Kardiologiya üzrə təlim kursları keçirilib

21 Fevral 2017 13:28

Xəbər 1373 dəfə oxunub

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda anadangəlmə ürək qüsurlarına dair növbəti təlim keçirilib.İnstitutdan Azərtac-a bildirilib ki, təlim kursları səhiyyə nazirinin 2016-cı il 16 mart tarixli sərəncamına əsasən Respublika Perinatal Mərkəzi, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Respublika Uşaq Xəstəxanası və 3 nömrəli Bakı şəhər Uşaq Klinik Xəstəxanasının iştirakı ilə həyata keçirilən xüsusi neonatal skrininq proqramı çərçivəsində təşkil edilib.Skrininq proqramı zamanı qeyd edilmiş tibb müəssisələrində doğulan körpələrin anadangəlmə ürək qüsurlarının yoxlanması məqsədilə “skrininq nəbz oksimetriyası” aparılaraq, ürək qüsuru, xüsusilə də kritik ürək qüsuru müəyyən edilmiş körpələrin konservativ və ya cərrahi müalicəsi üçün kardioloqlar, neonatoloqlar və kardiocərrahların nəzarəti altında müvafiq tədbirlər görülməkdədir.“Rostropoviç-Vişnevskaya Fondu”nun Azərbaycan nümayəndəliyinin dəstəyi ilə beynəlxalq və yerli mütəxəssislərin iştirak etdiyi bu pilot skrininq proqramı çərçivəsində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda pediatriya və neonatologiya üzrə təkmilləşdirmə kurslarında 2016-cı ildən başlayaraq neonatoloqlar, pediatrlar, uşaq kardioloqları və reanimatoloqlar üçün “Neonatal kardiologiya” mövzusunda xüsusi təlim kursları keçirilir.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05