“Kinematoqrafiya haqqında” yeni qanun layihəsi…

2 Noyabr 2016 12:35

Xəbər 1004 dəfə oxunub

Noyabrın 1-də Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib. Komitənin sədri Rafael Hüseynov deyib ki, kino ilə bağlı hazırda qüvvədə olan qanun 1998-ci ildə qəbul olunsa da, o vaxtdan indiyə qədər Azərbaycan xeyli inkişaf yolu keçib və kino haqqında yeni qanuna ehtiyac var. Komitə sədri “Kinematoqrafiya haqqında” yeni qanun layihəsi ilə bağlı məlumat verib. O deyib ki, 12 fəsil, 40 maddədən ibarət yeni qanun filmlərin istehsalı və yayımlanması, milli kinematoqrafiyanın təbliği və qorunması sahəsində yaranan münasibətləri tənzimləyir. Milli kinematoqrafiya irsinin qorunması, milli filmlərin istehsalı və yayımlanması, uşaqlar və gənclər üçün filmlərin istehsalı və yayımlanması, kinematoqrafiya sahəsində fəaliyyətin əlaqələndirilməsi, dünya kinematoqrafiya sənətinin təbliği, kinematoqrafiya sahəsində kadrların hazırlanması və onların peşəkarlıq səviyyəsinin artırılması, kinematoqrafiya sahəsinə sərmayələrin qoyulması üçün tədbirlərin təşkil edilməsi kinematoqrafiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərini təşkil edir. Sənədə əsasən kinematoqrafiya sahəsində film komissiyaları da yaradılacaq. Film komissiyası Azərbaycanda audiovizual əsərlərin və filmlərin istehsalına dəstək verən publik hüquqi şəxs olacaq. Komissiyalar fəaliyyətini “bir pəncərə” prinsipi əsasında quracaq və müraciət edən prodüserə audiovizual əsərlərin və filmlərin istehsalında xidmətlər təqdim edəcək. Qanun layihəsində qeyd edilir ki, gənc istedadların aşkarlanması, onların yaradıcılığının inkişaf etdirilməsi məqsədilə dövlət tərəfindən tədbirlər görülür. Gənc kinematoqrafçıların bilik və bacarıqlarının, peşəkar səviyyələrinin artırılması və yaradıcılıqlarının inkişafı məqsədilə həvəsləndirmə tədbirlərinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Yeni qanuna əsasən Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və milli maraqlarına zərər vura biləcək filmlərin istehsalına və yayımına yol verilmir. Azərbaycanda kinematoqrafiya sahəsinə güzəştli kreditlərin verilməsi də nəzərdə tutulur. Bu da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Azərbaycanda milli filmlərin televiziya yayımı Azərbaycan dilində həyata keçirilməlidir. Xarici filmlərin televiziya yayımına yalnız Azərbaycan dilinə dublyaj olunduqdan sonra icazə veriləcək. Azərbaycan ərazisində fəaliyyət göstərən kinozallardan və kinoteatrlardan aztəminatlı əhalinin, əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların, müharibə iştirakçılarının güzəştli istifadə etmələrinə şərait yaradılacaq. Layihədə həm də milli film şəhadətnamələrinin verilmə qaydası müəyyən edilib. Belə ki, həmin şəhadətnamə filmin yayım dövrünə qədər verilərsə, lakin film istehsalçısı filmin istehsalını 1 ildən artıq müddətə dayandırarsa və film yayıma verilməzsə, həmin şəhadətnamə müvafiq icra hakimiyyətinin qərarı ilə ləğv ediləcək və milli film istehsalçısına həmin filmlə əlaqədar verilən güzəştlər ləğv ediləcək. İclasda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Azərbaycanda fəaliyyət göstərən kinostudiyalar ölkəyə gəlir gətirmək üçün davamlı və dayanıqlı avadanlığa malik olmalıdır. O qeyd edib ki, Azərbaycanda 40-a yaxın prodüser mərkəzi fəaliyyət göstərir. Onların da demək olar ki, 99,9 faizinin film istehsal etmək və onun istismarı ilə məşğul olmaq üçün heç bir maddi-texniki bazası yoxdur. Ancaq bütün bunlara baxmayaraq, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə onlar son illərdə dünya kino bazarında uğur qazanan bir neçə filmə imza ata biliblər. Ancaq “Azərbaycanfilm”in də malik olduğu texnika yüksək səviyyədə deyil. Çünki həmin texnikalar sovet dövründən qalmadır. Hətta onlar belə dövlət sifarişi ilə çəkilən filmlər üçün xarici ölkələrdən yüksək səviyyəli, günün tələblərinə cavab verən texniki avadanlıq icarəyə götürür. “Gömrük tarifi haqqında” Qanuna edilən dəyişikliyə əsasən sənədə 20.0.20-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalına görə 2017-ci il yanvarın 1-dən 3 il müddətinə gömrük rüsumlarından azad edilirlər. Vergi Məcəlləsinə əlavə olunması nəzərdə tutulan 106.1.18-ci maddəyə görə, milli film istehsalçılarının müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında milli filmlərin istehsalı və satışından əldə etdiyi mənfəətin 50 faizi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad edilir. 164.1.36-cı maddəyə əsasən, milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalında 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad edilirlər. Sonda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.xeber100.com

Azərbaycan Kinosunun yaranmasından 121 il keçir

Bu gün Azərbaycan Kinosu Günüdür, kinomuzun yaranmasının 121-ci ildönümünü qeyd edilir. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib. Bu gün gənclərimiz Türkiyə, Kanada, Rusiya kimi ölkələrin təhsil müəssisələrində bu sahədə təhsil alırlar. Eyni zamanda, ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir. 2014-2017-ci illər ərzində 26 filmimiz 48 ölkədə keçirilən 128 festivalda 219 dəfə iştirak edərək 49 mükafat qazanıb.Bu günlər kino xadimləri üçün əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, ölkə başçısı avqustun 1-də Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminə fəxri adların verilməsi haqqında sərəncamlar imzalayıb.Bu gün Nizami Kino Mərkəzində Azərbaycan kinosunun 121 illiyinə həsr olunmuş tədbir keçiriləcək.xeber100.com  

Avqust 2, 2019 12:31

Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə…

Prezident İlham Əliyev Azərbaycan kino xadimlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycanda kino sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər: Əlizadə Oqtay Mahmud oğlu Rzayev Nazim İsrafil oğlu Digər sərəncamla Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilib: “Xalq artisti” Əliyev Vidadi Hüseyn oğlu Həsənov Vidadi İsmail oğlu Quliyeva Xalidə Camal qızı “Əməkdar incəsənət xadimi” Azay Adil Çərkəz oğlu “Əməkdar artist” Əlilicanzadə Qorxmaz Məmməd oğlu Namazov Zilli Yunus oğlu “Əməkdar mədəniyyət işçisi” Ağayev Nəsir İsmayıl oğlu Dadaşova Nelli Hacı qızı Hüseynov Nazim Fikrət oğlu Quliyev Babək Barat oğlu Mahmudova Zəkiyyə Güləmi qızı Məmmədov Əli Bala Ənvər oğlu Muxtarova Tamilla Muxtar qızı Həmçinin Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib: Babayeva Zemfira Baba qızı Sadıxova Zemfira Emin qızı Ağayev Xanlar Ağakərim oğlu, Həsənov Mahir Məhəmməd oğlu, Hüseynov Əlisəfdər Mürsəl oğlu isə Azərbaycanda kino sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif ediliblər.xeber100.com  

Avqust 1, 2019 12:33

Həsən Məmmədovun anadan olmasından 80 il ötür…

Bu gün kino sənətimizin inkişafında böyük xidmətləri olan Xalq artisti Həsən Məmmədovun anadan olmasından 80 il ötür. Bununla əlaqədar Prezident İlham Əliyevin bu il iyulun 30-da imzaladığı Sərəncamla ölkəmizdə ölməz sənətkarın yubileyi silsilə tədbirlərlə qeyd edilir. Sərəncamda deyilir: “Həsən Məmmədov Azərbaycan kinosunun qızıl fondunu təşkil edən filmlərdə təkrarolunmaz ifa tərzi ilə ekran həyatı verdiyi parlaq xarakterlər, həmçinin teatr səhnəsində canlandırdığı surətlərlə ölkənin mədəniyyət xəzinəsini zənginləşdirmişdir. Fitri istedadlı sənətkarın böyük yaradıcılıq potensialını təcəssüm etdirən rəngarəng obrazlar qalereyası kinematoqrafiyamızın və teatr salnaməmizin mühüm nailiyyətlərindən olub yüksək əxlaqi keyfiyyətlər aşılayır və gənc nəslin milli-mənəvi irsə ehtiram ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayır”.Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılığında xüsusi yer tutur. O, “Böyük dayaq” (Qaraş), “Arşın mal alan” (Əsgər), “Gün keçdi” (Oqtay), “Arxadan vurulan zərbə” (Qəmərlinski), “Bizi bağışlayın” (Nəriman), “Birisi gün gecə yarısı” (Baba Əliyev), “İstintaq” (Murad), “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abbasqulu ağa Şadlinski), “Sevil” (Balaş), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Bir cənub şəhərində” (Murad), “Qızıl qaz” (Fərman), “Bakıda küləklər əsir” (General), “Alma almaya bənzər” (Qurban), “Səmt küləyi” (Əlibala), “İstintaq davam edir” (Əzimov), “Şahid qız” (Polkovnik), “Qəm pəncərəsi” (Məmmədhəsən əmi), “Papaq” (Mirzə Səfər), “Həm ziyarət, həm ticarət” (Əlimurad), “Zirvə” (Kamil) filmlərində yaddaqalan rollar yaradıb.Həsən Məmmədov teatr və kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. “İstintaq” bədii filmindəki Murad roluna görə 1981-ci ildə SSRİ Dövlət, "Birisi gün gecə yarısı" kino lentindəki Baba Əliyev obrazına görə isə Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif edilib.xeber100.com  

Noyabr 22, 2018 11:59

Bu gün Azərbaycan Kinosu Günüdür

2 Avqust Azərbaycan Kinosu Günüdür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü sayılır.Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülür.Azərtac xəbər verir ki, bu gün Azərbaycan kinosu yaranmasının 120 illiyini qeyd edir. Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizin hər yerində silsilə tədbirlər keçirilir. Bu il 120-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib. Bu gün gənclərimiz Türkiyə, Kanada, Rusiya kimi ölkələrin təhsil müəssisələrində bu sahədə təhsil alırlar. Eyni zamanda, ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir. 2014-2017-ci illər ərzində 26 filmimiz 48 ölkədə keçirilən 128 festivalda 219 dəfə iştirak edərək 49 mükafat qazanıb.Bu günlər kino xadimləri üçün əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, ölkə başçısı avqustun 1-də Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.Bu gün Nizami Kino Mərkəzində Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə rejissor Yavər Rzayevin Azərbaycan kinosunun tarixinə və keçdiyi zəngin inkişaf yoluna həsr etdiyi sənədli film nümayiş olunacaq.Tədbir çərçivəsində bir sıra mədəniyyət və incəsənət xadimləri, o cümlədən kino xadimlərinin mükafatlandırılması nəzərdə tutulub.xeber100.com

Avqust 2, 2018 12:21

IV Britaniya film bahar festivalında

Mayın 1-dən 6-dək Nizami Kino Mərkəzində IV Britaniya film bahar festivalında Britaniya kinematoqrafiyasının uğur qazanmış ən yaxşı ekran əsərləri tamaşaçılara təqdim ediləcək.Azərtac xəbər verir ki, festival “British Council Azerbaijan”ın ölkəmizdə fəaliyyətinin 25-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər çərçivəsində təşkil olunur.“British Council Azerbaijan”, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və Nizami Kino Mərkəzinin birgə əməkdaşlığı ilə reallaşacaq festival çərçivəsində bir-birindən maraqlı və fərqli 8 film - “Nəfəs al”, “Dafna”, “Korluq haqqında qeydlər”, “Devid Boui”, “Tutqun işıqlar şəhəri”, “İngiltərə mənimdir”, “Baxıcı” və “Əyri ev” nümayiş olunacaq.“British Council Azerbaijan”ın direktoru Elizabet Uayt IV Britaniya film bahar festivalı ilə bağlı fikirlərini bölüşüb. O deyib: “Builki festival üçün maraqlı filmlər seçilib. Ümid edirəm ki, Bakı tamaşaçıları bu möhtəşəm filmləri izləmək fürsətini qaçırmazlar. Biz Britaniya filmlərini və film rejissorlarını Azərbaycan tamaşaçılarına təqdim etmək, innovasiyalar, fərqlilik və mükəmməllik yaratmaq və yaradıcılıq mübadiləsi üçün imkanlar axtarmaq istəyirik”.Böyük Britaniyanın ölkəmizdəki səfiri Karol Krofts isə bildirib: “Birləşmiş Krallığın film sənayesi ötən ildə tamaşaçıların həyəcanla izlədiyi dramlar, blokbasterlər və komediyalarla yadda qalıb. Bu il Britaniya filminin tamaşaçı auditoriyasının artması ilə də əlamətdardır”.Festival çərçivəsində, həmçinin seminar da təşkil ediləcək.xeber100.com

Aprel 17, 2018 12:56