Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib

13 Oktyabr 2023 14:43

Xəbər 229 dəfə oxunub

Oktyabrın 13-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

Komitənin sədri Tahir Mirkişili iclasın gündəliyinə 5 məsələnin daxil edildiyini deyib.

Gündəliyin birinci məsələsi – “Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən komitə sədri diqqətə çatdırıb ki, bu sənəd layihəsi mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq mühasibat uçotu subyektlərinin (hüquqi və fiziki şəxslərin) dairəsinin müəyyən edilməsi məqsədilə hazırlanıb. Bu dəyişiklik Vergi Məcəlləsində təsbit olunan elektron auditin aparılmasına dəstək verəcək, həmçinin layihədə qeyd olunan vergi ödəyiciləri tərəfindən müvafiq məlumatların aidiyyəti üzrə təqdim edilməsi sahəsində operativliyi artıracaqdır. Dəyişikliyə əsasən, vergi daxilolmalarında xüsusi çəkisi yüksək olan, məşğul olduqları fəaliyyət sahələri dövlət üçün strateji əhəmiyyət kəsb edən iri və orta sahibkarlıq subyektlərinin, qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərinin mühasibat uçotunun elektron qaydada aparılması təklif olunur. Bu qanunun 3.1-1.3-cü maddəsi Azərbaycan Respublikasının Mərkəzi Bankına şamil edilmir.

Məsələ barədə çıxış edən komitə üzvləri Vüqar Bayramov, Elnur Allahverdiyev, Vahid Əhmədov, Mahir Abbaszadə, İqbal Məmmədov, Ziyad Səmədzadə qanun layihəsinin əhəmiyyətindən danışıblar, onun ölkə iqtisadiyyatının inkişafına töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Sonra iclasda iştirak edən maliyyə nazirinin müavini Azər Bayramov, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev deputatların suallarını cavablandırıblar, onların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər.

Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəliyin ikinci məsələsi olan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında məlumat verib. O, bildirib ki, bu qanunun icrası ilə əlaqədar 17 qanuna dəyişiklik təklif olunur. Dəyişikliklər ödəniş xidmətlərinin daha da təkmilləşdirilməsi üçündür.

Bu qanun layihəsi də birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Sonra iclasda ikinci oxunuşda olan “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsi barədə iki qanun layihəsinə, həmçinin “Poçt haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə təklif olunan dəyişikliklərə də baxılıb. Hər üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.xeber100.com

“Azercell Telekom” MMC “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

“M360 Eurasia 2024” Bakıda qabaqcıl texnoloji şirkətlərin liderlərini yenidən bir araya gətirəcək “Azercell Telekom” MMC Bakıda ikinci dəfə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçirilən “GSMA M360 Eurasia 2024” konfransının baş sponsoru qismində çıxış edir. Ötən il olduğu kimi bu il də konfrans telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan aparıcı ekspertləri, eləcə də, region üzrə tənzimləyici qurumların nümayəndələrini öz ətrafında toplayacaq. Tədbir çərçivəsində sənayenin rəqəmsallaşma prosesinə birbaşa təsiri, onun innovasiya və tərəqqi üçün yaratdığı yeni perspektivlər haqqında danışılacaq. “Yüksək sürətlə irəliləyən elmi-texnoloji inkişaf, bir çox sahələrdə proseslərin avtomatlaşdırılması davamlı inkişaf üçün sərhədsiz imkanlar vəd edir. Bu gün “Azercell”in lider mobil operator mövqeyində qərarlaşması bizi ölkənin rəqəmsal ekosisteminin formalaşması prosesinin aparıcı qüvvələrindən birinə çevirir. Bu bizim üçün böyük məsuliyyət deməkdir. Biz “GSMA M360” kimi nüfuzlu beynəlxalq tədbirə Bakıda ev sahibliyi etməkdən qürur duyuruq. İnanırıq ki, konfrans davamlı gələcəyin qurulmasına öz töhfəsini verəcək, bu mövzuda aparılan müzakirələr və yeni tərəfdaşlıqlar üçün uğurlu platforma rolunu oynayacaq”, - deyə “Azercell”in prezidenti Zərinə Zeynalova bildirib. Konfransın açılış günündə rəqəmsal dövrün transformasiya gücü, eləcə də, MDB ölkələri və qonşu regionlarda davam edən bu keçidin daha da sürətləndirilməsi yolları müzakirə ediləcək. Əsas mövzular arasında generativ süni intellekt (Generative AI) və Rəqəmsal DNT (Digital DNA) yer alır. Tədbirin ikinci günündə ətraf mühit, sosial və idarəetmə (ESG) prinsipləri gündəmə gətiriləcək. COP29 ərəfəsində rəqəmsallaşma prosesinin və iqlim fəaliyyətinin bir-birinə təsiri, dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün tətbiq olunan texnoloji yeniliklər barədə danışılacaq. Daha sonra sənaye liderləri yeni nəsil şəbəkələr və kibertəhlükəsizlik kimi mövzular ətrafında müzakirələr aparacaqlar. Qeyd edək ki, ötən il tədbirə 29 fərqli ölkədən iştirakçılar qatılıb ki, onlardan 30 faizi müxtəlif şirkət və qurumların rəhbərləri, 45 faizi isə qeyri-telekommunikasiya sahəsində çalışan iştirakçılar təşkil edirdi. Bu il də tədbirin eyni miqyasda auditoriya toplaması gözlənilir. Mayın 15-16-da “JW Mariott Absheron Baku” mehmanxanasında baş tutacaq bu tədbirdə iştirak etmək üçün “GSMA M360 Eurasia” səhifəsində onlayn qeydiyyatdan keçmək olar.xeber100.com

Aprel 18, 2024 15:36

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə…

Bu gündən 12 müntəzəm marşrut xətti üzrə 181 avtobus “Gənclik” metrostansiyasının yanında yaradılan yeni nəqliyyat mübadilə (NMM) mərkəzindən hərəkət edəcək. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qurum tərəfindən əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi məqsədilə “Gənclik” metrostansiyasının yanında sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi üçün yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb. “Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında müvafiq nəqliyyat infrastrukturu qurulub. Müntəzəm marşrut avtobusları üçün dayanacaq məntəqələri quraşdırılıb. Dayanacaqda marşrut sxemi və lövhələr yerləşdirilib. İşıq dirəkləri yeniləri ilə əvəzlənib, yeni yol salınıb, yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib. Avtobusların hərəkət etməsi üçün təhlükəsizlik adacığında zolaq təşkil olunub. “Gənclik Mall” ticarət mərkəzinin yeraltı parkinqinin girişində işıqfor quraşdırılıb. Yeni NMM sərnişinlərin rahatlığı və təhlükəsizliyi, avtobuslar üçün nəqliyyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Fətəli xan Xoyski küçəsində yaranan sıxlıq və tıxac hallarının azalmasına da töhfə verəcək”, - deyə məlumatda qeyd olunur.xeber100.com

Mart 29, 2024 16:30

Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 31-dən yay uçuş cədvəlinə keçəcək

Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 31-dən yay uçuş cədvəlinə keçəcək. Cədvəl oktyabrın 26-dək qüvvədə olacaq. AZAL-dan bildirilib ki, aviaşirkət yay qrafiki üzrə səyahət üçün geniş istiqamət seçimi təklif edərək, dünyanın 50-dən çox şəhərinə uçuşlar həyata keçirəcək. Aprel-oktyabr aylarında AZAL ilə dünyanın müxtəlif yerlərinə, o cümlədən Dubay, Tbilisi, Aktau, Almatı, Astana, Batumi, Dammam, Ciddə, İslamabad, Kəraçi, Lahor, Mədinə, Mumbay, Nyu-Dehli, Pekin, Daşkənd, Təl-Əviv, Ürgənç və Ər-Riyad kimi Asiya şəhərlərinə səyahət etmək mümkündür. Aviaşirkətin yay cədvəlində Türkiyənin bir sıra istiqamətləri təqdim olunub: • İstanbul: gündə 4 reys; • Ankara: gündə 1 reys; • Antalya: aprel-may aylarında uçuşlar həftədə 3, yay aylarında isə hər gün həyata keçiriləcək; • Bodrum: iyun ayının sonundan sentyabr ayının ilk həftəsinə qədər reyslər hər gün yerinə yetiriləcək; • Dalaman: həftədə 4 reys; • İzmir: apreldən iyunun ortalarına qədər reyslər həftədə 3 dəfə, iyunun sonundan sentyabrın ilk həftəsinə qədər hər gün həyata keçiriləcək; • Trabzon: aprel-may aylarında həftədə 3 reys, yay aylarında isə daha bir tezlik əlavə olunacaq. Bundan əlavə, AZAL Avropaya səyahət etmək istəyənlərə müxtəlif seçim imkanları təqdim edir. Aviaşirkətin reysləri ilə Barselona, Berlin, Vyana, Kişineu, Tivat, London, Milan, Paris və ya Praqaya səfər edərək, bu şəhərlərin gözəlliyindən zövq almaq olar. Rusiyanın bir sıra şəhərlərinə, o cümlədən Moskva, Həştərxan, Volqoqrad, Yekaterinburq, Kazan, Mahaçqala, Mineralnıye Vodı, Novosibirsk, Samara, Sankt-Peterburq, Soçi və Ufaya da reyslər mövcuddur. Yay cədvəli çərçivəsində aviaşirkət Naxçıvan, Dubay, Aktau, Tel-Əviv, Ankara, Moskva, Tbilisi, yay aylarında isə İzmir, Bodrum, Antalya şəhərlərinə gündəlik uçuşlar yerinə yetirəcək. Ən uyğun uçuş vaxtını seçmək və aviabiletləri daha sərfəli qiymətlərlə əldə etmək üçün AZAL sərnişinlərə səyahətləri əvvəlcədən planlaşdırmağı tövsiyə edir.xeber100.com

Mart 29, 2024 16:27

BRICS bankı tezliklə 28 milyard dollar dəyərində “Maharaja istiqrazları” adlı qiymətli kağızları buraxacaq

Aparıcı inkişaf etməkdə olan bazarların bloku olan BRICS təşkilatının bankı qlobal bazarlara yeni istiqrazlar çıxarmağa hazırlaşır və bu istiqrazlar ABŞ dollarında deyil, yerli valyutalarda olacaq. Xarici KİV-lər xəbər verir ki, Yeni İnkişaf Bankı (NDB) kimi tanınan BRICS bankı tezliklə 28 milyard dollar dəyərində "Maharaja istiqrazları" adlı qiymətli kağızları buraxacaq. Bu maliyyə qurumu, eyni zamanda, kriptovalyutaya diqqət yetirir. İstiqrazların buraxılacağı dəqiq tarixi açıqlamayıb, lakin NDB-nin baş əməliyyat direktoru Vladimir Kazbekovun bankın tənzimləyici orqanlarından təsdiq gözlədiyi açıqlanıb. Qurumun internet saytına görə, yeni istiqrazlar hökumətlər, maliyyə institutları və daimi investorlar üçün təqdim ediləcək. İstiqrazları gücləndirmək və müvafiq iqtisadiyyatların inkişafına dəstəyini təmin etmək üçün onları yerli valyutalarda almaq mümkün olacaq. İstiqrazların buraxılması planı BRICS-in “de-dollarizasiya” təşəbbüslərinin bir hissəsidir, çünki alyans qlobal iqtisadiyyatda islahatlar aparmaq məqsədilə Amerika valyutasından asılılığı azaltmaq istiqamətində irəliləyir. BRICS-ə Braziliya, Çin, Rusiya, Hindistan və Cənubi Afrika Respublikası, həmçinin altı yeni üzv - İran, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Argentina və Efiopiya daxildir. Bu qrupa daxil olan ölkələrin liderləri 2023-cü ilin sonlarında keçirdikləri son sammitdə qlobal iqtisadiyyatın siyasi məqsədlər üçün istismarını yekdilliklə rədd etdikləri üçün ABŞ dollarından imtina etmək məqsədilə yerli valyutaların istifadəsini təşviq etməyə söz veriblər.xeber100.com

Yanvar 15, 2024 14:42