Koronavirusun ikinci dalğasının başlanması elan edilib

23 İyun 2020 13:47

Xəbər 1003 dəfə oxunub

Təxminən bir aydan sonra İsrail COVID-19-a minlərlə yeni yoluxma və yüzlərlə ölüm halı ilə qarşılaşa bilər. Bunu pandemiya barədə məlumatı əlaqələndirən hərbi orqanda bəyan ediblər.Azərtac xəbər verir ki, İsraildə koronavirus epidemiyasının ikinci dalğasına başlanıb. İyunun 20-də “The Times of Israel” nəşrinin verdiyi məlumata əsasən, bu barədə COVID-19-la mübarizə üzrə milli məlumat mərkəzinin hesabatında bildirilir. Hərbi Kəşfiyyat İdarəsinin nəzdində yaradılmış bu mərkəz ölkənin Səhiyyə Nazirliyi ilə birgə fəaliyyət göstərir.Kəşfiyyat orqanının fikrincə, epidemiyanın artması ona gətirib çıxaracaq ki, iyul ayında minlərlə yeni yoluxma və yüzlərlə ölüm halı qeydə alınacaq. Hesabat müəllifləri qeyd edirlər ki, xəstəliyin indiki potensial artımı ümummilli karantinin yenidən tətbiqi təhlükəsini yaradır.Hərbi Kəşfiyyat İdarəsində və Səhiyyə Nazirliyində vətəndaşların maska taxmaq və digər koronavirus profilaktikası tədbirlərinə ciddi yanaşmamalarından narahatdırlar.Son günlər sutka ərzində yeni yoluxanların sayı 200-300 arası olur, halbuki may ayında bu göstərici 20-dək azalmışdı.“Ynet” nəşri bildirir ki, ölkənin Səhiyyə Nazirliyi iyunun 21-də bütün ixtisaslaşdırılmış şöbələrin yenidən COVID-19 xəstələrinin qəbulu üçün açılmasına hazır olduqlarını elan edib.“Jerusalem Post” qəzetinin yaydığı məlumatda isə deyilir ki, Baş Nazir Binyamin Netanyahu iyunun 21-də xəbərdar edib: maska taxılması və sosial məsafəyə riayət olunması tələbləri kütləvi şəkildə pozulacağı təqdirdə hökumət tamamilə lokdaun tətbiq etməyə hazırdır.Xatırladaq ki, COVID-19 koronavirus infeksiyası 2019-cu ilin sonunda Çində baş qaldırıb. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılmasını pandemiya elan edib.Amerikanın Cons Hopkins Universitetinin məlumatına görə, dünyada bu xəstəliyə yoluxanların ümumi sayı 8,97 milyon nəfəri keçib. Onlardan 468,8 mini vəfat edib.xeber100.com

İtaliyanın dövlət başçısı ölkə əhalisini vaksinasiya prosesində fəal iştirak etməyə çağırıb

İtaliyanın dövlət başçısı Sercio Mattarella Yeni il münasibətilə televiziya müraciətində italyanları koronavirus pandemiyasına qarşı mübarizədə sıx birləşməyə və koronavirusa qarşı vaksinasiya prosesində fəal iştirak etməyə çağırıb.Azərtac xəbər verir ki, 2021-ci ili koronavirus üzərində qələbə və yeni başlanğıc il adlandıran S.Mattarella peyvənd inadkarları və qərarsız insanların bu məsələdə ümumi rifahı nəzərə almalı olduqlarını ifadə edib.Ötən ilin fevral ayında Avropada epidemiyanın ən sürətlə yayıldığı İtaliya əhalisi və iqtisadiyyatına COVID-19 pandemiyası olduqca baha başa gəlib. Ölkədə indiyədək iki milyondan çox insan virusa yoluxub, 74 min insan virusla əlaqəli və ya birbaşa virusun təsirindən həyatını itirib. Pandemiyanın sosial və iqtisadi nəticələri də kifayət qədər ağır olub. Prezident bildirib ki, ölkədə çox sayda iş yerləri bağlanıb, müəssisələr öz gələcəklərinə görə qorxu keçirirlər, insanların gəlirləri azalıb. Ölkə iqtisadiyyatının bir sıra sektorları, xüsusilə turizm pandemiyadan ən çox əziyyət çəkən sahələrdir.Bununla belə, dövlət başçısı pandemiyadan sonrakı dövr üçün mühüm və ümidverici siqnallara da toxunub. Qeyd edilib ki, Avropa İttifaqının yenidənqurma proqramı çərçivəsində İtaliya iqtisadiyyatına ümumilikdə 209 milyard avro yönləndiriləcək və dekabrın sonunda başlayan vaksinasiya kampaniyası tezliklə epidemioloji vəziyyətdə dönüş yarada biləcək. 79 yaşlı dövlət başçısı vurğulayıb ki, ən yaxın zamanda o da özünə koronavirusa qarşı peyvənd vurduracaq və bu addım digər insanların sağlamlığı naminə hər kəsin üzərinə düşən bir cavabdehlik və öhdəlikdir.Pandemiya üzərində qələbənin İtaliya üçün mühüm olduğunu bildirən S.Mattarella bu ölkə həyatındakı mühüm hadisələrə də toxunub. Həmçinin qeyd edilib ki, 2021-ci ildə İtaliya öz tarixində ilk dəfə G20 ölkələrinə sədarəti həyata keçirəcək və bu dövr ölkə iqtisadiyyatının dirçəlişi üçün yeni təkan ola bilər.xeber100.com

Yanvar 1, 2021 21:44