“Malyariyaya nəzarətdən onun eliminasiyasına doğru” Regional Bəyanatı qəbul edilib

26 Aprel 2016 11:45

Xəbər 917 dəfə oxunub

Azərbaycanda 2013-cü və 2014-cü illərdə, eləcə də 2015-ci ilin ötən dövrü ərzində yerli yoluxma nəticəsində malyariya halları qeydə alınmayıb. Yalnız 2013-cü ildə 4 nəfər, 2014-cü ildə 2 nəfər, 2015-ci ildə isə 1 nəfər tropik malyariyaya tutulub ki, bu da bizim ölkəmizə xarakterik deyil. Bu ilin ötən dövrü ərzində də yerli yoluxma nəticəsində malyariya hallarına rast gəlinməyib.Bu faktları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Süleyman Məmmədov AZƏRTAC-a müsahibəsində acılayıb. Onun sözlərinə görə, Azərbaycanda malyariya ilə bağlı vəziyyət 1990-cı illərin başlanğıcında sürətlə pisləşməyə başlayıb, 1993-1994-cü illərdə malyariya hallarının sayı 23-dən 667-yə, 1996-cı ildə isə 13 min 135-ə çatıb. Bu, əsasən ağır sosial-iqtisadi şərait, o cümlədən silahlı münaqişə nəticəsində təxminən bir milyon insanın məcburi köçkün olması ilə bağlı idi. Kür-Araz və Lənkəran düzənliklərində 1997-ci ildə baş vermiş daşqınlar vəziyyəti daha da ağırlaşdırmışdı. 1997-ci ildən başlayaraq genişmiqyaslı epidemiyaya nəzarət işləri nəticəsində ölkəmizdə malyariya ilə bağlı vəziyyət yaxşılaşmağa başlayıb. Şöbə müdiri bildirib ki, 2005-ci ildə Özbəkistanın Daşkənd şəhərində Dünya Səhiyyə Təşkilatının Avropa Regionunda malyariyanın aradan qaldırılması ilə bağlı regional təşəbbüs üzrə keçirilmiş ilkin görüşdə “Malyariyaya nəzarətdən onun eliminasiyasına (aradan qaldırılmasına) doğru” Regional Bəyanatı qəbul edilib. Son bir neçə il ərzində ölkədə malyariyaya nəzarətlə bağlı əldə edilmiş əhəmiyyətli nəticələri nəzərə alaraq Azərbaycan Daşkənd Bəyanatını imzalamış və 2008-2013-cü illər üçün Azərbaycan Respublikasında “Malyariyanın Eliminasiyası üzrə Milli Strategiya” qəbul edilib. Bu strategiya 2008-ci il martın 3-də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilib. Yeni milli strategiyanın son məqsədi 2013-cü ilədək malyariya ilə yerli yoluxmaların kəsilməsi idi. Hazırda milli məqsədə nail olunub. Qeyd edək ki, 25 aprel – Ümumdünya Malyariya Günüdür. Bu əlamətdar gün Ümumdünya Səhiyyə Assambleyası tərəfindən xəstəliyə nəzarət səylərinin artırılması məqsədilə 2007-ci ildə təsis edilib. Malyariya insana anofeles cinsindən olan ağcaqanadlar vasitəsilə keçir. Ağcaqanad sağlam insanı sancdıqda parazit insanın qanına keçir və yoluxma baş verir. Halsızlıq, yüksək qızdırma, üşütmə, baş ağrıları ilə özünü büruzə verən xəstənin vəziyyətində sonradan ağırlaşmalar qeydə alınır. Lakin malyariya müalicə olunan xəstəlikdir və bu ölümlərin qarşısını almaq mümkündür. Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hər il 250 milyon insan malyariyaya yoluxur. Təkcə 2015-ci ildə malyariyadan ölənlərin sayı 438 min nəfər olub. Problem 2009-cu ildə dünyada daha aktual olub. Hazırda 3,2 milyard insan malyariyaya yoluxma təhlükəsi ilə üz–üzədir. Bununla yanaşı, dünyanın 57 ölkəsində yeni malyariya halları 75 faiz azalıb.xeber100.com

 

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05