Meksika-Azərbaycan dostluq qrupunun inauqurasiyası mərasimi keçirilib

17 Mart 2022 14:34

Xəbər 311 dəfə oxunub

Meksika Deputatlar Palatasında Konqresin 65-ci çağırış üzvlərindən ibarət Meksika – Azərbaycan parlamentlərarası dostluq qrupunun inauqurasiyası mərasimi keçirilib.Ölkəmizin Meksikadakı səfirliyindən Azərtac-a bildiriblər ki, mərasimdə Meksika Deputatlar Palatasının üzvü, hakim “Morena” partiyasının təmsilçisi və Azərbaycan – Meksika dostluq qrupunun sədri deputat Migel Anxel Peres Navarrete, parlamentin Beynəlxalq əlaqələr komissiyasının sədri deputat Alfredo Femat Banyuelos, Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov, digər deputatlar, Meksika Xarici İşlər Nazirliyinin, QHT və KİV nümayəndələri iştirak ediblər.Tədbirdə çıxış edən deputat M.A.Peres Navarrete Meksika ilə Azərbaycan arasında daim dostluq münasibətlərinin mövcud olduğunu, müxtəlif sahələrdə səmərəli əməkdaşlığın həyata keçirildiyini deyib. O, Azərbaycanı müasir və bərabər hüquqları təşviq edən böyük iqtisadi baxışa malik, bir çox ölkələr üçün nümunə ola biləcək bir ölkə adlandırıb. Tədbir iştirakçılarına ölkəmiz haqqında məlumat verən deputat bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinin qeyd olunduğunu bildirib. O, dostluq qrupunun bu münasibətlərin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu deyib. Deputat, həmçinin Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzkar siyasətinə son qoyulduğunu və nəticədə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini xüsusi vurğulayıb, hazırda Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət sayəsində işğaldan azad edilmiş ərazilərdə intensiv minatəmizləmə və quruculuq işlərinin həyata keçirildiyini bildirib.Ölkəmizin Meksikadakı səfiri M.Talıbov çıxış edərək parlamentlərarası qrupun yaradılmasının iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığını qeyd edib. Diplomatik münasibətlərin 30 illik müddəti ərzində ikitərəfli əməkdaşlığın qarşılıqlı hörmət prinsipləri əsasında həyata keçirildiyini, parlamentlərarası əlaqələrin hər zaman nümunəvi olduğunu, hər iki qanunverici orqandakı parlamentlərarası dostluq qrupları arasında ənənəvi görüşlərin keçirildiyini qeyd edib. Meksika Konqresinin Azərbaycan üçün həssas məsələlərdə həmişə ədalətli mövqe nümayiş etdirdiyini qeyd edən səfir münaqişə zamanı Meksika Konqresinin daim beynəlxalq hüquq mövqeyindən çıxış etdiyini söyləyib. Konqres tərəfindən Azərbaycana qarşı erməni təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan sənədlərin qəbul edilməsini xüsusilə vurğulayıb.xeber100.com

 

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42

Ankara 13 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyətinin paytaxtı elan olunub

Qurtuluş Savaşının mərkəzi olan Ankara 1923-cü il oktyabrın 13-də Anadolu düşmən işğalından azad edildikdən sonra gənc Türkiyə Cümhuriyyətinin paytaxtı elan olunub. Birinci Dünya müharibəsinin sonunda Türkiyə işğal edildikdən sonra Qazi Mustafa Kamal Paşa 1919-cu il mayın 19-da Samsuna gələrək Qurtuluş Savaşını başladır. Ankaranın savaşdakı əhəmiyyəti onun Geyve Boğazı, Kütahya və Afyon kimi düşmən işğalı altında olan mövqelərlə dəmir yolu əlaqəsi və kifayət qədər döyüş imkanlarına malik olmasından irəli gəlirdi. Müharibənin uğurunu təmin etmək üçün nizami orduların yaradılması qərarı da məhz Ankarada qəbul edilmişdi. Bu ordular İnönü, Sakarya və Dumlupınarda düşməni məğlub etdi. Qurtuluş Savaşı 1922-ci il avqustun 30-da qazanılan zəfərlə başa çatdı. Bunun ardından 1923-cü il oktyabrın 9-da Türkiyənin xarici işlər naziri İsmət Paşa “Türk dövlətinin inzibati mərkəzi Ankara şəhəridir” ifadəsinin yer aldığı qanun layihəsini parlamentə təqdim edir. Qanun layihəsi həmin il oktyabrın 13-də Parlamentin Ümumi Məclisində səs çoxluğu ilə qəbul olunur. Ankara paytaxt elan olduqdan sonra şəhərdə sürətli tikinti və yenidənqurma işlərinə başlanılır. Xarici mütəxəssislər dəvət edilərək şəhərin gələcək planı hazırlanır. Yenidənqurma işlərində təhsil və mədəniyyət müəssisələrinə üstünlük verilir. Bu gün Türkiyənin paytaxtı elan edilməsinin 100-cü ili qeyd olunan Ankara dünyanın ən qabaqcıl və müasir şəhərlərindən biridir.

Oktyabr 13, 2023 15:06