Qafqaz Müsəlmanları İdarəsinin məlumatı

25 Aprel 2017 14:01

Xəbər 1378 dəfə oxunub

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 26-da Finlandiyaya səfərə yola düşür.QMİ-nin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, səfərdə məqsəd aprelin 27-də Helsinki şəhərində keçiriləcək “Multikulturalizm, İslam həmrəyliyi və dinlərarası tolerantlıq: Azərbaycan təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda Konfransda iştirak etməkdir.Konfransda Azərbaycan və Finlandiyada fəaliyyət göstərən dini icmaların rəhbərləri, dövlət və hökumət nümayəndələri, parlament təmsilçiləri iştirak edəcəklər.Səfər çərçivəsində Finlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə də görüşü nəzərdə tutulur.xeber100.com

İyulun 28-də könüllü qanvermə aksiyası təşkil edilib

Səhiyyə Nazirliyi Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə iyulun 28-də könüllü qanvermə aksiyası təşkil edib. Qanvermə aksiyası Məhərrəm ayının 10-u - Aşura ilə əlaqədar keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, aksiya Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının Bakı şəhəri və müxtəlif regionlarda yerləşən bölmələri tərəfindən keçirilir. Qanvermə aksiyaları paytaxtın 8 məscid və ziyarətgahında baş tutur. Eyni zamanda, aksiya respublikanın müxtəlif şəhər və rayonlarında, o cümlədən Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Bərdə və Qubada keçirilir. Qeyd edilib ki, qanvermə aksiyasında 18-65 yaşarası, çəkisi minimum 50 kiloqram olan fiziki sağlam şəxslər qan verə bilərlər. Qanverən şəxslər ilk olaraq həkim müayinəsindən keçirlər. Onların təzyiqi yoxlanılır, bədən hərarəti ölçülür və bundan sonra vətəndaşın qan verib-verə bilməyəcəyi müəyyənləşdirilir. Qanvermə aksiyasında iştirak etmək istəyənlər aşağıdakı ünvanlara müraciət edə bilərlər. Bakı şəhəri üzrə: Mirmövsüm Ağa Ziyarətgahı - Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 1; Əjdərbəy məscidi - Nəsimi rayonu, S.Vurğun küçəsi, 78; “Sahib-əz-Zaman” məscidi - Nizami rayonu, R.Rüstəmov küçəsi, 25/24; Bibiheybət məscid ziyarətgahı - Səbail rayonu, Bibiheybət yolu, 2; Qaraçuxur məscidi - Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, 58; Təzə Pir məscidi - Yasamal rayonu, M.F.Axundzadə küçəsi, 7; Hacı Soltanəli məscidi - Yasamal rayonu, S.Əsgərova küçəsi, 75; İmam Əli məscidi - Binəqədi rayonu, 6-cı mkr., M.Məmmədxan küç., 3215 məh. Mərkəzi Qan Bankının regional bölmələri üzrə: Lənkəran şəhəri - Lənkəran Rayon Mərkəzi Xəstəxanası, Nizami küçəsi, 67; Mingəçevir şəhəri - Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası C korpusu, 20 Yanvar küçəsi; Sumqayıt şəhəri - M.Hüseynzadə prospekti, Təcili Tibbi Yardım Xəstəxanası, 1-ci korpus, 1-ci mərtəbə; Şəki şəhəri - M.Ə.Rəsulzadə küçəsi, 164; Şirvan şəhəri - Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Heydər Əliyev prospekti, 16; Bərdə şəhəri - N.Nərimanov küçəsi, 2; Quba şəhəri - Tibb Kollecinin inzibati binası, Fətəli xan küçəsi, 10.

İyul 28, 2023 13:06

QMİ Ramazan ayının başlanması ilə əlaqədar fətva verib

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası mübarək Ramazan ayının başlanması ilə əlaqədar fətva verib. QMİ-dən bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası mübarək Ramazan - orucluq ayının başlanması münasibətilə dünya və ölkə müsəlmanlarına təbriklərini ünvanlayır, bu müqəddəs ayda vacib ibadətlərimizin Allah dərgahında qəbula yetməsi üçün dualar edir. Ramazanın fəzilətləri barədə müqəddəs Kitabımız Qurani-Kərimdə Uca Rəbbimiz buyurur: “Ramazan ayı insanlara doğru yol göstərən, doğru yolu və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim o aya yetişsə oruc tutsun..” (Bəqərə, 185). Aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qurani-Kərimin nazil olduğu mübarək Ramazanda müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən raz-niyaz edirik! Qazılar Şurası builki Ramazan fətvasını dindarlarımızın nəzər-diqqətinə təqdim edir və bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 32/201(Ş) saylı 14 dekabr 2022-ci il tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i Miladi təqvimlə martın 23-nə təsadüf edəcək. Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib.xeber100.com

Mart 21, 2023 14:08

Dini konfessiyaların Qarabağda dağıdılan dini abidələrimizlə bağlı BƏYANATI

Dünya ictimaiyyəti bilməlidir ki, Ermənistan Azərbaycana qarşı təkcə etnik təmizləmə, soyqırımı və işğal deyil, uzun illər ərzində ölkəmizin öz müxtəlifliyi ilə fərqlənən mədəni və mənəvi irsinə qarşı təcavüz siyasəti yeridib. Ermənistanın monoetnikliyə söykənən dövlət siyasəti onun işğal etdiyi ərazilərdə də yalnız erməni izi yaratmağa xidmət edib.Azərtac xəbər verir ki, bu fikirlər Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Qarabağda dağıdılan dini abidələrimizlə bağlı birgə bəyanatında yer alıb.Bəyanatda deyilir: “Digər xalqlara və dinlərə qarşı dözümsüzlüklə səciyyələnən cəmiyyət yaratmış Ermənistan çoxmillətli və çoxkonfessiyalı Azərbaycanın işğal altında olan ərazilərində tarixən mövcud olmuş qədim alban, pravoslav, müsəlman dini və mədəni irsini tamamilə silməyə çalışıb. Mədəni-mənəvi irs nümunələrimizi ya tamamilə dağıdıb, ya da tarixini və mənşəyini saxtalaşdıraraq özününkiləşdirib – erməniləşdirib, qriqoriyanlaşdırıb”.Bəyanatda vurğulanır ki, Ermənistandan fərqli olaraq Azərbaycanda minlərlə erməni əsilli vətəndaş əmin-amanlıq şəraitində yaşayır, Bakının mərkəzində erməni kilsəsi və onun kitabxanası dövlət tərəfindən abadlaşdırılaraq qorunur. Azərbaycanın işğal olunmuş ərazilərində isə məscid, məbəd və məzarlıqlar, tarixi abidələr, muzeylər, kitabxanalar dağıdılıb və talan edilib, Qafqaz Albaniyasına məxsus xristian məbədləri və rus pravoslav kilsələri qriqoriyanlaşdırılıb, məscidlər tövləyə çevrilərək İslam dinində haram sayılan heyvanların saxlanılması kimi misli görünməmiş həqarət əməllərinə məruz qalıb.Xarici ölkələrin dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatların rəhbərlərinə, dini liderlərə və dünya ictimaiyyətinə ünvanlanan bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycan aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal və Alban-udi icmasının rəhbəri Robert Mobili imzalayıblar.xeber100.com

Noyabr 24, 2020 14:32

Dini radikalizmlə bağlı seminar-müşavirə keçirilir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Astara Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb.Komitədən Azərtac-a bildiriblər ki, tədbirdə dini icma sədrləri, din xadimləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Astara RİH başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev rayondakı dini durum barədə məlumat verib. Qeyd edib ki, Astara rayonu İslam dininin hər iki məzhəbinin sülh, həmrəylik və vəhdət şəklində yaşadığı unikal bölgələrdən biridir.Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı qeyd edib ki, respublikamızda qəbul olunan qanunlar və normativ hüquqi aktlar dini etiqad azadlığını təmin edir, eyni zamanda, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır.S.Salahlı dini radikalizmə qarşı mübarizənin metodları haqqında danışıb. Müasir dövrdə dünyanın dini ekstremizm və terrordan ciddi əziyyət çəkdiyini, terror hadisələri səbəbindən dünyanın əksər bölgələrində ictimai-siyasi sabitliyin pozulduğunu vurğulayıb. Bütün bunlara baxmayaraq, Azərbaycanda müxtəlif xalqlar, dinlər və məzhəblər arasında qarşılıqlı anlaşma və həmrəyliyin hökm sürdüyünü qeyd edib.xeber100.com

Sentyabr 28, 2018 14:45

QMİ Ramazan ayının başlanması ilə əlaqədar fətva verib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası mübarək Ramazan ayının başlanması ilə əlaqədar fətva verib.Azərtac xəbər verir ki, fətva mayın 15-də QMİ-də şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə keçən toplantıda verilib.Fətvada deyilir ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası əvvəli rəhmət, ortası məğfirət, sonu isə Cənnət müjdəsi olan mübarək Ramazan ayının başlanması münasibətilə dünya və ölkə müsəlmanlarını təbrik edir, ibadətlərimizin, dualarımızın Allah dərgahında qəbul olunmasını diləyir və bildirir: Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə may ayının 17-nə təsadüf edəcək və Ay göründüyü andan Ramazani-şərif başlayacaq. Mayın 16-dan 17-nə keçən gecə isə niyyət gecəsidir. “Qurani-Kərim”in nazil edildiyi Qədr gecələrinin olduğu, günahların silindiyi və savabların ikiqat artdığı Ramazan ayında oruc tutmaq Uca Yaradan tərəfindən bütün müsəlmanlara vacib edilib. Bəşərin hidayət rəhbəri olan müqəddəs Kitabımızda bu İlahi əmr barədə belə buyurulur: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutsunlar” (“Bəqərə”, 185). Orucun fəzilətlərindən bəhs edən Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Oruc (insanı) Cəhənnəm odundan qoruyan bir qalxandır”.Fətvada bildirilir ki, oruc ibadəti mənəvi saflığa, tibbi cəhətdən sağlam olmağa, pis vərdişlərdən uzaq durmağa və Allah yolunda xeyirxah işlər görməyə səbəb olur. İlahi dərgaha edilən həmd-sənanın açarı olan orucun sayəsində insan aclığa, susuzluğa tab gətirərək nəfsani istəklərinə qalib gəlir. Oruc səbrin və mənəviyyatın imtahanı, xeyirxah niyyətlərin ən uyğun formasıdır. Bu ayda uşaq evlərinə, ehtiyacı olanlara, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək Qadir Allahın nəzərində bəyənilən əməllərdəndir. İlahi rəhmətin bol olduğu Ramazani-şərifdə ən böyük savab “Qurani-Kərim”i tilavət etmək, qohum-əqrəbaya baş çəkmək, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm və fəzilət sahiblərinə ehtiram göstərmək, insanlar arasında ünsiyyət, dostluq və qarşılıqlı hörməti təbliğ etməkdir.Qeyd edilir ki, Qafqaz Müsəlmanları İdarəsi hər il olduğu kimi, bu il də AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birgə Ramazan ayının başlanğıcı, namaz vaxtları və gündəlik dualarını, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib. Qazılar Şurası və Elmi-Dini Şura bildirir ki, digər mənbələrdən əldə edilən, təxribat və təfriqə xarakteri daşıyan, habelə məzhəb və vaxt ayrı-seçkiliyi yaradan təqvimlərin dindarlar tərəfindən istifadəsi yolverilməzdir, din xadimləri belə halların qarşını almağa məsuldurlar. Ümid edirik ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətlərinin müvafiq qurumları da bu məsələdə bizə kömək edəcək, məhz QMİ-nin tərtib etdiyi təqvimin kütləvi informasiya vasitələri və sosial mediada təbliğinə, yayılmasına nəzarət edəcəklər.xeber100.com  

May 15, 2018 13:45

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatı

Aprelin 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən dövlət qeydiyyatına alınan bir qrup dini icmaya şəhadətnamələr təqdim edilib. DQİDK-dan Azərtac-a bildiriblər ki, bu məqsədlə təşkil edilmiş toplantıda Dövlət Komitəsi sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.Ölkəmizin nümunəvi dövlət-din modelindən danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, müstəqilliyimizi bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də sürətli inkişafa nail olunub, dövlətçiliyimizə, milli mənəvi dəyərlərimizə, dinimizə uyğun qaydalar müəyyənləşdirilib. O deyib ki, Azərbaycan tolerantlığı, multikultural ənənələrə sadiqliyi ilə bütün dünyada örnək göstərilən ölkələrdəndir. Ölkəmizdə məscidlər, kilsələr, sinaqoqlar tikilib və bərpa olunub, mütəmadi olaraq müsəlman və qeyri-müsəlman dini icmalarına maliyyə yardımı göstərilir, dini bayramlar yüksək səviyyədə qeyd olunur.Cəmiyyətimizi xurafatdan, mövhumatdan uzaq, saf dini biliklərlə maarifləndirməyin önəminə toxunan Səyyad Salahlı icma sədrlərini tarixi irsimizin mühüm hissəsi olan dinimizin, milli mənəvi dəyərlərimizin ictimaiyyətə düzgün çatdırılması işində fəal olmağa çağırıb.Sonra 3-ü qeyri-islam dini icması olmaqla 15 dini quruma qeydiyyat şəhadətnamələri təqdim edilib.xeber100.com

Aprel 9, 2018 14:33

8-ci Dünya İslam Forumu keçirilir

Türkiyənin İstanbul şəhərində Dünya İslam Forumu beynəlxalq təşkilatı və Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) birgə təşkilatçılığı ilə 8-ci Dünya İslam Forumu keçirilir. Martın 3-dək davam edəcək Forumda müxtəlif ölkələrdən olan dövlət və hökumət nümayəndələri iştirak edirlər.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, 8-ci Dünya İslam Forumunda Komitə sədrinin birinci müavini Səyyad Salahlı məruzə ilə çıxış edib. Bildirib ki, xalqımızın da milli-mənəvi dəyərlər sisteminin mühüm hissəsini təşkil edən ənənəvi İslam dəyərləri onun milli kimliyinin formalaşmasında mühüm rol oynayıb və mənəviyyatımızı zənginləşdirib. Bu dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindəndir.Sədrin birinci müavini sivilizasiyalararası dialoqa böyük töhfələr verən Azərbaycanın İslam həmrəyliyinin ideya mərkəzinə çevrildiyini qeyd edib.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Komitə sədrinin birinci müavini Azərbaycanın tarixi, əzəli torpağı olan Dağlıq Qarabağın və yeddi ətraf rayonunun erməni silahlı qüvvələrinin işğalı altında olduğunu deyib. Diqqətə çatdırıb ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul edib. Ancaq Ermənistan tərəfi bu qətnamələrə məhəl qoymayaraq işğal etdiyi torpaqlarımızda məscidlərimizi, tarixi-mədəni irsimizi dağıdıb. Xüsusilə, işğal olunmuş ərazilərdə dini abidələr təhqir obyektinə çevrilib. Ümumiyyətlə, erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyil, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının, o cümlədən də müsəlman aləminin misilsiz mədəniyyət nümunələridir.xeber100.com

Mart 2, 2018 15:20