“Minsk 2019”da güləş yarışlarının ikinci günündə

26 İyun 2019 11:51

Xəbər 646 dəfə oxunub

İyunun 26-da – “Minsk 2019”un altıncı günündə Azərbaycan atletləri idmanın 5 növü üzrə – güləş, boks, badminton, atıcılıq və stend atıcılığı yarışlarında mübarizə aparacaqlar.Azərtac xəbər verir ki, “Minsk 2019”da güləş yarışlarının ikinci günündə Mahir Əmiraslanov (57 kq) finalda serbiyalı Stevan Misiç ilə qarşılaşacaq. Hacımurad Qadcıyev (74 kq), Aleksandr Qostiyev (86 kq) və Cəmaləddin Maqomedov (125 kq) təsəlliverici görüşlərdə iştirak edəcəklər.Bundan başqa, iki kişi və bir qadın güləşçimiz də bu gün mübarizəyə qoşulacaq. Üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev (65 kq) səkkizdəbir finalda Ermənistan təmsilçisi Volodya Franqulyan ilə görüşəcək. Nurmaqomed Qadcıyev (97 kq) Polşa təmsilçisi Radoslav Baran ilə üz-üzə gələcək. Qadın güləşçilərimizdən İrina Netreba (68 kq) isə səkkizdəbir finalda isveçli Cenni Franssonla qarşılaşacaq.Gün ərzində üç boksçumuz yarımfinala vəsiqə uğrunda mübarizə aparacaq. Cavid Çələbiyev (60 kq) Gürcüstan təmsilçisi Otar Eranosyan, Lorenso Sotomayor (69 kq) Kosovo idmançısı Patrion Behrami, Loren Alfonso Domingez (81 kq) isə Belçika boksçusu Ziyad El Mohor ilə görüşəcəklər.İkinci Avropa Oyunlarının badminton yarışlarında ölkəmizi təmsil edən Ezmi Qovimuramadhoni G qrupunda sonuncu oyununu keçirəcək. İlk iki oyunda qələbə qazanaraq qrupa liderlik edən təmsilçimiz onunla eyni nəticəni göstərən Rusiya badmintonçusu Vladimir Malkovla üz-üzə gələcək. Yarışın reqlamentinə əsasən, qrup mərhələsində ilk iki yeri tutan badmintonçular səkkizdəbir finala vəsiqə qazanacaqlar. İdmançımız artıq səkkizdəbir finala vəsiqəni təmin edib.Nigar Nəsirova 25 metr məsafəyə atəşaçma üzrə təsnifat yarışının ikinci mərhələsində mübarizəni davam etdirəcək. İdmançımız birinci mərhələdə 273 xal toplayaraq sonuncu – 35-ci pillədə qərarlaşıb. Kişilər arasında 25 metr məsafəyə tapançadan sürətli atəşaçma yarışında birinci mərhələdə 284 xal toplayaraq 19-cu olan Ruslan Lunyov da bu gün ikinci mərhələdə çıxış edəcək.Stend atıcılığı üzrə kişilərin yarışında təsnifat mərhələsində ölkəmizi Emin Cəfərov təmsil edəcək.“Minsk 2019”a iyunun 30-da yekun vurulacaq. Hazırda Azərbaycan millisinin aktivində 4 gümüş və 7 bürünc medal var.

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02