Rüstəm İbrahimbəyov: Ermənistan torpaqlarımızdan çıxmalıdır!

1 Oktyabr 2020 12:41

Xəbər 71 dəfə oxunub

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Azərbaycan Ordusunun Dağlıq Qarabağdakı hərbi əməliyyatına, Rusiya ziyalılarının hadisələrə olan münasibətinə öz mövqeyini bildirib.

R.İbrahimbəyov “Facebook” səhifəsində belə bir sualla çıxış edir: “Azərbaycan ərazisində müharibə daha da qızışır, qurbanların sayı artır, dinc əhali, uşaqlar həlak olur. Əlbəttə ki, hərbi əməliyyatları mümkün qədər tez dayandırmaq hamının istəyidir. Ancaq otuz ilə yaxın uğursuz danışıqlardan sonra bu, realdırmı?”.

Rejissor belə hesab edir ki, əgər dünya birliyi formal sülhməramlı ritorikadan imtina etsə, baş verənləri görsə, o zaman bu, tamamilə mümkündür: “Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ətrafındakı yeddi rayon dərhal azad edilməlidir.Əminəm ki, bu baş verən kimi, Azərbaycan tərəfindən hərbi əməliyyatlar dayandırılacaq və Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsi üçün danışıqlar masası arxasına əyləşmək imkanı yaranacaq. Keçmişin təcrübəsi göstərir ki, bu problemin müzakirəsinə, regionda sülhün təmin olunmasına xeyli vaxt lazım olıacaq”.

Rüstəm İbrahimbəyov vəziyyətin bu duruma gəlib çıxmasını uzun illərdir ki, bütün Cənubi Qafqazın həyatını iflic edən münaqişədən mərhələli şəkildə çıxmaq təkliflərinin Ermənistan tərəfindən inadla rədd edilməsində görür: “Mən əmin idim ki, Rusiyada Azərbaycanın düşdüyü mürəkkəb vəziyyətlə maraqlananlar bu barədə məlumatlıdırlar. Lakin  təsadüfən Facebookda Viktor Şenderoviçin təəssüfləndirici  və qərəzli mülahizələrini oxuduqdan sonra başa düşdüm ki, Moskva ziyalıları ona birbaşa aidiyyəti olmayan şeylərə laqeyd və səthi yanaşırlar, bunu ilk dəfə hiss etdim. Heyif! Halbuki Rusiyada baş verən ictimai-siyasi hadisələrə Azərbaycan biganə qalmır”.xeber100.com

 

Rüstəm İbrahimbəyov: Ermənistan torpaqlarımızdan çıxmalıdır!

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Azərbaycan Ordusunun Dağlıq Qarabağdakı hərbi əməliyyatına, Rusiya ziyalılarının hadisələrə olan münasibətinə öz mövqeyini bildirib. R.İbrahimbəyov “Facebook” səhifəsində belə bir sualla çıxış edir: “Azərbaycan ərazisində müharibə daha da qızışır, qurbanların sayı artır, dinc əhali, uşaqlar həlak olur. Əlbəttə ki, hərbi əməliyyatları mümkün qədər tez dayandırmaq hamının istəyidir. Ancaq otuz ilə yaxın uğursuz danışıqlardan sonra bu, realdırmı?”. Rejissor belə hesab edir ki, əgər dünya birliyi formal sülhməramlı ritorikadan imtina etsə, baş verənləri görsə, o zaman bu, tamamilə mümkündür: “Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ətrafındakı yeddi rayon dərhal azad edilməlidir.Əminəm ki, bu baş verən kimi, Azərbaycan tərəfindən hərbi əməliyyatlar dayandırılacaq və Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsi üçün danışıqlar masası arxasına əyləşmək imkanı yaranacaq. Keçmişin təcrübəsi göstərir ki, bu problemin müzakirəsinə, regionda sülhün təmin olunmasına xeyli vaxt lazım olıacaq”. Rüstəm İbrahimbəyov vəziyyətin bu duruma gəlib çıxmasını uzun illərdir ki, bütün Cənubi Qafqazın həyatını iflic edən münaqişədən mərhələli şəkildə çıxmaq təkliflərinin Ermənistan tərəfindən inadla rədd edilməsində görür: “Mən əmin idim ki, Rusiyada Azərbaycanın düşdüyü mürəkkəb vəziyyətlə maraqlananlar bu barədə məlumatlıdırlar. Lakin  təsadüfən Facebookda Viktor Şenderoviçin təəssüfləndirici  və qərəzli mülahizələrini oxuduqdan sonra başa düşdüm ki, Moskva ziyalıları ona birbaşa aidiyyəti olmayan şeylərə laqeyd və səthi yanaşırlar, bunu ilk dəfə hiss etdim. Heyif! Halbuki Rusiyada baş verən ictimai-siyasi hadisələrə Azərbaycan biganə qalmır”.xeber100.com  

Oktyabr 1, 2020 12:41

Lətif Səfərovun 100 illiyinə…

Azərbaycan kinosunda öz dəst-xətti, üslubu ilə seçilən rejissorlar olub ki, onların quruluş verdiyi filmlər daima düşündürür, tərbiyəvi xarakterə malikdir və ən önəmlisi isə illər keçsə də hər zaman baxılır. Kinonu həyatın özü hesab edən, kinoya yeni nəfəs gətirən, 1958-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının yaratmaqla, sədr kimi fəaliyyətilə özünü kino tarixinə yazdıran, az ömür yaşamasına baxmayaraq çox – SÖZ – deyən və özündən sonra gələn yeni nəsil kinematoqrafçılara da davamçı rolunu oynamaq imkanları yaradan, rejissor, ssenarist Lətif Səfərovun 100 yaşının tamam olmasına sayılı günlər qaldı. Və bu ərəfədə rejissorun çəkildiyi və çəkdiyi filmlərin tarixini araşdıraraq, silsilə məqalələrlə, “LƏTİF SƏFƏROV-100” rubrikası ilə aki.az saytının oxucularının görüşünə gəlməyi planlaşdırdıq. İlk olaraq yazdığımız, onun yaradıcılığını əhatə edən bu məqaləni oxumanızı tövsiyə edirik. 8 yaşlı kinematoqrafçının “Gilan qızı”nda ilk uğurlu addımı Lətif Səfərovun kinoda ilk böyük işi “Bəxtiyar” tammetrajlı filmi olsa da, hətta bu filmi çəkənə qədər bədii fimlər rejissoru adını almasa da, o vaxta qədər qaynar iş sistemi keçmiş, kino deyilən möcüzəli aləmin bütün sirli dünyasına hakim olmuşdu. Lətif Səfərovun kinoya gəlişi “Gilan qızı” filmi ilə başlayıb. 1927-ci il…Qarabağın cənnət Şuşasında doğulan qəhrəmanımızın sənətə biganə qalması mümkün olan iş deyildi. Və günlərin birində bir qrup kinematoqrafçı qədim Şuşa şəhərinə səfər edir, şəhərin mənzərəsinə heyran qalırlar.1920-ci illərdə İranda gedən milli-azadlıq hərəkatından bəhs olunan “Gilan qızı”adlı filmin bir sıra natura obyektlərini çəkmək üçün Şuşanın mənzərəsini seçən rejissor Leo Murun 8 yaşlı Lətifi görməsi və filminə çəkməsi təsadüf ola bilməzdi. Məhz o gün Lətifin həyatı tamamilə dəyişdi, bəlkə də daha da rəngləndi, daha da sorli-soraqlı olmağa başladı. Və həqiqət ondan ibarət idi ki, məhz o gün Azərbaycan kino tarixinə milli ruhlu rejissor kimi düşən Lətif Səfərovun sənət taleyinin başlandığı gün idi… HAŞİYƏ: İllər sonra Lətif Səfərov xatirələrində bu barədə deyib: “Hər şey elə həmin gün başlandı. Əgər onlar bu şəhərə gəlməsəydilər, həyatım başqa cür qurulardı. Əgər mən həkim olsaydım, insanları müalicə edərdim, müəllim olsaydım, insanlara bilik öyrədərdim və s. Görünür mənim qismətimə kinematoqrafiya yazıldı. Etiraf edim ki, kino dünyasında özümü bütün ixtisaslara yiyələnmiş insan kimi hiss edirəm, çünki məhz burda bütün peşələrdən olan adamlara xidmət edirəm. Getdikcə bunu daha dərindən dərk edirəm və məsuliyyət hissim daha da artır”. Ən maraqlısı isə ondan ibarətdir ki,“Gilan qızı”nda rejissor assistenti kimi çalışan rejissor Mikayıl Mikayılov az yaşlı qəhrəmanın kamera qarşısında olan məharətini bəyəndiyi üçün onu 1930-cu ildə quruluş verdiyi filmində baş qəhrəmanın roluna dəvət edir və filmi də məhz onun şərəfinə “Lətif” adlandırır. Yeri gəlmişkən, “Lətif” filmi 30-cu illərdə Azərbaycanda həyata keçirilən kollektivləşməyə həsr olunub. Balaca qəhrəmanın taleyi fonunda uzaq dağ kəndində kolxoz quruculuğu prosesi öz əksini tapıb. Uşaq yaşlarından kamera qarçıında dayanan Lətif ardıcıl olaraq “Gilan qızı” filmində Gülgül, “Lətif” filmində Lətif rollarını, eyni zamanda “Şərqə yol” sənədli filmində, “Qızıl kol” filmində epizodik rollarda çəkilir.   Sənətin sirlərini öyrənmək, təcrübə qazanmaq və peşəkarlıq nümayiş etdirmək   Lətif Səfərov əslində uşaq dünyasını yaşamadan böyüyənlərdəndi. Həyat onu tez böyüməyə, bəlkə də az ömrə bütün dünyanı sığdırmağa vadar edib. Bütün bunları hələ uşaq ağlı ilə dərk edən Lətif, kinoda atdığ ilk addımlardan başa düşür ki, kinematoqrafçı kimi yetişmək üçün çox öyrənməli, çox çalışmalıdır. 1937-ci il…Məhz həmin ildə studiyada dublyaj şöbəsi fəaliyyətə başlayır. Lətif Səfərov “Çapayev”, “Biz Kronştatdanıq”, “Lenin Oktyabrda”, “Lenin 1918-ci ildə”, “Professor Mamlük” və s. bədii filmlərin Azərbaycan dilində səsləndirilməsində rejissor köməkçisi, eyni zamanda aktyor kimi iştirak edir. “Azərfilm” kinostudiyasında “Ordenli Azərbaycan” sənədli (1938), “Kəndlilər” bədii filmlərində rejissor köməkçisi, “Yeni horizont” bədii, “İyirminci bahar” sənədli filmlərində rejissor assistenti işləyir və çalışdığı sənətkarların hər birinin (Səməd Mərdanov, Ağarza Quliyev, Rza Təhmasib, Mikayıl Mikayılov kimi sənətkarların) zəngin təcrübəsini öyrənirdi. 1939-cu il…Gəncə Pedaqoji məktəbinin qiyabi şöbəsini fərqlənmə diplomu ilə bitirən L.Səfərov təhsilini davam etdirmək məqsədilə Moskva Kinematoqrafiya İnstitutuna daxil olur. 1947-ci il “Çağırışa cavab” adlı kinooçerk çəkir. 1949-cu ildə çəkdiyi “Yeni həyat qurucuları” sənədli oçerki isə diplom işi kimi əla qiymətə layiq görülür. O, sadəcə ümidverici tələbə deyildi, eyni zamanda uşaq yaşlarından  kamera qarşısında dayanan, çəkiliş prosesini izləyən və öyrənən, eyni zamanda bütün bunları həyata keçirən peşəkar rejissor idi. 1950-ci il…Kinorejissor Qriqori Kozintsev tələbəsi Lətif Səfərov haqqında xasiyyətnamə yazır: “Yoldaş Səfərov tədris dövründə özünü ən yaxşı cəhətdən göstərmişdir. Tələbəlik illərində o, Bakı kinostudiyasında iki qısametrajlı film çəkmiş və hər iki film “əla”qiymətlə ekranlara buraxılmışdır. Yoldaş Səfərov Lətif istedadlı, çalışqan, istehsalatı yaxşı bilən işçidir, gələcəkdə müstəqil işləmək bacarığı vardır. Bacarığına və istehsalat stajına görə II rejissor ixtisasına layiqdir. Q.M.Kozintsev. 07.04.1950”.   Moskvada keçirilən kino işçilərinin ümumittifaq müşavirəsində   Tez bir vaxtda hamı tərəfindən tanınmaq, ürəyin istədiyin ixtisasa sahib olmaq, müəllimlərin tərəfindən dəstəklənmək və işlə təmin olunmaq, bütün bunlar varsa, başqa nə arzulamaq olar ki, demək istərdik…Bəlkə də hər şey adi qaydasında davam edə bilərdi, əlbəttə göz önündə  olan haqsızlıqlara hamı susmasaydı… Belə bir deyim var: Haqsızlığı gördüyün halda susmaq özü ən böyük haqsızlıq hesab olunur. Müşvirədə hamının susduğunu görən Lətif Səfərov, elə hamının yerinə danışmalı olur… 1952-ci il…Moskvada kino işçilərinin ümumittifaq müşavirəsi keçirilirdi. Bu müşavirədə Azərbaycan kinematoqrafçılarının bir qrupu iştirak edirdi, Lətif Səfərov da onların arasında idi. Və elə bir an gəldi ki, danışmaqdan başqa çarə olmadığını anladı və tribunaya qalxaraq, böyük cəsarətlə çıxış etməyə başladı: “Mən əyalətdənəm, bu əyalət Bakı kinostudiyasıdır. Mən əyalət adından çıxış edirəm. Əyalətdə işləyən adamlar unudulurlar, əyalət texnika ilə təchiz olunmur. Buna görə də rejissorlar öz fikirlərini bütövlükdə həyata keçirə bilmirlər. Onlar artıq inanmırlar ki, nə vaxtsa mərkəzi studiyalarda olan səviyyədəki texnika ilə film çəkə biləcəklər. Axı eyni vaxtda tələbəlik sevincini yaşamışıq, eyni partalarda yanaşı oturmuşuq. Bütün bunlara baxmayaraq bəzilərimizin hər şeyi var, çoxlarımızın isə heç bir şeyi yoxdur. Bizim bazamızda rəngli film çəkmək cəhənnəm əzabıdır. Biz pis plyonka, köhnə aparatlar, ləng vuran ştativlər üzərində epizodu epizod dalınca itiririk. Biz xronika, respublikamız üçün təkrarolunmaz hadisələri çəkirik, bu qiymətli material texniki imkansızlıq ucbatından məhv olur. Bəs bunu lentə aldığımız adamlara necə izah edək, onların gözünün içinə necə baxaq? Bizim, nəhayət, soruşmağa haqqımız varmı, hamı üçün eyni şərait nə vaxt olacaq, nə vaxt? Rejissor sənət dostlarını bir olmağa çağırırdı: “Gəlin əl-ələ verək, çiyin-çiyinə duraq, başa düşək ki, əgər ürəyimizdə od varsa, bu odu sinəmizdən heç kəs qopara bilməz. Ancaq bir olanda qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün, kinematoqrafiyamız üçün yaxşı işlər görə bilərik”. Bu fikirlərdə birlik arzusu, öz işinə böyük həvəs göstərmək qabiliyyətilə yanaşı, eyni zamanda asılı vəziyyətdə olan bir respublikanın heç olmasa haqqlarına sahib çıxmağa olan bir çağırış var idi. Əslində bu bir  inqilab idi, kinematoqrafçının sadəcə kino sahəsində olan problemləri qabartmaqla kütləni ardınca aparmaq həvəsi idi…Və bu kütlə ayağa qalxardısa, o zaman bütün sahələrdə mövcud olan problemlər qabardırlardı ki, nəticə etibarilə də Azərbaycan, SSRİ deyilən bir birliyə qarşı üsyan elan edə bilərdi. Sovet düşüncəsi belə idi, sovet ideologiyası belə qurulmuşdu: Danışan susdurulmalı idi…   Azərbaycan kinosunda yeni nəfəs, dönməz xarakter   Cəsarətli çıxışdan sonra əlbəttə ki, maneələr olur, ancaq Lətif Səfərov bütün maneələrə baxmayaraq yoluna davam edir, 50-ci illərin əvvəllərində bir neçə sənədli filmə (“Bakı və bakıllar”, “Bərəkətli torpaq”, “Azərbaycan sərhədçiləri”, “Bakılılar”, “Ordenli Azərbaycan”, “Çağırışa cavab” və s.)quruluş verir. Daha sonra isə “Sevimli mahnı” (Bəxtiyar”), “Qızmar günəş altında”, “Leyli və Məcnun”, filmləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirir. Xatırladaq ki, Lətif Səfərovun rejissor kimi çəkmək istədiyi, hətta çəkilişinə hazırlıq  apardığı filmlər olsa da, sonda həmin filmlər digər rejissorlara tapşırılıb. 1958-ci il…Kino düşüncəsi, knodakı problemləri qabartmaq, deyəsən  işə yaramışdı. Çünki məhz 1958-ci ildə rejissor Azərbaycan Kinematoqrafiya İşçiləri İttifaqının Təşkilat Bürosunun sədri seçilir və iş həyatına eyni ahənglə davam edir. Ola bilsin ki, vəzifə ilə onu susdurmaq istəyiblər və ya əksinə kino üçün iş görmək istəyi nəzərə alınaraq ona geniş şərait yaradılıb. Ancaq Azərbaycan Kinematoqrafiya İşçiləri İttifaqının Təşkilat Bürosunun sədri olmaq, belə bir vəzifə daşımaq onun xarakterini dəyişmir, əksinə daha çox mövcud nöqsanlara qarşı səsini ucaltmasına daha geniş şərait yaradır. 1961-ci il…Moskvada keçirilən ümumittifaq konfransda yenə də ümumi söhbətlər, müzakirələr, kinoda mövcud olan problemlər, mübahisələr…Əgər bütün kinematoqrafçılar cəsarətli olsaydı, yəqin ki, kinodakı problemlər zamanında öz həllini tapardı. Təssüflər olsun ki, Lətif Səfərov düşüncəsində olan knematoqrafçılar(əlbəttə ki, söhbət Azərbaycan mühitindən gedir) yox dərəcəsində olub. Bu dəfə də öz çıxışında kinematoqrafçının həyatını düşünürdü: “Kinematoqrafçı kinodan uzaqlaşa bilməz, çünki kino onun həyatıdır. O öz həyatını necə tərk edə bilər? Daha başqa cür yaşaya bilmərik, daha belə olmaz. Yaradıcı adam ya kinematoqrafiyadan getməlidir, ya da kinoda söz demək gücünü göstərməlidir. adamlarla həqiqət dilində danışmaq lazımdır. Yalan cana doyurub,  o dəqiqə onu hiss edirlər. Xalqa çox uzun müddət yalan danışıblar. Bəzən fikirləşirsən ki, bəstəkarlar, rəssamlar, yazıçılar xoşbəxt adamlardır. Onlar həftə ərzində yazdıqlarını bir göz qırpımında cırıb zibil qabına atar və oturub təzədən yazarlar. Kinematoqrafiyada isə uğursuz alınmış epizodu təzədən çəkmək və hər dəfə buna cəhd etmək, bu o qədər asan deyil. Axı bu, təkcə rejissorun işi deyil, çətin və kollektivin əməyindən asılı olan yaradıcılıqdır. Quruluşçu rejissoru planla divara dirəmək olmaz, ona zaman tanımaq lazımdır”. Bu çıxışdan sonra ona qarşı daha çox təzyiqlər olub, gözlənilməz zərbələr alıb. Ancaq rejissorun dönməz xarakteri, böyük sənətə doğru inamla irəliləyişi, sənət iddiası, ona yolundakı bütün maneləri aşmaqda kömək edib. İlk bədii filmini çəkdiyi dövrdən təzyiqlərə məruz qalsa da, taleyin gözlənilməz zərbələrinə məruz qalsa da, heç bir vaxt heç kimin qarşısında əyilmədi,  sənətə xəyanət etmədi. Əslində bu dönməz xarakter həyatın hər üzünü görmüş Lətif Səfərovda elə uşaqlıq illərindən formalaşmışdı. SSRİ dövründə-ümumittifaq miqyasında, dövlət səviyyəsində bu cür qətiyyətli çıxışlar etmək və belə çıxışları edənin hansı çətinliklərlə üzləşəcəyini təsəvvür etmək o qədər də çətin deyildi.   43 illik ömrə sığan arzular  və ya sonun başlanğıcı   1963-cü ildə Respublika Kinematoqrafiya İşçiləri İttifaqının I təsis qurultayı keçirilir. Qurultayda ittifaqın sədrliyinə Lətif Səfərov deyil, Həsən Seyidbəyli seçilir. Rejissor cəsarətli çıxışlarının qurbanı olur və göz görə-görə çətinliklə yaratdığı Kinematoqrafçılar İttifaqından uzaqlaşdırılır. Bu addım bilərəkdən atılır, çünki, Lətif Səfərovun həyatı kino ilə bağlı idi, o, kinodan ayrı yaşaya bilməzdi…Onun vaxtsız ölümü də bunu bir daha təsdiqləyir. Ancaq rejissorun ömrünü azaldanlar, onun bu gözəl dünyamızdan vaxtsız getməsinə şərait yaradanlar bir şeyi unudurdular, Lətif Səfərov kimilər ölmür, onların yaradıcılığı bir həyat boyu örnək olur və illər keçsə də yaradıcllığı hər zaman araşdırlır, necə ki, ölümündən 60 ilə yaxın vaxt keçməsinə baxmayaraq bu məqalə ilə araşdırılaraq oxuculara təqdim olunur… Kinoda öz səsi, öz nəfəsi, öz yozumu olan rejissor haqqında bu məqalənin hazırlıq prosesində onun haqqında, filmləri haqqında bir çox xatirələrə rast gəldik, onlardan bəzilərini təqdim edirik. Filologiya elmləri doktoru Abbas Zamanov xatirələrindən:“Lətif Səfərov professional kinematoqrafçı idi, obrazların daxili məntiqinə nüfuz edərdi. Mütaliəsi geniş, nəzəri biliyi dərin idi. Həmişə axtarışda olardı. Hər cəhətdən hazır olmayınca filmin çəkilişinə başlamazdı. Açılmış yollarla getməzdi, heç kəsi yamsılamazdı, öz səsi, öz nəfəsi vardı. İnsanları, həyat hadisələrini fəlsəfi cəhətdən mənalandırmağı bacarırdı. Prinsipial, inadkar və son dərəcə çılğın idi…” 1954-cü il…Yazıçı Nikolay Rojkovun Azərbaycan Mədəniyyət nazirinə göndərdiyi məktubda “Bəxtiyar” filmindən bəhs edərək  yazırdı: “Azərbaycan kinematoqrafiyası tarixində ilk dəfə Dövlət Kinematoqrafiya İnstitutunun məzunları olan azərbaycanlılardan ibarət çəkiliş qrupu yaradılmışdır. Bunlar rejissor L.Səfərov, operator A.Nərimanbəyov, II rejissorlar Ə.İbrahimov və T.Tağızadə, rəssamlar C.Əzimov və E.Rzaquliyevdir. Gözləmək olardı ki, qrupun ətrafında etibarlı və xeyirxah ab-hava şəraiti yaradılacaq. Lakin bu Bakı kinostudiyasında baş vermədi. Bəzən qrupun əməyini açıq-açığına heçə endirirdilər. Dekorasiyalar pis və qeyri-peşəkarlıqla tikilir… Əgər siz rejissor L.Səfərovun qrupuna bu dəfə normal şəraitdə işləmək üçün tədbir görməsəniz “Mahnı ilə eldən-elə” kinofilmi (“Bəxtiyar” filmi nəzərdə tutulur) olmayacaqdır”. 18 iyun 1954-cü il”. 1957-ci il…Bədii filmlər üzrə Baş İdarənin (Moskva) rəis müavini A.Kalaşnikovun 1957-ci il 20 avqust tarixli rəyində : ““Qızmar günəş altında” filmi haqqında fikirlərini söyləyib. “Əmək mövzusu filmdə öz məlum həllini tapmışdır. Bununla belə dramaturji qaydada buraxılan bir sıra səhvlər bu əsərin ideya-bədii dəyərinə öz təsirini göstərmişdir… Lakin bu səhvlərə baxmayaraq, rejissor Səfərov dramaturji materialın məhdudluğunu imkan daxilində aradan qaldıra bilmişdir. Bütövlükdə götürdükdə, həm də nəzərə alınsa ki, studiyada aktyor problemi ciddi şəkildə durur, rejissor Səfərovun aktyor olmayan iştirakçılarla iş təcrübəsi diqqətəlayiqdir”.

Avqust 28, 2020 11:54

“Tütək səsi” filminin çəkilişindən 45 il keçir…

“Milli Kino Tariximizdən” adlı  rubrikamızın bu dəfəki filmi “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Tütək səsi”dir, filmin çəkilişindən 45 il keçir… Yazıçı İsa Hüseynovun “Saz” və “Tütək səsi” əsərlərinin əsasında yazılmış ssenaridə Böyük Vətən müharibəsi illərində Azərbaycan kəndinin həyatı işıqlandırılıb. Əsərin ekran variantı üçün müəllif yeni obrazlar, yeni süjetlər yaradıb, yeni fikirlər irəli sürüb. Çəkiliş ərəfəsində İsa Hüseynov bu barədə deyirdi ki, filmin əsas qəhrəmanlarının gənclik illəri müharibəyə təsadüf etdiyi üçün onların hər birinin xarakteri bu odlu-alovlu illərdə formalaşır – Tardığın, Hurunun, Cümrünün… Kino əsərində 20-30-cu illərin sınaqlarından çıxmış inqilab nəslinin və müharibə ərəfəsində kamilləşmiş orta nəsil nümayəndələrinin həyata baxışı, psixologiyası yuxarıda haqqında danışdığımız gənclərin dünyagörüşündən nə qədər fərqlənsə də, bu üç nəsil vahid cəbhədə, hamı üçün eyni dərəcədə vacib problemlər ətrafında birləşmişdir: “Faşizm üzərində qələbə naminə hər cür çətinlik və məhrumiyyətlərə dözməyə hazır olan bu adamların vətənrərvərlik duyğuları filmin əsas motivlərindən birini təşkil edir. Filmdə ön planda Səyalı ilə Cəbrayılın faciəsi göstərilir. Çünki bütün hadisələr məhz, həmin əhvalat ətrafında cərəyan edir. Bu adamların faciəsinə səbəb isə müharibədir. Ssenarinin süjet xətləri və əsas fikirlər burada cəmlənmişdir. Müharibə Səyalının ailəsini dağıtmış, əri-kolxoz sədri Muxtar həlak olmuşdur. Onun yerinə mərd, ağıllı Cəbrayıl sədr seçilir. O, Səyalını çoxdan sevir və müharibənin sonunu gözləmədən evlənmək istəyir. Bütün konfliktlər də elə buradan başlayır. İllərlə öz məhəbbətinə sadiq qalan Cəbrayıl nəhayət, arzusuna çatmaq istəyir və bu, ona təbii görünür. Ancaq o, tədricən dərk edir ki, xalqın kədər içində yaşadığı, hər bir ailənin gərgin həyat sürdüyü bir dövrdə şəxsi səadətə can atmaq düzgün deyildir”. Rasim Ocaqov “Tütək səsi” povestini təsadüfən seçməyib Uşaqlıq illəri Böyük Vətən müharibəsi illərinə təsadüf edən, kənd mühitində müharibə dövrünün ağrı-acısını yaşayan Rasim Ocaqov bu barədə danışarkən bildirib ki, elə bu səbəbdən əsərdə təsvir olunan yeniyetmələrin fikir, düşüncə və hərəkətləri ona yaxın və doğmadır. Qeyd edək ki, “Tütək cəsi” filmi R.Ocaqovun ikinci rejissor işidir. Bundan əvvəl “Qatır Məmməd” filminə(1974) quruluş verib. O vaxt kinostudiyanın baş redaktoru Yusif Səmədoğlu idi və yazıçı “Qatır Məmməd” filmini çox yüksək dəyərləndirmişdi. Məhz həmin illərdə İsa Hüseynov da kinostudiyada çalışırdı və “Tütək səsi” və “Saz” rovestlərini birləşdirərək yeni bir kino ssenarisini   yenicə yazıb bitirmişdi. Yusif Səmədoğlunun məsləhətilə filmin çəkilişi Rasim Ocaqova həvalə edilir. Rasim müəllim deyirdi ki, günlərin birində İsa Hüseynov ssenarini ona təqdim edərək oxumağı məsləhət görüb: “Ssenarini elə ilk oxunuşdan bəyəndim. 1975-ci ildə təxminən 10 ay ərzində filmin çəkilişini başa vuraraq onu Bədii Şuranın ixtiyarına təqdim etdik”. Filmin sınaq çəkilişlərində çox sayda aktyorlar iştirak etsə də, aktyorların bir neçəsini rejissor sınaqsız olaraq çəkib. Sınaq çəkilişlərində rejissor bir qədər tərəddüd edib, xüsusuilə İsfəndiyar obrazının seçimində. Məsələn, Məmmədrza Şeyxzamanovun oynadığı İsfəndiyar kişi roluna İsmayıl Osmanlı da sınaqdan keçsə də və İsa Hüseynov İsfəndiyar kişi obrazına İsmayıl Osmanlı daha çox uyğun görsə də rejissor tərəddüd içində qalıb. Hətta Rasim müəllim etiraf edirdi ki, 90 faiz gümanla İsmayıl Osmanlı, İsfəndiyar kişi obrazına daha yaxındır: “Ancaq sınaq çəkilişlərindən sonra hər iki aktyorun çəkildiyi kadrlara baxarkən yanıldığımı anladım. Doğrudur, hər iki aktyor kənd ağsaqqalını təbii oynayırdı. Əslində Məmmədrza Şeyxzamanov, İsfəndiyar obrazına yeganə uyğun olan namizəd idi ki, sonralar onun təkrarolunmaz ifası da bunu bir daha sübut etdi”. Kənd ağsaqqalı İsfəndiyar kişi Məmmədrza Şeyxzamanovun ifasında xalqın müdrik atalarını necə xatırladırsa, Qılınc Qurban obrazı Yusif Vəliyevin ifasında sərt, sözü üzə deyən bir kişini canlandırır. Yusif Vəliyev xatirələrində Qılınc Qurban obrazı haqqında deyib: “Çoxları mənə irad tutur ki, Qılınc Qurban obrazını sərt oynamışam. Mənə elə gəlir ki, əgər sərt olmasaydım, onda bu obrazı yarada bilməzdim. Çünki o dövrün özü sərt dövr olub. Hahaq yerə o kişinin adına Qılınc Qurban deməyiblər ki…” Şahmar Ələkbərova Cəbrayılı oynamaq yox, səsləndirmək qismət oldu Filmdə diqqət mərkəzində dayanan iki obrazın ifaçısı kənar studiyalardan dəvət olunub. Bunlardan biri Cəbrayıl obrazının ifaçısı Mixay Volontirdir, rejissor onu Moldaviyadan(indiki Moldova Respublikası) dəvət edib. Onun azərbaycanlı obrazında nə dərəcədə inandırıcı görünəcəyinə şübhə ilə yanaşanlar, filmin ilk kadrlarından səhv etdiklərini görüblər. Xatırladaq ki, Cəbrayıl obrazının sınaq çəkilişlərində bir çox aktyorlarımız, xüsusilə Şahmar Ələkbərov qatılsa da, son məqamda üstünlük Mixay Volontirə verilib. R.Ocaqovun dediklərindən: “Cəbrayıl obrazı üçün 4-5 aktyoru yoxlasaq da, onlar arasında yadımda qalanı yalnız Şahmar Ələkbərovdur. Şəxsən mən Şahmarın aktyor imkanlarına hələ “Qatır Məmməd” filmindən yaxşı bələd idim. Buna görə də düşünürdüm ki, Şahmar Cəbrayıl obrazının öhdəsindən asanlıqla gələr. Ancaq Bədii Şura mənim fikrimlə razılaşmadı. O zamanlar Moldaviya kinostudiyasının istehsalı olan bir filmə baxmışdım və həmin filmdə Mixay Volontirin nümayiş etdirdiyi aktyor məharəti mənim xoşuma gəlmişdi. Onu dəvət etdim və ilk gəlişində sınaq çəklişlərində yoxladım. Çəkiliş çox uğurlu alındı və hamı da bir ağızdan Mixay Volontirin Cəbrayıl obrazına ən yaxşı namizəd olduğunu qeyd etdi. Beləcə Cəbrayıl obrazı Mixay Volontirə qismət oldu”. Ancaq obraz Mixay Volontirə qismət olsa da onun səsləndirmək yenə də Şahmar Ələkbərova həvalə edildi. “Doğrusu mən belə güman edirdim ki, Şahmar incəyə bilər. Çünki əmin idi ki, Cəbrayılı özü yaradacaq. Vəziyyətin dəyişməsi mənə də pis təsir etdi. Ancaq yenə də səsləndirmə vaxtı özümü saxlaya bilməyərək Şahmara müraciətlə Mixay Volontirin məhz, onun səsi ilə səsləndirilməsini xahiş etdim. hətta söz arasında eşitdirdim ki, obraz sənə qismət olmasa da, heç olmasa səsi əbədi olaraq sənin olsun. Sağ olsun ki, təklifimi böyük məmnuniyyətlə qəbul etdi. Sonralar da əmin oldum ki, Cəbrayıl obrazını Şahmardan başqa heç kim təbii səsləndirə bilməzdi”. Filmdə diqqət mərkəzində dayanan, kənar studiyadan dəvət olunan digər ikinci obraz Səyalı obrazının iştirakçısı olan Liya Eliavadır,  Gürcüstandan dəvət olunub. Tamaşaçılar onu “Dəli Kür” filmində Cahandar ağanın bacısı Şahnigar rolundan yaxşı tanıyırlar. Liya Eliava ilə Mixay Volontirin tərəfmüqabil işi maraqlı olduğu qədər də bir-birini tamamlayır, bəlkə də ona görə ki,  hər iki qəhrəmanın ifası sevgi xəttində birləşirdi… Filmin tələb etdiyi məcburiyyətlər, yoxsa müharibə dövrünün məhrumiyyətləri Tələbkar rejissor Rasim Ocaqov gənc nəslin yetişməsində böyük rol oynayıb, bunu onun filmlərində oynayan gənc nəslin sonrakı fəliyyətində görmək də mümkündü. Gənc aktyorlar arasında Şamil Süleymanovun Cümrüsü, kinoya o qədər də dəxli olmayan, ixtisasca filoloq olan Akif Məhərrəmovun Tapdığı, Ötkəm İsgəndərovun Nurusu və b. məhz tələbkar rejissorun istəyiylə oynadıqları rollara tam hakim ola biliblər. Və tələbkar rejissor günlərin birində gənc nəsli siqaret çəkmək kimi pis vərdişə öyrətmək məcburiyyətində qalıb ki, bunu özü də təəssüflə etiraf edirdi. Bildiyimiz kimi, filmdə öz oyunları ilə diqqət mərkəzində dayanan bir qrup gənc aktyor var ki, onların da əksəriyyəti tələbə partası arxasından birbaşa çəkiliş meydançasına gəlib. Çəkiliş vaxtı aktyorlardan daha çox təbii olmağı tələb edən rejissor, bunun üçün hər kadrı bir neçə dubl çəkmək məcburiyyətində qalırdı. Bu tələblər daha çox gənc aktyorlara ünvanlanırdı. Filmdəki gərgin kadrlardan biri də gənclərin tonqal ətrafında əyləşərək siqaret çəkdiyi kadrdır. Bu kadr çox çətin başa gəlib. Belə ki, həmin kadrda çəkilən gənclərin heç biri siqaret çəkməyi bacarmırmış. Ancaq rejissorun təkidi ilə onların hər biri siqaret çəkməyi öyrənmək məcburiyyətində qalıb. ” Mən bir rejissor olaraq onlardan tələb etdim ki, tez bir zamanda siqaret çəkməyi öyrənsinlər ki, kamera qarşısında olan zaman bunu təbii olaraq nümayiş etdirə bilsinlər. Onların hər biri mənim tələblərimi doğruldaraq həmin erizodu çox canlı, təbii olaraq yaratdılar. Mənim günahım onda oldu ki, bu gəncləri siqaret çəkməyə elə öyrətdim ki, sonralar onların heç biri bu vərdişdən əl çəkə bilmədilər. Yəqin ki, bu da kinonun onlara əbədi “hədiyyə”si idi”. Hələ bu nədir ki, rejissor gənc aktyorları yalnız siqaret çəkməyə deyil, eyni zamanda onlara öküzə qoşulmuş xışla yer şumlamağı da öyrədib. “Filmdə kütləvi səhnələrin çəkilişində Qusar camaatının da böyük rolu olub. Şəxsən mən hazırda heç təsəvvürümə belə gətirə bilmirəm ki, “Tütək səsi” kimi filmi necə çəkmək olar. Filmdə belə bir epizod var ki, kənd camaatı tarladan qayıdır. Həmin epizodda 500 nəfər iştirak edib. Kənd camaatı çox böyük həvəslə müharibə dövrünün paltarlarını geyinərək kütləvi səhnələrdə çəkilirdilər. Eləcə də tarlada əkin-biçin işləri görülən səhnələrdə kənd camaatı aktyorlarla birgə çəkiliblər. hətta onlar bir neçə gün əvvəldən aktyorlara öküzə qoşulmuş xışla yer əkib-biçməyin qaydalarını da öyrətmişdilər. Mən aktyorlardan tələb edirdim ki, onlar əkib-biçməyi öyrənsinlər ki, həmin erizodlar da təbii alınsın”. Qusarda çəkilən erizodlardan biri də İsfəndiyar kişinin əsgər dalınca düşüb çaydan keçdiyi epizoddur ki, bu da çox çətinliklə başa gəlib. Rejissor aktyoru(Məmmədrza Şeyxzamanov) qorumaq məqsədilə həmin epizodu daha çox quraşdırma formasında hazırlamaq fikrinə düşsə də M.Şeyxzamanov təkidlə çayın içindən keçməyi bidirib, hətta həmin səhnədə zədə alıb ki, nəticədə də 3 gün müddətində həmin epizodun çəkilişi dayanıb. Sonra isə ortaq bir nöqtəyə gələrək həmin epizodu aktyorun da, rejissorun da istədiyi kimi ediblər. Belə ki, aktyor çayın əvvəlindən də bir metr, sonunda da bir metr dayanıb, rejissor da montaj vasitəsilə elə qurub ki, sanki İsfəndiyar kişi çayın içi ilə qaçır. Bu da kinonun möcüzəli dünyasının sirlərindən sadəcə biri…Müharibə dövrünü görməyən gənclər, müharibənin məhrumiyyətlərini özündə əks etdirən, arxa cəbhənin ağrılarını olduğu kimi dolğun şəkildə nümayiş etdirməli idilər. Əslində Rasim Ocaqov, “Tütək səsi” filmində bütün potensial gücündən istifadə edə bilib. Material kifayət qədər imkan verib ki, rejissor ondan yararlana bilsin. Filmdə Yusif Vəliyevin Qılınc Qurbanı nə qədər sərt idisə, Məmmədrza Şeyxzamanovun İsfəndiyar obrazı bir o qədər mülayim, ağsaqqallara məxsus olan təmkinli idi. Əgər Mixay Volontirin Cəbrayılı nə qədər coşğun, daima iş başında vətən üçün bacardığı bütün yardımları edən, eyni zamanda öz məhəbbətində dönməz idisə, Liya Eliavanın Səyalısı bir o qədər sərbəst düşüncəli, heç kimin sözünə əhəmiyyət vermədən illərlə onun yolunu gözləyən bir insanın məhəbbətinə müsbət cavab verən böyük təsir gücünə malik obraz idi. Və son səhnədə – İsfəndiyar kişinin(Məmmədrza Şeyxzamanov) sazda ruhani çalmasını həyəcansız izləmək mümkün deyil. Doğrudur, ruhani Aşıq Ədalətin ifasında təqdim edilib. Ancaq canlı kadr vasitəsilə bunu nümayiş etdirən, yaşayan, tamaşaçını təsirləndirən, ağladan, eyni zamanda isə çəkiliş qrurunu həyəcanlandıran Şeyxzamanov idi. Bütün bunlar bir daha sübut edirdi ki, Rasim Ocaqov yüz ölçüb bir biçəndən sonra çəkilişə başlamış və nəticədə də gözəl sənət nümunəsi yaratmağa nail ola bilmişdir. Filmin yaradıcı heyəti Yaradıcı heyət: Ssenari müəllifi – İsa Hüseynov, rejissor-Rasim Ocaqov, operator-Teyyub Axundov, rəssam-Elbəy Rzaquliyev, bəstəkar-Aqşin Əlizadədir. Rollarda: Məmmədrza Şeyxzamanov(İsfəndiyar kişi), Yusif Vəliyev (Qılınc Qurban), Mixay Volontir(Cəbrayıl), Akif Əli(Tardıq), Liya Eliava(Səyalı), Səfurə İbrahimova(İsmət), Xalidə Qasımova(Milli), Şükufə Yusifova(Tutu), Ötkəm İsgəndərov(Huru), Sadıq Hüseynov(Əsgər), Şamil Süleymanov(Cümrü), Vaqif Mustafayev(Tapdığın dostlarından biri),Məmmədsadıq Huriyev(Səlim), Susanna Məcidova(Suqra), Həsən Qara(Zahid). Məzmunu: Filmdəki hadisələr II Dünya müharibəsi illərində Azərbaycan kəndlərinin birində ümumxalq birliyi və mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Çəkiliş məkanı: Filmin bir hissəsi Qusar rayonunun ətrafında, digər hissəsi kinostudiyanın həyətində çəkilib. Xatırladım ki, filmdə kolxoz sədrinin kabineti, Səyalının və İsmətin evinin iç görünüşü kinostudiyada lentə alınıb. Digər bütün çəkilişlər isə Qusar ətrafında çəkilib.              

Avqust 20, 2020 13:26

AKİ “Qarabağ.İnsan.Qələbə” ssenari müsabiqəsi elan edir

Azərbaycan Kinematoqrafçılar İttifaqı Qarabağ həqiqətlərinin beynəlxalq arenada səslənməsində kinematoqrafın oynaya biləcəyi müsbət rolu nəzərə  alaraq “Qarabağ. İnsan. Qələbə” tammetrajlı bədii film ssenarisi müsabiqəsi elan edir: -Müsabiqəyə təqdim edilən ssenarinin  janrından asılı olmayaraq, Qarabağ müharibəsini insan taleyi,  onun draması və faciəsi prizmasından ifadəsi, həm yerli , həm də xarici tamaşaçıya maraqlı olması arzu olunandır. -Müsabiqədə iştirak üçün tammetrajlı bədii filminin ssenarisi (elektron variantda CD diskdə və çap olunmuş variantda, şrift Courier New, ölçü 12), müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur. -Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdı. Qaliblər diplom və pul mükafatı ilə təltif  ediləcəklər: Baş mükafat – 5000 AZN Həvəsləndirici mükafat – (2  ssenari)  2500 AZN Qalib ssenari istehsalı  məqsədəuyğun layihə olaraq Mədəniyyət Nazirliyinə  təqdim ediləcəkdir. Ssenari 22 noyabr 2020-ci il tarixinə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə təqdim edilməlidir.Ünvan:  Bakı şəhəri, Həsən Seyidbyli 18: Əlavə məlumat üçün əlaqə: (012)5059533, mail: [email protected]      

Avqust 12, 2020 12:38

Aki.az saytının 1 yaşı tamam olur

Azərbaycan Kinematoqrafçılar İttifaqının rəsmi saytı olan Aki.az saytının yaranmasından bir il ötür. 2 avqust 2019-cu ildə – Kino günündə, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin qərarı ilə fəaliyyətə başlayan sayt il ərzində öz oxucu  audutoriyasına sahiblənməyi bacarıb. Azərbaycanın internet məkanında çox sayda xəbər saytları fəaliyyət göstərir və əksəriyyətində mədəniyyət aləminə yer verilib. Ancaq kinoyla bağlı, kinematoiqrafçıların gördüyü işləri, onların fəaliyyətini işıqlandıranlar məqamlar azlıq təşkil edir. Bu baxımdan aki.az saytı təşəbbüsü ələ  alaraq təmsil etdiyi təşkilatın fəaliyyətini işıqlandırmaqla yanaşı, kinematoqrafçılarımızn fəaliyyiətini, kino tariximizin səhifələrini işıqlandırmağa xüsusi diqqət ayırır. Eyni zamanda kinoda mövcud olan problemləri, yeni nəsil kinematoqrafçıların kinoya olan yanaşma tərzini, dünya kinosunda baş verənləri daima işıqlandırmağa çalışıb. İl ərzində hazırladığımız maraqlı layihə və rubrikalar, rəngarəng xəbər təminatı saytı tanıtdırmaqla yanaşı, ona kino həvəskarları və peşəkarları arasında populyarlıq da qazandırdı, xəbər saytları aki.az –a istinad edir, materiallarını öz saytlarında bölüşür. Saytın işi Kinematoqrafçılar İttifaqının fb, instagram, twitter səhifələri ilə dəstəklənir. Sayt əsasən Azərbaycan dilində yayınlansa da, rus və ingilis dillərində də olan xidmətini daima yeniləyir. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov bildirir ki, saytın əsas məqsədi kimi Azərbaycan kinosunun təbliği ilə yanaşı, kinematoqrafçılarımız üçün praktik əhəmiyyətini artırmağı görürük: “Bu səbəbdən saytda yeni bölmə olaraq, fəaliyyətdə olan kinematoqrafçılarımızın bazasını yaratmaq üzərində iş gedir. İlk olaraq ssenaristlərdən başlamışıq. Son iyirmi ilidə kinodramaturgiyamıza çoxlu ssenarist adları gəlib. Serialların istehsalı da buna təsir edib. Onların hamısı ilə bəzən peşəkarlar da tanış deyil. Bu məqsədlə saytda ssenaristlərin bazasını yaratmağı qərara almışıq. Bazada son 20 ildə fəaliyyət göstərən senaristlər haqda ensiklopedik məlumatlar təqdim ediləcək: təhsili, işləri, mükafatları, elektron ünvanı və s. Rejissor və prodüser baza ilə tanış olub əməkdaşlıq etmək üçün seçimini edə bilər. Bundan başqa, kino mövzusunda yazan blogerlərlə əməkdaşlıq haqda düşünürük. Fürsətdən istifadə edib onlara müraciət edirəm, əməkdaşlığa dəvət edirəm, bu sayt daxilində yeni rubrika və ya yeni internet resursu ola bilər. Kinomuzun inkişafı bir neçə istiqamətdə işləyən sırf kino saytlarsız mümkün deyil. İnformasiyanı maraqlı təqdim edən kino xəbəri saytı ilə yanaşı, dərin analizlərlə çıxış edən, ciddi kino bilicilərinə ünvanlanmış elektron resurslar da olmalıdır. Kinematoqrafçılar İttifaqı olaraq bu  istiqamətdə təşəbbüsləri dəstəkləməyə hazırıq”.xeber100.com  

Avqust 1, 2020 23:04

AKİ İdarə Heyəti bəyanat qəbul edib

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin 12.06.2020-ci il tarixində keçirilmiş iclasında Azərbaycan kinematoqrafında yaranmış son durumu müzakirə edərək bəyanat qəbul etmişdir. Xeber100.com Aki.az saytına istinadən həmin bəyanatı təqdim edir: "Son onillikdə Azərbaycan kinematoqrafında müəyyən uğurlarını, nüfuzlu Beynəlxalq Festivallarda “Kuklalar”, “Nabat”, “Axınla aşağı”, “Qırmızı bağ”, “Nar bağı”, “Axşama doğru” filmlərinin iştirakını qeyd etməklə yanaşı, etiraf etməliyik ki, bu dövr bütövlükdə kinomuz üçün durğunluq illəri olub. Yaranmış vəziyyətin əsas səbəbi Mədəniyyət Nazirliyinin kadr siyasətidir. Dövlətin kino siyasətini həyata keçirən məsul şəxslər özlərini işdə, yumşaq desək, qeyri-peşəkar göstərmişlər. Bunun nəticəsində Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair” Dövlət Proqramının əsasında islahatlar aparmaq mümkün olmamış, dövlət studiyalarının texniki təchizatı formalaşmamış, özəl kino şirkətlərinin inkişafına diqqət ayrılmamış, birgə istehsal dəstəklənməmiş, Eurimages Fonduna üzvlük həyata keçirilməmiş, beynəlxalq nüfuzu olan, Azərbaycan və xarici kinematoqrafçıların yaradıcı əlaqələrinin yaranmasında misilsiz rolu olan Beynəlxalq “Şərq-Qərb”, Beynəlxalq Audiovizual Festivalı fəaliyyətini dayandırmışdır. Bununla yanaşı, 50 ildən artıqdır ki, fəaliyyəti olan Azərbaycan Kinematoqrafçılar İttifaqının dağılması istiqamətində addımlar atılmış, ölkə kinematoqrafçılarının birliyi sarsıdılmışdır. Bundan başqa, kinomuzun inkişafında, nailiyyətlərinin təbliğində, mühüm rolu olan kino mətbuatının formalaşmasına lazımi əhəmiyyət verilməmişdir. Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti, yuxarıda deyilənləri nəzərə alaraq, milli kinomuzun müasir tələblərə cavab verməsini təmin etmək məqsədi ilə aşağıda sadalanan təcili tədbirlərin görülməsini vacib sayır: – İllərlə təxirə salınmış və keçən ildən müzakirəsi başlanmış, lakin indiyənədək qəbul edilməmiş Kinonun İnkişafı Konsepsiyasının əsas tərkib hissəsi olacaq, beynəlxalq kino idarəçiliyi sahəsində qabaqcıl praktikaya əsaslanan, Dövlət prodüseri rolunu oynayan Kino Mərkəzi yaradılmalıdır. – Kino Mərkəz dövlətin kino siyasətini həyata keçirməli, kino peşəkarlarının yaradıcı axtarışlarını dəstəkləməli və xalqımızın həyatının ekranda realist, dolğun təsvirini vacib saymalıdır. – Azərbaycan kinosunun xaricdə təmsil edilməsi və yayımı üçün Kino Mərkəzinin yanında xüsusi struktur yaradılmalıdır. – Əvvəlki illərin neqativ praktikasını nəzərə alaraq, Kino Mərkəzin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən qurum yaradılmalıdır. Bu məqsədlə Mərkəzin yanında tərkibi Kinematoqrafçılar İttifaqı, Kinorejissorlar Gildiyası, başqa kino ictimai təşkilatları və müstəqil peşəkarlardan formalaşmış – İctimai Şura yaradılmalıdır. – Yuxarıda sadalanan təkliflərlə yanaşı kino təhsilinin inkişafına xüsusi diqqət ayrılmalı, dünyanın qabaqcıl kino təhsili mərkəzlərinə tələbələr göndərilməli, hal-hazırda fəaliyyət göstərən Kino Məktəbinin işi dəstəklənməli, əsas heyəti Şukin adına Teatr Məktəbinin azərbaycanlı yetirmələrindən və yeni nəsil Azərbaycan aktyorlarından ibarət olan Kino Aktyoru Teatrı yaradılmalıdır. – Pandemiya dövründə zərər görmüş kinoteatral şəbəkələrə dəstək göstərilməlidir, milli filmlərimizin ölkə kinoteatrlarında nümayişinə xüsusi diqqət ayrılmalıdır. – Peşəkar film festivallarının kinonun inkişafı üçün mühüm şərt olduğunu qeyd edərək, Beynəlxalq “Şərq-Qərb”, Beynəlxalq Audiovizual və bu tipli başqa təşəbbüslər dəstəklənməlidir. – Mədəniyyət Nazirliyi kino mətbuat orqanlarının bərpası və fəaliyyətini dəstəkləməlidir. Ümid edirik ki, bu bəyanat kino ictimaiyyəti, yaradıcı təşkilatlar və aidiyyəti olan rəsmi strukturlar tərəfindən diqqətlə qarşılanacaq. Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti İyun 12, 2020

İyun 14, 2020 15:34

Venesiya film festivalının keçiriləcəyi tarix açıqlandı

1932-ci ildə “Esposizione Internazionale d’Arte Cinematografica” adı ilə yaradılan və dünyanın ən qədim film festivalı sayılan, əsas mükafatları- Qızıl Şir ( ən yaxşı filmlər üçün),  Volpi Kuboku (ən yaxşı aktyor və aktrisalar üçün) olan Venesiya Kino Festivalı hər il avqust ayının sonu və ya sentyabrın əvvəlində Venesiyanın Lido adasında keçirilir. Aki.az kinometro.ru-ya istinadən bildirir ki, 2020-ci ildə keçiriləcək festivalla bağlı xarici mətbuat hələ yanvar ayında məlumat vermişdir. Məlumatda bildirilir ki, festivala ev sahibliyi edən Venesiya Bienalindən verilən açıqlamada, Paolo Barattanının sədrliyi ilə 10 yanvarda bir araya gələn idarə heyətinin qərarı ilə 77-ci Venesiya Film Festivalının jüri sədrliyi üçün Keyt Blançet seçilib. Festival bu il 2-12 sentyabrda Venesiyanın Lido Yarımadasında baş tutacaq. Qızıl Şir mükafatı isə sentyabr ayının 12 –də öz sahibinə təqdim olunacaq. Bu xəbərlə festival haqqında dəqiq məlumat yayılsa da, bir neçə ay sonra baş verən və dünyanı bürüyən pandemiya artıq başqa söz deyirdi. Yəni, nəyin, nə zaman keçiriləcəyi, ümumiyyətlə nələr olacağı müəmmalı olaraq qalırdı. Qeyd edək ki, Venesiya kinofestivalının bu payızda keçiriləcəyinin dəqiq məlumat olduğu təsdiqlənir. Qərar 24 May Bazar günü Veneto bölgəsinin qubernatoru Luka Zaya tərəfindən təsdiqlənib. Festival sentyabr ayının 2-dən 12-dək keçiriləcək. Məlumatda o da qeyd olunur ki, bu ilki festivalda az film nümayiş olunacaq. Bu da o deməkdir ki, çox az sayda dünya kino ulduzları festivalda iştirak edəcək. Bundan başqa, hələ may ayının əvvəlində festival kino sənayesi rəhbərlərini qarşıdan gələn hadisə ilə bağlı problemlər və təkliflər barədə sorğu-sual edib. Kinofestivalın bədii rəhbəri Alberto Barberin imzaladığı məktub kinematoqrafçıların, aktyorların və prodüserlərin festivala gəlmək istədiklərini öyrənmək məqsədi daşıyırdı. Cavablar isə dəqiq olmayıb. Yeri glmişkən, İtaliya Avropa turistləri üçün öz sərhədlərini iyunun 3-də yenidən açacaq və ölkəyə gəlmək üçün məcburi karantin məhdudiyyətlərini ləğv edəcək. Kino baxışının nümayəndələrinə gəlincə, hələ ki, gələcək festivalın dəqiq detallarını vermirlər. Sadəcə yanvar ayında Kate Blanchettin münsiflər heyətinin prezidenti olacağı qərarı dəyişməz qaldığı bildirilir.xeber100.com

May 26, 2020 18:40

Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsinə start verib

Azərbaycan Kinematoqrafçılar İttifaqı və A. M. Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu birgə “Rusiyanın görkəmli azərbaycanlıları”adlı ssenari müsabiqəsinə start verib. Azərbaycan Kinematoqrafçılar İttifaqından bildirilən məlumata görə, müsabiqənin məqsədi uzun illərdir ki, Rusiyada yaşayıb-yaradan görkəmli azərbaycanlıların həyat yolununun səlnaməsini yaratmaq, gənc nəslə onların nailiyyətlərini çatdırmaq, həmçinin  sənədli kino sahəsində aktivliyi artırmaqdan ibarətdir. Müsabiqənin şərtlərini təqdim edirik: -Sənədli filmlərin ssenariləri (52 dəqiqədən çox olmamaq şərtilə) kinoesse, kinoportret, kino araşdırması janrlarında, XIX-XX əsrlərdə Rusiyada yaşayıb-yaratmış görkəmli azərbaycanlıların taleyindən bəhs etməlidir. -Ssenarilər Azərbaycan və rus dillərində qəbul edilir. -Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdı. -Ssenarilər 20 Mart 2020-ci ilədək elektron formada [email protected] ünvanına göndərilir. -Müəllif haqqında qısa məlumat əlavə edilir. Müsabiqə haqqında əlavə məlumat üçün telefon: (012) 5059533, (012) 4371667 Müsabiqənin qalibləri Xalq yazıçısı Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər.xeber100.com

Yanvar 7, 2020 12:55

“Anamın yox oluşu” tam metrajlı sənədli filmi Kino Evində

Bu gün Kino Evində III DokuBaku Beynəlxalq Sənədli Film Festivalı çərçivəsində ikinci sənədli film təqdim olundu. “Anamın yox oluşu” tam metrajlı sənədli filmi 60-cı illərin modeli olan Benedetta Barzininin həyat hekayəsinin bəzi anlarından bəhs edir. Həmin Benedetta Barzini ki, dünya podiumlarından  əfsanə kimi gəlib keçib, həyatın hər üzünü görüb. İstər uşaqlıq illərində, istər cazibəsi ilə, səhnə duruşu ilə qəlbləri fəth edəndə və istərsə də yalnızlığa çəkilərək kameraların obyektinə tuş gəlməkdən çəkindiyi vaxtlarda həyatdakı pis-yaxşı nə varsa hamısının şahidi olub. O deyir: “Bir aktyor, fotoqraf və ya dizayner olsanız, CV-nizi minlərlə müxtəlif yerə göndərə və birinin çağıracağına ümid edə bilərsiniz. Zəng gəlmədikdə və özünüz maraqlandıqda belə bir cavab alırsınız: “Biz səninlə işləmişik, indi başqaları ilə işləyirik”. Beləliklə, 25 illik fəaliyyətim müddətində bir şey edə bilməməyimi hiss etdim”.… Və həmin anda boşluq başlayır, yox olmaq istəyirsən. Bəlkə də qəhrəmanımızın yox olmaq kimi arzusu gördüyü, şahid olduğu həqiqətlərin, əslində yalan üzərində qurularaq parlaq görsənməsindən başqa bir şey deyil. Çünki şöhrət duyğuları sadəcə parlaq bir görüntüdür.Benedetta Barzini 1973-cü ildə model biznesini tərk edərək Milanda marksist və radikal feminist təşkilata qoşulur. Uzun illər fəaliyyətini davam etdirir. Artıq onun danışığında, duruşunda, cazibəsiylə insanları heyran edən modeldən daha çox özünə, ağlına, fikrinə inanan QADIN MODELİ dayanırdı. O qadın ki, kişilərlə bərabər qadınların da haqlarını müdafiə edirdi. Sonralar o, pedaqoji fəaliyyətə başlayır, 2008-ci ildən Milanda – Urbino Universitetində dərs deyir və eyni formada davam edir-feminist qadın və feminist ruhlu tələbələr… Benedetta Barzinini anlamaq çətin olsa da, onunla həmfikir olanlar az deyil. Model, jurnalist və professor Benedetta niyə yox olmaq istəyir? 75 yaşında həyatın onun üzərinə yapışdırdığı bütün rollardan niyə bezib, hər şeyi və hər kəsi niyə arxada buraxmaq istəyir və niyə dünyadan mümkün olan ən uzaq nöqtəyə yoxa çıxmaq qərarına gəlir və s. kimi suallar onun haqqında çəkilən “Anamın yox oluşu” filmində cavablandırılır. Əslində bütün bu suallara filmi çəkən rejissorun cavab verməsi heç də çətin olmayıb, çünki o Benedettanın kiçik oğlu Benyamino Barzinidir. Anasını tanıdıdğı kimi, gördüyü kimi, tam səmimi şəkildə kamera önünə gətirməyi bacarır, onun səyahətinə şahidlik edir. Rejissorun anası haqqında fikirləri maraq doğurur: “”Mənə elə gəlir ki, hələ də onun qəlbinin şəklini çəkə bilməmişəm. Anam mənim üçün sirrdir. O, həddən artıq gözəldir, çox ağıllıdır… Onun yanında mən həmişə vaxtın gedişini dəhşətli dərəcədə hiss edirdim: o, ondan qorxmurdu, amma mən qorxurdum.  Və mənim fotoşəkillərimdən heç biri onun gerçəkliyini əks etdirə bilməz. Kəskin başa düşürəm: mən onu çox az çəkirdim və öz şəkillərimlə bu gözəlliyin hekayəsini — sirrini və dərinliyini, inanılmazlığını danışa bilmədim”. Oğlunu incitməmək üçün onun filmində çəkilən qadın ümid edir ki, bu, ona “yox olmağa” kömək edəcək.Ümumiyyətlə ana ilə oğul arasındakı əməkdaşlığın nəticəsi filmə böyük fikir gətirməsə də, rejissor, məna baxımından bir qadının, gözəl bir qadının arzu və istəklərini alqışlamaqdan çəkinməyib. Belə bir yaradıcı düşüncəli bir qadının oğlu olan rejissor, başqa cür də düşünə bilməzdi. Çünki hər şeydən əvvəl o bir övladdır və anasının qocaldığının, gündən-günə azaldığının, bir sözlə yox oluşunun şahididir. Əməkdar incəsənət xadimi Nizami Abbasın fikrincə, rejissor anasından istifadə edərək diqqəti çəkmək istəyib və ona qarşı sevgisi yoxdur: “ Əks nümunə olaraq Teymir Daiminin “bu sevgidir” filmini gətirmək olar, orda da can üstə olan anasını çəkən rejissor bu günkü filmin rejissoru Benyamino Barzinidən fərqli olaraq sevgi ilə, şəfqətlə göstərir”. Psixoloq Zenfira Hüseynova qadının psixoloji durumunun qısa xülasəsini anlatdı: “ Bendettanın xarakterində kişi başlanğıcı daha güclüdür və depresiyasının da əsas səbəblərindən biri də budur”. Rejissor Əli İsa Cabarov filmdə qadının üsyanına diqqəti çəkdi: “Dünyanı idarə edən kişilər qadınlara geyim və həyat tərzini diqtə edir, oyun qaydalarını sırıyır. Filmin qəhrəmanı isə dəb və əyləncə industriyasının ulduzu olmasına baxmayaraq özündə güc tapıb və bu dünyaya üsyan edib”. Filmin müzakirəsində fikirlər müxtəlif olsa da, həqiqət ondan ibarətdir ki, rejissor oğul anasının artıq həyatla vidalaşan məqamını lentə köçürməklə, öz həyatının sonrakı məqamında ayaqda durmaq üçün, anasını hər zaman da yanında hiss etmək üçün özünə güc toplamaq fikrindən uzağa gedə bilməyib, hətta getmək istəməyib…Filmin ssenari müəllifi və rejissoru Benyamino Barrezi, prodüseri Filippo Macellonidir.xeber100.com

Oktyabr 3, 2019 14:45

III DokuBaku Beynəlxalq Sənədli Film Festivalı çərçivəsində

Azərbaycan Kinematoqrafçılar İttifaqının tərəfdaşı olduğu III DokuBaku Beynəlxalq Sənədli Film Festivalı çərçivəsində ilk sənədli filmi bu gün Kino Evində təqdim olundu.AKİ-dən aldığımız məlumata görə, “Ursus zavodunun simfoniyası” adlanan tammetrajlı sənədli filmi təsirli insan dramıdır…Varşavanın kənarında tikilmiş Ursus zavodu Avropada kənd təsərrüfatı texnikasının ən böyük istehsalçılarından biri hesab olunub. Bir zamanlar bu zavod Polşa sənaye gücünü təcəssüm etdirirdi. Kommunizmin süqutundan sonra istehsalın səviyyəsi kəskin şəkildə aşağı düşür, zavodun yerləşdiyi ərazi tənəzzülə uğrayır və beləliklə də fəhlələr işdən çıxarılır.Film qəhrəmanların öz hekayələrini anlatmaları ilə başlayır. Əslində onların bəziləri hələ də Varşavada -Ursus rayonunda yaşayırlar. Onlar zavodun xarabalıqlarına gəlir və əvvəllər olduğu kimi işləyirlər, amma növcud olmayan xəyali dəzgahlarla.Onlar real və uydurma reallıq arasında sərhədləri silməklə qaynar fəaliyyəti, itirilən keçmişi bərpa edərək hər bir jest və səsi yaşayırlar. Çox səhnələri klip estetikasında çəkilmiş filmin final hissəsindəki traktorlarla qurulmuş mizanlar, sanki traktorların dirilmiş ruhlarının rəqsi kimi canlandırılır.Cəlbedici vizual dildən istifadə edən “Ursus zavodunun simfoniyası” keçən dövrü xatırlatmadır və Polşanın müasir statusunu qurmaq üçün inadla çalışmış insanlara həsr olunub.O da təsadüfi deyil ki, rejissor Yashmina Voychik film üzərində doqquz ay çalışıb və bu aylar ərzində qəhrəmanlarla qrup şəklində işləyib.Filmin nümayişində əməkdar incəsənət xadimi, rejissor Nizami Abbas və kinorejissor Mübariz Nağıyev də iştirak edirdilər.Nizami Abbasın fikrincə, səslər və bədən yaddaşının köməyi ilə mövcud olmayan zavodun iş həyatınının bir günü canlandırmaq, emosional musiqinin təsiri altında işçilərinı keçmişi xatırlayaraq o günü canlandırması sənədli film üçün yenilik hesab oluna bilər. Mübariz Nağıyev də həmkarı ilə həmfikir olduğunu bildirdi və onu da qeyd etdi: “ Maraqlı yanaşma, effektiv təqdimat. Bu, URSUS zavodunun simfoniyasından daha çox orada işləmiş adamların yaşadıqları ömrə nostalgiyası ilə dolu, itirilmiş həqiqətən sosial quruluşa bir oda idi”. Hər iki rejissor, sənədli filmə quruluş verən rejissor işinə yüksək qiymət versələr də, eyni zamanda filmdə görmək istədiklərini deməkdən də çəkinmədilər. Məsələn, film bitdikdən sonra yaradıcı heyətin təqdimatıyla kadrarxası məqamlar da göstərilir ki, bu da birmənalı qarşılanmadı. Bəlkə də çoxluq o fikirdə oldu ki, rejissor kadrarxası hazırlıqları gizli saxlamaqla filmi daha düşündürücü edə bilərdi.Kinematoqrafçılar ittifaqının katibi ibi Əli İsa Cabbarovun fikrincə, “Ursus Zavodunun Simfoniyası”nda itirdikləri zavod üçün nostalji yaşayan fəhlələrin dramasını vermək sadəcə bir metaforadır, itirilmiş insan ömrünün dramasının metaforası: “Zavod ləğv oluna bilər, bəlkə müsbət iqtisadi nəticələri əldə edilib. Qəribədir ki, Qodfri Redjionun məşhur trilogiyasında böyük zavodlarda işləyən fəhləllərin konveyr əməyini təsvir edən kadrlar sivilizasiyanın dalana dirənməsinin vizual obrazıdır, bu filmdə isə olmayan zavodu xəyali dəzgahlarla işləyib canlandırmaq istəyən fəhlələr oliqarxiyanın qurbanı kimi göstərilir”.Filmin rejissoru tamaşaçı auditoriyasını düşündürməyi bacardı. Hətta tamaşaçı hər epizodda yaranan suallara növbəti epizodda cavab tapmaqla, sanki rejissorla dialoq qururdu. Rejissor filmin içində idi, sualı yaradırdı, düşündürürdü və cavabını verirdi. Ümumiyyətlə bu sənədli filmə baxdıqdan sonra belə bir fikir yaranır ki, istənilən filmdə maliyyədən  daha çox rejissor düşüncəsi, rejissor dünyagörüşü, onun kino üçün gətirdiyi yenilik böyük rol oynayır.Filmin ssenari müəllifi Yaşmina Voyçik, İqor Stokfizevski, Rejissoru Yashmina Voychik, prodüseri Zuzanna Kroldur.xeber100.com

Oktyabr 2, 2019 14:24

II ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına start verilir

Oktyabrın 18-20-də Bakı şəhərində II ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına start verilir. Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, AKİ, əsası Rəşid Ağamalıyev tərəfindən qoyulmuş Beynəlxalq Animasiya Film Festivalı ilə birgə əməkdaşlıq haqqında müqavilə imzalayıb.İttifaq rəhbərliyi belə hesab edir ki, Azərbaycanda film festivallarının keçirilməsini kinomuzun inkişafı üçün vacib amillərdən biridir. Bu da o deməkdir ki, uşaqların  zövqünün və dünya görünüşünün formalaşmasında, o cümlədən kino dilinin inkişafında mühüm rol  oynayan animasiya kimi vacib janrı hədəf götürən festivalın keçirilməsi böyük əhəmiyyətə malik olduğu üçün bu proses davam edəcək. İkinci dəfə keçirilməsinə baxmayaraq festivalda iştirak üçün 50 ölkədən 268 müraciət olunub. Almaniya, Azərbaycan, Çexiya, İtaliya və Polşa nümayəndəsindən ibarət seçim komitəsi müsabiqəyə 25 ölkəni təmsil edən  54 film qəbul edib. Festivalın Beynəlxalq münsiflər heyətinə Məsud Pənahi rəhbərlik edəcək. Paralel keçəcək animasiya filmləri üçün ssenarilər üzrə müsabiqənin qalibini  isə Ramiz Fətəliyev (Azərbaycan), Zeynəb Qurbani Fəryad (İran), İntiqam Qasımzadə (Azərbaycan) və Gülşən Tofiqqızının (Azərbaycan) təmsil olunduğu heyət müəyyən edəcək. Festival reqlamentinə görə,  münsiflər heyəti “ən yaxşı qısametrajlı animasiya filmi”, “uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” , “qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” nominasiyaları üzrə mükafatlar təqdim edəcək. Eyni zamanda hər bir tamaşaçı səs verməklə də animasiya filmlərinin qiymətləndirilməsinə öz töhfəsini verə bilər. Bu baxımdan da səsvermənin yekununda “Tamaşaçı rəğbəti mükafatı” təqdim ediləcək.xeber100.com

Sentyabr 13, 2019 11:13

“İnsan və sivilizasiya” sənədli filmlərinin təqdimatı olacaq

"İnsan" sənədli trilogiyasına daxil olan "Neft" filmi Venesiya Beynəlxalq Film Festivalının "Ən yaxşı qısa filmi" nominasiyasının qalibi olub. Filimin rejissoru Murad İbrahimbəyovdur.M.İbrahimbəyov Rusiya Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunu bitirib. Kinodakı fəaliyyəti dövründə üç tammetrajlı - "Qızıl buğaların valsı", "Gənc qadın üçün kişi", "Olmuş hadisə" və bir neçə qısametrajlı ("Dundukley", "Bir nəfər hamı üçün") filmlərini çəkib. Maqsud İbrahimbəyovun povesti əsasında çəkdiyi "Gənc qadın üçün kişi" filmi ABŞ, Latın Amerikası, Misir, Bolqarıstan, Polşa, Fransa, İspaniya, və Türkiyədə keçirilən kinofestivallarda nümayiş etdirilərək, müəllifinə bir sıra mükafatlar qazandırıb.Qeyd edək ki, xronikal kadrlardan ibarət olan "İnsan" sənədli trilogiyası filmini fəlsəfi esse də adlandırmaq olar. Rejissor sonralar mövzunu davam etdirərək “İnsan və sivilizasiya" mövsuzunda xronikal kadrlardan ibarət fəlsəfi sənədli filmlər yaradıb. "Mənim Dağıstanım. Etiraf" filmində rejissor SSRİ üzrə tanınmış şair Rəsul Həmzətovun yaradıcı portretini yaradıcı dildə təqdim edir.Azərbaycan Kinematoqrafçılar İttifaqıından xeber100.com saytına verilən məlumata görə, filmdə Rüstəm İbrahimbəyov, Yevgeniy Yevtuşenko, Vaxtanq Kikabidze iştirak edir.Avqustun 9-da Azərbycan Kinematoqrafçılar İttifaqının Kino Evində filmlərə baxış (saat 18.00-da) keçiriləcək.xeber100.com        

Avqust 7, 2019 15:02

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino evinin təqdimatında

Avqustun 3-də Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino evində rejissor Elmar İmanovun “Mövsümün sonu” bədii filminin təqqdimatı keçirilib.AKİ-nin məlumatına əsasən “Mövsümün sonu” rejissorun ilk tammetrajlı filmidir. İlk təqdimat 2019-cu ilin fevralında Rotterdam kinofestivalı çərçivəsində keçirilib. Film “Parlaq gələcək” (“Bright Future”) müsabiqəsində iştirak etmiş və FİPRESSİNİN (Beynəlxalq kinopressalar Federasiyası) mükafatı ilə təltif edilmişdir. 2019-cu ilin iyununda “Mövsümün sonu “Zerkalo” Beynəlxalq Kinofestivalının əsas müsabiqəsinə daxil oldu, onun nəticələrinə görə iki mükafata – “Nadir müəllif baxışına görə” mükafat və “Səs” gənc tənqidçilərin münsiflər heyətinin mükafatına layiq görülüb.“Mövsümün sonu” filmi Bakı tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb. Nümayişdən sonra filmin müzakirəsi aparılıb. Filmin təqdimatında  Azərbaycan mədəniyyəti və incəsənətinin bir qrup nümayəndəsi iştirak edib: dirijor Ramiz Məlik-Aslanov, aktrisalar Sənubər İsgəndərli və Şükufə Yusupova və b. Aktrisa Zülfiyyə Qurbanova “Mövsümün sonu” filmindəki baş rolun psixoloji cəhətdən incə ifasına görə Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino mükafatına layiq görülüb.xeber100.com

Avqust 3, 2019 19:55

Kino Evində Milli Kino Günü təntənəli sürətdə qeyd edildi

Avqust ayının 1-də Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) üzvləri  Kino Evində Milli Kino Gününü təntənəli sürətdə qeyd etdilər. Bir qrup görkəmli kinematoqrafçıların iştirak etdiyi bayram tədbirində öncə 3 yubilyarın kinodakı fəaliyyəti yüksək qiymətləndirilərək təltif edildilər. Yubilyarlar, operator- rejissor Oqtay Əlizadə, yazıçı-dramaturq Əmir Pəhləvan və kinorəssam Elfira Hüseynova alqış sədaları altında yubiley həyəcanını yaşadılar. Tədbir çərçivəsində illik kino mükafatlarına da yer verildi. Bu ilin  mükafatına layiq görülənləri təqdim edirik: - Kinorejissor Murad İbrahimbəyov - "İnsan" sənədli trilogiyasına görə; - Aktrisa Şükufə Yusupova - peşə ideallarına sadiqliyinə görə; - Kinorejissor Cahangir Zeynallı - milli kinematoqrafiya qarşısındakı xidmətlərinə görə; - Aktrisa Zülfiyyə Qurbanova - "Mövsümün sonu" filmində baş rolu psixoloji incəliklə ifa etdiyinə görə; Onu da qeyd edək ki, avqust ayının 2-də Azərbaycan Kinematoqrafçılar İttifaqının(AKİ) rəsmi www.aki.az saytı da işə salınacaq. Kinosevərlər Azərbayan kinosunda olan yenilikləri məhz bu sayt vasitəsilə öyrənə biləcəklər. Portalda aşağıdakı bölmələr - "Təşkilat haqqında", "Fəaliyyət", "Xəbərlər", "Qalereya", "Əlaqə vasitələri", habelə 10-a yaxın alt bölmə var. Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək.xeber100.com    

Avqust 2, 2019 12:18

Kinematoqrafçılar İttifaqının Konfransı keçirildi

Nəhayət ki, gözlənilən an çatdı, Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransı baş tutdu. 16 iyul tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvləri bir araya gələrək konfransın gündəliyi, yeni nizamnamə, idarə heyətinin üzvlərini  seçilməsi məsələsini müzakirə etdilər. Konfransı açıq elan edən AKİ katibi Əli İsa Cabbarov neçə illik fasilədən sonra üzvlərin bir araya gəlməsinin və uğurlu bir dönəmin başlanmasını elan etdi və ilk sözü Azərbaycan Kinmatoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyova verdi. İttifaq üzvlərini salamlayan R.İbrahimbəyov öz çıxışında bildirdi ki, AKİ yenidən  aktiv fəaliyyətinə start verdi: “Böyük bir tarixə malik Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyəti hər zaman diqqət mərkəzində dayanıb. Bu da o deməkdir ki. AKİ öz fəaliyyəti, gördüyü işlərlə diqqətdədir. Bu gün bir araya gəlməyimizin səbəbi: biz hər zaman olduğu kimi, yenə də öz işimizin başındayıq və hər zamankı kimi Azərbaycan kinosunun inkişafında görəcəyimiz işlərlə böyük rol oynayacağıq”.R.İbrahimbəyovun çıxışından sonra AKİ katibi Əli İsa Cabbarov konfransın nizamnaməsini təqdim etdi, təkliflər irəli sürüldü, qurultayın neçə ildən bir keçirilmə məsələsi müzakrə edildi. Müzakirədən sonra səsvermə yolu ilə AKİ-nin yeni sədri seçildi, Rüstəm İbrahimbəyov yenidən sədr oldu.Daha sonra idarə heyətinin üzvləri və katibliyin də seçiminə səs verildi. Yeni heyət aşağıdakılardan ibarətdir -Əli İsa Cabbarov (kinorejissor, ssenarist, prodüser, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi) -Cəmil Fərəcov (rejissor, əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi) -Rüstəm İbrahimbəyov (Xalq yazıçısı, “Şöhrət” ordenli, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri -Firəngiz Qurbanova (quruluşçu rejissor, əməkdar artist) -Baba Məsimov(şair, ssenarist, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi) -Məbud Məhərrəmov (aktyor, xalq artisti) -Anar Rzayev (Xalq yazıçısı, rejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi -Şükufə Yusupova (aktrisa, xalq artisti) -Əsəd Əsədov(səs rejissoru, əməkdar mədəniyyət işçisi) -Həmidə Ömərova (aktrisa, xalq artisti) -Nizami Abbas (operator, rejissor, əməkdar incəsənət xadimi -Rasim Balayev (aktyor, Xalq artisti, prezident təqaüdçüsü) -Tahir Əliyev (kinorejissor, prodüser) -Lalə Əfəndiyeva (prodüser, “Azəbaycanda Dünya Kinosunun 100 illiyi Fondu” İctimai Birliyinin direktoru) -Ziya Şıxlinski (rejissor, əməkdar incəsənət xadimi) -Oleq Səfərəliyev (rejissor, ssenarist, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi).xeber100.com  

İyul 18, 2019 14:04

Rüstəm İbrahimbəyov: “Azərbaycanda gənc kinematoqrafçılar ordusu yaranıb”

Azərbaycan Kinematoqrafçılar İttifaqı noyabr qurultayına hazırlığı davam etdirir. Kino Məktəbi, Kino Evinin bərpası prosesi gedir, Bakı haqqında Filmlər Muzeyi yaradılır, gənc kinematoqrafçılara dəstək proqramı hazırlanır. Kinodramaturq, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Turan-a bunlar haqda danışıb: "Son illər Azərbaycanda gənc kinematoqrafçılar ordusu yaranıb. Onların çəkdiyi tammetrajlı və qısametrajlı filmlər nüfuzlu beynəlxalq festivallarda mükafat alıb. Bu gün onların əksəriyyəti Azərbaycandan kənarda yaşayır, çünki burada özlərini reallaşdıra bilmirlər. Kinematoqrafçılar İttifaqının vəzifələrindən biri bu insanların öz ölkəsində işləməsinə imkan yaratmaqdır. Yeni kino istehsalı modelinin tətbiqi ümid verir. Dövlət tərəfindən xüsusi komissiya yaradılıb və bunun üzərində işləyir. Yaxşı olardı ki, elə bir struktur yaradılsın ki, özündə ssenariləri, rejissorluğu və istehsalat işini birləşdirən layihələr üçün dövlət dəstəyini almağa imkan yarada bilsin. Qonşu Gürcüstanda, Rusiyada və digər ölkələrdə oxşar sistem mövcuddur. Bu, müstəqil studiyalara və yaradıcı birliklərə böyük yaradıcılıq azadlığı verir", - o bildirib. "Yeni struktur kimin tabeliyində olacaq?" sualına kinodramaturq cavab verib ki, "çox güman ki, Mədəniyyət Nazirliyinin. Qarşıdakı qurultayda bütün bu məsələlər hərtərəfli və predmetli şəkildə müzakirə olunacaq. Dövlət nəzarəti yaradıcılıq maraqlarına xələl gətirməməlidir. Dövlət vətənpərvərlik, tarixi, uşaq kinoları sifariş verməklə filmin kino istehsalının ümumi siyasətini müəyyən etməlidir. Yəni, kinematoqrafçılar yaradıcılıq təşəbbüsü ilə eyni vaxtda dövlət tapşırıqlarını yerinə yetirməlidirlər", - R.İbrahimbəyov vurğulayıb."Özünü belə bir kino strukturunun rəhbəri rolunda görürmü" sualına kinodramaturq mənfi cavab verib. "Mən 1967-ci ildən Kinematoqrafçılar İttifaqında çalışıram və əminəm ki, ictimaiyyətin kinematoqrafiya rəyini ifadə edən bu yaradıcı təşkilat dövlət qurumları ilə konstruktiv dialoq vasitəsilə milli kinoda vəziyyətə mühüm təsir göstərə bilər. Ümumiyyətlə, mən ölkə həyatına ictimai təsirin artmasının tərəfdarıyam. Məhz bu məqsədlə bir neçə il əvvəl öllkənin mədəniyyət və elm xadimlərini bir arada birləşdirən Ziyalılar Forumu yaradıldı. Biz hakimiyyətin bu gün müzakirə etdiyi problemləri orada müzakirə edirdik. Təəssüflər olsun ki, o zaman bizim təşəbbüsümüz bəzi adamlarda mənfi reaksiya yaradırdı. Həmin şəxslər indiyədək dövlət orqanlarında mühüm mövqe tuturlar", - R.İbrahimbəyov bildirib."Hazırda vəziyyət dəyişibmi?" sualının cavabında R.İbrahimbəyov deyib ki, bu suala zamanla cavab verə biləcək. "Atılan addımlar məni sevindirməyə bilməz. Onlar sistemli xarakter alacaqmı? Bunu zaman göstərəcək", - dramaturq vurğulayıb.R.İbrahimbəyov Azərbaycanda iki Kino İttifaqının olmasını ölkənin ölçüsünü və film istehsalının həcmini nəzərə alaraq çox adlandırıb. "Azərbaycan Kinematoqrafçılar İttifaqı 1958-ci ildə bizim kinonun görkəmli xadimləri tərəfindən yaradılıb. İkinci qurumu bir neçə il əvvəl süni şəkildə yaratdılar".Eyni zamanda, o deyib ki, kimsə ilə münasibətləri aydınlaşdırmaq niyyətində deyil. "Biz öz vəzifəmizi kino sənəti maraqlarının və hər yaşdan olan istedadlı kino xadimlərinin müdafiəsində görürük. Lakin gənclər xüsusi diqqət tələb edirlər, onlar hiss etməlidirlər ki, Vətən onlara dəstəkdə və onların uğurlarında maraqlıdır. Biz onları Kino Məktəbi ilə işə cəlb edəcəyik. Bu məktəb bədii, sənədli və cizgi filmləri üçün rejissorlar və ssenaristlər, həmçinin aktyorlar hazırlayacaq. Ümid edirəm ki, planlarımızı həyata keçirməyə gücümüz yetəcək. Ancaq dövlət dəstəyi olmadan mümkün deyil. Təkrar edirəm ki, biz bunu hiss edirik və mən ümid edirəm ki, bu yaxınlara qədər mətbuatda mənə qarşı geniş təbliğat kampaniyası təşkil edən insanlar buna mane olmayacaqlar", - Rüstəm İbrahimbəyov fikrini yekunlaşdırıb.xeber100.com

İyul 8, 2019 11:53

Sənədli kinonun gələcəyi müzakirə olunacaq

Azərbaycanda dövlət sifarişi əsasında sənədli filmlərin istehsalı prosesi xüsusi diqqət tələb edir.Bu barədə AKİ-nin Idarə Heyətinin iclasında Əməkdar İncəsənət xadimi Cəmil Fərəcov bəyan edib. Onun sözlərinə görə, bu ildə “Salnaməfilm” Mədəniyyət Nazirliyinin sifarişi ilə  Milli Qəhrəmanlara həsr olunmuş  10 sənədli film, üç film-portret və Azərbaycanda yaşayan azsaylı etnoslar haqda 11 film çəkəcək. Son layihə tamamilə yenidir.Daha xoşagələn situasiya “Aztelefilm”dədir ki, burada son illər ildə  24-28 film istehsal olunub.Film-portretlər çoxluq təşkil edir. Bu ildən situasiya dəyişməidir: studiya qarşısında daha çox tarixi-etnoqrafik film çəkmək tapşırığı var.Rejissor Əli İsa Cabbarov hesab edir ki, sənədli film istehsalı ilə bağlı vəziyyəti dəyişmək lazımdır: "Ondan başlayaq ki, bu gün sənədli filmlər həyatdan çox uzaqdır, halbuki, 80-90-cı illərdə, ölkəmiz mürəkkəb bir dövr yaşayanda baş verən hadisələr ani olaraq sənədli kinoda öz əksini tapırdı,  ayrılan məbləğ sənədli film istehsalı üçün kifayət deyil, xüsusən Milli Qəhrəmanlar barədə çəkilənlər üçün". Rejissor Tair Əliyev də öz növbəsində qeyd edib ki, telekanallarda sənədli film  istehsalı vacib müsbət faktordur.: "Amma ölkədə sənədli film istehsalı ilə bağlı vəziyyət pisləşib. Bu, 2000-ci illərin ortalarından başlayıb. Bununla belə, Azərbaycanda çəkilən sənədli filmlərin əksəriyyəti,”portet”lərdir. Halbuki diqqətəlayiq başqa janrlar da var. Daha bir problem ondan ibarətdir ki, Azərbaycan telekanallarında bədii qısametrajlı filmlər az çəkilir".Rejissor Azərbaycan Kinematoqrafçılar İttifaqının XI qurultayında bu məsələni qaldırmağı və Nazirliyə telekanallarda bədii və sənədli filmlərin istehsalı üçün maliyyə ayırmasını təklif etməyi irəli sürür. O həmçinin xatırladıb ki, Bundan əvvəl Milli Telaradio Şurası teleserialların istehsalına maliyyə ayırırdı. Belə təcrübə varsa, MTRŞ telekanallara sənədli film istehsalı üçün də maliyyə ayıra bilər.İclasda həmçinin bu gün bir çox peşəkarların tələbsiz qaldığından danışılıb. Belə ki, kinorejissor, Azərbaycanın Əməkdar Incəsənət xadimi Ziya Şıxlinski sonuncu dəfə nazirliyin sifarişi ilə 10 il əvvəl, 2009-cu ildə  film çəkib. Yazıçı, şair, kinodramaturq, Ramiz Rövşənsə 2007-ci ildə film çəkib. Rejissor Nizami Abbas əmindir: büdcə vəsaitlərinin mənimsənilməsi prosesi, yalnız sənədli deyil, bütün filmələr üçün ayrılan büdcənin şəffalığı, ssenari seçimi kimi məsələlər xüsusi diqqət tələb edir.İclasın  gedişində səsləndirilən məsələlərin Azərbaycan Kinematoqrafçılar İttifaqının XI Qurultayının gündəliyinə salınması haqda qərar qəbul olunub.xeber100.com

İyun 13, 2019 14:25