“Rio-2016”nın səkkizinci günündə…

13 Avqust 2016 18:13

Xəbər 753 dəfə oxunub

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın üç təmsilçisi mübarizə aparacaq. Azərtac xəbər verir ki, əvvəlcə güllə atıcısı Ruslan Lunyov silahını hədəfə tuşlayacaq. O, 25 metr məsafədən sürətli atəşaçma üzrə ikinci təsnifat mərhələsində qüvvəsini sınayacaq. Bakı vaxtı ilə saat 16:00-da başlayacaq yarışı uğurla tamamlayacağı halda, R.Lunyov saat 19:30-da final mərhələsinə də qatılacaq. İyirmi səkkiz yaşlı atıcı ötən gün keçirilmiş ilkin mərhələdə 288 xalla 14-cü yeri tutub. Saat 19:00-dan etibarən qadın velosipedçimiz Olqa İsmayılova keyrin növündə ilkin mərhələ yürüşündə çıxış edəcək. Onun rəqibləri Lisandra Querra Rodriges (Kuba), Sandi Kler (Fransa), Şennon Makkörli (İrlandiya), Simona Krupekkayte (Litva), Elis Liqtli (Hollandiya) və Lyubov Basova (Ukrayna) olacaq. Ümumilikdə 27 iştirakçı üçündə yeddi, birində isə altı idmançı olmaqla dörd qrupa bölünəcək. Hər qrupda finiş xəttini ilk olaraq keçən iki velosipedçi (8 idmançı) yarımfinalda iştirak hüququ əldə edəcək. Uduzanlar isə (19 velosipedçi) yenidən dörd qrupa bölünəcək və təsəlliverici yürüşdə mübarizə aparacaqlar. Bu dəfə yalnız hər qrupun qalibi (4 nəfər) yarımfinalın səkkiz iştirakçısına qoşulacaq. Yarımfinal mərhələsində iştirak hüququ əldə edən on iki velosipedçi hər birində altı idmançı olmaqla iki qrupa bölünəcək. Hər yarımfinal yürüşündə ilk üç yeri tutmuş velosipedçi əsas finala vəsiqə qazanmaqla mükafatlar uğrunda mübarizə aparmaq şansı əldə edəcək, uduzanlar isə 7-12-ci yerlər uğrunda yarışacaqlar. İkinci mərhələ saat 23:22-də, final yürüşü isə 00:27-də başlayacaq. Gecə saat 02:45-də isə boksçu Məhəmmədrəsul Məcidov 91 kiloqramdan yuxarı çəki dərəcəsində qazaxıstanlı İvan Dıçko ilə səkkizdəbir final döyüşünə çıxacaq.xeber100.com