NƏ MUTLU TÜRKÜM DEYƏNƏ

4 Fevral 2016 14:07

Xəbər 2536 dəfə oxunub

 

Güney Azərbaycanın Urmiya şəhərinin “Şəhrdari” voleybol komandasının tərəfdarları bu dəfə başqa bir milli şüarla gündəmə  gəliblər.

Sosial şəbəkələrdə Urmiyanın “Qədir” stadionundan yayımlanan Videoda, voleybol tərəfdarları Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məşhur “Nə mutlu türküm deyənə”deyimini gur səslə səsləndiriblər.

Videonun voleybol super liqa rəqabətlərinin 19-cü həftəsində Urmiyanın “Şəhrdari” komandası ilə Amolun “Kalə” komandası arasında keçirlən yarışmada çəkildiyi bildirilir.

Həmin qarşılaşmada “Şəhrdari” komandası 3:0 hesabı ilə rəqib komandanı məğlubiyyətə uğratmışdı.

1954-cü il Haaqa Konvensiyasına Tərəf Ölkələrin 15-ci görüşü keçirilib

Dekabrın 11-də UNESCO-nun mənzil-qərargahında silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasına Tərəf Ölkələrin 15-ci görüşü keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşün gündəliyinə Azərbaycan tərəfindən daxil edilmiş “Minaların mədəni irsə təsiri” mövzusunda qətnamə layihəsi Konvensiyaya 135 Tərəf Ölkənin yekdil qərarı ilə qəbul edilib. Qətnamədə silahlı münaqişələr və postmünaqişə dövrlərində mədəni mülkiyyətin (mədəni irsin) qorunması və mühafizəsi məqsədilə üzv dövlətlərin göstərdiyi səylər təqdir edilir, minaların və digər partlayıcı qurğuların beynəlxalq humanitar hüquqa zidd olaraq istifadənin mədəni mülkiyyətə əhəmiyyətli dərəcədə ziyan vura biləcəyi qeyd olunur. Sənəddə minalar və digər partlayıcı qurğuların istifadəsinin mədəni mülkiyyətə qarşı ciddi təhlükə yaratması ilə bağlı narahatlıq ifadə olunur. Qətnamədə 1954-cü il Haaqa Konvensiyasını pozan addımların atılmasının qarşısının alınmasının əhəmiyyəti vurğulanıb. Qeyd edək ki, minaların mədəni irsə təsiri mövzusu UNESCO tarixində müzakirəyə çıxarılan və yekdilliklə qəbul edilən ilk qətnamədir. Bununla yanaşı, eyni məzmunlu bənd sözügedən konvensiyanın tarixində ilk dəfə olaraq Azərbaycan tərəfindən gündəliyə daxil edilib.xeber100.com  

Dekabr 12, 2023 13:32

SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib

Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edib. Prezident İlham Əliyev Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Sonra birgə foto çəkdirilib. Dövlət başçısı Zirvə görüşündə çıxış edib. *** Prezident İlham Əliyevin çıxışı - Hörmətli dövlət və hökumət başçıları. Hörmətli beynəlxalq təşkilatların nümayəndələri. Xanımlar və cənablar. Mən sizi səmimiyyətlə salamlayıram, qonaqlarımıza “Xoş gəlmisiniz!” deyirəm. Bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümüdür. Hazırda Azərbaycan SPECA-ya sədrlik edir. İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsünə dəstək verdikləri üçün Mərkəzi Asiya ölkələrinin rəhbərlərinə təşəkkürümü bildirirəm. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Mənim dəvətimlə bu gün Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edirlər. Əminəm ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq. SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur. Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar. Bu günlərdə BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışlayırıq. BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilmişdir. Azərbaycan Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq. SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərir. Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. Sentyabr ayında mən Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə ilk dəfə fəxri qonaq kimi dəvət olunmuşam. Dəvətə görə bir daha təşəkkür edirəm. Hazırkı Zirvə görüşünü Düşənbə görüşünün məntiqi davamı kimi qiymətləndirirəm. Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Biz ölkəmizdə əlverişli investisiya mühiti yarada bilmişik. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hörmətli həmkarlar. Müstəqilliyimizin ilk illərində ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizi Ermənistan tərəfindən işğal edilmişdi. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. Otuz ilə yaxın aparılan danışıqlar heç bir nəticə verməmişdir. Çünki Ermənistanın məqsədi işğalı qoruyub saxlamaq idi. 2019-cu ildə Ermənistanın baş nazirinin o vaxt işğal altında olan Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlar prosesini tamamilə məhv etdi. 2020-ci ilin noyabr ayında Azərbaycan xalqı öz tarixinin ən parlaq Qələbəsinə imza atdı. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub etdi və işğala son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını özümüz təmin etdik. Təəssüf ki, Ermənistan bundan sonra da öz öhdəliklərini yerinə yetirmədi. Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın hərbi kontingenti qalmaqda idi. Onlar tərəfindən törədilmiş hərbi təxribatlar nəticəsində hərbçilərimiz həlak olmuşlar. Buna cavab olaraq və “boz zona”ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də biz Qarabağda antiterror tədbirləri keçirdik. Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyduq. Bu tarixi Qələbə münasibətilə Azərbaycanı təbrik edən bütün ölkələrə təşəkkürümü bildirirəm. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq. Bu ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılacaq. Bu qardaşlıq dəstəyinə görə Şavkat Miromonoviç Mirziyoyevə və Kasım-Jomart Kemeleviç Tokayevə bir daha təşəkkürümü bildirirəm. Çıxışımın sonunda dövlət və hökumət başçılarına dəvətimi qəbul edib Zirvə görüşündə iştirak etdiklərinə görə bir daha təşəkkür edir və Zirvə görüşünün əlaqələrimizə yeni təkan verəcəyinə əminliyimi bildirirəm. *** Sonra digər dövlət və hökumət başçıları çıxış ediblər.xeber100.com

Noyabr 24, 2023 14:13

Sankt-Peterburqda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun və Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə baş konsul Sultan Qasımov, diaspor sədri Vaqif Məmişev, konsulluğun əməkdaşları və diaspor fəalları Ümummilli Lider Heydər Əliyevin Sankt-Peterburqdakı barelyefini ziyarət edib, önünə gül dəstələri qoyublar. Azərbaycanın Zəfər Günü münasibətilə keçirilən dəyirmi masada Rusiya ictimaiyyətinin, Sankt-Peterburqda yaşayan, ölkəmizə dost olan digər xalqların icma rəhbərləri, azərbaycanlı tələbə və gənclər iştirak ediblər. Rəsmi hissənin açılışında 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin və erməni təcavüzü nəticəsində həlak olmuş dinc əhalinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbir iştirakçılarına Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Ruslan Quliyevin videomüraciəti təqdim edilib. Tədbirdə çıxış edən diaspor sədri Vaqif Məmişev və baş konsul Sultan Qasımov 44 günlük Vətən müharibəsi nəticəsində xalqımızın qazandığı Qələbənin tarixi hadisə olduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, Zəfər Günü Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş xarici və daxili siyasətin, ərazi bütövlüyümüzün bərpası məsələsində nümayiş etdirdiyi qətiyyətli mövqeyinin, xalqımızın və ordumuzun mübarizəsinin bəhrəsidir. Tədbirdə, həmçinin “Rossiya 1” dövlət telekanalının “Vesti nedeli” proqramı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarını işıqlandıran veriliş nümayiş olunub.xeber100.com

Noyabr 8, 2023 21:49

Dünyanın bir çox nüfuzlu kütləvi informasiya vasitələri Azərbaycana qarşı olan terrordan yazır…

Dünyanın bir çox nüfuzlu kütləvi informasiya vasitələri Azərbaycan ərazilərində ermənilərin mina terrorunun davam etməsi nəticəsində son günlər azərbaycanlı polislər və mülki şəxslərin həlak olması barədə materiallar dərc edib. Rusiyanın TASS agentliyi, “Arqumentı i faktı”, “Moskovski komsomolets” qəzetləri və digər mətbuat orqanları azərbaycanlı polis əməkdaşlarının Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək həlak olması haqqında Azərbaycan DİN, Baş Prokurorluq və DTX-nin birgə məlumatını yayıblar. Rusiya mediası vurğulayıb ki, Azərbaycanın hüquq-mühafizə orqanları baş vermiş insidenti terror aktı adlandırıb və Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən terrorizm maddəsi üzrə cinayət işi başlanılıb. Ərəb mediası da ermənilərin mina terroru haqqında materiallar dərc edib. “Əl Ərəbiyə”, “Əl Əhram”, “Şuruk”, “Əl Qüds” və ərəb ölkələrinin digər qəzet və portallarında dərc edilən xəbərlərdə oxucuların diqqətinə çatdırılıb ki, rəsmi Bakı erməni sabotaj qruplarının Azərbaycan ərazilərində basdırdığı minaların altı azərbaycanlının, o cümlədən dörd polis əməkdaşının həlak olmasına səbəb olduğunu bəyan edib. Materiallarda qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev ermənilərin mina terrorunun azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasında başlıca əngəl olduğunu dəfələrlə bildirib. Xəbərlərdə vurğulanıb ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu hadisələri terror aktı kimi qiymətləndirib və müvafiq maddələrlə cinayət işi açılıb. Ermənilərin mina terroru nəticəsində azərbaycanlı polislərin və mülki şəxslərin həlak olması barədə xəbərlər Avropa ölkələrinin KİV-lərində də dərc olunub. Fransanın “Radio France Internationale”, İtaliyanın “Quotidiano dei contribuenti”, Slovakiyanın “hn.24”, “Teraz”, “TvNoviny”, “Dennikn” qəzet və portallarında dərc olunmuş materiallarda bildirilir ki, içərisində Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarının olduğu nəqliyyat vasitəsi Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb. Baş vermiş partlayışlar nəticəsində iki mülki şəxs və nazirliyin dörd əməkdaşı həlak olub. Xəbərlərdə diqqətə çatdırılır ki, Azərbaycan tərəfi ermənilərin bu terror aktlarının Ermənistanla sülh prosesinə ciddi zərbə vurduğunu bəyan edir, həmçinin İrəvandan qanunsuz hərbi birləşmələrini Qarabağdan dərhal çıxarmağı tələb edir. ABŞ-ın “Barrons” internet nəşri də Ermənistanın Azərbaycan ərazilərində mina terrorundan bəhs edib, o cümlədən son terror aktı nəticəsində azərbaycanlı polislərin və mülki şəxslərin həlak olduğunu bildirib. Yazıda qeyd olunub ki, sülh prosesinin davam etdiyi bir şəraitdə Azərbaycanla Ermənistan arasında gərginlik artır, eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələri və separatçıların fəallaşdığı müşahidə olunur. “İki müharibənin baş verdiyi Qarabağ ərazisinin böyük hissəsi ermənilər tərəfindən minalanıb və Prezident İlham Əliyev bildirib ki, mina problemi səbəbindən məcburi köçkünlərin 2020-ci ildə işğaldan azad olunmuş bu ərazilərə köçürülməsi prosesi gecikir”, -deyə materialda qeyd olunub.

Sentyabr 19, 2023 14:12

Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatı

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinin təxribatlarına qarşı cavab tədbirləri barədə bəyanat yayıb. XİN-in Mətbuat xidməti idarəsinin məlumatına görə, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atıblar. Belə ki, erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları həlak olub və yaralanıb. Bununla yanaşı, Ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Erməni silahlı qüvvələrinin bu kimi təxribatları davam etdirmək məqsədilə döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edilib. Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Görülən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Görülən tədbirlərin hədəfi müstəsna olaraq qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturdur. Heç bir halda Azərbaycan tərəfi mülki əhalini hədəf almır. Bu xüsusda, erməni mülki əhalinin hərbi hədəflərdən uzaq durması zəruridir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.xeber100.com

Sentyabr 19, 2023 14:06

Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib

Ankarada Türk Ağsaqqalları Birliyi - TAİB və Türkiyədəki Azərbaycan İş Adamları Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş, “Türkiyə-Türk dünyası yüz ili: siyasi, iqtisadi əlaqələrdə yeni yanaşma modeli” adlı konfrans keçirilib. Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub. Qərbi Azərbaycan İcmasının sədr müavini, Türk Dövlətləri Təşkilatının sabiq baş katibi, deputat Ramil Həsənin moderatorluğu ilə keçirilən konfransda çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycan-Türkiyə münasibətlərinin davamlılığı, münasibətlərin yeni mərhələyə qədəm qoymasında Ulu Öndər Heydər Əliyevin atdığı tarixi addımlardan bəhs edib. Qeyd edib ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə iki qardaş ölkə arasındakı proseslər taclandırılıb. Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini Efkan Ala çıxışında iki ölkənin hakim partiyaları arasındakı münasibətlərin inkişafından, birgə layihələrin uğurla davam etməsindən söz açaraq, mövcud əməkdaşlıq əlaqələrinin ölkələr arasındakı münasibətlərə böyük töhfə verdiyini vurğulayıb. Milliyyətçi Hərəkat Partiyasının sədr müavini Kamil Aydın Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü səviyyəsindən, iki ölkə prezidentinin milli maraqları ehtiva edən birgə xarici siyasətindən geniş bəhs edərək, əlaqələrin inkişafına bundan sonra da dəstək verəcəklərini bildirib. Daha sonra çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, professor Rəşad Mahmudov, SETA akademi direktoru, professor Fərhad Pirinççi, Erciyez Anadolu Holdinqin rəhbəri Baki Ertekin, “SOCAR-Türkiye”nin baş direktoru Elçin İbadov Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin bütün Türk dünyasına nümunə olduğunu qeyd edərək, prezidentlər arasındakı sarsılmaz dostluq münasibətlərinin ümumi inkişafa töhfə verdiyini vurğulayıb, əlaqələrin təkcə siyasi müstəvidə deyil, bütün sahələr üzrə dinamik inkişafda olduğunu qeyd ediblər. Konfransda Türkiyə parlamentinin sədri Numan Kurtulmuşa, Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Efkan Alaya, AK Parti sədrinin xarici əlaqələr üzrə müavini Zafer Sırakayaya və Milliyyətçi Hərəkat Partiyasının sədr müavini Kamil Aydına Türk Ağsaqqalları Birliyi – TAİB və Türkiyədə Azərbaycan İş Adamları Birliyinin xüsusi plaketləri təqdim olunub.xeber100.com

Sentyabr 8, 2023 15:07