Məlumat və Hüquqi Yardım Mərkəzi yaradılıb

22 Yanvar 2019 12:04

Xəbər 5828 dəfə oxunub

Polşa Azərbaycanlıları Birliyi 2019-cu ilə yeni və mühüm layihə ilə başlayır. Birliyin təşəbbüsü ilə Polşada yaşayan və təhsil alan azərbaycanlıların problemlərinin həllinə dəstək məqsədi ilə qurum daxilində Məlumat və Hüquqi Yardım Mərkəzi yaradılıb. Bu barədə məlumat verən birliyin sədri Cavid Yadigar Zeynalov qeyd edib ki, son illərdə Azərbaycandan Polşaya təhsil və işləmək məqsədi ilə gələnlərin sayında artım müşahidə olunur:“Bu isə təbii ki, özü ilə bərabər müxtəlif problemlər də yaradır. Bakıda Polşaya iş və təhsil imkanı yaratmaq adı altında çalışan bir sıra şirkətlərin məsuliyyətsizlikləri üzündən həmvətənlilərimiz bu ölkəyə gələrək ciddi problemlərlə üz-üzə qalırlar. Biz soydaşlarımıza tövsiyyə edirik ki, Polşaya gəlmədən öncə onlara vəd edilən iş və ya təhsil müəssisəsi ilə bağlı məlumatları dəqiqləşdirsin. Polşanın müvafiq qanunvericiliyi ilə tanış olsun. Biz diaspor təşkilatı olaraq, bu istiqamətdə həmvətənlilərimizə dəstək olmağa çalışacağıq. Ümumiyyətlə, Polşadakı azərbaycanlılar onları maraqlandıran və narahat edən bütün məsələlərlə bağlı Məlumat və Hüquqi Yardım Mərkəzinə müraciət edə bilərlər”.xeber100.com

Elxan Mirhəşimli: Qarabağa gedən yol milli birlikdən keçir

Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində olan düşmənin növbəti təxribatı sadəcə ölkəmizİ deyil, o cümlədən dünya ölkələrində yaşayan, Azərbaycan maraqlarının qorunmasında rol oynayan diaspor təçkilatlarını da narahat etməyə başladı. İctimai fəal, Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli Azərbaycan dövlətinə, ordusuna kömək məqsədilə düşmən təxribatına qarşı mübarizə aparan diaspor rəhbərləri sırasındadır. E.Mirhəşimli xeber100.com saytına bu barədə danışaraq qeyd etdi ki,  Niderland Azərbaycan Evi olaraq bu istiqamətdə fəaliyyətlərinbi daha da gücləndiriblər: “Yerli medya, təşkilat və siyasi partiyalara hazırkı durum barədə məktublar ünvanladıq, maarifləndirmə işlərinə başladıq. Bu yaxınlarda bəzi siyasi partiyalarla görüşlərimiz gözlənilir. Niderland xarici işlər nazirliyinə müraciət edərək Ermənilərin işğalçı siyasətinə,  torpaqlarımızın işğal olunmasina münasibət bildirilməsini istəmişik”. Yeri gəlmişkən, 17 iyul Niderlandda fəaliyyət göstərən butun Diaspora təşkilatları bir araya gələrək Niderland Parlamenti qarşısında etiraz mitinqi keçirərək ermənilərin işğalçı siyasətinə son qoyulmasına qarşı məktub ünvanlamaqla yanaşı, Erməni səfirliyinə də bəyanat göndərilib. E.Mirhəşimlio bildirir ki, ermənilərin 18 iyul tarixində Niderlandda Azərbaycan səfirliyinin qarşısında etiraz mitinqi keçirəcəyinə dair məlumat əldə ediblər: “ Siyasi baxışından asdılı olmayaraq Niderlandda yaşayan bütün həmyerlilərimizi dövlət sərhədimizi qorumağa səslədik. Almaniyada, Belçikada, Niderlandda yashayan yüzlərlə həmyerlilərimiz ermənilərə qarşı olan etiraz səsimizə səs verdilər, ölkəmizə qarşı etiraz şüarlarının səslənməsinə imklan vermədilər. Bunların şahidi olan ermənilər bizə qarşı daha sərt mövqe tutaraq mane olmağa çalışdılar. Holland polisi həmin mıəqama müadixlə edərək ermənilərin qarşısını almağa müvəffəq oldular”. O da qeyd olunur ki, ermənilər Azərbaycan səfirliyinin qarşısında Asala terror təşkilatının geyim və palakatları ilə iştirak ediblər ki, bu da diplomatlarımıza qarşı təhdid kimi səslənib: “Bildiyiniz kimi Asala terror təşkilatı Avropada Türk diplomatlarına qarşı terror aktı keçirmişdilər. 22 iyul ermənilər Brüsseldəki Azərbaycan səfirliyi qarşısında mitinq etməyə cəhd etsələr də burada da Azərbaycan bayrqaları ilə qarşılaşdılar və bunun nəticəsidir ki, hər zamankı kimi 10-15 qruplara ayrılaraq xaincə hücuma keçdilər. Ermənilərə havadarlıq edənlər erməni faşizmini dəstəkləməkdə davam edir. Bütün bunları nəzərə alaraq bildirirəm ki, Qarabağa gedən yol milli birlikdən keçir. Bir olma zamanıdır. Biz Niderland Azərbaycan Evi olaraq bütün təşkilatlarla mübarizəyə, təbliğata davam edirik”.xeber100.com      

İyul 23, 2020 14:14

Dünya azərbaycanlılarının həmrəylik günü ilə bağlı tədbir keçirilib

Azərbaycanın Aktau şəhərindəki Baş konsulluq tərəfindən 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il ilə bağlı tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə Aktau şəhərinin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr, Aktau şəhərinin 6 saylı məktəbində fəaliyyət göstərən Azərbaycan dilini, ədəbiyyatını və tarixini tədris edən Bazar günü məktəbinin şagirdləri, Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin rəhbərliyi iştirak ediblər.Tədbirik açılışında Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir. Daha sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 31 – dekabr Dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə müraciəti oxunulub.Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən elan edilmiş və dünyanın müxtəlif ölkələrində yaşayan çox saylı azərbaycanlıları birləşdirən – “31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü” haqqında məlumat verib. O, müasir dövrdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən Respublikamızın xarici siyasəti və qazandığı nailiyyətlərdən danışaraq, xaricdə yaşayan azərbaycanlılara Azərbaycan hakimiyyətinin dövlət qayğısından söhbət açıb.Daha sonra azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin ağsaqqallar şurasının sədri professor Yusif Quliyev və cəmiyyətin sədri, Aktau şəhər Maslixatının deputatı Şəmsəddin Hüseynov çıxış edərək 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik gününün əhəmiyyəti, müasir dövrdə Ermənistanın Azərbaycana qarşı davam etməkdə olan təcavüzü şəraitində azərbaycanlıların daha sıx birləşməsinin vacibliyindən danışmış, xalqımıza yeni ildə uğurlar arzulayıblar.xeber100.com

Dekabr 31, 2018 14:46

Rumıniya Azərbaycanlıları Birliyi yaradılıb

Buxarestdə Rumıniya Azərbaycanlıları Birliyinin təsis edilməsi ilə bağlı tədbir keçirilib.Azərbaycanın və Rumıniyanın dövlət himnləri səsləndirildikdən sonra yeni təşkilatın sədri Vaqif Həsənov bildirib ki, bu qurumun təsis edildiyi 2018-ci il hər iki ölkənin tarixində əlamətdar bir ilə təsadüf edir. Avropa və Asiyanın kəsişməsində yerləşən, Cənubi Qafqaz regionunun ən böyük ölkəsi olan Azərbaycan müsəlman Şərqində ilk demokratik, parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini qeyd edir. Rumıniyada isə Böyük Birliyin yaradılmasından 100 il ötür.Sonra Azərbaycan və Rumıniya arasında diplomatik münasibətlərin tarixi ilə bağlı qısa film nümayiş olunub.V.Həsənov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, təşkilatın yaradılmasında məqsəd Rumıniyada yaşayan həmvətənlərimizi, o cümlədən Azərbaycanın bu ölkədəki dostlarını bir araya gətirmək və hər iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin daha da gücləndirilməsinə töhfə verməkdir. Birlik Rumıniyanın dövlət və hökumət orqanları ilə, müxtəlif təşkilat və icmalarla qarşılıqlı faydalı əməkdaşlıq qurmaq niyyətindədir.Birliyin digər həmtəsisçiləri Robert Burlaku və Mihnea Alik çıxış edərək onun məqsədləri, həyata keçirəcəyi layihələr barədə məlumat veriblər.Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin müavini, Rumıniya Deputatlar Palatasının deputatı Dinu Sokotar çıxışında təşkilatın Azərbaycan və Rumıniya arasında əlaqələrin daha da irəli aparmasına töhfə verəcəyini söyləyib, bu istiqamətdə həyata keçirilən layihələri dəstəklədiyini vurğulayıb.Rumıniyadakı SOCAR Petroleum SA şirkətinin baş direktoru Həmzə Kərimov belə bir təşkilatın yaradılmasını əlamətdar hadisə adlandırıb, ona fəaliyyətində uğurlar arzulayıb. O, yeni təşkilatın Rumıniyada yaşayan soydaşlarımız arasında həmrəyliyin gücləndirilməsində önəmli rol oynayacağını bildirib.Rumın-Amerikan Universitetinin professoru, universitet Senatının nümayəndəsi Florin Bonçiu, Ploieşti Neft-Qaz Universitetinin prorektoru, professor Mihai Minesku çıxışlarında təmsil etdikləri ali təhsil ocaqları ilə təşkilat arasında elm və təhsil sahəsində əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar.Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Dumitru Balan rəhbərlik etdiyi qurumun ölkələrimiz arasında münasibətlərin inkişafı istiqamətindəki fəaliyyəti və həyata keçirilən layihələr barədə məlumat verib.Rumıniya Müsəlman Türk Tatarları Demokratik Birliyinin sədri Məfkurə Qafar da təmsil etdiyi təşkilat barədə danışıb.xeber100.com

İyul 17, 2018 17:02

Diasporla İş üzrə Dövlət Komitəsi 16-cı ildönümünü qeyd edib

İyulun 5-də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 16-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.Azərtac xəbər verir ki, Dövlət Komitəsinin sədri Fuad Muradov diaspor sahəsində dövlət siyasəti, görülən işlər, diaspor hərəkatına yeni yanaşmalar və planlar barədə məlumat verib. Bildirib ki, ulu öndər Heydər Əliyev 2002-ci ildə xaricdə yaşayan diasporumuza nəfəs verən Dövlət Komitəsini yaradıb. On altı il əvvəl yaradılan bu komitə dünyada yaşayan 50 milyondan çox azərbaycanlının sevincinə səbəb olub.Fuad Muradov Prezident İlham Əliyev tərəfindən diaspor fəallarına, Diasporla İş üzrə Dövlət Komitəsinin məsul işçilərinə böyük diqqət və qayğı göstərildiyini söyləyib. Qeyd edib ki, bu gün ölkədə həyata keçirilən islahatlar bütün istiqamətlərdə olduğu kimi, diaspor fəaliyyətində də çox böyük vüsət alıb.Komitə sədri iki ay yarım ərzində görülən işlər, etdiyi səfərlər və xaricdəki azərbaycanlılarla keçirdiyi görüşlər barədə hesabat verib. O, diaspor işi ilə bağlı yeni yol xəritəsinin hazırlandığını bildirib, əsas məqsədin dünyadakı bütün azərbaycanlıların birləşdirilməsi olduğunu deyib.Sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan diaspor nümayəndələrinə medallar təqdim edilib.Tədbirdə Komitənin yeni loqosu, yenilənmiş veb-saytı, ilk dəfə yaradılan diaspor xəritəsi nümayiş etdirilib. Diaspor xəritəsinə daxil olaraq dünyadakı Azərbaycan diaspor təşkilatları barədə məlumat öyrənmək mümkün olacaq. Eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsinin himni də hazırlanıb.Sonda bildirilib ki, diaspor hərəkatını xarakterizə edən 100 videoçarx hazırlanır. Tədbir zamanı onların bir neçəsi nümayiş olunub.xeber100.com

İyul 5, 2018 14:02

Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə…

Azərbaycanın Kiyev şəhərindəki səfirliyinin qarşısında yerləşən Heydər Əliyev adına parkda bu şəhərdə yaşayan soydaşlarımızın həmrəylik aksiyası keçirilib.Azərtac xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilən aksiyada Ukraynada yaşayan 100-ə yaxın soydaşımız iştirak edib.Aksiyada çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, Poltava vilayətinin deputatı Fəxrəddin Muxtarov və digərləri bəzi xarici ölkələrdə məskunlaşmış antimilli şəxslərin qərəzli, ədalətsiz, sifarişli mövqeyinin Ukraynada yaşayan azərbaycanlıları narahat etdiyini vurğulayıblar. Qeyd edilib ki, Azərbaycan regionda söz sahibinə çevrilib, heç kimdən asılı olmayan dövlət siyasəti yürüdür, iqtisadi, siyasi və digər sahələrdə uğurlar əldə edib. Bütün bunları ölkəmizin inkişafını istəməyən qüvvələr həzm edə bilmirlər. Ona görə də onlar Azərbaycana qarşı şər, böhtan kampaniyasına başlayıblar. Belə halların yolverilməz olduğunu vurğulayan soydaşlarımız anti-Azərbaycan qrupların bu cür məkrli əməllərini pisləyiblər.Çıxışçılar Ukraynada yaşayan soydaşlarımızın hər zaman dövlətimizi, onun daxili və xarici siyasətini dəstəklədiklərini bəyan ediblər. Aksiya iştirakçıları ürəklərinin Azərbaycanla döyündüyünü, Vətənin adını daim uca tutduqlarını, birlik nümayiş etdirdiklərini vurğulayıblar.Aksiyada “Hər zaman səninləyik, Azərbaycan!”, “Biz Ukraynada Azərbaycanı ləyaqətlə təmsil edirik!”, “Biz fəxr edirik ki, azərbaycanlıyıq!”, “Azərbaycan qürurumuzdur. Qürurumuza toxunmayın!”, “Hər zaman, hər yerdə səninləyik, Azərbaycan!”, “Vətənimizin qüdrəti bizim qürurumuzdur!”, “Dövlətimizin və xalqımızın adını uca tutmaqdan şərəf duyuruq!” kimi şüarlar səsləndirilib.xeber100.com

Aprel 9, 2018 14:49

Avropa Azərbaycanlıları Konqresinin qurultayı keçiriləcək

Fevral ayının 27-də Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbədənkənar qurultayı keçiriləcək.Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a bildiriblər ki, bu barədə qərar AAK-ın İcraiyyə Komitəsi tərəfindən qəbul olunub. Qurultayda təşkilatın nizamnaməsinə bir sıra dəyişikliklərin edilməsi planlaşdırılır.AAK-ın İcraiyyə Komitəsinin qərarında bildirilir ki, növbədənkənar qurultayın keçirilməsi təşəbbüsü təşkilatlanma işinin keyfiyyətcə yeni müstəviyə qaldırılması, quruma üzv olan Azərbaycan icmalarının fəaliyyətinin daha səmərəli şəkildə koordinasiyasını təmin etmək üçün daha çevik və operativ idarəetmə mexanizminin yaradılması məqsədinə xidmət edir.İcraiyyə Komitəsinin qərarında vurğulanır ki, son dövrlərdə baş verən bir sıra iqtisadi və siyasi proseslər Avropada diaspor və lobbi quruculuğu işinin daha da təkmilləşdirilməsini, beynəlxalq təşkilatlar, yerli kütləvi informasiya vasitələri ilə əlaqələrin genişləndirilməsini zərurətə çevirib. İcraiyyə Komitəsi hesab edir ki, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması, habelə 1918-ci il 31 mart soyqırımının yüzilliyinin tamam olması ilə əlaqədar diaspor təşkilatlarının daha fəal, effektiv təbliğat işi aparmasına ehtiyac yaranıb. Azərbaycan Respublikası Prezidentinin “2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” 2018-ci il 10 yanvar tarixli Sərəncamına müvafiq olaraq, Avropanın müxtəlif ölkələrində təntənəli şəkildə silsilə tədbirlərin qeyd edilməsi nəzərdə tutulur.Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması istiqamətində də müvafiq tədbirlərin həyata keçirilməsi AAK-ın 2018-ci il üçün fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir. Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyinin Avropa ölkələrində daha geniş miqyasda qeyd olunması, dövlətçilik tariximizin və siyasi irsimizin tanıdılması, 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımı faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün AAK daha çevik struktura malik olmalı, üzv təşkilatlar arasında əlaqələndirmə işi gücləndirilməlidir.Qeyd edək ki, Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayının Amsterdam şəhərində keçirilməsi planlaşdırılır.xeber100.com

Yanvar 24, 2018 15:50

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatı

Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımız iyulun 4-də Azərbaycanın işğal olunan ərazilərində qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin həlak olması və yaralanması ilə nəticələnən təxribatına etiraz olaraq Vaşinqton və Nyu-York şəhərlərində aksiyalar keçirəcək.Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a verilən məlumata görə, ABŞ Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə iyulun 7-də Vaşinqtonda, Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək. Ermənistan ordusunun hücumunu və günahsız vətəndaşlara qarşı zorakı hərəkətləri pisləyən təşkilat bütün soydaşlarımızı etiraz aksiyasına qoşulmağa çağırıb.Bu gün, həmçinin Nyu-Yorkda, BMT-nin qarşısında da azərbaycanlıların etiraz mitinqi keçiriləcək. Aksiyada Amerika Azərbaycan Nyu-York Assosiasiyası, Azərbaycan Qadınlar Assosiasiyası və digər təşkilatların nümayəndələri, eləcə də digər soydaşlarımız iştirak edəcək.Hər iki aksiyada Ermənistan ordusunun vəhşiliyini göstərən plakat və banerlərdən istifadə olunacaq. Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan dövlətinin təcavüzkarlıq siyasətinə etiraz ifadə edən şüarlar səsləndiriləcək. Aksiya iştirakçıları təcavüzkar Ermənistana qarşı sərt sanksiyaların tətbiqi üçün beynəlxalq təşkilatlara müraciət etməyi planlaşdırırlar.xeber100.com

İyul 7, 2017 14:10

Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə…

Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə sabah 16:00-dan 18:00-dək Hannover şəhərində erməni terroruna qarşı etiraz aksiyası keçiriləcək.Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a verilən məlumata görə, cəmiyyət Hannoverdə, eləcə də yaxın şəhərlərdə yaşayan soydaşlarımızdan Azərbaycanın haqq səsini dünyaya duyurmaq üçün aksiyaya qoşulmağa və fəallıq nümayiş etdirməyə çağırıb: “Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi vəhşilik, insanlığa sığmayan faciə hamımızı çox təsirləndirdi, ürəyimizdə silinməz yaralar buraxdı. Bütün dünya üzrə fəaliyyət göstərən çoxsaylı Azərbaycan diaspor təşkilatları kimi AFR-in Aşağı Saksoniya vilayətindəki Azərbaycan diasporu da baş verən son hadisələrlə bağlı etiraz aksiyası keçirməyə qərar verib. Xahiş edirik hamımız bir nəfər kimi bu aksiyada iştirak edək, öz etiraz səsimizi ucaldaq və alman ictimaiyyətinə çatdıraq.Etiraz aksiyasında “Sarkisyan uşaq qatilidir”, “Terrora, təcavüzə dur deyirik”, “Uşaq ölümlərinə son”, “Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir” kimi şüarlar səsləndiriləcək. Ermənistanın işğalçılıq və soyqırımı siyasəti, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması və dinc əhalinin erməni gülləsindən həyatını itirməsi barədə hadisə dünya birliyinin diqqətinə çatdırılacaq.xeber100.com

İyul 7, 2017 14:07

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun müraciəti

Ukraynada yaşayan azərbaycanlılar bu ölkənin Zaparojye vilayət Şurasının 11-ci sessiyasının Ali Radaya uydurma "erməni soyqırımı"nın ildönümü ilə bağlı müraciətinə etiraz olaraq ölkə parlamenti sədri Andrey Parubiyə müraciət ediblər.Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporundan (UABD) apa-ya bildirilib ki, müraciətdə belə bir məsələnin parlamentdə müzakirəsinin Ukraynanın Azərbaycan və Türkiyə ilə münasibətlərini gərginləşdirəcəyi, əlaqələrə zərbə vuracağı qeyd olunub:"Türkiyə dəfələrlə arxivlərin açılmasını, məsələni tarxiçilərinin araşdırmasını təklif edib. Ermənilər özü keçən əsrdə dəfələrlə digər xalqların nümayəndələrinin soyqırımına əl atıb. Hətta əsrin sonunda Xocalı soyqırımına imza atmaqla azərbaycanlıların kütləvi qırılmasına səbəb olub. Ermənilərin təcavüzü nəticəsində Azərbaycanın 20 faiz torpaqları hələ də işğal altındadır. Sübut olunmamış soyqırımı faktının etirafı Ukrayna prezidenti və ölkənin Nazirlər Kabinetini Azərbaycanla əməkdaşlığı yeni müstəviyə çıxartmaq üçün xeyli səylər ortaya qoyduğu ərəfədə arzuolunmazdır".Sənəddə, həmçinin, vurğulanıb ki, Ukraynanın təşəbbüsü ilə Azərbaycan və  Türkiyə ilə yeni iri layihələrin başlanmasına start verildiyi ərəfədə "belə saxta iddialar ətrafında ləkələyici müzakirələr ilk növbədə ukraynalıların mənafeyinə ziddir".Həmçinin  Ukraynanın məruz qaldığı Krımın ilhaqı və Donbasdakı münaqişə ilə bağlı Ermənistanın əks mövqe sərgiləməsini, Azərbaycan və Türkiyənin isə daim dəstək verməsi də xatırladılıb.Onu da qeyd edək ki, məsələ ilə bağlı Ukrayna parlamentinin Azərbaycan üzrə işçi qrupunun rəhbəri Maksim Kuryaçiy UABD sədri Hikmət Cavadovla danışıb və məsələnin diqqətdə saxlayacaqlarını bildirib.xeber100.com

Aprel 18, 2017 14:12