Konfederasiyalar Kuboku turnirinin üçüncü turunda…

24 İyun 2017 20:40

Xəbər 777 dəfə oxunub

İyunun 24-də futbol üzrə FIFA Konfederasiyalar Kuboku turnirinin qrup mərhələsinin üçüncü turunda “A” qrupunda iki qarşılaşma oynanılıb.Azərtac xəbər verir ki, meydan sahibləri Rusiya millisi Meksika ilə üz-üzə gəlib. “Kazan arena” stadionunda gərgin idman mübarizəsi şəraitində keçən görüş 2:1 hesabı ilə Meksika komandasının qələbəsi ilə başa çatıb. Hesabı 25-ci dəqiqədə Aleksandr Səmədovun qolu ilə ev sahibləri açıblar. Beş dəqiqə sonra isə cənubi amerikalılar matçda bərabərlik qolunu vurublar – 1:1.İkinci hissənin 52-ci dəqiqəsində rusiyalı qapıçının səhvindən istifadə edən Meksika yığmasının futbolçusu İrvinq Losano komandasını hesabda irəli çıxarıb. Görüşün 60-cı dəqiqəsində Meksika yığmasının futbolçusu Ektor Moreno üçüncü topu qapıdan keçirsə də, qol ofsayddan vurulduğu üçün videotəkrardan sonra hakim qolu qeydə almayıb. Matçın qalan vaxtında komandalar bir neçə təhlükəli vəziyyət yaratsalar da, hesab dəyişməyib.Paralel keçən ikinci oyunda bu qrupda yer alan digər komanda Portuqaliya autsayder Yeni Zelandiya ilə qarşılaşıb. Sankt-Peterburqda keçirilən oyun Portuqaliya yığmasının 4:0 hesablı qələbəsi ilə başa çatıb. Son Avropa çempionunun heyətində topları oyunun 33-cü dəqiqəsində ulduz futbolçusu Kriştiano Ronaldo (penaltidən), 37-ci dəqiqədə Bernardo Silva və 80-ci dəqiqədə Andre Silva və 91-ci dəqiqədə Nani qapıdan keçiriblər.Beləliklə, üç turdan sonra hesabında yeddi xal olan Portuqaliya millisi “A” qrupunun lideri kimi yarımfinala yüksəlib. Hesabındakı xalları yeddiyə çatdıran Meksika yığması qrup ikincisi olaraq növbəti mərhələyə adlayıb. Aktivində üç xal olan ev sahibi Rusiya qrupda üçüncü yeri tutaraq turnirdə mübarizəni dayandırıb. Hesabında xalı olmayan Yeni Zelandiya komandası isə dördüncü pillədə qərarlaşıb.İyunun 25-də növbəti oyunlar “B” qrupunda yer alan komandalar arasında keçiriləcək. Bu qrupda Almaniya millisi Kamerun yığmasını qəbul edəcək. Digər matçda isə Çili və Avstraliya milliləri üz-üzə gələcəklər. Hər iki görüş saat 19:00-da başlayacaq.Yarımfinal görüşləri iyunun 28-29-da, üçüncü yer uğrunda oyun və final qarşılaşmaları iyulun 2-də keçiriləcək.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02