Milli Oftalmologiya Mərkəzinin filialı açılıb

16 May 2016 14:40

Xəbər 1067 dəfə oxunub

Gəncədə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin filialı açılıb. Azərtac xəbər verir ki, açılış mərasimində Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Akademik Zərifə Əliyeva Milli Oftalmologiya Mərkəzinin direktoru, əməkdar elm xadimi Elmar Qasımov, şəhər səhiyyə idarəsinin rəisi professor Əlikram Məmmədov, tibb müəssisələrinin əməkdaşları, eləcə də bir sıra xarici qonaqlar iştirak ediblər. Oftalmologiya Mərkəzi ilə tanış olan qonaqlara məlumat verilib ki, yeni yaradılan tibb müəssisəsi üçün şəhərin mərkəzi hissəsinə yaxın, tarixi tikili seçilib. Binada əsaslı yenidənqurma və təmir işləri aparılıb. Səhiyyə ocağı ən müasir tibbi avadanlıqlarla təchiz edilib. Mərkəzdə 30 nəfərə yaxın tibbi personal xəstələrin sağlamlığının keşiyində dayanacaq. Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında müxtəlif göz patologiyasına tutulmuş xəstələrə, o cümlədən uşaqlara yüksək ixtisaslı oftalmoloji yardımın göstərilməsi, qlaukomanın konservativ, cərrahi və lazer müalicə üsullarının tətbiqi, müxtəlif növ müasir süni optik linzaların implantasiyası və fakoemulsifikasiya üsulları ilə aparılan kataraktanın cərrahi müalicəsi üçün tam şərait yaradılıb. Mərkəzin Gəncə filialında göz almasının anadangəlmə patologiya və zədə nəticəsində yarana anatomik pozuntuları zamanı keratoplastika və digər optik-rekonstruktiv, tor qişanın qopması və görmə üzvünün yeni törəmələri zamanı cərrahi əməliyyatlar, gözün virus və digər mənşəli iltihabi patologiyasının konservativ və cərrahi müalicəsi də həyata keçiriləcək. Tədbir iştirakçıları Oftalmologiya Mərkəzinin Gəncə filialında yaradılan şəraitlə tanış olub, cərrahiyyə blokluna, laboratoriyalara və optika aptekinə baxış keçiriblər. Səhiyyə ocağının açılışı münasibətilə Heydər Əliyev Mərkəzində elmi konfrans keçirilib. Konfransda akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov görkəmli alimin həyatı və elmi-ictimai fəaliyyəti barədə məlumat veriblər. Qeyd olunub ki, Zərifə xanım Əliyeva nəinki Azərbaycanda, eləcə də keçmiş MDB məkanında oftalmologiya sahəsinin inkişafına sanballı töhfələr verib. Onun monoqrafiyaları, elmi məqalələri bu gün də öz aktuallığını saxlayır və tədris vəsaiti kimi istifadə olunur. Konfransda “Azərbaycanda qlaukomalı xəstələrin dispanserizasiyası”, “Yerli steroid preparatlarının uzun müddət istifadəsi nəticəsində buynuz qişasının travmatik zədələnmələrinin fəsadları”, “Bizim təcrübəmizdə arxa polyar kataraktanın cərrahi müalicəsi” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.xeber100.com

 

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05