“Nəvainin Nevaları” adlı qiraət yarışı keçirilib

7 Mart 2021 18:35

Xəbər 924 dəfə oxunub

Türk dünyasının tanınmış şairi Əlişir Nəvainin anadan olmasının 580- cı ildönümü münasibətilə Özbəkistanın İstanbul səfirliyi, “Avrasiya Türk Dərnəkləri Federasiyası”, “Türküstan elləri Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyi” və “Türküstanlılar Mədəniyyət və Sosial Yardım Dərnəyinin” təşkil etdiyi “Nəvainin Nevaları”adlı qiraət yarışı keçirilib.

Qeyd edək ki, Türk dünyasının müxtəlif yerlərindən qatılan yarışmaçılar Nəvainin şeirlərini səsləndirib video formatda müsabiqəyə təqdim ediblər.
Azərbaycandan yarışa qatılan yazar, qiraətçi Müşfiqə Baladdinqızı şairin “Heyf” rədifli qəzəli ilə birinci yerə layiq görülüb.

M.Baladdinqızı 1984-cü ildə anadan olub. 274 saylı tam orta məktəbdə müəllimə işləyir. Yaradıcılıq fəaliyyətinə 2000 ci ildə başlayıb, şeirləri ilə mütəmadi olaraq mətbuatda çıxış edir. Peşəkar Bədii Qiraətlə məşğul olur. “Nəsimi- 650” layihəsi çərçivəsində təşkil olunmuş “Yeni nəfəs” Qiraət müsabiqəsində fəal iştirakına görə diplomla təltif olunub.

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Vaqif Poeziya Günləri keçiriləcək

Bu il Vaqif Poeziya Günlərinin keçiriləcəyi tarix məlum olub. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, builki poeziya günləri nazirlik və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 16-18 iyulda keçiriləcək. "Sözün hekayəsi" şüarı ilə təşkil olunacaq tədbirlər proqramı Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair və dövlət xadimi Molla Pənah Vaqif irsinin yaşadılması, milli ədəbi dəyərlərin qorunması, eləcə də müasir ədəbi proseslərin inkişafına töhfə vermək məqsədi daşıyır. Poeziya bayramı iyulun 16-da M.P.Vaqifin doğulduğu Qazax rayonunda başlanacaq, iyulun 17-də isə mədəniyyət paytaxtımız Şuşa şəhərində keçiriləcək. Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksi önündə keçiriləcək açılış mərasimində rəsmilər, yazıçı və şairlər, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları dinləniləcək. Sonra Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunan "Sözün ovçusu – "Könlüm keçir Qarabağdan" adlı səhnə kompozisiyası nümayiş etdiriləcək. Poeziya günləri çərçivəsində M.P.Vaqifin yaradıcılığına və Azərbaycan klassik poeziyasına həsr olunmuş bədii kompozisiyalar, musiqi proqramları təqdim ediləcək və ədəbi tədbirlər keçiriləcək. Builki Poeziya günlərində mühüm yeniliklər də olacaq, "Kitab dayanacağı" köşkü istifadəyə veriləcək. Eyni zamanda TÜRKSOY-un tərəfdaşlığı ilə II Türk Dünyası Gənc Şairlər Festivalı Şuşada təşkil olunacaq. Bundan əlavə, Xalq şairləri Sabir Rüstəmxanlı, Vahid Əziz və Ramiz Rövşən ilə oxucu görüşləri, "Sözün gülüşü – Şuşa hekayələri" adlı teatral kompozisiya da proqramda yer alıb. Vaqif Poeziya Günlərinin son günü Azərbaycan və ümumtürk ədəbi irsinin görkəmli nümayəndələrinə həsr olunmuş silsilə tədbirlərlə yadda qalacaq. Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş "Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani" mövzusunda elmi konfrans keçiriləcək, Məhəmmədhüseyn Şəhriyarın 120 illiyinə ithaf olunan "Sözün həsrəti – "Heydərbabaya salam" bədii-musiqili kompozisiyası təqdim ediləcək. Poeziya günləri "Sözün Zəfəri – Zəfərin sədası" adlı möhtəşəm konsert proqramı ilə yekunlaşacaq. Bildirək ki, Vaqif Poeziya Günləri çərçivəsində təşkil olunacaq silsilə tədbirlər "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasında ədəbiyyatın inkişafı ilə bağlı prioritet hədəflər kontekstində xüsusi əhəmiyyət kəsb edir. Xatırladaq ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Məhz həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılıb. Eyni zamanda dahi siyasətçinin tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib. 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəvi olaraq şairin vətəni Qazaxdan başlayır və Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatırdı... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Vaqif Poeziya Günləri yenidən doğma yurdunda – Azərbaycanın mədəniyyət paytaxtında keçirilməyə başlanıb.xeber100.com

İyul 15, 2026 10:21

Milli Qurtuluş Gününə həsr olunmuş elmi konfrans keçirilib

Milli Kitabxanada “Heydər Əliyev: dövlət suverenliyi və konstitusiya quruluşu” mövzusunda elmi konfrans keçirilib. Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşən tədbir 15 İyun – Milli Qurtuluş Gününə həsr olunub. Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndərə həsr olunmuş film nümayiş etdirilib. Konfransı açan Milli Kitabxananın direktoru professor Kərim Tahirov kitabxananın 1995-ci ildə yaradılan bu zalına 30 il öncə ilk dəfə Ulu Öndər Heydər Əliyevin gəldiyini bildirib. O, dahi siyasətçinin kitabxananı xalq, millət və cəmiyyət üçün müqəddəs bir yer, bilik, zəka, mənəviyyat mənbəyi kimi səciyyələndirdiyini diqqətə çatdırıb. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli konfransda “Ulu Öndər Heydər Əliyev: konstitusiya və dövlət suverenliyi” mövzusunda çıxış edib. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu Ulu Öndər Heydər Əliyevin mədəniyyətə xüsusi yanaşması olduğunu söyləyib. Deyib ki, ölkəmizdə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider zəngin dövlətçilik təcrübəsi və qətiyyəti ilə Azərbaycanı qısa müddətdə çətinlikdən qurtarıb, davamlı inkişaf yoluna çıxarıb. Sonra Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Aydın Mirzəzadə, Vüqar Rəhimzadə, YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, Mətbuat Şurasının sədri Rəşad Məcid və Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Zaur Əliyevin çıxışları dinlənilib.xeber100.com

İyun 14, 2025 21:22

Rəsul Rzanın 115 illiyinə həsr olunan ədəbi-bədii tədbir keçirilib

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rzanın 115 illiyinə həsr olunan ədəbi-bədii tədbir keçirilib. Tədbirdə Rəsul Rzanın həyat və ədəbi irsini əks etdirən videoçarxlar nümayiş olunub. Tədbirdə çıxış edən filialın müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Rəsul Rzanın Azərbaycan ədəbiyyatında tutduğu mövqedən, poeziyamıza gətirdiyi yeniliklərdən danışıb, şairin şəxsiyyəti və yaradıcılığı barədə maraqlı məqamlara toxunub. Muzeyin elmi işçisi Ülviyyə Yusifova şairin ədəbi mühiti və sənət dostluqları barədə geniş məruzə ilə çıxış edib. O, şairin ədəbi əlaqələrinin yalnız yaradıcılıqla deyil, həm də mənəvi dostluqlarla zəngin olduğunu vurğulayıb. “Rəsul Rza ilə Abdulla Faruq arasında yaxın münasibət var idi. Rəsul Rzanı Abdulla Faruq ədəbiyyata təşviq edib, onun istedadına inam göstərib. Onların bu dostluğu uzun illər davam edib. Hər iki sənətkarı birləşdirən ortaq dəyərlər olub. Azərbaycan ədəbiyyatında novator şair kimi şöhrət qazanmış, sərbəst şeirin böyük ustadı Rəsul Rza təkcə poeziyada yenilikçi kimi tanınmayıb, Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparıb, şifahi xalq ədəbiyyatı nümunələrinin toplanılıb nəşr edilməsinə çalışıb, onlardan ustalıqla bəhrələnib. Onun poeziyasının nur saçan işığı bu gün də yolumuzu aydınlatmağa davam edir”,- deyə Ü.Yusifova əlavə edib.xeber100.com    

May 28, 2025 00:49

“18 aprel – Tarixi Abidələrin Mühafizəsi Günü” adlı geniş kitab sərgisi təşkil edilib

Azərbaycan Milli Kitabxanasında “18 aprel - Tarixi Abidələrin Mühafizəsi Günü” adlı geniş kitab sərgisi təşkil edilib. Kitabxanadan bildirilib ki, sərgidə Azərbaycanın mövcud tarixi, dini və mədəniyyət abidələrinin, dünya tarixi abidələrinin mühafizəsi və bərpası, mədəni irsimizi beynəlxalq aləmdə təbliği haqqında kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur. Sərgi bir həftə davam edəcək. UNESCO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında hər il 18 aprel -Tarixi Abidələrin Mühafizəsi Günü kimi qeyd olunur. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Dövlətlərarası səviyyədə ilk dəfə olaraq Tarixi Abidələrin Mühafizəsi Günü 18 aprel 1984-cü ildə qeyd olunub. Bəşər mədəniyyətinin tərkib hissəsi olan maddi-mənəvi irsin qorunması beynəlxalq əhəmiyyət kəsb etdiyindən, onların mühafizəsi bu gün diqqət mərkəzindədir. Azərbaycan dövlətinin yürütdüyü humanitar siyasət nəticəsində respublika ərazisindəki mövcud tarixi, dini və mədəniyyət abidələrinin aşkar edilməsi, tədqiqi, mühafizəsi, bərpası və mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində çox böyük və məqsədyönlü layihələr həyata keçirilir. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.xeber100.com

Aprel 18, 2024 15:06

Xalq yazıçısı Çingiz Aytmatovun anadan olmasının 95-ci ildönümü tamam olur

Bu gün Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun anadan olmasının 95-ci ildönümü tamam olur. Çingiz Aytmatov Qırğızıstanın Şəkər kəndində anadan olub. O, əvvəlcə kənd məktəbində, sonra rayon mərkəzindəki məktəbdə təhsil alıb. İkinci Dünya müharibəsi dövründə -1943-cü ilin yayında adamların çoxunun cəbhəyə getməsi nəticəsində kənddə kişilərin sayı azalanda 15 yaşlı Çingiz Şəkər Kənd Sovetinin katibi təyin edilib. Sonralar o, Cambulda zoobaytarlıq texnikumunda, habelə Qırğızıstan Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb, 1953-cü ildə oranı bitirib. Ali təhsil almış Çingiz Aytmatov Qırğızıstanın Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib. O, 1952-ci ildə yerli qəzetlərdə dərc edilən bir neçə hekayəsi ilə ədəbi mühitə qədəm qoyub. Qırğız yazıçılarının əsərlərini rus dilinə tərcümə edib, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. 1958-ci ilin avqust ayında “Yeni dünya” (“Novıy mir”) jurnalında Çingiz Aytmatovun “Cəmilə” povesti dərc edilib. Povest Avropada dərc ediləndə Qərb oxucuları bu əsərdə insan xarakterində həssaslığın bədii boyalarla ustalıqla verilməsinin şahidi olublar. “Cəmilə” romanı ədəbi ictimaiyyət və oxucular arasında geniş əks-səda yaradıb, “dünyanın ən gözəl eşq hekayəsi” adlandırılıb. Sonralar Çingiz Aytmatov qırğız mövzusunu daha dərindən mənimsəyib. “Qırmızı yaylıqlı qovağım mənim”, “Köşək gözü” əsərlərini də məharətlə işləyib, obrazların daxili aləminə nüfuz etməyi bacarıb. 1963-cü ildə yazdığı “Ana tarla” povestində şərtilik və həyati reallıq üzvi şəkildə birləşib. Həmin il yazıçının “İlk müəllim” povesti də nəşr olunub. Lakin bütün bu əsərlər müəllifin böyük nəsrinin proloqu idi. Çingiz Aytmatovun qəhrəmanları mənəvi cəhətdən güclü, mərhəmətli və aktiv insanlar idi. Buna görə yazıçını psixoloji portret ustası da adlandırırdılar. “Ağ gəmi” (1970), “Dəniz kənarıyla qaçan Alabaş” (1977), “Gün var əsrə bərabər” (1980) romanlarında yazıçı dövrün kəskin fəlsəfi, etik və sosial problemlərinə toxunub. Ötən əsrin 80-ci illərinin əvvəlində yazdığı “Ölüm kötüyü” əsəri insan və təbiət münasibətlərindən, həyatın mənasından, dinin insanları yaxşılığa doğru dəyişməsindən, müasir dövrün bəlası olan narkomaniya və digər məsələlərdən bəhs edir. Çingiz Aytmatov belə deyib: "Doğru nədir, nədir yalan? Doğru insanlara sevgidir, bu planetdə doğulanların hamısına xoşbəxtlik və azadlıq arzulamaqdır. Heç bir ideologiya və milli quruluş bunun qədər vacib ola bilməz. İnsanlar öldürəndə, öləndə yox, yalnız sevəndə əsl qəhrəman olur..."xeber100.com

Dekabr 12, 2023 13:03

“Uluslararası türk xalqlarının mühacirət ədəbiyyatı” adlı simpozium keçirilib

Türkiyənin İstanbul şəhərində “Uluslararası türk xalqlarının mühacirət ədəbiyyatı” adlı simpozium keçirilib. İstanbul Universiteti, Türkiyyat Araşdırmaları İnstitutu və İstanbuldakı Azərbaycan “Eğitim, Kültür və Sosial Dayanışma Dərnəyi”nin birgə təşkil etdiyi simpoziuma dünyanın 17 ölkəsindən 40-dan çox alim qatılıb. Simpoziumda çıxış edən dərnəyin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Şərqiyyə Məmmədli bu silsilə tədbirlərin keçirilməsinin Turan Birliyinə dəstək olmaq məqsədini daşıdığını bildirib. İstanbul Universitetinin rektoru, professor Osman Bülənd Zülfiqar tarix boyu bütün türk xalqlarının, o cümlədən yazarların taleyində həzin, kədərli iz buraxmış köç və mühacirət məsələsinin bədii ədəbiyyatda necə əks olunduğunun vacibliyindən söz açıb. Türkiyyat Araşdırmaları İnstitutunun müdiri, professor Mustafa Balcı ilk dəfə keçirilən simpoziumun, eyni zamanda, siyasi birliyə təkan olacağını vurğulayıb. Azərbaycan Cümhuriyyətinin süqutundan sonra Türkiyəyə sığınan İstanbul Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının rəhbəri, professor Əhməd Cəfəroğlunun qızı, Sabancı Muzeyinin müdiri, professor Nazan Ölçer simpoziumu təşkil edənlərə təşəkkürünü bildirib, atası ilə bağlı xatirələrini dilə gətirib. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov türk xalqlarının müxtəlif dönəmlərdə dəfələrlə hicrətlə üzləşdiyini, köçmən ömrü yaşamağa məcbur olduğunu qeyd edərək, “mühacirət ayrılıqdır, insanların doğmalarından, vətənlərindən uzaq düşməsidir, ancaq mühacirəti düşünmək, yurd-yuvasından ayrılanları anmaq birliyə can atmaqdır, bir daha belə halların baş verməməsi üçün həmrəylik göstərməkdir” deyə simpozumun önəminə diqqəti çəkib. İki gün davam edən simpoziumda professor Yavuz Akpınarın “Azərbaycan mühacirət ədəbiyyatının ilk təmsilçilərindən Cəlal Ünsi”, professor Abdulhamit Avşarın “Miqrasiya fenomeninin milli şüurda rolu: Kayseri uyğurları örnəyi”, professor Səbahəddin Şimşirin “Türkiyədə Azərbaycan mühacirət ədəbiyyatının formalaşmasında 28 May istiqlal və 27 aprel işğal günlərinin rolu”, professor Atilla Jormanın “Görkəmli şair Mehmet Sadıq Aran”, professor Salavat İshakovun “Qafqaz, Krım, İdil-Ural bölgəsi və Türküstanın mühacirətdəki siyasiləri: ədəbiyyat və təbliğat”, akademik Rafael Hüseynovun “Köç ədəbiyyatının Azərbaycan fenomeni: vətəndən vətənə mühacirətin bədii və elmi mirası”, professor Vaqif Sultanlının “Azərbaycan mühacirət ədəbiyyatında memuar: mövzu hüdudları və janr özəllikləri”, professor Bədirxan Əhmədlinin “Azərbaycan mühacirət mətbuatında milli mücadilə ədəbiyyatının yaranması və formalaşması məsələləri”, professor Almaz Həsənqızının “Əhməd Cəfəroğlunun folklor araşdırmaları sovet ideoloji baskısı kontekstində”, professor Əhməd Sami Elaydinin “Misirdə tatar türklərinin ədəbiyyatı: Musa Carullah Bigiyevin ədəbi-kulturoloji mirası”, dosent İzzətullah Zəki və Firuz Fevzinin “Güney Türküstan türklərinin köç və ədəbi kulturoloji fəaliyyətləri”, dosent Bakıtgül Kuljanovanın “Misirdə yaranan Altun Orda ədəbiyyatı”, dosent Rüstəmcan Cabbarovun “Əlişir Nəvai dönəmində Xorasan çevrəsində Azərbaycan mühacirət ədəbiyyatı”, Orhan Arasın “Almaniyadakı türklərin ədəbi axtarışlarına qısa bir baxış”, dosent Nouşad Mançeri Kırıkkalın “Hindistandakı türk ədəbiyyatının əks-sədası və izləri”, Səadət Kəriminin “Qərbi Avropada türk köçmən ədəbiyyatının mövzuları, önəmi və problemləri”, İrəc İsmayılın “Turxan Gəncəyinin ədəbi-kulturoloji irsi”, dosent Tohid Məlikzadənin “Rza Beraheninin yaradıcılığı”, dosent Nəzirə Sultanəliyevanın “Köçəri xalqlarının kültüründəki bənzərliklər”, Dürdanə Rəsulovanın “Mövlana Yusif Qarabağinin həyatı və elmi irsi haqqında” və digər məruzələr dinlənilib.xeber100.com  

Noyabr 27, 2023 15:09

“Türk ədəbiyyatının inciləri” toplusunun təqdimatı keçirilib

9-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin müvafiq sərəncamı ilə nəşr edilmiş “Türk ədəbiyyatının inciləri” toplusunun təqdimatı keçirilib. Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru Kərimulla Məmmədzadə “Türk ədəbiyyatının inciləri” adlı toplu haqqında məlumat verib, burada bütün türkdilli dövlətlərin görkəmli şair və yazıçıları haqqında məlumatların toplandığını bildirib. Yüz cildlik nəşrin 16 cildinin Azərbaycana həsr olduğunu qeyd edən K.Məmmədzadə burada 183 azərbaycanlı müəllifin əsərinin yer aldığını vurğulayıb. Özbəkistanın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Atabek Ramazanov çıxış edərək yüzcildlik “Türk ədəbiyyatı toplusu”nu bütün Türk dünyası tarixində önəmli bir hadisə kimi dəyərləndirib. Tədbirdə Özbəkistan nəşriyyatının baş redaktoru Muhiddin Amanov sözügedən yüzcildlik nəşr haqqında geniş məlumat verərək sərgidə iştirakından məmnunluq duyduğunu bildirib. Qeyd edib ki, Özbəkistan və Azərbaycan söz, sənət adamları arasındakı əlaqələrin daha da inkişaf etdirilməlidir. Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək dövlətlərimiz arasında mədəni əlaqələrin qurulmasını çox yüksək qiymətləndirib. Sonda TÜRKSOY-un nümayəndəsi Vüqar Novruzoğlu bildirib ki, TÜRKSOY-un məqsədi milli mirasımızı gələcək nəsillərə ötürməkdir və bu cür layihələrin həyata keçirilməsi bu sahədə görülən vacib işlərdəndir.xeber100.com

Noyabr 15, 2023 15:11

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı ensiklopedik nəşr çapdan çıxıb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə hazırlanan “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” adlı ensiklopedik nəşr çapdan çıxıb. Mərkəzdən bildirilib ki, nəşr 5 dildə - Azərbaycan, özbək, türk, ingilis və rus dillərində işıq üzü görüb. Qeyd olunub ki, 2022-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalanıb, 2022-ci il martın 31-də isə Türkiyə Respublikasının Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının Qərarı ilə qədim muğam- sənət beşiyi olan Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Ensiklopedik-məlumat kitabının hazırlanmasında əsas məqsəd Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa haqqında məlumatları müfəssəl şəkildə bir mənbədə toplamaqdır. Nəşrdə təkcə Şuşanın keçmişi, işğaldan əvvəlki dövrü ilə bağlı deyil, onun azad olumasından sonrakı dövrünə aid məlumatlar da yer alır. Daşkənddəki “Niso Poligraf” nəşriyyatında çap olunan nəşrdə Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtı olan Şuşa haqqında ən vacib faktlar, məlumatlar və fotolar öz əksini tapıb. Nəşrdə “Şuşa İli” və Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələrdən bəhs olunub.xeber100.com

Oktyabr 18, 2023 13:22