömrümü sevdiyim işə həsr etmişəm. Düzgün məslək seçimi, seçdiyin peşəyə düzgün münasibət bəsləmək böyük nailiyyətdir. Kamera arxasında olmaq, film çəkmək, yeni sənət nümunəsiylə tarixə düşmək, bu, böyük şans, böyük uğurdur.
– Bildiyiniz kimi konooperatorların əksəriyyəti zaman keçdikcə rejissor sənətinə meyl etdilər. Belə bir hiss sizdə də yarandı?
– Təqribən 15-20 il öncə belə bir hiss mənim qəlbimə hakim kəsildi, öz-özümə dedim ki, bəsdir də operatorluq etdin, bir qədər dəyişiklik et, rejissorluğa başla və s. Ancaq sonra düşündüm ki, mən özümü tamaşaçıya təsvir vasitəsilə təqdim edirəm, həyata olan münasibətimi təsvirlə göstərirəmsə bu kifayət edər. Önəmli olan seçdiyin peşəyə sadiq qalmaq. Nə qədər ki, fiziki, mənəvi baxımdan imkan var, bu işlə məşğul oluram. Xoşbəxtliyimin bir sirri budur-peşə sevgisi. İkinci sirri ondadır ki, yaxşı dostlarım var və hər zaman yaxşı insanlarla ünsiyyətdə olmuşam. Dünyanı gəzmişəm və hər səfərimdə kino vasitəsilə yeni-yeni dostlar qazanmışam. Xoşbəxtliyimin üçüncü əsas sirrinin səbəbinin isə ziyalı ailəsində dünyaya göz açmışam, Atam şərqşünas alim, anam ədəbiyyatçı olublar, yaxşı uşaqlıq illəri keçirmişəm, sonralar bu xoşbəztliyi öz qurduğum ailə daha da tamamladı. Əlbəttə ki, çətin günlərim də olub, yəni həyatın hər üzünü görmüşəm. Necə deyərlər, çətinliyi görməsən, həyatın mənasını anlamazsan. Görə-görə gəlmişik, həyat çox qiymətlidir, dəyərlidir və həyatın qiymətini bilmək lazımdır. Biz belə gördük, belə öyrəndik, belə də davam edirik…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…