Ölkəmizdə 1000 000-ə yaxın qaçqın və məcburi köçkün vardır ki, bu da respublika əhalisinin 12%-ni təşkil edir. Baş vermiş münaqişədən illər keçməsinə baxmayaraq hələ də məcburi köçkünlərin yaşayış şəraitiylə bağlı problemlər mövcuddur. Belə ki, məcburi köçkünlərin əksəriyyəti hələ də yararsız yerlərdə yaşayır. Artıq qaçqın və məcburi köçkünlər arasında xeyli yeni ailələr yaranıb ki, onların da ayrıca olaraq yerləşdirilməsi problemə çevrilib. “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanunda qaçqın və ya məcburi statusunu alan şəxsə müəyyən edilən qaydada bəzi təminatlar verilir. Təminatlara görə qaçqın və ya məcburi köçkünlər iş və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılan yerlərdə, lakin ən çoxu üç ay müddətində haqq ödəmədən yaşaya bilər. Haqq ödəmədən müvəqqəti yaşayış yerinə gedə və əmlakını aparmaq hüququ var. Yeri gəlmişkən, ölkə başçısının 2005-ci il 1 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə təsdiq edilib. Beynəlxalq təcrübə nəzərə alınmaqla, yaradılmış milli qanunvericilikdə qaçqınların və məcburi köçkünlərin aşağıdakı imtiyazları təsbit edilib. “Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar Azərbaycan Respublikasının vətəndaşları hesab edilirlər, lakin onlar siyasi mənada «qaçqın» statusunu və öz ölkələrinə qayıtmaq hüququnu saxlayırlar, mənzil və ya ev alqı-satqısı zamanı notarial rüsumlardan azaddırlar, Təhsil Nazirliyinin 2004-cü il kollegiya qərarına əsasən Ermənistandan olan, 1988-1992-ci illərdə anadan olmuş qaçqınlar dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqını ödəməkdən azaddırlar. Ölkə başçısının 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən özəl müəssisələrin, ali və orta ixtisas təhsili məktəblərinin rəhbərlərinə tövsiyə olunub ki, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması və təhsil haqqının ödənilməsində güzəştlərin verilməsi məsələlərində onlara lazımi kömək etsinlər. Onu da qeyd edək ki, ölkəmiz müstəqillik qazandıqdan sonra 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edildi və 1992-ci il mayın 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açıldı. BMT ilə əməkdaşlığın ilk günündən başlayaraq, Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə və BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışdı. qaçqın və köçkünlərlə bağlı bir çox normativ hüquqi sənədlər qəbul olunub. Belə ki, 1992-2012-ci illər ərzində məcburi köçkünlərin hüquqlarını müdafiə üçün 23 qanun, 44 prezident fərman və sərəncamları və Nazirlər Kabinetinin 195 qərar və sərəncamı qəbul olunub. Bu sənədlər sırasında ilk addım 1992-ci il sentyabrın 29-da qəbul edilən “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanundur. Qanunda Azərbaycan ərazisində qaçqınların və məcburi köçkünlərin statusunu və onu həyata keçirməyin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edirdi. Xatırladaq ki, 7 il qüvvədə olan qanun 1999-cu ilin mayın 21-də yenilənərək eyni adlı qanunla əvəz olundu. Hətta sonralar qanuna bir neçə dəfə əlavələr və dəyişiklik olunub. Məsələn, 1992-ci ildə qəbul edilən birinci qanun cəmi 12 maddədən ibarətdi, ancaq ikinci qanunda maddələrin sayı 21-ə çatdırıldı. Qeyd edək ki, ilk qanunun qəbulundan sonra Azərbaycan dövləti 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Qaçqınların Statusu haqqında konvensiyasına da qoşuldu. 1995-ci ildə isə Beynəlxalq Humanitar və Texniki Yardım üzrə Respublika Komissiyasi haqqında Əsasnamə qəbul edildi. Komissiya xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan Azərbaycana daxil olan humanitar yardımın qəbul edilməsi, uçotun aparılması, saxlanılması, bölüşdürülməsi və bu sahədə zəruri olan digər işlərin təşkil edilməsi məqsədi ilə yaradıldı. Ölkə başçısının imzaladığı sərəncamda bununla bağlı deyilir ki, komissiya adambaşına düşən müvafiq humanitar yardım normalarının müəyyən edilməsi və həmin normaların təsdiq edilməsi barəsində Azərbaycan Nazirlər Kabinetinə təkliflər verir, həmin normalara müvafiq humanitar yardımın bölüşdürülməsinə nəzarəti təşkil edir. Bundan başqa ölkəmizə humanitar və texniki yardımın gətirilməsi və həmin yardımın ayrı-ayrı bölgələrə təyinatı üzrə çatdırılması üçün nəqledilmə məsələlərinə dair müvafiq dövlət orqanlarına təkliflər verir və bu məsələlərin həllində iştirak edir. Son olaraq qeyd edək ki, ölkəmizdə məcburi köçkünlərin vətəndaşların mülkiyyətində olan mənzillərində yaşaması problemi hələ də qalır. Ekspertlərin fikrincə, dövlət həmin məcburi köçkünləri mənzillərdən çıxararkən onların da hüquqlarını qorumalıdır. Mənzillərdən çıxarılarkən məcburi köçkünlərin hüquqlarını pozmaq olmaz. Onlar yaşadığı mühitə yaxın, ona uyğun mühitə köçürülməlidir. Başqalarının mənzillərində məskunlaşan məcburi köçkünləri birdən-birə çıxarmaq da olmaz, məhz bunun üçün müvafiq Dövlət Proqramının olması vacibdir.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…